Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıda gürcü rəssamı Lia Şvelidzenin fərdi sərgisi açılıb

Bakıda gürcü rəssamı Lia Şvelidzenin fərdi sərgisi açılıb

16.04.2016 [10:55]

Aprelin 15-də Müasir İncəsənət Muzeyində tanınmış gürcü rəssamı Lia Şvelidzenin “Kiçik retrospektiv” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov açılış mərasimində çıxış edərək rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, Gürcüstanın tanınmış rəssamlarından biri, 1980-ci illərdən etibarən əsərlərini nümayiş etdirən, qeyri-adi dünyagörüşünə malik olan rəssam Lia Şvelidze öz əsərləri ilə seyrçilərini bu gün də daha çox təəccübləndirməyə nail olur.
Tanınmış rəssam Bejan Şvelidzenin qızı Lia Şvelidze (1959) Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Müxtəlif ölkələrdə həm qrup, həm də fərdi sərgilərin iştirakçısıdır. 2004-2007-ci illərdə Tbilisidə psixoloji-sosial bərpa mərkəzində rəssam-konsultant kimi işləyib.
Sonra çıxış edən rəssam Lia Şvelidze vurğulayıb ki, Müasir İncəsənət Muzeyində fərdi sərgisinin açılması onun üçün böyük şərəf, eyni zamanda, böyük sınaqdır. Diqqətə çatdırıb ki, sərgidə müxtəlif illərdə yaratdığı əsərlər nümayiş olunur. Nümayiş olunan əsərlər vasitəsilə özünün rəssam kimi bioqrafiyasını təqdim etməyə çalışıb.
Rəssamlar İnna Kostina, Müseyib Əmirov Lia Şvelidzenin incəsənətə sadiqliyindən söz açıb, ona yaradıcılıq uğurları arzulayıblar.
Tanınmış rəssam Altay Sadıqzadə Lia Şvelidze kimi sənətkarın Bakıda Müasir İncəsənət Muzeyində fərdi sərgisinin açılmasından qürur duyduğunu deyib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Rəssamın əsərlərinin səciyyəvi cəhəti “qadın obrazı”, qadının dünyada və cəmiyyətdə olan mövqeyini əks etdirməkdən ibarətdir. Müəllifin yeni və yaradıcılığının əvvəlki illərinə aid olan əsərlərində seyrçi ilə ünsiyyət duyulur. Hər bir əsərdə yeni məzmun formalaşdıran obrazlarla qarşılaşırıq. Lia Şvelidzenin rəngkarlıq əsərləri bir neçə üslub üzrə qruplaşdırıla bilər. 1980-1990-cı illərin əsərlərində əks olunan qadın obrazları başqa, tam fərqli kontekstin yaranma vasitəsi kimi çıxış edir. Həmçinin qarşılaşdığımız abstrakt üsluba aid əsərlərlə yanaşı istifadə olunan əlavə mətnlər vasitəsilə ustad rəssam əsərin konseptual həllini yekunlaşdırır. Digər qrup əsərlər rəng və məzmun etibarilə daha zəngindirlər.
Rəssam lokal, əlvan rənglərdən istifadə etməkdən çəkinmir və fiqurların formalarını qabartmaqla əsərləri daha ifadəli edir. Eyni zamanda, çox tez-tez tablonun hissələrə bölünməsinin şahidi oluruq. Hər hissə öz-özünü ifadə edir, lakin eyni rəngarəng fonda bütövlük təşkil edir. Lia Şvelidzenin özünəməxsus cazibəsi əsərlərində də hiss edilir. Rəssamın əsərlərinə baxdıqda elə təəssürat yaranır ki, sanki gözəlliklə təmasda olursan.
Rəssamın yeni əsərlərində böyük ölçülü kətan üzərində qadın obrazlarını müşahidə etmək olar. Əsərlərdəki qadın obrazları özünəməxsus əhval-ruhiyyə yaratmaqla tablolardan bizim zamanımıza və məkanımıza daxil olur və yaxud bizdən uzaqlaşmaqla tamaşaçı ilə əsər arasında gözəgörünməz maneə yaratmasına baxmayaraq, əsərlərin mahiyyətini görməyə imkan verir.
Bütövlükdə Lia Şvelidzenin yaradıcılığı digər gürcü rəssamlarından yalnız sadiq qaldığı özünəməxsus mövzu ilə deyil, rəssamlıq üslubu ilə də fərqlənir. Rəssamın üslubu zaman etibarilə əlbəttə ki, dəyişir. Dəyişikliyə uğramayan təkcə üslubun təsvirli, ifadəli, rəngarəng olmasıdır. Rəssam insanın həyata olan münasibətini ifadə etmək üçün qadın obrazı yaratmağa üstünlük verir.
Sərgi mayın 16-dək davam edəcək.

Paylaş:
Baxılıb: 766 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30