Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var

Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var

21.08.2019 [09:31]

Tarixi ənənələrə malik olan bu sahənin inkişaf etdirilməsi üçün dövlət tərəfindən arıçılara 4,2 milyon manatdan çox subsidiya verilməsi planlaşdırılır
(əvvəli ötən sayımızda)

Arıçılıqla məşğul olan fermerlərin məlumatlandırılması üçün tədbirlər görülür
Arıçılıq sahəsinin inkişafına mane olan səbəblərin aradan qaldırılması üçün də hökumət tərəfindən xüsusi tədbirlər görülür. Belə ki, KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Ağsu rayonunun Padar kənd sakini Cəlal Miriyevə məxsus 47 arı ailəsi saxlanılan təsərrüfatda bir qrup arıçıya “Arıçılıqda bal arılarının “Avropa çürüməsi” xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlim təsərrüfat şəraitində Ağsu rayon Baytarlıq İdarəsinin rəisi Gülxan Zeynalov tərəfindən aparılıb. Səyyar formada keçirilən təlimdə arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların “Avropa çürüməsi” xəstəliyi haqqında ətraflı məlumatlar verilib.
Təlimdə “Avropa çürüməsi” xəstəliyinin baş vermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri arıçıların diqqətinə çatdırılıb. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır. Təlimdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə də ətraflı müzakirələr aparılıb.
Həmçinin təlimdə respublikada xəstəliklərə qarşı tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb və sözügedən xəstəliyin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib. Tədbirin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən bildirək ki, Lerik rayonunda da arıçılıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının “Avropa çürüməsi” xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlim Lerik rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev tərəfindən aparılıb.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, təlim Lerik rayonunun Hramo kəndində Xanmədov Yaqub Əyyub oğlunun 130 arı ailəsi saxlanılan təsərrüfatında keçirilib. Arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların “Avropa çürüməsi” xəstəliyi haqqında ətraflı məlumatlar verilib.
Təlim zamanı arıçılarla “Avropa çürüməsi” xəstəliyinin başvermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri barədə söhbətlər edilib. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır.
Həmçinin təlimdə iştirak edən arıçı fermerlərə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.
Arıçılar təsərrüfatlarından bol məhsul əldə edirlər
Yardımlı rayonunda da əhalinin bir qismi arıçılıqla məşğul olur. Rayonda 400-dək arıçı təsərrüfatlarında 6 minədək arı ailəsi saxlayır. Ölkəmizin cənub bölgəsinin aran zonasında bal süzümü başa çatsa da, dağlıq ərazidə yerləşən Yardımlıda bir neçə gündür bal süzümünə başlanılıb.
Rayonun Perimbel kənd sakini, 16 ildir arıçılıqla məşğul olan Mirhümbət Səmədovun təsərrüfatında 205 arı ailəsi var. Arı ailələrinin bir qismi Biləsuvarda olan M.Səmədovun Yardımlı dağlarında və ətəklərində yerləşdirdiyi arı ailələrinin sayı 100-dən çoxdur. O bildirib ki, bu il yaz mövsümü yaxşı keçdiyindən məhsuldarlıq da yaxşıdır. Bal süzümünü aparan arıçı hər pətəkdən 6-10 kiloqramadək bal götürür. Onun sözlərinə görə, məhsuldarlıq həm də arı ailəsinin güclü və ya zəif olmasından asılıdır.
Hər mövsüm Yardımlı rayonunun ərazisində olan arı pətəklərindən 1 tonadək məhsul tədarük etdiyini deyən arıçı balını, demək olar ki, elə həmin il satıb qurtarır.
Ölkəmizdə arıçılığın inkişafına dövlət dəstəyinin artırılması rayonda arıçıların bu sahəyə marağını artırıb. Hər arı ailəsinə görə arıçılara 10 manat subsidiyanın verilməsi onlara işlərini yüksək səviyyədə qurmağa, fəaliyyətlərini genişləndirməyə imkanlar yaradıb. Arıçı Elsevər Feyziyev isə bir neçə ildir ki, yerli alıcılarla yanaşı, xarici ölkələrdən də sifarişlər alır.
Qeyd edək ki, ötən il Yardımlı rayonunda 60 tonadək bal tədarük edən arıçılar bu il istehsalın artacağını proqnozlaşdırırlar. Yardımlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, keçən il rayonda 355 subyekt üzrə 5793 arı ailəsinə subsidiya ödənilib. Bu il isə 67 kənddə qeydiyyatdan keçən 5327 arı ailəsinə subsidiyaların verilməsi nəzərdə tutulub.
Xaçmazlı arıçılar da təsərrüfatlarından bol məhsul əldə edirlər. Erkən yazda havaların əlverişli keçməsi arı ailələrinə müsbət təsir göstərib. Belə ki, iyul ayının əvvəlindən arıçılıq təsərrüfatlarında bal süzümünə başlanılıb. Təsərrüfat sahibləri bildirirlər ki, builki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur. Bu mövsüm hər arı yeşiyindən 11 kiloqramdan artıq bal alınır. Toplanan məhsulun bir hissəsi satışa çıxarılır. Hazırda 1 kiloqram balın qiyməti 20-25 manat arasında dəyişir.
Xaçmazlı arıçı Əyyub Paşayev deyir ki, arı ailələrinin mövsüm dövründə planlı surətdə köçürülməsinin optimal təşkili bal məhsuldarlığının artırılmasının əsas amillərindəndir. Köçürülmə işinin düzgün təşkil edilməsi, ilk növbədə, arı ailələrinin inkişafına səbəb olur. Arıçılıqla məşğul olan fermerlər arı ailələrinin yonca, xaşa, şabdar bitkiləri olan əkin sahələrinin, təbii biçənəklərin, cökə və akasiya meşəliklərinin yaxınlığına köçürülməsinə üstünlük verirlər.
“Yüksək məhsuldarlıq əldə etmək üçün mövsüm boyu arıların yerini 5-6 dəfə dəyişmişik. Bu, böyük zəhmət və xərc tələb edir. Bu işi görməsən, yaxşı bal götürə bilməzsən. İndi aran balını süzürük. Məhsuldarlıq da bizi qane edir. Bizim region üçün səciyyəvi olan Boz Qafqaz arısıdır və məhsuldarlığı ilə seçilir”, - deyə arıçı bildirib.
Onu da qeyd edək ki, dövlət tərəfindən subsidiyanın verilməsi arıçıları təsərrüfatını genişləndirməyə sövq edir. Bu il Xaçmaz rayonunda 221 təsərrüfatda 5 min 962 arı ailəsi subsidiya verilməsi üçün qeydiyyata alınıb.
Naxçıvan arıçıları artıq arıçılıq məhsullarının ixracı yönündə addımlar atırlar
Prezidentin tapşırığı və tövsiyələrinə əsasən, arıçılıq təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər arıçılığın gəlirli təsərrüfat sahəsinə çevrilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına geniş imkanlar açır. Coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü ilə arıçılığın inkişafında geniş imkanlara malik Naxçıvan Muxtar Respublikasında artıq ixrac barədə düşünürlər. 2019-cu ilin Muxtar Respublikada “Ailə təsərrüfatı ili” elan edilməsi də bu sahənin genişləndirilməsinə stimul verir.
İyirmi ildən artıqdır arıçılıqla məşğul olan ailə təsərrüfatçısı, Şahbuz rayon sakini Allahverdi Allahverdiyev qeyd edib ki, dövlətimizin arıçılığın inkişafına hərtərəfli qayğı göstərməsinin nəticəsində Naxçıvanda arı ailələrinin sayı artaraq 71 mini ötüb, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb.
Arıçı bildirib ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahə ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi, onlara lazımi köməklik göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, mövcud arı cinsinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün damazlıq təsərrüfatının yaradılması işində də mühüm rol oynayır.
A.Allahverdiyev hazırda 83 arı ailəsi saxlayır. Onun sözlərinə görə, arıçılıq işləri, əsasən, erkən yaz, beçə, bal və ya məhsul, qış dövrü olmaqla, dörd dövrdə aparılır. Qışlamadan sonra arılarda əsas yaz yoxlanışı keçirilir. Boz Qafqaz arı cinsinin Naxçıvan populyasiyaları, əsasən, fevralın sonunda qışlamadan çox tez çıxarılır. Erkən qışlamadan çıxan arılarda inkişaf daha yaxşı olur. Yaz və yay yoxlanışının gedişində rast gəlinən çatışmazlıqlar arıçıya vəziyyəti qiymətləndirməyə və növbəti addımları planlaşdırmağa imkan verir.
İldə ortalama 500-600 kiloqram bal əldə edən arıçı bildirib ki, istehsal etdiyi arıçılıq məhsullarını satmaqda heç bir problemi yoxdur. Ötən il Naxçıvan şəhərində yerləşən Naxçıvanqalada keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında arı südü, mum, vərəmum, güləm, çiçək tozu və digər arıçılıq məhsulları ilə iştirak edən təsərrüfatçı birinci yer tutaraq diplomla təltif edilib. Təsərrüfatını daha da inkişaf etdirmək fikrində olan A.Allahverdiyev qeyd edib ki, arıçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanaraq təsərrüfatını daha da genişləndirəcək və arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağa çalışacaq.
Təcrübəli arıçı həm də Şahbuz rayonunda yerləşən “Naxçıvan Arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Keçən il yaradılan və bu ilin mart ayından fəaliyyətə başlayan cəmiyyət hazırda sənaye üsulu ilə yüksəkkeyfiyyətli mum vərəqi istehsalı ilə məşğuldur. Gələcəkdə dövlətin dəstəyi və qayğısı ilə damazlıq arı ailələrinin yaradılması, arıçılıq məhsullarının qablaşdırılması və xaricə çıxarılması işlərini həyata keçirmək cəmiyyətin əsas məqsədləri sırasındadır.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31