Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Yeni istehsalatlar regionlarda iqtisadi aktivliyin artmasına güclü təkan verib

Yeni istehsalatlar regionlarda iqtisadi aktivliyin artmasına güclü təkan verib

17.11.2018 [10:19]

Respublikamızda indiyədək ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılıb, tikintidə və istehsalatda 11 minə yaxın yeni iş yeri yaradılıb
Son illərdə ölkəmizdə postneft iqtisadiyyatının qurulması strategiyası çərçivəsində regional sənaye quruculuğuna böyük diqqət göstərir. Respublikanın sənaye xəritəsinin regionlara doğru genişlənməsi, yeni yaradılan istehsalatlar, sənaye parkları və məhəllələri bölgələrdə iqtisadi aktivliyin artmasında, yerli sakinlərin əmək bazarına daha fəal şəkildə inteqrasiyasında mühüm rol oynayır. Əlamətdar haldır ki, ölkənin regionlarında fəaliyyət göstərən müəssisələrdə buraxılan müxtəlif növ məhsullar, o cümlədən meyvə şirələri, şərablar, konserv məhsulları, quru meyvələr xarici bazarlara çıxardılır. Neftçala Sənaye Məhəlləsində yaradılan müştərək müəssisədə cari ildə avtomobil istehsalına başlanılması ölkəmizdə regional sənaye quruculuğu prosesinin uğurla getdiyini təsdiqləyir. Qeyd edək ki, bəhs olunan sənaye məhəlləsində buraxılan avtomobillər həm ölkə daxilində satılacaq, həm də xarici bazarlara çıxardılacaq. Artıq bir sıra istehsalatları işə salınan Mingəçevir Sənaye Parkında yerli xammaldan son məhsul istehsalı hədəflənib. Pirallahı Sənaye Parkında xarici sərmayədarların iştirakı ilə əczaçılıq məhsulları istehsalı üzrə eyni vaxtda bir neçə istehsalat yaradılır. Balaxanı Sənaye Parkında tullantılardan müxtəlif növ məhsullar hazırlanır. Mütəxəssislər çox haqlı olaraq bildirirlər ki, Balaxanı Sənaye Parkı “yaşıl iqtisadiyyat” quruculuğuna yaxşı nümunədir. Burada qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb. Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılıb.
Bütövlükdə son illərdə ölkə miqyasında kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. Ölkədə yaradılan sənaye zonalarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi öz töhfəsini verir. Qeyd edək ki, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkədə müasir sənaye quruculuğuna, o cümlədən də regional sənayenin inkişafına Prezident İlham Əliyevin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) də sanballı töhfələr verir. Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərdiyi dövrdə sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib. İndiyədək “ASK” ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azərpambıq” Aqrar Sənaye Kompleksini, “Azəripək” MMC-ni, “Azəralüminium” MMC-ni, “ASK Şüşə” MMC-ni, “Azərtütün” MMC-ni və digərlərini göstərmək olar. Regionlarda intensiv şəkildə inkişaf etdirilən pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Tütünçülük sahəsində fermerlərin əkin prosesi üzrə maarifləndirilmə işləri gedir. Bölgələrdə tütün əkilən sahələr artırılıb və yaşıl tütünün yığımı üçün 3 ay ərzində Balakən tütün qəbulu məntəqəsi tamamilə yenidən qurulub və yeni 60 ədəd tütünqurutma kamerası ilə təchiz olunub. Korporasiyanın alüminium və şüşə məmulatları istehsalı sahələrinin modernləşdirilməsi işləri davam edir və bu müəssisələrin strateji inkişaf planı hazırlanır.
Son illərdə respublikanın regionlarında həmçinin əlvan metal sənayesinin inkişafında yeni mərhələ başlayıb. Burada Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli müvafiq Sərəncamına əsasən yaradılan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) uğurlu fəaliyyətini xüsusi qeyd etmək lazımdır. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimovun məlumatına əsasən, 2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib.
Respublikamızda dağ-mədən hasilatı sahəsinin inkişafı istiqamətində “AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub. Qarşıya qoyulan hədəfə çatmaq üçün həyata keçirilən tədbirlərdən bəhs edən Z.İbrahimov deyib: “Bu məqsədlə qısa müddət ərzində müxtəlif təyinatlı təmir-tikinti işləri təşkil edilib, mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Hasilatın bərpası qiymətli metalların ixracını aktuallaşdırdı. Dünya metal birja bazarlarının tələblərini nəzərə alaraq, qiymətli metalların beynəlxalq standartlara uyğun saflaşdırılması üçün saflaşdırma şirkətləri hasilatçılar qarşısında texnoloji, ətraf mühit, şəffaflıq və digər parametrlər üzrə çox mürəkkəb şərtlər qoyur. Qürurla deyə bilərik ki, “AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur “Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və Çovdar qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb”.
QSC tərəfindən regionlarda istismar olunan mədənlərin ehtiyatlarının artırılması və yeni yataqların istismara cəlb edilməsi məqsədilə davamlı olaraq genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilir. 2018-ci ildə Çovdar yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 kəşfiyyat quyusunun qazılması tamamlanıb. Kəşfiyyat işləri çərçivəsində toplanmış məlumatlar beynəlxalq məsləhətçi şirkət olan “Micon International” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında istifadə olunacaq.
“AzerGold” QSC-nin geoloqları tərəfindən bu il aşkarlanan Ağyoxuş potensial perspektivli məxsusi qızıl sahəsindən alınmış müsbət nəticələr əsasında iyun ayından etibarən yoxlama-qiymətləndirmə xarakterli buruq-qazma işlərinə başlanılıb. Çovdar yatağının uzaq cinahları olan Narçala-Ağyoxuş ərazisində hazırda geofiziki işlər aparılır. Göygöl rayonunun Kəpəz sahəsində yerüstü geofiziki tədqiqatlar növbəti ildə icra ediləcək. Qızıla perspektivli Göygöl rayonu ərazisində yerləşən Tülallar sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə buruq-qazma işlərinin başlanması üçün müqavilə imzalanıb və artıq işlərə start verilib.
Ümumiyyətlə, QSC bu qəbildən olan işləri respublikanın müxtəlif bölgələrində həyata keçirir. İstismar olunan mədənlərin ehtiyatlarının artırılması məqsədilə həyata keçirilən tədbirlər isə öz müsbət nəticəsini verir. Belə ki, qurumun hasilat göstəriciləri getdikcə artır. QSC-dən verilən məlumatda bildirilir ki, 2018-ci ilin on ayı ərzində hasilat ötənilki göstəriciləri üstələyərək 36 632 unsiya təşkil edib. Ümumilikdə 2018-ci il üzrə “AzerGold” QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da ötən ilin analoji göstəricilərindən 33 faiz çoxdur.
“AzerGold” QSC-nin gələcək fəaliyyət planları da kifayət qədər genişdir. Qurum yaxın perspektivdə Balakən rayonunda yerləşən Köhnəmədən sahəsinin Filizçay polimetal yatağının ehtiyatlarını işləməyi hədəfləyib. İndiyədək burada “AzerGold” QSC tərəfindən geoloji kəşfiyyat, buruq-qazma işləri və laborator tədqiqatlar həyata keçirilib. Nəticələr sevindiricidir. QSC-dən bildirilib ki, ilkin hesablamalara əsasən, yatağın 23 illik istismarı və mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, Filizçay yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna qədər hazır ediləcək, ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndisi-geoloji və hidroloji kəşfiyyat işlərinin aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaq. Z.İbrahimov qeyd edib ki, bu sənədin hazırlanması nəticəsində məlumatlar dəqiqləşdirildikdə əldə olunacaq gəlir məbləğinin artması ehtimalı böyükdür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30