Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır

Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır

19.02.2020 [09:33]

Respublikamızda digər təyinatlı infrastruktur layihələri kimi, su layihələri də yüksək keyfiyyətlə icra olunur
Məlumdur ki, bir vaxtlar Azərbaycanın regionlarında mövcud olan içməli su sarıdan çətinliklər artıq arxada qalıb. Belə ki, respublikamızda 2004-cü ildən etibarən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr sayəsində vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2020-ci ilin əvvəlində bu göstərici 70 faizədək yüksəlib. Məlumat üçün bildirək ki, ötən müddətdə layihələrin həyata keçirildiyi 50 şəhər və rayon mərkəzinin 30-da içməli su və kanalizasiya layihələri, 11-də isə içməli su layihələrinin icrası yekunlaşıb. 10 şəhərdə tullantı sutəmizləyici qurğu tikilir. Hazırda Gəncə, Şəki, Mingəçevir kimi iri şəhərlər də daxil olmaqla ümumilikdə 11 şəhərdə layihələrin icrası davam etdirilir.
Onu da vurğulamaq yerinə düşər ki, respublikamızda digər təyinatlı infrastruktur layihələri kimi, su layihələri də yüksək keyfiyyətlə icra olunur. Belə layihələrin tamamlandığı ərazilərdə, həmçinin abadlıq işləri görülür, qazılmış çalalar operativ qaydada doldurulur, küçələrin asfalt örtüyü bərpa olunur.
2019-cu ildə ölkə üzrə 1420 km magistral və şəbəkə su xətləri çəkilib, 16 su anbarı inşa edilib
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmizdə əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Bu vəzifələrin icrasını təmin etmək məqsədilə 2019-cu ildə ölkəmizin bütün bölgələrində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Bu barədə “Azərsu” ASC-də keçirilən 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda məlumat verilib. Bildirilib ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə Ağdaş və Qəbələ şəhərlərində içməli su və kanalizasiya şəbəkələri istismara verilib. Ağdaş şəhərində reallaşdırılan layihə 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, 20 min sakinin yaşadığı 13 kəndə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə bu layihədən 67 min nəfər sakin faydalanacaq. Rayon mərkəzini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib. İlkin mərhələdə Türyançayın məcrasında 2 kəşfiyyat quyusu qazılıb. Mənbədə aparılan tədqiqatlar suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir, şəhər mərkəzi və ətraf kəndləri davamlı olaraq su ilə təmin etməyə imkan verir. Bütün bunlar nəzərə alınaraq ümumi məhsuldarlığı saniyədə 240 litr olan 8 subartezian quyusu qazılıb. Su mənbəyində yerləşən qurğuların Türyançayda baş verə biləcək sel və daşqınlardan mühafizəsi məqsədilə müvafiq tədbirlər görülüb. Subartezian quyularından qəbul olunan suyun toplanması və optimal paylanması üçün tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihə çərçivəsində Ağdaş şəhərində kanalizasiya infrastrukturu da tamamilə yenidən qurulub. Şəhər ərazisində 166 kilometr kanalizasiya şəbəkəsi tikilib.
Qəbələ şəhərində yeni layihənin icrası Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi”, həmçinin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Ötən il, eyni zamanda, Ağcabədi və Daşkəsən şəhərlərində su və kanalizasiya, Şəmkir və Xırdalan şəhərlərində içməli su layihələrinin icrası yekunlaşıb. Horadiz, Yevlax, Neftçala və Qazax şəhərlərində isə yeni layihələrin icrasına başlanılıb. 2019-cu ildə regionlarda ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu istismara verilib. Gədəbəy və Lerik şəhərləri üçün alternativ su mənbələrinin tikintisi başa çatıb, Şamaxı, Tovuz və Şəkidə işlər davam etdirilib.
İl ərzində 12 rayonun içməli sudan əziyyət çəkən 25 kəndində, həmçinin Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 5 qəsəbədə içməli su layihələri icra olunub. Hesabat dövründə ölkə üzrə 1420 km magistral və şəbəkə su xətləri, 480 km kanalizasiya kollektoru və xətləri, ümumi tutumu 30 min kubmetr olan 16 su anbarı inşa edilib, 17 subartezian quyusu qazılıb.
Regionlarda 2020-ci ildə yeni su layihələrinin icrası davam etdiriləcək
İclasda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2020-ci ildə görüləcək işlər, həmçinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək üçün həyata keçiriləcək layihələr barədə məlumat verib. Qeyd olunub ki, 2020-ci ildə şəhər və rayon mərkəzlərində layihələrin icrası davam etdiriləcək. Cari ildə içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq, modul tipli sutəmizləyici qurğular vasitəsilə su alan kəndlərin içməli su təchizatı diqqət mərkəzində saxlanılacaq.
O cümlədən 2020-ci ildə Neftçala, Qax, Yevlax, Salyan, Şəmkir şəhərlərində müasir su və kanalizasiya şəbəkəsinin qurulması istiqamətində işlər davam etdiriləcək. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb. Dövlət başçısının digər Sərəncamı ilə Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 3 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Şəmkir və Qax şəhərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdiriləcək. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 8 milyon manat, həmçinin Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə 8 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin digər bir Sərəncamı ilə isə Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Hazırda qeyd olunan bütün layihələr üzrə işlər uğurla davam etdirilir.
Ötən il “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə “Azərsu” ASC-nin xidmətləri ilə bağlı 109 mindən çox müraciət olub
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2019-cu ildə bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı edilən müraciətlərin sayı xeyli artıb.
Hesabat ilində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 109532 müraciət edilib. Müqayisə üçün qeyd edək ki, bu, 2018-ci illə müqayisədə 31,6 faiz çoxdur. 2019-ci ildə daxil olmuş müraciətlərin 59927-si “ASAN Kommunal”, 49605-i isə “ASAN xidmət” mərkəzlərində qeydə alınıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 300 mindən çox müraciət daxil olub.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.
Ümumiyyətlə, “Azərsu” ASC “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq elektron xidmətlərdən istifadə imkanlarını genişləndirir. Göstərilən xidmətlərin daha əlçatan olması məqsədilə 2019-cu ildə “Azərsu” ASC tərəfindən 2 yeni elektron xidmət (“Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti”, “Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi”) istifadəyə verilib. Bununla da “Azərsu” ASC-nin tətbiq etdiyi elektron xidmətlərin sayı 18-ə çatdırılıb. 2019-cu ildə vətəndaşlar tərəfindən müxtəlif elektron xidmətlərlə bağlı 186 min müraciət qeydə alınaraq icraya yönləndirilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30