Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Regionların turizm potensialının tanıdılması istiqamətində davamlı işlər görülür

Regionların turizm potensialının tanıdılması istiqamətində davamlı işlər görülür

12.10.2019 [10:12]

Son illər turizm infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionlarda turizmin inkişafına öz töhfəsini verir
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər turizm sahəsində də canlanma yaradıb. Təsadüfi deyil ki, son illər turizm infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionlarda turizmin inkişafına öz töhfəsini verir. Regionlarda turizmin inkişaf etdirilməsi əhalinin rifah halının yaxşılaşmasına öz təsirini göstərir, sosial-iqtisadi inkişafı təşviq edir, yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi artır.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Rəqabətqabiliyyətli iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir. Ötən müddət ərzində turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi ilə turizm sahəsinə dövlət dəstəyi gücləndirilib, sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Burada əsas məqsəd uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq, regionların turizm potensialından daha effektiv istifadə etməkdir.
Elə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən yaradılan Destinasiya Menecmenti Təşkilatının fəaliyyətinin əsasını da məhz həmin məqsədlərin həyata keçirilməsi təşkil edir. Təşkilat Azərbaycanın bölgələrinin turizm potensialının tanıdılmasında, daha çox turistin cəlb edilməsində və regionların uğurlu inkişafında mühüm rol oynayacaq.
Bu günlərdə Şəki Destinasiya Menecmenti Təşkilatının təqdimat mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Agentliyin əsas məqsədləri sırasında regionlarda turizmin inkişafına dəstəyin xüsusi yer aldığını bildirib: “Zəngin mədəni irs, gözəl təbiət, həmçinin son illər turizm infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər regionlarda turizmin inkişafına öz töhfəsini verir”.
Regionlarda turizmin inkişaf etdirilməsinin Agentliyin əsas məqsədlərindən biri olduğunu vurğulayan F.Nağıyev bu məsələnin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu bildirib: “Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən yaradılan Destinasiya Menecmenti Təşkilatının əsas məqsədi uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq, regionun turizm potensialından daha effektiv istifadə etməkdir. İnanırıq ki, birgə səylərimiz Azərbaycanın və bölgələrin turizm potensialının tanıdılmasında, daha çox turistin cəlb edilməsində, regionların uğurlu inkişafında mühüm rol oynayacaq”.
Şəki Xan Sarayının və şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasının böyük bir uğur olduğunu diqqətə çatdıran Agentlik sədri, bu səbəbdən Destinasiya Menecmenti Təşkilatı üçün bu şəhərin seçilməsinin təsadüfi olmadığını qeyd edib. F.Nağıyev Destinasiya Menecmenti Təşkilatının fəaliyyət dairəsinə daxil olacaq Qax, Zaqatala, Balakən rayonlarının öz turizm potensialı ilə xüsusilə seçildiyini vurğulayıb. O, hazırda Quba və Qusar rayonları üzrə də belə bir təşkilatın fəaliyyət göstərdiyini qeyd edib.
Qeyd edək ki, Destinasiya Menecmenti təşkilatları regionların turizm potensialını daha səmərəli istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək. Həmçinin qeyd olunan təşkilatlar yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasına xidmət edəcək.
Sözügedən tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid jurnalistlərə müsahibəsində görülən işlərin nəticə verdiyini və ötən ilə nisbətən ölkəmizi ziyarət edən turistlərin sayının artdığını bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycana 2,8 milyon turist səfər edib. Bu ilin 9 ayında isə turistlərin sayı keçən ilə nisbətən 10 faiz artıb: “Ümid edirik ki, ilin sonunadək bu artım davam edəcək və 2019-cu ilin yekununda Azərbaycanı ziyarət edən turistlərin sayında artım müşahidə olunacaq”.
Hazırda Şəki və Qubada Destinasiya Menecmenti Təşkilatının ofisinin olduğunu, Gəncə və Lənkəranda da ofislərinin açılacağını vurğulayan Florian Zenqstşmid bildirib ki, regionlarla əməkdaşlıq edilərsə, turizm sektorunda daha yüksək nəticələrə nail olmaq mümkündür. Turizm Bürosunun rəsmisi qeyd edib ki, Şəki ofisinin açılmasının əsas səbəblərindən biri də Balakəndən Şəkiyə qədər olan ərazinin Azərbaycanın turizm cəhətdən seçilən zonalarından olmasıdır. Eyni zamanda, bu zona Azərbaycanla Gürcüstanı birləşdirən turizm dəhlizinin üzərində yerləşir. F.Zenqstşmid deyib: “Destinasiya Menecmenti Təşkilatının əsas vəzifəsi Azərbaycanın bir turizm destinasiyası kimi təbliğatı və təşviqindən ibarət olsa da, digər bir vəzifəsi də özəl, ictimai və icma sektoru ilə birlikdə turizm nümayəndələri arasında əlaqənin yaradılmasıdır. Ümid edirik ki, bu ofis müvafiq regionun ortaya çıxmayan, bənzəri olmayan turizm potensialını qaldıracaq və onun bir turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaq”.
Azərbaycanda 10 milli park fəaliyyət göstərir. Əgər əvvəllər milli parkları 3-4 min turist ziyarət edirdisə, bu ilin səkkiz ayı ərzində həmin ərazilərə 74 min 217 turist səfər edib. Turistlərdən 66 min 931-i yerli, 7286 nəfəri isə xaricidir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə “Azərbaycanın Milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda keçirilən “dəyirmi masa”da bildirib.
“Ümumiyyətlə, milli parklar turizm potensialına malik ərazilərdir və ölkənin tanıdılmasında mühüm rola malikdir. Milli parklarımızın potensial imkanları olsa da, ziyarət edən turistlərin sayı o qədər də qənaətbəxş deyil. Məqsədimiz milli parklara daha çox turist cəlb etmək üçün hansı işlərin görülməsini müəyyənləşdirməkdir. Milli parkların inkişafı üçün ölkə üzrə milli proqram hazırlanacaq və burada səslənən fikir və iradlar nəzərə alınacaq”, - deyə H.Əlizadə qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 4 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması istiqamətlərində tədbirlərdən ibarət olub. Əlavə edib ki, hazırda Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq turizm sektoru dinamik inkişaf meyli nümayiş etdirir: “Bu ilin yanvar-avqust aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8,3 faiz artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53 faizi Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22,8 faiz və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4 faiz və 38,1 faiz artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb. Cənubi Asiya regionundan gələn qonaqların əksəriyyətini Hindistan (39 min - 68 faiz artım) və Pakistan (29 min - 12,9 faiz artım) vətəndaşları, Mərkəzi Asiyadan gələnlərin böyük hissəsini isə Türkmənistan (32 min - 82,9 faiz artım) və Qazaxıstan vətəndaşları (31 min - 21,2 faiz artım) təşkil edib. Türkiyədən gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 203 min nəfər olub. Yaxın Şərq və İrandan gələnlərin sayı 23 min və 22 min azalaraq müvafiq olaraq 264 min və 164 min nəfərə enib. Qeyd etmək lazımdır ki, ötən ilin dekabrında Çin, Hindistan, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Turizm Bürosunun nümayəndəlikləri fəaliyyətə başlayıb. Cari ilin yanvar-avqust aylarında bu ölkələrdən gələnlərin sayı keçən illə müqayisədə 35 min və ya 17 faiz artaraq 237 min nəfərə çatıb. Eyni zamanda, turizm xidmətləri üzrə tədiyə balansının müsbət saldosu qorunub saxlanılıb”.
Müzakirələrdə qeyd edilib ki, ölkədə turizm sahəsində strateji yol xəritələrinin icrası çərçivəsində görülən işlərin nəticələri beynəlxalq mötəbər reytinq agentlikləri tərəfindən də təsdiq edilməkdədir. Belə ki, Dünya İqtisadi Forumunun “Turizm və səyahətin rəqabət qabiliyyəti” adlı hesabatının əsas indikator qruplarından sayılan biznes mühiti üzrə Azərbaycan 7 maksimum xaldan 5,1 xal əldə edib ki, bu da ölkəyə müvafiq indikator üzrə 57-ci yerdən 28-ci pilləyə qədər irəliləməyə imkan verib, əldə olunan nailiyyətə əsasən ölkə müvafiq indikator üzrə “ən inkişaf etmiş” ölkə statusunda qiymətləndirilib.
Son illərdə Quba rayonu yerli və əcnəbi turistlərin ən çox üz tutduğu regionlardandır. Bunun sayəsində turizm rayonda prioritet sahələrdən birinə çevrilib və bu sahənin inkişafına xüsusi diqqət ayrılır.

(davamı növbəti sayımızda)
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30