Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür

Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür

22.11.2019 [09:46]

Bölgələrdə “Azərxalça”nın filiallarının sayını 30-a çatdırmaq nəzərdə tutulub
Son illərdə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq xalqımızın qədim sənət növü olan xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafına qayğının nəticəsidir ki, artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir.
Regionlarda xalçaçılıq müəssisələrinin yaradılması bir çox cəhətdən önəmlidir. Əvvəla, bölgələrdə yeni fabriklərin işə salınması ilə qədim sənət növümüz dirçəlir, gənclərdə xalçaçılığa böyük maraq yaranır. Digər tərəfdən, regionlarda açılan fabriklər əlaqəli sahələrin inkişafına, o cümlədən də yerli xammal tədarükünün genişlənməsinə müsbət təsir göstərir. Hazır məhsulun satışı baxımından da hər hansı bir problem yoxdur. Azərbaycan xalçaları dünya bazarlarında ənənəvi olaraq yüksək dəyərləndirilir. İxracın genişlənməsi isə ölkəmizə əlavə valyuta axını deməkdir. Regionlarda yeni xalçaçılıq müəssisələrinin istifadəyə verilməsi yerli sakinlərin, ələlxüsus da qadınların məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qəbələdə yeni istifadəyə verilən xalça fabrikində tarixi və orijinal Şirvan xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək
Respublikamızda növbəti xalçaçılıq fabriki bir qədər bundan əvvəl Qəbələ rayonunda istifadəyə verilib. Əlamətdar haldır ki, fabrikin açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Açılış mərasimindən sonra kollektivlə görüşən dövlətimizin başçısı deyib ki, xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlər boyu yaşayıb. “Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Açılış mərasimində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir. “Azərxalça”nın Qəbələdə açılan filialında əsasən Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Qax, Zaqatala və Oğuz rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Qəbələ filialı toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Müəssisə zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Qəbələ şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Öz çıxışında əlamətdar hadisə - yeni xalçaçılıq fabrikinin istifadəyə verilməsi münasibətilə kollektiv üzvlərini təbrik edən Prezident İlham Əliyev hazır məhsulun satışı məsələsinə də diqqət çəkib. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı “Eyni zamanda, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.
Ona görə “Azərxalça”nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir”, - deyə vurğulayıb.
Xocalı filialı məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yaradılan 5-ci xalça istehsalı emalatxanası olacaq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 5 noyabr 2019-cu il tarixində Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Həmin Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Hazırda Sərəncamın icrası istiqamətində zəruri tədbirlər görülür. Qısa müddətdə lazımi texniki sənədlər hazırlanıb. Noyabrın 9-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xocalılı toxucularla görüş keçirilib, “Azərxalça”nın Xocalı filialının tikiləcəyi əraziyə baxış olub.
Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov çıxış edərək “Azərxalça”nın Xocalı filialının yaradılmasının əhəmiyyətindən, Goranboy rayonu ərazisində, eləcə də respublikanın müxtəlif bölgələrində məskunlaşan Xocalı sakinlərinin sosial problemlərinin həlli, rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov son illərdə ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublika ərazisində 21 filialı fəaliyyət göstərir. Filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilib. “Azərxalça”nın Xocalı filialının yaradılmasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub.
Vidadi Muradov deyib ki, tarixi xalçaçılıq mərkəzi olan Qarabağda belə fabriklərin yaradılması davam etdirilir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. Qarabağın tarixi xalçaçılıq məntəqələrindən biri də Xocalıdır. Xocalının Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən yaşayış məntəqələrində orijinal Qarabağ xalçaları toxunub. Erməni vandalları Xocalıda 20-ci əsrin ən dəhşətli soyqırımını törədib, bu qədim şəhəri tamamilə dağıdıblar. Ermənilərin Xocalıya təcavüzü zamanı qədim tariximizdən xəbər verən xalçalarımız da məhv edilib. Bu filialın yaradılması Xocalı xalçalarına ikinci həyat verəcək.
“Azərxalça”nın regionlardakı filiallarında yeni xalçalar kəsilib
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialında 150-ci, Ağstafa filialında 250-ci, Tovuz filialında isə 300-cü xalçalar kəsilib. Bu münasibətlə Kürdəmirdə keçirilən tədbirdə məlumat verilib ki, ötən ilin sonlarında fəaliyyətə başlayan bu filialda indiyədək 350 kvadratmetrdən çox xalça toxunub. Burada çalışan 75 toxucu keyfiyyətli xalça istehsalı üçün əlindən gələni əsirgəmir.
Filialda 150-ci xalçanın kəsilməsi münasibətilə kollektivi təbrik edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, Azərbaycan toxucuları xalçanın kəsilməsi prosesinə xüsusi önəm verirlər. Xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. “Azərxalça”nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər.
Qeyd olunub ki, bu ərazi Azərbaycanın tarixi xalçaçılıq məntəqələrindən biridir. Kürdəmir rayonunun Şilyan kəndində toxunan Şirvan xalçaları xüsusilə seçilib. Təsadüfi deyil ki, filialda çalışan toxucuların əksəriyyəti Şilyan kəndinin sakinləridir.
Toxucu Jalə Nəsirova xalçaçılığın inkişafına göstərilən qayğıya, onlara yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını ifadə edib.
Ağstafada keçirilən tədbirdə bildirilib ki, buradakı xalça istehsalı emalatxanasında 100 nəfərə yaxın toxucu çalışır. Burada, əsasən, Qazax-Borçalı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Fəaliyyət göstərdiyi dövrdə filialda 1000 kvadratmetrdən çox xalça toxunub.
Tədbirdə qeyd olunub ki, bu gün dünyanın ən məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı qrupu xalça örnəkləri qədim Azərbaycan mədəniyyətinin qiymətli nümunələridir. Xarici ölkə kolleksionerlərinin Azərbaycan xalçaları arasında daha çox müraciət etdikləri, maraq göstərdikləri və əldə etməyə çalışdıqları xalça nümunləri sırasında Qazax-Borçalı xalçaları xüsusi yer tutur.

(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31