Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / 2018-ci ilin doqquz ayı respublikamızın Mərkəzi Aran iqtisadi rayonu üçün də uğurlarla yadda qalıb

2018-ci ilin doqquz ayı respublikamızın Mərkəzi Aran iqtisadi rayonu üçün də uğurlarla yadda qalıb

24.10.2018 [08:59]

Bəhs edilən dövrdə iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib
2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, bütün sahələri əhatə edən layihələr sayəsində regionların ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik olmasına şərait yaradıb. Eləcə də son 15 ildə reallaşdırılan sözügedən Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində də uğurlar əldə edilib. Və bu uğurlar 2018-ci ilin 9 ayı ərzində də davam edib. Belə ki, ölkənin iqtisadi rayonlarının bu ilin doqquz ayı ərzindəki göstəricilərinə nəzər yetirdikdə deyilənlər bir daha öz təsdiqini tapır. Bu məqamda vurğulamaq yerinə düşər ki, bu ilin doqquz ayı ümumilikdə respublikamızın Mərkəzi Aran iqtisadi rayonu üçün də uğurlu olub.
Beləliklə, bu ilin üçüncü rübündə Mərkəzi Aran iqtisadi rayonuna daxil olan Salyanda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilib, abadlıq, quruculuq və tikinti işləri sürətləndirilib. İlin doqquz ayı ərzində rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, həmçinin 16 kilometrlik Qaraçala-Düzənlik-Peyk kəndlərini birləşdirən yolda, 45 kilometrlik Salyan-Neftçala avtomobil yolunda, Noxudlu kəndindən keçən Şirvan-Salyan avtomobil yolunun 13 kilometr hissəsində tikinti işləri başa çatdırılıb. 13,1 kilometr uzunluğunda Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərini birləşdirən kəndarası avtomobil yolunda tamamlama işləri aparılır. Bu barədə Salyanda keçirilən 2018-ci ilin üçüncü rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov danışıb.
Yığıncaqda qeyd olunub ki, ötən dövrdə 38 kommunal binada əsaslı təmir işləri görülüb, bəzi küçələrdə binaların dam örtüyü yenilənib, abadlıq-quruculuq işləri aparılıb. Həsənli kəndində 100 min başlıq damazlıq quşçuluq təsərrüfatının, Kürsəngi kəndi ərazisində istixana kompleksinin, şəhər ərazisində pivə və limonad istehsalı zavodunun və bazar-ticarət mərkəzinin tikintisi əsasən başa çatdırılıb. Ümumi sahəsi 10,9 hektar olan daha 19 istixana tikilib istifadəyə verilib. Rayonun Xıdırlı kəndi ərazisində zeytun və meyvə emalı zavodlarının tikintisi başa çatıb və sınaq işləri aparılıb. Zavodların tikintisi yüzdən artıq yeni iş yerinin yaranmasına səbəb olacaq.
Bildirilib ki, üçüncü rübdə rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Qızılağac kəndi ərazisində yaradılan aqroparkda mənbəyi Akkuşa suvarma kanalı olmaqla, ümumi uzunluğu 23 kilometr su kanalı, 0,7 kilometr qaz, 15 kilometr elektrik xətləri çəkilib, ərazidəki mövcud kollektor-drenaj şəbəkəsinin 50 kilometrlik hissəsi lildən təmizlənib. Həmçinin aqroparkda 500 başlıq 4 tövlə, texnika parkı, ofis binası və qonaq evi, 1500 tonluq taxıl anbarı, gücü saatda 10 ton olan 1 yem zavodu və 4500 tonluq yem anbarı tikilib.
Cari ilin məhsulu üçün rayonda 16 min 813 hektar taxıl, 4 min 39 hektar təzə yonca, 660 hektar dən üçün qarğıdalı, 420 hektar kartof, 1241 hektar tərəvəz, 822 hektar bostan bitkiləri və 7 min 55 hektar pambıq əkilib. Hesabat gününə kimi sahələrdən 54 min 294 ton taxıl, 5 min 94 ton kartof, 29 min 55 ton tərəvəz, 12 min 160 ton bostan məhsulunun yığımı aparılıb. Bu günədək sahələrdən 5 min 749 ton pambıq toplanılıb.
Hesabat məruzəsində o da diqqətə çatdırılıb ki, ötən doqquz ayda əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 725 daimi olmaqla, 6856 yeni iş yeri yaradılıb.
İclasda həmçinin rayonda əhalinin elektrik, təbii qaz və su ilə təmin edilməsi sahəsində görülən işlərdən də ətraflı söhbət açılıb, təhsil, səhiyyə, mədəniyyət sahəsində qazanılan nailiyyətlər və nöqsanlar göstərilib.
Kürdəmir rayonunda isə cari ilin doqquz ayında ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artaraq 295 milyon 350 min 800 manat təşkil edib. Məhsul buraxılışının 71,2 faizi istehsal sahələrinin, o cümlədən 50,9 faizi kənd təsərrüfatının, 16,4 faizi sənayenin payına düşüb. Doqquz ayda 701 daimi iş yeri açılıb ki, bunun da 665-i daimidir. Cari mövsümdə rayonda 136 min 417 ton mühüm strateji məhsul olan taxıl istehsal edilib. Bu isə əvvəlki ildəkindən 55 min 717 ton çoxdur. Hər hektarın məhsuldarlığı 10 sentner artaraq 30 sentnerə çatıb. Hazırda taxıl əkini sürətlə davam edir. Hələlik 5000 hektardan çox sahədə arpa, 1000 hektarda isə buğda əkilib.
İxracyönümlü məhsullar olan baramaçılığın, pambıqçılığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Builki mövsümdə rayon üzrə 20 min 380 kiloqram barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Bu da əvvəlki göstəricidən 2 dəfə çoxdur. Cari mövsümdə 5030 hektar sahədə “ağ qızıl” yetişdirilib. Hazırda pambıq yığımı davam edir. Yığıma 2000 nəfərdən çox işçi qüvvəsi, 14 pambıqyığan maşın və digər texnikalar cəlb olunub. İndiyədək sahələrdən 4000 tondan çox pambıq toplanıb.
Mərkəzi Aran iqtisadi rayonuna daxil olan Göyçay rayonunda da cari ilin doqquz ayında aqrar sahədə daha uğurlu nəticələr qazanılıb. Bu mövsümdə 14,7 min hektar sahədən 42,7 min ton mühüm strateji məhsul olan taxıl istehsal edilib ki, bu da əvvəlki ildəkindən 721,6 ton çoxdur. Taxılın məhsuldarlığı 0,8 sentner artaraq 29 sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ət, süd, yumurta istehsalı, mal-qaranın və qoyunların baş sayı artıb. Bütövlükdə hesabat dövründə kənd təsərrüfatında ümumi məhsul istehsalı 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çoxdur. Bu məlumatlar rayonda keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən yığıncaqda səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin hesabat məruzəsində, eləcə də çıxışlarda kənd təsərrüfatının digər sahələrində, o cümlədən tərəvəz, barama, meyvə istehsalında əldə edilən nəticələr geniş təhlil olunub. Bildirilib ki, faraş tərəvəz istehsalı üçün ümumi sahəsi 277,65 hektar olan 7581 örtülü istixana quraşdırılıb. Doqquz ayda 44 min 725 ton tərəvəz istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4 min ton çoxdur. Fərdi təsərrüfatlarda istehsal edilən faraş tərəvəz əsasən Rusiya bazarlarına ixrac olunub. Baramaçılığın inkişafı sahəsində də nəticələr uğurludur. Cari mövsümdə ötən ildəkindən 2,4 dəfə çox, 12 min 500 kiloqram barama tədarük edilib.
Hesabat yığıncağında sənayenin inkişafı, tikinti-quruculuq və abadlıq işləri, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması və sair sahələrdə də xeyli işlərin görüldüyü diqqətə çatdırılıb, habelə qarşıda duran konkret vəzifələr geniş müzakirə olunub.
2018-ci ilin üçüncü rübü Hacıqabul rayonu üçün də uğurlarla yadda qalıb. Belə ki, iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 234,2 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 milyon manat çoxdur. İlin doqquz ayı ərzində kənd təsərrüfatı məhsullarının həcmi 100,878 min manat, sənayedə məhsul buraxılışının həcmi 19138 min manat, ticarətdə isə 60572 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 2,6, sənayedə 54,1, ticarətdə 6,2 faiz artım müşahidə edilib. Hesabat dövründə rayonda iqtisadiyyatın bütün sahələri üzrə əsaslı kapitala yönəldilən investisiyanın ümumi həcmi 52095 min manata çatıb. Doqquz ay ərzində 2183,6 min manatlıq əsaslı fondlar istifadəyə verilib.
Rayonda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və digər növ kənd təsərrüfatı məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib. Rayonda bu ilin məhsulu üçün 43011 hektar sahədə taxıl əkilib ki, bu da 2016-cı il ilə müqayisədə 28602 hektar çoxdur. Taxıl sahəsinin 31848 hektarını buğda, 11163 hektarını isə arpa əkini təşkil edir. Zəmilərdən 76005,5 ton məhsul əldə edilib. İstehsal olunan taxılın 42344 tonu buğda, 33662 tonu isə arpadır. Məhsuldarlıq arpa bitkisi üzrə 30,1 sentnerə çatıb.
Cari ildə rayonda 1300 hektar sahədə pambıq əkilib. Bu isə keçən ildəkindən 96,1 hektar çoxdur. Hesabat gününə kimi sahələrdən 611 ton məhsul yığılıb. Məqsəd əkin sahələrindən 2600 tondan çox pambıq əldə etməkdir. Heyvandarlıq və quşçuluq sahəsində də nəzərə çarpan artım müşahidə olunub. Hesabat dövründə 5989 ton ət (diri çəkidə), 13008 ton süd, 229 ton yun, 216 min 613 ədəd yumurta istehsal olunub. Rayon üzrə iribuynuzlu heyvanların sayı 39125, xırdabuynuzluların sayı isə 137523 başa çatıb.
Onu da qeyd edək ki, rayonun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdullaabad-Talış-Meyniman-Muğan avtomobil yolu inşa olunub, Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 10 hektar sahədə İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilib. İstixananın istehsal gücü 1 hektar üçün 250-300 tondur. Kompleksdə 70 nəfər işlə təmin olunub.

Yeri gəlmişkən, Hacıqabul rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 hektar sahədə sənaye məhəlləsi də salınır. Artıq sənaye məhəlləsinin 9 hektarında tikinti işləri başa çatıb.
2018-ci ilin doqquz ayında Biləsuvarda da iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 234 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çoxdur. Bu faktları cari ilin üçüncü rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Bildirilib ki, rayonda tikinti, abadlıq-quruculuq işləri ilin doqquz ayında da davam etdirilib. Biləsuvar şəhərində inşa olunan Bayraq Muzeyi, Gənclər Mərkəzi, 20,5 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 15,4 kilometr olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisi başa çatıb və dövlətimizin başçısının bu il sentyabrın 18-də rayona səfəri zamanı istifadəyə verilib. Həmçinin Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının tikintisi yekunlaşıb.
Ötən dövrdə rayonda əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı istiqamətində işlər davam etdirilib, 450 ədəd yeni beton və metal dayaqlar quraşdırılıb, 29,9 kilometr SİP kabel çəkilib, 3 ədəd müxtəlif kilovatlıq elektrik transformatoru qoyulub, rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin olunub.
Qeyd edilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Bu yolda hərəkət zolağı genişləndirilib və ikiqat asfalt-beton örtük qoyulmaqla əsaslı təmir işləri aparılır. Bundan əlavə, 48 mənzilli yaşayış binasının və 1176 yerlik məktəb binasının inşa olunacağı ərazidə tikintinin başlanması üçün hazırlıq işləri görülüb.
Yığıncaqda aqrar sahənin kompleks inkişafından da danışılıb. Bildirilib ki, Biləsuvar kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatının əsasını da bu sahədən gələn gəlirlər təşkil edir. Azərbaycan Prezidentinin ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən mülkiyyətçilər bu il 12 min hektar sahədə pambıq əkib və yüksək məhsul əldə etmək üçün sahələrdə kompleks aqrotexniki tədbirlər həyata keçiriblər. Nəticədə sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları bu günədək sahələrdən 10 min 765 ton məhsul tədarük edərək qəbul məntəqələrinə göndəriblər.
Diqqətə çatdırılıb ki, ötən ilin payızında rayonda 15453 hektarı buğda, 14185 hektarı arpa olmaqla, ümumilikdə 29638 hektar payızlıq dənli bitkilər əkilib. Sahələrdən 82797 ton məhsul əldə edilib ki, bunun da 45328 tonunu buğda, 37469 tonunu arpa bitkisi təşkil edib. Hər hektarın məhsuldarlığı 27,9 sentner olub. Hesabat dövründə rayonda yazlıq əkinlər üzrə 44953 ton tərəvəz, 1497 ton bostan, 6994 ton kartof, 24629 ton şəkər çuğunduru, 300 ton çəltik, 1080 ton günəbaxan, 1137 ton qarğıdalı istehsal olunub. Bu dövrdə iribuynuzlu mal-qaranın baş sayı 41,8 min, xırdabuynuzlu mal-qaranın sayı isə 140 min başa çatıb.
Çıxışlarda bildirilib ki, rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrində də müəyyən işlər görülüb, ictimai-siyasi və dini vəziyyət tam nəzarətdə saxlanılıb, gənclərlə işin daha da yaxşılaşdırılması istiqamətində keçirilən tədbirlərin sayı artıb.
İmişli rayonunda da bu ilin 9 ayında sosial-iqtisadi inkişaf baxımdan uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın əsas sahələri üzrə 337 milyon 400 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalının 156 milyon 370 min 300 manatı sənayenin, 89 milyon 355 min 900 manatı kənd təsərrüfatının, 23 milyon 129 min 800 manatı tikintinin, 61 milyon 9 min 600 manatı ticarət və iaşə, 7 milyon 95 min 500 manatı nəqliyyatın, 438 min 900 manatı isə rabitə müəssisələrinin payına düşüb. İqtisadiyyatda əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutub. Sənaye məhsulunun 93,5 faizi qeyri-dövlət sektorunda istehsal olunub. Bu barədə rayondakı Heydər Əliyev Mərkəzində cari ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.
Bildirilib ki, hesabat dövründə şəhərdə inşa olunan “ASAN Həyat” kompleksinin və Bayraq Muzeyinin tikintisi, 14 kilometrlik İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli yerli əhəmiyyətli avtomobil yolunda isə təmir işləri başa çatıb. Aranlı 2 saylı tam orta məktəbi üçün 132 yerlik binanın tikintisinə başlanılıb, Statistika İdarəsinin inzibati binasında əsaslı, Xəlfəli kənd tam orta məktəbində isə cari təmir işləri aparılıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasında tikinti işləri davam etdirilib.
Qeyd olunub ki, ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda bu sahənin sürətli inkişafına nail olunub. Son illərdə olduğu kimi, pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Məlumat verilib ki, bu il rayonda 13 min 645 hektar sahədə pambıq əkilib və hazırda yığım davam edir. Hesabat gününə kimi sahələrdən 9 min 855 ton pambıq yığılıb. Ötən dövrdə rayonda 134 kümçüyə ipəkqurdu toxumu paylanıb, 10 min 87 kiloqram yaş barama yığılıb, 4 min 769 ton ət (diri çəkidə), 37 min 173 ton süd istehsal olunub. 2018-ci ilin üçüncü rübündə rayonda 49747,3 ton buğda, 18624 ton arpa, 2614,2 ton kartof, 4140,6 ton bostan, 3305,9 ton şəkər çuğunduru, 2882,1 ton tərəvəz tədarük edilib. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılıb.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən də danışılıb.
Beyləqan rayonunda isə bu ilin doqquz ayında ümumi məhsul buraxılışının həcmi 205,4 milyon manat olub. 16,5 milyon manatlıq sənaye, 94,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Əsas kapitala 55 milyon manat investisiya yönəldilib, 54,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. Doqquz ayda 884 daimi iş yeri yaradılıb. Belə ki, rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi, 1941-1945-ci illərdə həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmiri başa çatdırılıb. Beyləqan Olimpiya İdman Kompleksinin tikintisində son tamamlama işləri aparılır. Beyləqan şəhərinin bir sıra küçələrinə asfalt örtük döşənib. Rayonun İmamverdilər, Birinci Şahsevən və Əmirzeyidli kəndləri təbii qazla təmin olunub.
Hesabat dövründə 12 min 928 ton şəkər çuğunduru, 3721 ton kartof, 31 min 906 ton tərəvəz , 4922 ton bostan məhsulları, 2509 ton qarğıdalı, 923 ton soya, 2588 ton meyvə, 1758 ton üzüm istehsal olunub. 2019-cu ilin məhsulu üçün 1174,5 hektar sahədə payızlıq səpin aparılıb. İribuynuzlu heyvanların sayı 1158 baş artaraq 59 min 182 başa, xırdabuynuzluların sayı 410 baş artaraq 301 min 278 başa çatıb, 6387 ton ət, 30 min 38 ton süd, 590 ton yun istehsal olunub.
Zərdab rayonunda isə cari ilin doqquz ayında rayon iqtisadiyyatının əsas sahələrində 93 milyon 596,1 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon 357 min manat və ya 26,1 faiz çoxdur. İstehsal olunan məhsulun 50 milyon 286 min manatı və ya 53,7 faizi bölgə iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda əldə edilib. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin 2018-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağındakı məruzəsində, eləcə də çıxışlarda taxılçılıq, heyvandarlıq sahələrində əldə edilən nailiyyətlər konkret faktlarla diqqətə çatdırılıb, son illər, o cümlədən cari ilin doqquz ayında Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ixracyönümlü məhsullar olan baramaçılığın və pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər geniş təhlil edilib. Bildirilib ki, builki mövsümdə 1300 qutu (24700 qram) ipəkqurdu toxumundan 53 ton 880 kiloqram barama istehsal olunub. Beləliklə də artıq ikinci ildir ki, respublikada ən yüksək göstərici əldə edilib.
Cari mövsümdə 3232 hektar sahədə pambıq yetişdirilib. İndiyədək 2779 ton xam pambıq tədarük olunub. Hazırda məhsul yığımı davam edir. Qeyd olunub ki, rayonun Çallı bələdiyyə ərazisində “P-Aqro” MMC-yə məxsus 4 min ton qəbul gücünə malik yeni pambıq qəbulu məntəqəsi tikilib.
Mühüm strateji məhsul olan taxılçılıq sahəsində qazanılan uğurlar barədə də danışılıb. Bildirilib ki, builki mövsümdə 18 min 653 hektar sahədə 60 min 150 ton taxıl istehsal olunub. Bu, rayon tarixində ən yüksək göstərici olmaqla, keçən ildəkindən 1328 ton çoxdur. Kənd təsərrüfatının digər sahələrində, o cümlədən heyvandarlıq sahəsində də intensiv artıma nail olunub.
Məruzə və çıxışlarda həyata keçirilən tikinti-quruculuq işlərindən, əhalinin elektrik enerjisi və təbii qazla normal təminatı istiqamətində həyata keçirilən layihələrdən, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlərdən, habelə qarşıda duran konkret vəzifələrdən də danışılıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31