Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bölgələrin təbii qaz və elektrik enerjisi ilə təminatında mühüm irəliləyişlər əldə olunub

Bölgələrin təbii qaz və elektrik enerjisi ilə təminatında mühüm irəliləyişlər əldə olunub

11.01.2017 [10:00]

Bu istiqamətdə işlər ötən ilin sonlarında da davam etdirilib
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 2016-cı ili də uğurla başa vurdu. Dünyada maliyyə böhranının hökm sürdüyü dövrdə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Heç şübhəsiz, müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Daha dəqiq desək, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Son illərdə bölgələrdə ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən, həmçinin bütün sahələri əhatə edən infrastruktur layihələri sayəsində Azərbaycan ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Məhz bu kontekstdə son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Məhz bunun nəticəsidir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ötən il 200-ə yaxın yaşayış məntəqəsinə təbii qaz verilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istifadə edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
Eləcə də, elektrik enerjisinin istehsalı və istehlakı sahəsində mühüm irəliləyişlər nəzərə çarpmaqdadır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrində enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir. Eyni zamanda, bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir. Məlum olduğu kimi, qış mövsümi ilə əlaqədar olaraq enerjiyə tələbat artıb. Bununla əlaqədar müvafiq qurumlar öz işlərini daha da gücləndiriblər. “Azərenerji” ASC-də də enerji sistemi dispetçer qrafikinə uyğun işləyir. İstehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib. ASC-nin enerjinin istehsalı idarəsinin stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrində məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir.
Yeri gəlmişkən, ötən ilin son 11 ayı ərzində “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) elektrik enerjisi istehsalı 6 milyard 25,6 milyon kilovat-saatdan artıq olub. Təkcə ötən ilin noyabr ayında stansiyada 717,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. Ötən ilin son üç ayında “Azərbaycan” İES-də 7 saylı enerji blokunun əsaslı təmiri uğurla başa çatdırılıb, 5 saylı enerji bloku təmirə çıxarılıb. Digər enerji blokları isə təftiş edilərək aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.
Bundan başqa ötən ilin 11 ayında “Sumqayıt” Elektrik Stansiyasında (ES) 3 milyard 7,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 291,9 milyon kilovat-saat artıqdır. Təkcə 2016-cı ilin noyabr ayında 296,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 8,5 milyon kilovat-saat çoxdur. Ümumiyyətlə, “Sumqayıt” ES-in optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilir, o cümlədən cari ilin son üç ayı ərzində təmir qrafikinə uyğun olaraq 12 saylı qaz-turbin qurğusunda hava filtrləri yenilənib. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun istismar edilir. Qeyd edək ki, ümumi gücü 525 MVt olan bu elektrik stansiyası 2009-cu ildə istismara verilib, hər birinin gücü 169 meqavat olan iki ədəd qaz və gücü 187 meqavat olan bir ədəd buxar turbinlərindən ibarətdir.
2016-cı ilin 11 ayı ərzinə “İsmayıllı” kiçik su elektrik stansiyaları silsiləsində (KSESS) elektrik enerjisi istehsalı 2,9 milyon kilovat-saatdan artıq olub. 2016-cı ilin noyabr ayında stansiyada 101 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. Vurğulanmalıdır ki, “İsmayıllı” KSESS iki stansiyadan ibarətdir. Belə ki, “İsmayıllı-1” kiçik su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” kiçik su elektrik stansiyasına daxil olur. Beləliklə, “İsmayıllı” su elektrik stansiyası ümumi gücü 3,2 meqavat (MVt) olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edir.
Hər birinin gücü 1,6 MVt olan və hər biri üç hidroturbin və üç hidrogeneratordan ibarət “İsmayıllı-1” kiçik su elektrik stansiyası 2013-cü ildə, “İsmayıllı-2” kiçik su elektrik stansiyası isə 2016-cı ildə istismara verilib.
Ötən ilin son günlərində Zərdab rayonunun Aşağı Seyidlər və Şahhüseynli kəndlərinə də “mavi yanacaq” verilib. Ümumilikdə 481 abonentin olduğu yaşayış məntəqələrinin qazlaşdırılması üçün müxtəlif diametrli 46219 metr daşıyıcı və paylayıcı xətt çəkilib. Qeyd olunmalıdır ki, artıq rayonun 35 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə bu il 13 kəndə qaz xətti çəkilib.
Goranboy rayonunun Qaraçinar və Qaramusalı kəndlərinə də ilk dəfə təbii qaz verilib. 552 abonenti olan Qaraçinar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 376 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 1446 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 552 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
224 abonenti olan Qaramusalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 389 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 13 min 912 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 224 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Goranboy rayonunun daha 5 kəndində - Sarov, Yəhərçi Qazaxlar, Yolpaq, Goranlı və Səmədabad kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Ağsu rayonunda isə ən ucqar yaşayış məntəqələrindən olan, 1512 nəfər əhalinin yaşadığı Padarqışlaq kəndinə “mavi yanacaq” verilib. Rayon mərkəzindən 49 kilometr məsafədə yerləşən kəndin qazlaşdırılması üçün 21249 metr polad, 4968 metr polietilen borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb. Vurğulanmalıdır ki, son iki ildə Ağsuda 26 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu da ümumi abonentlərin 96 faizini təşkil edir.
Ötən ilin sonunda Saatlı rayonunun Əliabad və Şirinbəyli kəndlərinə də təbii qaz verilib. 243 abonenti olan Əliabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 455 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. 729 abonenti olan Şirinbəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 528 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 54 min 494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 729 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Saatlının daha 4 kəndində - Sarıcalar, Qara Nuru, Qazanbatan və Məmmədabad kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin olunacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 721 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31