Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Elçin: Xalqın qələbəsi və xalqın faciəsi

Elçin: Xalqın qələbəsi və xalqın faciəsi

21.10.2020 [09:10]

Bu gün Azərbaycan heç vaxt olmadığı dərəcədə birdir və bu birlik genetik özünümüdafiə və milli təəssübkeşlik hissini, gələcək nəsillər qarşısında məsuliyyət hissini silkələyib oyadır. Bu birlik şəxsi ədavətləri, kin-küdurəti, dedi-qodunu, böhtanları bir kənara atır və baxın telekanallara, mətbuata, sosial şəbəkəyə - fikirlər, mülahizələr, düşüncələr, istəklər şəxsi yox, xalq mənafeyi naminə söylənir, sevinc də, nigarançılıq da, həyəcan da yalnız şəxsin yox, xalqın sevinci və həyəcanıdır.
Əgər bu gün övladını itirmiş ana: “Vətən var olsun!”- deyirsə, əgər bu gün ocağı dağıdılmış ata: “Bu ev-eşik əsgərimizin dırnağına da dəyməz!”,- deyirsə, bu, həmin birliyin mənəvi miqyasının göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Xalq yazıçısı Elçinin “Xalqın qələbəsi və xalqın faciəsi” yazısında yer alıb. Yazını təqdim edirik.
Bizim müasir dünyamız ikili siyasi standartlar dünyasıdır.
Şimali İrlandiya xalqı Böyük Britaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyir - dərhal dövlətlərin ərazi bütövlüyünün dəyişməzliyi yada düşür. Kataloniya xalqı səs verərək, İspaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyir, yenə də dərhal ərazi bütövlüyünün dəyişməzliyi əldə bayraq edilir. Erməni millətçiliyi başqa bir dövlətin ərazisində ikinci bir dövlət yaratmaq istəyir, ancaq həmin ərazi bütövlüyünün dəyişməzliyi nəinki yada düşmür, bir çox hallarda açıq, ya da dolayısı ilə müdafiə olunur, Avropanın böyük bir dövlətinin başçısı haray salır ki, Azərbaycan Qarabağı işğal etmək istəyir. Avropanın ən geridə qalmış ölkələrinə Avropa İttifaqının qapıları taybatay açılır, onlar İttifaqa üzv qəbul edilir, Türkiyə isə min bir bəhanə ilə kənarlaşdırılır. İki NATO ölkəsi - Türkiyə ilə Yunanıstan arasında gərginlik yarananda elə həmin NATO ölkələrinin üzvləri yenə də ya açıq, ya da dolayısı ilə Yunanıstanı müdafiə edir.
Bu ikili standartlar dünyasında həmin standartlardan çəkinməyərək, onlarla barışmayaraq, öz xalqının taleyi ilə bağlı siyasi iradəni ortaya qoymaq, tarixi cəsarət, fədakarlıq və inam tələb edir.
Prezident İlham Əliyev bu siyasi iradəni bütün sərtliyi və qətiliyi ilə ortaya qoydu və Azərbaycan birliyinə nail oldu, Ermənistan təcavüzünə qarşı savaş Vətən müharibəsinə çevrildi. Bu müharibədə bizim ən böyük müttəfiqimiz - həqiqətdir və İlham Əliyevin təmiz ana dilində, təmiz ingilis dilində, təmiz rus dilindəki çıxışları bu həqiqəti dünya ictimaiyyətinə çatdırır, bu həqiqəti həmin ikili standartların üzünə çırpır.
Bu çıxışlar həqiqətin qələbəsidir və bizim cəbhə qələbələrimiz də bu həqiqətin təsdiqidir.
Cəbrayılın, Hadrutun, Füzulinin, bir çox kəndlərimizin işğaldan azad olunması, əslində, Azərbaycanın yeni tarixinin başlanğıcıdır və erməni millətçiliyinin bütün cidd-cəhdinə baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü əldə edəcək.
Xalq qələbə çalacaq.
Ancaq bundan sonra da Azərbaycan qələbələri davam edəcək - siyasi qələbələri, mədəni, elmi, iqtisadi qələbələri və Azərbaycan sivil bir Avropa ölkəsi kimi dünya birliyində öz layiqli yerini daha artıq möhkəmlədəcək, daha artıq nüfuz və hörmət qazanacaq, çünki o siyasi iradənin miqyası geniş və çoxcəhətlidir.
İlham Əliyevin ortaya qoyduğu bu siyasi iradə xalqı ordunun güvənc yerinə, ordunun da xalqın güvənc yerinə çevirdi.
Xudafərin körpüsü Azərbaycanı yenə öz tarixi keçmişi ilə birləşdirdi.
Bu siyasi iradə Azərbaycanla Türkiyə arasındakı qardaşlığı da daha artıq doğmalaşdırdı və münasibətlər daha əməli, işgüzar və daha fərəhli bir mərhələyə keçdi.
Biz yaxşı bilirik ki, atalar sözü yüzilliklərin sınağından keçərək özünü təsdiq edir, ancaq baxın, “Bir millət, iki dövlət” sözləri qısa bir müddətdə Azərbaycanda da, Türkiyədə də atalar sözünə çevrildi və Ulu Öndərin dediyi bu atalar sözü bu gün yeni çalarlar əldə etdi, münasibətlərə yeni və isti nəfəs verdi.
Bu günlərdə mən xəbərlərdə oxudum ki, Ermənistanın yazdığına görə tanınmış “jurnalisti” Yeva Abramyan Gəncəyə raket atılarkən uşaqların, qadınların da qətlə yetirilməsindən ruhlanaraq, orduya çağırış edib ki, Azərbaycanın dinc əhalisini daha artıq qətlə yetirmək, onlara daha artıq raketlər atmaq lazımdır.
Doğrusu, bu çağırış mənə çox təsir etdi: qərəz qadını, yəni ananı yırtıcıya çevirib. Fikirləşdim ki, qadını yırtıcıya çevrilmiş xalq - əbədi olaraq məğlub xalqa çevrilir.
Xalq üçün bundan böyük faciə ola bilməz.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30