Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / "Azərbaycanın bu cür inkişaf etməsi bir türk olaraq bizi qürurlandırır"

"Azərbaycanın bu cür inkişaf etməsi bir türk olaraq bizi qürurlandırır"

14.02.2018 [17:43]

Ersin Tünay: Şükürlər olsun ki, Çağdaş Musiqi Dərnəyinin xor kollektivi ilə Azərbaycanda konsert vermək arzumuzu gerçəkləşdirdik
Xəbər verildiyi kimi, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ötən həftə "Ölkəmdən soraqlar" adlı konsert keçirilib. Ersin Tünayın dirijorluğu ilə Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyinin xor kollektivinin təqdim etdiyi konsertdə türk sənət musiqisindən nümunələr səsləndirilib.
Konsertdən sonra qəzetimizə açıqlama verən Ersin Tünay Çağdaş Musiqi Dərnəyinin 5 il öncə qurulduğunu deyib: "Çağdaş Musiqi Dərnəyi mənim rəhbərliyimlə 5 il öncə qurulub. Hazırda Çağdaş Musiqi Dərnəyinin başqanıyam və bu dərnəyin xor kollektivinin dirijorluğunu həyata keçirirəm. Eyni zamanda, dərnəyimizin nəzdində fəaliyyət göstərən uşaq, gənc xor kollektivlərinə, xalq rəqsləri qrupuna, teatr klubuna rəhbərlik edirəm. Beləliklə, dərnək olaraq artıq 5 ildir ki, xüsusilə sosial məsələlərlə bağlı layihələrlə, yardım məqsədli konsertlərlə, xarici qastrol səfərləri ilə fəaliyyətimizi davam etdiririk".
Azərbaycandan öncə İngiltərənin paytaxtı Londonda, Kosovonun üç böyük şəhərində, həmçinin Türkiyənin şəhərləri - Antalyada, Corluda, Samsunda, Ankarada və digər yerlərdə konsertlər verdiklərini deyən Ersin Tünay ölkəmizə səfərin xoş təəssüratlarla zəngin olduğunu bildirib: "Dərnəyimizin xor kollektivi ilə Azərbaycanda konsert vermək mənim daim arzum idi. Yəni bu dərnəyi qurduğumdan bəri Türk dövlətlərinə, xüsusilə də Azərbaycana qastrol səfəri etmək barədə düşünmüşəm. Şükürlər olsun ki, Çağdaş Musiqi Dərnəyinin xor kollektivi ilə Azərbaycanda konsert vermək arzumuzu gerçəkləşdirdik. Buraları çox sevdik, çox bəyəndik. İstər Bakıdakı görüşlər zamanı, istərsə də konsert zamanı azərbaycanlı bacı və qardaşlarımızın sevgisi, isti münasibəti, qonaqpərvərliyi bizi çox məmnun etdi".
Qeyd edək ki, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanan konserti kiprli qonaqlar Azərbaycan musiqisi ilə başa vurublar. Bu məqama toxunan E.Tünay deyib: "Bununla həm azərbaycanlı bacı və qardaşlarımıza sürpriz etdik, həm də biz Azərbaycan musiqisini çox sevirik. Mən özüm musiqi müəllimiyəm. Dünya musiqisini hər zaman yaxından izləməyə çalışıram. Elə repertuarımızda da fərqli ölkələrin musiqiləri var. Amma bunların içərisində Azərbaycanın mənim və Çağdaş Musiqi Dərnəyinin üzvləri üçün ayrı qiyməti var".
Bizimlə söhbətində "Dünyanın tək ortaq dili musiqidir, incəsənətdir" deyən E.Tünay onu da əlavə edib ki, xeyli müddətdir Türk dünyası ilə bağlı maraqlı bir layihə üzərində işləyir: "Kosovoda, Londonda, Azərbaycanda, Türkiyədə və Şimali Kipr Türk Respublikasında yaşayan türklərdən 5, yaxud 10 nəfəri bir araya gətirib, ortaq bir layihə reallaşdırmaq istəyirəm. İnşallah, bunu yaxın bir zamanda reallaşdıracağımızı düşünürəm. Yəni bu ortaq musiqi kollektivini repertuarında Türk xalqlarının musiqiləri olacaq və Türk dövlətlərində, eyni zamanda, Avropada konsertlər verəcəyik".
Azərbaycanın, paytaxt Bakının inkişafından da məmnunluqla danışan qonaq deyib ki, Bakının bu qədər inkişaf etmiş, modern, insanlarının bu qədər istiqanlı olması bizi çox sevindirdi: "Bu, mənim Bakıya ikinci səfərimdir. İlk dəfə 22 il öncə burada oldum. O dövrün Bakısı ilə indiki Bakı arasında yerlə göy qədər fərq var. Bu gün Azərbaycan, paytaxt Bakı öz inkişafına görə dünyada fərqlənir. Burada hər şey gözəldir. Ən müasir binalar, yollar, küçələr, yeni tikilən mərkəzlər adamı heyran qoyur. Bakının gecəsi bir ayrı gözəl olur, gündüzü bir ayrı gözəl. Ümumiyyətlə, Azərbaycanın bu cür inkişaf etməsi bir türk olaraq bizi qürurlandırır".
"Biz Bakıdakı konsertdə çox duyğusal anlar yaşadıq. Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral bizlərə çox böyük dəstək oldu. Kollektivimiz adından cənab səfirə, səfərimiz zamanı bir anlıq olsa belə bizi tək qoymayan Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, hörmətli Ufuk Turganerə sonsuz təşəkkür edirəm. Eyni zamanda, konsertimizə gələrək bizləri qürurlandıran Azərbaycanın dəyərli millət vəkillərinə, iş adamlarına, sadə vətəndaşlara minnətdarlıq edirəm. İnşallah, böyük layihəni reallaşdırmaq üçün tezliklə yenə bura gəlmək arzusundayıq", - deyə sonda Ersin Tünay əlavə edib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 788 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31