Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Devalvasiya gözlənilirmi?

Devalvasiya gözlənilirmi?

20.01.2022 [01:05]

Cəmiyyətdə panika yaratmağa çalışanların bütün iddiaları əsassızdır, milli valyutanın sabit məzənnəsi üçün heç bir risk yoxdur

E.CƏFƏRLİ

Son  günlər sosial mediada və müxtəlif informasiya saytlarında ekspertlərin Azərbaycanda devalvasiya olacağına dair  fikir və mühakimələrə daha çox rast gəlinir. Xüsusilə də  manatın məzənnəsinin zəifləyəcəyi, daha doğrusu hökumətin “üzən məzənnə” rejiminə hazırlaşdığı və bununla da milli valyutamızın öz sabitliyini itirəcəyinə dair iddialar  əsas mövzulardan birinə çevrilib.

Bu cür iddialar nə dərəcədə əsaslıdır?

Birincisi, hazırda manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşır. Valyuta bazarında tələb-təklifi isə Mərkəzi Bank (MB) və Dövlət Neft Fondunun (DNF) həyata keçirdiyi hərraclar müəyyənləşdirir. Yəni faktiki olaraq, hökumət çoxdan “üzən məzənnə” rejiminin ilkin tətbiqlərini sınaqdan keçiribdir və bu gün bu proses daha da irəliləyir. Manatın sabitliyi, çoxlarının israrla üzərində dayandığı fikrin, yəni milli valyutanın məzənnəsinin süni olaraq MB tərəfindən müdaxilə nəticəsində saxlanıldığına dair arqumentlərə deyil, real bazar əməliyyatlarına əsasən nizamlanır. Mərkəzi Bank institisional orqan kimi monetar siyasətə nəzarət etsə də, valyuta  dəyişmələrini açıq bazar hərraclarının öhdəsinə buraxıb.

Bu gün ölkədə valyuta hərracının, dollar satışının əsas təchizatçısı Neft Fondudur. Fond hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına dollar çıxararaq satır və manata çevirərək büdcəyə transfer edir. Dövlət Neft Fondunun aylıq büdcə transferi təxminən 600-620 milyon dollardır. Yəni ay ərzində bu həcmdə dollar satır, bundan artıq satışlar olduğu halda təbii ki, dollar tələbatı artmış olar və manata təzyiqlər də çoxalar.

İndi gəlin baxaq, Dövlət Neft Fondu ayda həmin məbləğdə xarici valyuta satırmı?

Aylıq valyuta hərraclarına diqqət etdikdə (praktiki olaraq 2021-ci ilin ötən aylarının qrafikinə diqqət etdikdə) Fondun orta aylıq satışı təxminən 470-480 milyon dollar təşkil edib, yəni 120-130 milyon dollar aylıq valyuta artıqlığı yaranıb, sadə dillə desək, həmin dolların alıcıları olmayıb. Beləliklə, valyuta satışında tələbat azdır və manata təzyiq edəcək faktor da yoxdur. Bu isə manatın məzənnə stabilliyi üçün başlıca şərtlərdən biridir.

İndi müqayisə edək, Azərbaycanın son 30 il?ik iqtisadi tarixində bu həcmdə valyuta satışı olubdurmu? Əsla. Ən yüksək tələb 2015-ci ildə, devalvasiya ərəfəsində olubdur ki, bu da 1 milyard dolları ötə bilməyib. Ona görə də, Neft Fondunun dollar transferti problemi yoxdur, əksinə Fondun valyuta profisitləri vardır, lazım olan həcmdə dolları sata bilmir.

Göründüyü kimi, valyuta bazarında tələbatdan artıq dollar ehtiyatları yaranıb və bu faktor manatın məzənnəsinə təzyiqləri minimallaşdırır, devalvasiya riski üçün heç bir əsas yaratmır.

Valyuta bazarında dayanıqlı sabitliyin digər mühüm göstəricisi xarici amillərdir, idxal faktorudur, tədiyyə balansının cari vəziyyətidir.

Azərbaycanda bu sahədə mövcud vəziyyət necədir?

Mərkəzi Bankın 2021-ci ilin ötən 11 ayı ərzində idxal-ixrac göstəricilərinə əsaslansaq (dekabr ayı hələ açıqlanmayıb),  bu dövrdə ölkəmizin tədiyyə balansının əhəmiyyətli dərəcədə yaxşılaşdığını görə bilərik. 11 ayda xarici ticarət dövriyyəsi 30,2 milyard dollar təşkil edib. Dövriyyənin 19,8 milyarda yaxını ixracın, 10,4 milyardı isə idxalın payına düşübdür. Xarici ticarət saldosu 9,3 milyard dollardan çox olub. Yəni, xarici valyuta ilə (dollar) daha çox mal satmışıq. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 9,3 milyard dollar çoxdur və bu amil tədiyyə balansının cari vəziyyətinin xeyli qənaətbəxş olmasını təsdiqləyir. Sadələşdirsək deyə bilərik ki, Azərbaycanda dollar defisiti yox, dollar profisiti (artıqlığı) var. Belə halda manata xarici risk təhlükəsi hədsiz aşağıdır.

Digər ən mühüm amil valyuta rezervləri normasıdır. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də milli valyutanın dayanıqlılığı və möhkəm məzənnə sabitliyi üçün başlıca faktorlardandır. Hazırda Azərbaycanın etibarlı təhlükəsizlik yastığı - 53 milyard dollar həcmində ehtiyatları vardır. Dövlət Neft Fondunun rezervləri 45 milyard, Mərkəzi Bankın ehtiyatları 8 milyard dolları ötüb. Beləliklə, ölkəmizin strateji valyuta ehtiyatları 3 ildən də artır idxalı üstələyəcək səviyyədədir. Bu faktorun özü devalvasiya təhdidlərini minimallaşdıran ən möhkəm iqtisadi təminatdır.

Onu da nəzərə almaq lazımdır ki, manatın 2022-ci ildəki məzənnəsi də hökumətin konservativ proqnozlar ssenarisi üzrə təsdiqlənib. İqtisadi-maliyyə orqanlarının proqnozlarına əsasən, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini dəstəkləyəcəkdir. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülübdür. Yəni manatın kursu cari ildəki məzənnədə qalacaqdır.

Eyni zamanda, neftin büdcədə bir barrelinin orta qiyməti 50 dollardan götürülüb.  Neftin hazırda birjada satış qiyməti isə son 8 ilin rekordunu təzələyib, 90 dolları ötübdür. “Brend və “WTI” markalı xam neftin 1 barrelinin qiymətləri 68-66 dollar ətrafında qalacağı və ucuzlaşaraq 60-a, hətta 50-ə qədər enəcəyi təqdirdə belə, Azərbaycan hökumətinin büdcə və maliyyə öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaratmayacaq. Xarici faktor olan neftin bu baxımdan manata təzyiq yükü də qeyri-mümkündür.  

Manatın dəyərini itirəcəyini iddia edənlər digər bir məqama - xarici ölkələrdə valyuta dəyişmələrinə istinad edirlər, xüsusilə də qardaş Türkiyənin milli valyutası olan lirənin ucuzlaşmasını risk kimi təqdim etməyə çalışırlar. Bu amil də reallıqdan uzaqdır, çünki Azərbaycan Türkiyə ilə mal mübadiləsini lirə ilə deyil, dollarla aparır.

Yekun olaraq, manat üçün heç bir risk yoxdur və devalvasiya ajiotajı yaratmağa da cəhdlər əbəsdir.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30