Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanda heyvandarlığa dövlət dəstəyinin göstərilməsi bu sahənin inkişafını stimullaşdırır

Azərbaycanda heyvandarlığa dövlət dəstəyinin göstərilməsi bu sahənin inkişafını stimullaşdırır

03.11.2020 [09:12]

Bunun nəticəsində regionlarda heyvandarlıq məhsullarının istehsalı artır
Məlum olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, o cümlədən reallaşdırılan genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Həmin nailiyyətlər, uğurlar isə öz növbəsində regionların hərtərəfli inkişafına da təsir göstərib. Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında regionların inkişafı üçün xüsusi proqramlar hazırlanır və həyata keçirilir. Artıq indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı həyata keçirilib. Sayca dördüncü olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası isə hazırda davam etdirilir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu proqramların icrası nəticəsində əldə edilən uğurlardan bütün sahələr kimi aqrar sektora da pay düşüb.
Qeyd edək ki, cari ilin fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində Prezident İlham Əliyev sözügedən Proqramın icrasında qeyri-neft sektoruna üstünlük verilməsinin, kənd təsərrüfatı sahəsinə güzəştli kreditlərin ünvanlanmasının vacibliyini xüsusi vurğulayıb. Konfransdakı yekun nitqində isə dövlət başçısı bildirib ki, “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir”.
Beləliklə, vurğulandığı kimi dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu tədbirlər çərçivəsində heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasını nəzərdə tutan layihələr geniş vüsət alıb. Eyni zamanda, regionlarda heyvandarlığın inkişafının tərkib hissəsi kimi, əhalinin ət və süd məhsulları ilə təmin edilməsi üçün mühüm tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində də ayrı-ayrı rayonlarda ət və süd məhsullarının istehsalında müsbət nəticələr əldə edilib. Rayonlar üzrə nəticələrə keçməzdən öncə bildirək ki, cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 387,1 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə süd istehsalı 1,8 faiz artaraq 1 milyon 602,1 min ton, yumurta istehsalı 5,9 faiz artaraq 1 milyard 467,9 milyon ədəd, yun istehsalı isə 0,4 faiz artaraq 15,9 min ton olub.
Dövlət Statistika Komitəsindən verilən digər məlumata əsasən isə bu il oktyabrın 1-i vəziyyətinə görə ölkə üzrə 2 milyon 665 min baş iribuynuzlu mal-qara (o cümlədən 1 milyon 286,7 min baş inək və camış), 8 milyon 308,6 min baş qoyun və keçi, 5939 baş donuz mövcuddur. İribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir.
Ayrı-ayrı rayonlara gəlincə, bildirək ki, ölkəmizin Şirvan iqtisadi rayonunun ərazisində yerləşən Şamaxı heyvandarları cari ilin ötən doqquz ayını uğurlu göstəricilərlə başa vurublar. Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, doqquz ayda heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Belə ki, diri çəkidə ət istehsalı 88,4 ton artaraq 3118,5 ton olub. Doqquz ayda süd istehsalı 2450 ton artıb və 24 min 422 tona, yumurta istehsalı 3 milyon 177 min ədəd artıb və 16 milyon 300 min ədədə, yun istehsalı isə 22,2 ton artaraq və 301 tona çatıb.
Rayonda bu müddətdə mal-qaranın və davarların, habelə quşların baş sayında da artım olub. Hazırda bölgədə 28 min 378 baş iribuynuzlu mal-qara, 138 min 925 baş qoyun-keçi, 226 min 125 baş quş bəslənilir. Müvafiq olaraq mal-qaranın sayı 56 baş, davarların sayı 46 baş, quşların sayı isə 8 min 674 baş artıb.
Dövlətin aqrar sektora, o cümlədən heyvandarlığa göstərdiyi diqqət və qayğı Şəkidə də bu sahənin inkişafını təmin edib. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq Sektorunun müdiri Nazim Rəcəbovun KİV-ə açıqlamasında bildirdiyi kimi bu ilin 9 ayında Şəki rayonunda 4696 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 125 baş çoxdur. Bəhs edilən müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 2347 baş buzov və balaq doğulub. Doqquz ayda Şəki rayonu üzrə 1648 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2123 baş cinsi yaxşılaşdırılmış buzova görə 212 min 300 manat subsidiya hesablanıb.
Onun sözlərinə görə, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 399 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında”müvafiq Sərəncamının icrası olaraq, son 5 ildə Şəki rayonu üzrə 6841 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 8396 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla ümumilikdə, 839 min 600 manat subsidiya ödənilib. Yeri gəlmişkən, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması rayonda heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, doqquz ayda Şəki rayonunda ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz, süd istehsalı isə 2 faiz artıb.
Əsasən, kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlığın inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir. Oktyabrın ortalarına olan məlumata əsasən, rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 31 baş iribuynuzlu mal-qara, 184 min 989 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 70 baş çoxdur. Cari ilin doqquz ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 6 min 522 ton ət (diri çəkidə), 36 min 986,8 ton süd, 349,2 ton yun, 26 milyon 562 min ədəd yumurta istehsal olunub ki, bu da ötən eyni dövründə istehsal olunan ətdən 206 ton, süddən 1748 ton, yundan 1,6 ton, yumurtadan isə 329 min ədəd çoxdur.
Mərkəzi Aran iqtisadi rayonuna daxil olan Neftçalada da aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov KİV-ə açıqlamasında bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 44 min 249 baş mal-qara və 146 min 281 baş qoyun-keçi saxlanılır. Oktyabrın 1-nə olan məlumata görə, rayonda 9 min 766,4 ton mal əti (diri çəkidə), 21 min 739,6 ton süd, 6 min 488 ton quş əti, 15 milyon 146 min ədəd yumurta, 290,5 ton isə yun istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 7,9, yumurta istehsalı 10,4, quş əti istehsalı isə 11,9 faiz çoxdur.
Regionun digər rayonu Ağdaşda da heyvandarlığın inkişafı diqqət mərkəzindədir. Məhz bunun nəticəsində rayonun heyvandarları ötən doqquz ayı da uğurlu nəticələrlə başa vurublar. Belə ki, heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə ötən ilin müvafiq dövrünə nisbətən artıb. Diri çəkidə ət istehsalı 16 ton artaraq 8 min 42 ton olub. Habelə süd istehsalı 1630 ton artaraq 35 min 796 tona, yumurta istehsalı 1 milyon 842 min ədəd artaraq 19 milyon 467 min ədədə, yun istehsalı isə 300 kiloqram artaraq 165,3 tona çatıb.
Saatlıda da heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verilən əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət, süd istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olub.
Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 15 baş iribuynuzlu mal-qara, 114 min 467 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin 9 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 5 min 921,3 ton ət (diri çəkidə), 32 min 375,6 ton süd, 209,5 ton yun, 10 milyon 910 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 5,3 ton, süddən 22,9 ton, yundan 15 ton, yumurtadan isə 176 min ədəd çoxdur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

(davamı növbəti sayımızda)
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30