Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri qlobal əhəmiyyət daşıyır

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri qlobal əhəmiyyət daşıyır

13.11.2020 [22:41]

Qardaş ölkələrin çoxşaxəli əməkdaşlığı hər iki dövlətin qətiyyətli siyasi iradəsi əsasında inkişaf edərək daha da möhkəmlənir

(əvvəli ötən sayımızda)

 

Bu, son illərdə qardaş ölkədə real sektorda reallaşdırılan ən böyük investisiya tutumuna malik olan layihədir. 2018-ci il 19 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft emalı müəssisələrinin sırasında yer alır.

Enerji və nəqliyat sektorları Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətləridir. İndiyədək Azərbaycan və Türkiyə tərəfdaş dövlətlərin iştirakı ilə bir sıra nəql marşrutlarının, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşasına nail olublar. Bəhs olunan layihələr sayəsində bütövlükdə Avrasiyanın enerji və nəqliyyat xəritəsi tamam yenilənib. Qardaş Türkiyə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması məqsədilə inşa olunan Cənub Qaz Dəhlizinin yaradılmasında da fəal iştirak edir.

İki ölkə arasındakı hərbi-texniki sahədə əməkdaşlıq strateji önəm daşıyır

Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə uğurla inkişaf edən əməkdaşlıq strateji önəm daşıyır. Qürurverici haldır ki, qardaş Türkiyənin hərbi sənayesi yüksək inkişaf səviyyəsinə çatıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində üç onillik ərzində müharibə şəraitində yaşamaq məcburiyyətində qalan respublikamız ötən dövrdə özünün Silahlı Qüvvələrinin silah-sursat, müasir döyüş texnikası ilə təchizatını möhkəmləndirmək məqsədilə qardaş ölkənin bu sahədəki imkanlarından faydalanıb. Bu gün döyüş meydanlarında inamlı qələbələr qazanan müzəffər Ordumuzun arsenalında Türkiyənin hərbi sənaye müəssisələrində buraxılan innovativ texnologiyalar mühüm yer tutur. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir. İki ölkə arasında hərbi çərçivə müqavilələri imzalanıb, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalar əldə olunub, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla inkişaf edir. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanıb və təsdiqlənib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokol təsdiqlənib. Qeyd olunan sənədlər iki ölkə arasında hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək üçün geniş hüquqi əsaslar yaradıb. Azərbaycanla Türkiyə arasında getdikcə genişlənən hərbi-texniki sahədə əməkdaşlıqdan söhbət açarkən hər iki ölkənin silahlı qüvvələrinin müntəzəm qaydada keçirdikləri təlimlərin də önəmini xüsusi qeyd etmək lazımdır. Hər il həm Türkiyədə, həm də Azərbaycanda 10-dan çox birgə təlimlər keçirilir. Belə təlimlər imkanların əlaqələndirilməsi və silahlı qüvvələrimizin döyüş hazırlığının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Türkiyə daim ən taleyüklü məqamlarda həmişə Azərbaycanın yanında olub

Dost dar gündə tanınar, deyiblər. Azərbaycan da tarixboyu ən çətin anlarda Türkiyədən dostluq, qardaşlıq münasibəti görüb. Tarixə qısa ekskurs edək. Əlverişli coğrafi mövqedə yerləşən, eləcə də karbohidrogen ehtiyatları ilə zəngin olan Bakı tarixən istilaçıların, müxtəlif imperialist güc mərkəzlərinin iqtisadi və siyasi maraqlarının kəsişdiyi bir məkan olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunan vaxtda da Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Elə bu səbəbdən də AXC respublikamıza idarəçiliyi Gəncədən həyata keçirmək məcburiyyətində qalmışdı. Çox təhlükəli proseslər izlənilirdi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Digər imperialist güc mərkəzləri də Bakıda özlərinin çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi amillər doğma şəhərimizin mümkün qədər tez bir zamanda erməni-bolşevik işğalından azad edilməsini həyati zərurətə çevirmişdi. Bəhs olunan dövrdə Gəncədə də vəziyyət ağır idi. Erməni-bolşevik qruplaşması Bakı kimi Gəncəni də tamamilə öz nəzarəti altına keçirmək istəyirdi. Belə çətin dönəmdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Açıq demək lazımdır ki, bu ordu birləşməsi olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməyəcəkdi. Qeyd edək ki, Nuru paşanın komandan təyin olunduğu Qafqaz İslam Ordusu beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alaylarının bazasında yaradılmışdı. İyunun 10-da Gəncədə ermənilərin tərk-silah edilməsinə başlanıldı. Ermənilərin tamamilə tərk-silah edilməsi üç gün ərzində başa çatdırıldı. Bununla da Gəncədə AXC hökuməti və Qafqaz İslam Ordusu üçün gözlənilən təhlükənin qarşısı alındı. Bakı uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. “Sentrokaspi” rəhbərliyi məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Beləliklə, 102 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsi kimi tarixə düşüb.

Türkiyə dövləti və xalqı, həmçinin ötən üç onillik ərzində bir nömrəli ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın yanında olub. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb.

Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasında vacib rol oynayıb

Azərbaycan cari il sentyabrın 27-dən noyabrın 10-dək üç onillik ərzində ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistana qarşı Vətən müharibəsi aparıb. 45 gün davam edən əks-hücum əməliyyatlarında Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşmənə layiqli dərs verib. Qısa müddətdə 300-dək kənd, 5 şəhər, 4 qəsəbə, bir sıra strateji yüksəkliklər, o cümlədən tarixi şəhərimiz Şuşa işğaldan təmizlənib, 130 kilometrlik Azərbaycan-İran sərhədi bərpa olunub. Döyüşlərdə düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qalıb. Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni reallıqlar yaranıb. Artıq şərtləri diktə edən tərəf Azərbaycandır. Silahlı Qüvvələrimizin şanlı qələbəsi 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanan bəyanatda da təsbit olunub. Ölkəmizin haqlı tələbləri nəzərə alınmaqla hazırlanan bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin hərbi müstəvidən siyasi müstəviyə keçirilməsi mexanizmi öz əksini tapıb.

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədə qardaş Türkiyənin böyük rolu var. Vurğulamaq yerinə düşər ki, müharibənin davam etdiyi 45 gündə ayrı-ayrı dairələr və bəzi ölkələr Türkiyənin dəstəyinə görə Azərbaycana çoxsaylı qınaqlar ünvanlayırdılar. Hətta qardaş ölkəni və bizi onda ittiham etməyə çalışırdılar ki, guya Türkiyə Dağlıq Qarabağda Azərbaycan tərəfdə döyüşmək üçün Suriyadan muzdlu döyüşçülər gətirir. Lakin belə feyk xəbərlər öz təsdiqini tapmadı, əksinə sübut olundu ki, muzdlu döyüşçülər məhz Ermənistanın səngərlərində yer alırlar. Türkiyənin respublikamıza dəstəyinə gəldikdə isə, bəli, bu dəstək olub və indi də var. Ancaq bu dəstək hərbi xarakter daşımır və insan resurslarını əhatə etmir. Qardaş Türkiyənin Vətən müharibəsinin aparılmasında Azərbaycana dəstəyi mənəvi və siyasi məzmun daşıyıb. Əks-hücum əməliyyatlarının davam etdiyi günlərdə Türkiyədən respublikamıza çoxsaylı yüksəksəviyyəli rəsmilər təşrif gətiriblər, həmçinin Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti daim telefon təmaslarında olublar. Bu görüşlərdə və telefon danışıqlarında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş ölkənin rəsmiləri Azərbaycanın yanında olduqlarını bildiriblər və nə kömək lazım olduğunu soruşublar. Bütün bunlar isə ölkəmizin, xalqımızın özünə güvən hissini daha da artırıb. Biz özümüzü tək hiss etməmişik. Güclü Türkiyənin bizim yanımızda olması, eyni zamanda, bədxahlarımızı hansısa bəd niyyətlərindən çəkindirib, onlar, necə deyərlər, öz qınlarına çəkilmək məcburiyyətində qalıblar. Prezident İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdəki çıxışında Türkiyənin dəstəyinin xalqımız tərəfindən yüksək dəyərləndirildiyini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.

Yeri gəlmişkən, Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bilib. Yuxarıda bəhs etdiyimiz bəyanatda ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Qardaş ölkənin hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı mütləq alınacaq.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31