Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın inşasının tamamlanması ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq
Zəngin karbohidrogen ehtiyatları Azərbaycanın dinamik inkişafı üçün geniş imkanlar açdığı kimi, ölkəmizin beynəlxalq birliyə inteqrasiyasında, regional və qlobal əhəmiyyət daşıyan yeni əməkdaşlıq platformalarının formalaşmasında aparıcı aktorlardan biri kimi çıxış etməsinə də öz müsbət təsirini göstərir. Qeyd edək ki, ölkəmiz 1994-cü ildən etibarən “Əsrin kontraktı” çərçivəsində müxtəlif ölkələri təmsil edən transmilli şirkətlərlə fəal əməkdaşlıq əlaqələri qurub. Bəhs olunan müqavilə üzrə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neft şaxələndirilmiş marşrutlarla dünya bazarına çıxardılır. Vurğulamaq yerinə düşər ki, hazırda bir sıra ölkələr öz ehtiyaclarının yarıya qədərini məhz Azərbaycan nefti hesabına qarşılayır.
Son illərdə isə respublikamız özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim edir. Yaxın perspektivdə Azərbaycanın region ölkələrinin qaz təchizatında rolu artacaq, eləcə də respublikamızdan Avropaya “mavi yanacaq” ixracına başlanılacaq. Azərbaycanın zəngin “Şahdəniz” və digər yataqlarının böyük həcmdə qaz ehtiyatları Avropaya yeni nəql marşrutu - yenə də ölkəmizin liderliyi ilə inşa olunan Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılacaq. Artıq yeni dəhlizin son seqmenti olan Trans Adriatik Qaz Boru Kəməri - TAP üzrə işlər də yekunlaşıb.
Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci ən böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir
Dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqləyib. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözləniləndən daha yaxşı olub. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olmasını ehtimal edirlər. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb.
Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” yatağı ilə məhdudlaşmır. Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağı iki mərhələdə işləniləcək. Birinci mərhələ yataqdan 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Məlumdur ki, ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda iqtisadiyyatın və əhalinin “mavi yanacaq”a olan tələbatı artır. Bunu qarşılamaq üçün əlavə qaz həcmləri lazımdır və “Abşeron” yatağının resursları bu tələbatın ödənilməsinə yönəldiləcək. Eyni zamanda, ölkəmiz “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin başlanmasına da yaxınlaşıb. İkinci mərhələsinin işlənməsi təmin edildikdən sonra yataqdan hasilat təxminən 3-4 dəfə artacaq ki, bu da respublikamızın ümumi qaz potensialına müsbət təsir göstərəcək. Hazırda “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. Yataqda qazma işləri uğurla davam etdirilir. Bu yatağın da çox böyük potensialı var. Zəngin neft-qaz resurslarına malik olan “Qarabağ” Azərbaycanın müstəqilliyi illərində kəşf olunan ilk yataqdır. Buradan iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılması proqnozlaşdırılır. Bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Müxtəlif geoloji amillərə istinad edən mütəxəssislərin bildirdiklərinə görə, “Qarabağ” yatağının ehtiyatları daha böyükdür. Yatağın işlənməsi üçün zəruri olan dayaq bloku yerli mütəxəssislər tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Dayaq blokunun hazırlanması ilə “Qarabağ” yatağının işlənməsində mühüm bir addım atılıb. Nəhəng qurğunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.
Azərbaycanın böyük qaz ehtiyatlarını Avropa məkanına çatdırmaq üçün Cənub Qaz Dəhlizi marşrutu seçilib
Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub. “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi üçün konsorsium üzvləri 2013-cü il dekabrın 17-də Bakıda növbəti tarixi qərara imza atıblar. İmzalanma mərasimi Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Müqaviləyə əsasən, layihəyə 28 milyard dollar sərmayənin cəlb edilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində respublikamızın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.
Layihə respublikamızın liderliyi, tərəfdaş ölkələrin və bir sıra beynəlxalq maliyyə qurumlarının iştirakı ilə əvvəlcədən nəzərdə tutulan cədvəl üzrə həyata keçirilib. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi 4 mühüm seqmentdən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənub Qafqaz boru kəməri, TANAP və TAP layihələri daxildir. Arxada qalan dövr ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. O cümlədən Azərbaycanda layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə istismar quyuları qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Nəzərdə tutulan işlər tamamlandıqdan sonra Səngəçal terminalı dünyanın ən iri və müasir terminallarından birinə çevrilib.
Qardaş Türkiyədən keçən TANAP Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biridir
Bu gün siyasi maraqları bütün regional və qlobal miqyaslı məsələlərdə sıx uzlaşan Azərbaycan və Türkiyənin iqtisadi sahədə çoxşaxəli əməkdaşlığı da kifayət qədər yüksək səviyyədədir. Böyük regional və qlobal əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrinin birgə reallaşdırılması iki qardaş ölkənin dostluğunun zirvədə dayandığını əyani şəkildə təsdiqləyir. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli layihələrin reallaşdırılması ilk növbədə məhz Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsi sayəsində mümkün olub. Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında Bakı-Tbilisi-Ceyhan əsas nəql marşrutudur. Yaxın perspektivdə isə ölkəmizin zəngin “Şahdəniz” və digər yataqlarından çıxarılacaq “mavi yanacaq” Türkiyədən keçən Trans-Anadolu boru kəməri - TANAP vasitəsi ilə Avropa ölkələrinə çatdırılacaq. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
- Oxunub: 1710 |
- Tarix: 18-11-2020 |
-
Çap et |