Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın regionlarında kənd təsərrüfatının intensiv inkişafı təmin edilir

Azərbaycanın regionlarında kənd təsərrüfatının intensiv inkişafı təmin edilir

20.09.2018 [09:06]

Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə yeni istehsal və ixrac imkanları yaranıb
Azərbaycanda bütün sahələrin paralel inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artmaqdadır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədyönlü Dövlət proqramları nəticəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Bəhs olunan istiqamətlər sırasında kənd təsərrüfatının inkişafı strateji əhəmiyyət kəsb edir və bu sahədə həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Ümumiyyətlə, regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Bu gün regionlarda ənənəvi kənd təsərrüfatı məhsulları ilə yanaşı, strateji məhsulların əkininin artırılması, dünya bazarında daha çox ehtiyac duyulan məhsulların istehsalı aqrar sahənin daha dinamik inkişafını təmin edir.
Yeri gəlmişkən, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə Naxçıvan Muxtar Respublikasında da mühüm göstəricilər əldə olunur. Məsələn, şərurlu torpaq mülkiyyətçiləri qarğıdalı əkini apardıqları 900 hektara yaxın sahədə biçinə başlayıblar.Vurğulanmalıdır ki, artıq 40 hektarda biçin aparılıb və hər hektardan 98 sentner məhsul götürülüb. Rayonun Axaməd, Yengicə, Zeyvə, Düdəngə, Oğlanqala, Kürçülü və digər kəndlərində daha çox qarğıdalı əkilib. Əkinlərə düzgün aqrotexniki qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarğıdalının hər kiloqramı 30 qəpikdən qəbul olunur.
Qax rayonunun təsərrüfatlarında da qarğıdalı yığımına başlanılıb. Cari mövsümdə rayonda 1577 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Fermerlər bu il, eyni zamanda, 120 hektar sahədə silos üçün qarğıdalı əkiblər. Builki mövsümdə rayonda dən qarğıdalı istehsalının 10 min tondan çox olacağı gözlənilir. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Mərkəzin bitkiçilik şöbəsinin müdiri Eyvaz Aslanov bildirib ki, həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində bu il qarğıdalı sahələrində bol məhsul yetişdirilib. Cari mövsümdə qarğıdalı sahələrinin hər hektarından orta hesabla 70 sentner məhsul gözlənilir. Ötən il isə rayon üzrə bu göstərici 55,1 sentner olub. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər məhsulun sahələrdən tez və itkisiz yığılması üçün səylə çalışırlar. Qaşqaçay kəndindən olan fermer Novruz Manafov rayonun iri qarğıdalı istehsalçılarındandır. O, builki mövsümdə 154 hektar sahədə dən üçün qarğıdalı əkib. Fermer yığımın ilk günündə Almalı kəndi ərazisində 10 hektar qarğıdalı sahəsinin məhsulunu toplayıb. İlk nəticələr ürəkaçandır. Fermerin sözlərinə görə, hər hektarın məhsuldarlığı ötən illə müqayisədə 15-20 sentner yüksəkdir.
Ləkit kəndindən olan fermer Yavər Nurməmmədov isə məhsul yığımına bir neçə gündən sonra başlamağı planlaşdırır. Fermer cari mövsümdə qarğıdalı bitkisinin əkin sahələrini ötən illə müqayisədə 50 hektar artıraraq 200 hektara çatdırıb.
Məlum olduğu kimi, Azərbaycan üzümçülüyün ən qədim yaranma və formalaşma mərkəzlərindən biri olub. Ölkəmizdə qiymətli yerli üzüm sortlarının yetişdirilməsinə xüsusi önəm verilib, bu sortların itməsinin qarşısı alınıb, yeni sortlar sınaqdan keçirilib. Fermerlərimiz sortların artırılması və üzümçülük təsərrüfatlarına tətbiq edilməsi istiqamətində qədim ənənəni bu gün də qoruyub saxlayırlar. Belə bölgələrimizdən biri də Şamaxı rayonunun İkinci Çaylı kəndidir. Kənddə üzümçülüklə məşğul olan fermer təsərrüfatının rəhbəri, torpaqşünas, aqrokimyaçı Habil Əzimov bildirib ki, dörd il əvvəl saldığı üzüm plantasiyasından bol məhsul götürüb: “2014-cü ildə İkinci Çaylı kəndi ərazisində 25 hektar sahədə üzüm bağı salmağı planlaşdırdıq. Bütün aqrotexniki qaydalara əməl etmək üçün torpaq daşlardan və lazımsız tullantılardan təmizləndi və şum aparıldı. Üzüm bağları salarkən hər bir sortun xüsusiyyətini, ərazinin coğrafi iqlim şəraitini nəzərə almaq çox vacibdir. İlkin mərhələdə xaricdən gətirilmiş sortlar əkdik. Ümumiyyətlə, üzüm tinglərini seçəndə və əkin zamanı öz kökü üstündə yetişən üzüm sortlarına daha çox üstünlük vermək lazımdır. Çünki öz kökü üstündə yetişən üzüm sortları daha uzunömürlü olur. Calaqaltı ilə yetişdirilmiş üzüm sortları isə xəstəliyə qarşı daha davamlıdır”.
Habil Əzimov bildirib ki, bağ salmaq üçün ərazi seçərkən torpağın aqrokimyəvi analizini aparmaq vacibdir: “Torpağın kimyəvi, mikrokimyəvi analizini aparmaq, hətta suyun belə analizini aparmaq çox vacib prosedurdur. Bu analizlər bitkinin gələcək məhsuldarlığı üçün zəmin yaradır. Bu tədbir üzümçülükdə ilk görülməli işdir. Hər bir regionda ixtisaslaşmış bitkilərin əkilməsi ən vacib göstəricidir. Biz bu gün üzümçülüklə məşğul oluruq. Ancaq elə torpaq ərazisi ola bilər ki, orada qeyri-ənənəvi məhsulların əkilməsi daha məqsədəuyğun sayılar”.
Salyan rayonunda da üzümçülük əsas aqrar təsərrüfat sahələrindən sayılır. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 954 hektarı barverəndir. Artıq bir neçə müddətdir ki, rayonun kəndlərinin üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək bağlardan 2000 tondan çox üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1689 ton çoxdur. Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xalaç kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir. Fermer Hüseyn İsmayılov da uzun illərdir ki, bu sahə ilə məşğul olur və hər il xeyli mənfəət götürür: “Xeyli vaxtdır ki, yetişdirdiyimiz məhsulun yığımına başlamışıq. Ötən ilə nisbətən bu il məhsul boldur. Məhsul çox olduğu üçün üzümün qiyməti də ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 1.10-1.20 qəpik arasında olub”.
Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm sahələrindən 15-20 ton məhsul yığılır. Mütəxəssislərin hesablamalarına görə, mövsümün sonuna kimi bağlardan 4000 ton məhsul yığmaq mümkün olacaq.
Samux rayonunun təsərrüfatlarında isə bu mövsümdə 238 hektar sahədə kartof yığımı aparılıb. Rayon ərazisi üzrə yığılan kartofun 174 hektarı əhali təsərrüfatlarında, 64 hektarı isə kənd təsərrüfatı müəssisələrində becərilib. Bundan başqa, sahələrdən 2 min 615 ton məhsul yığılıb ki, bu da əvvəlki ilə nisbətən 1081 ton və ya 70,4 faiz çoxdur. Məhsuldarlıq hər hektardan 109,9 sentner olub.
Ölkəmizdə kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər Oğuz rayonunda da uğurla və davamlı şəkildə aparılır. Belə ki, bu ilin yaz aylarında rayonda 386 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə isə rayon ərazisində daha 250 hektaradək sahədə yeni bağların salınması nəzərdə tutulur. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3252 hektardır. Bu bağların 1805 hektarı barverəndir. Builki mövsümdə fındıq bağlarından min tonadək məhsul gözlənilir. Ötən il isə bağlardan 903 ton fındıq tədarük olunub.
Rayonun təsərrüfatlarında tütün yığımı da mütəşəkkil şəkildə davam edir. Oğuzlu fermerlər sahələrdən bir tondan çox yaşıl tütün kütləsi yığaraq emal məntəqəsinə təhvil veriblər. Eyni zamanda, fermerlər indiyədək yetişdirdikləri tütün sortlarından 114 ton quru tütün istehsal ediblər.
Qusar rayonunda isə müasirtipli intensiv alma bağlarından məhsul yığımına başlanılıb. İntensiv bağlarda becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.
Rayonun Çubuqlu kəndində 70 hektardan çox sahədə salınan intensiv meyvə bağlarında almanın “Golden”, “Jonagold”, “Granny Smith” və 10-dan artıq başqa növləri becərilir. İntensiv alma bağlarına qulluq edən aqronom Həmid Bayraqdarov burada daha çox fransız alma sortlarının becərildiyini bildirir: “Bu il məhsuldarlıq yüksəkdir. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. Növbəti illərdə isə məhsuldarlıq daha da yüksək olur. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də azdır. İl ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görürük. Bu da sonda özünü məhsuldarlıqda göstərir”.
Bağlardan toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Yığılan məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndərilir.
İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir. Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar birbaşa qoşqudakı böyük taralara tökülür. Bu taralar isə soyuducu anbarlara daşınır. Meyvələr bu üsulla toplananda zədə almadığından itki də az olur.
Çubuqlu kəndindəki təsərrüfatda soyuducu anbar və tara istehsal edən müəssisə fəaliyyət göstərir. Ümumilikdə, Qusar rayonunda 2 min 500 hektar intensiv üsulla becərilən meyvə bağı mövcuddur. Bu bağların 514 hektarında alma yetişdirilir. Ötən il bu bağlardan 25 min 257 ton məhsul toplanıb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 733 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30