TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qazın Avropa bazarına - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılması ölkəmizin növbəti mühüm tarixi nailiyyətidir
Məlum olduğu kimi, Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan, Azərbaycan qazını Avropaya nəql edəcək 878 km-lik Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi tamamlanıb və 15 noyabr tarixində TAP kommersiya əməliyyatlarına başlayıb. Dekabrın 31-də isə TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb. Beləliklə, ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib. Vurğulanmalıdır ki, Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir. Belə ki, son zamanlar COVID-19 pandemiyası, həmçinin Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən müharibəsi bu mühüm enerji layihəsinin yekunlaşmasına mane ola bilmədi. Azərbaycan artıq Avropa bazarı üçün təbii qaz ixracatçısıdır və regionlararası iqtisadi əməkdaşlığa, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verən ölkədir. Eləcə də TAP-ın istifadəyə verilməsi ilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olub. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. Bununla yanaşı, dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin uğurları buğünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regonal çərçivədə qurulan əməkdaşlığın coğrafiyası məhz bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsi ilə nəticələnməkdədir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin uğurlu sonluqla başa çatmasından sonra “Əsrin müqaviləsi”nin 20 illiyində çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev təməlqoyma mərasimində bu mühüm hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək belə bir inamı da ifadə etmişdir ki, bütün işlər nəzərdə tutulduğu vaxtda həyata keçiriləcək. Hər il ənənəvi olaraq kecirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarında görülən işlərə diqqət yetirilir, qarşıdakı dövrün prioritetləri açıqlanırdı. V.Rəhimzadə qeyd edib ki, enerji sektorunda əldə edilən uğurların xronologiyasına diqqət yetirdikdə real mənzərə tam şəkildə gözlərimiz önündə canlanır: “2006-cı ildə BTC, 2007-ci ildə BTƏ neft-qaz boru kəmərlərinin açılışı oldu. 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının şaxələndirilməsini stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalandı. 2012-ci ildə TANAP - Trans-Anadolu Boru Kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında tarixi Sazişə imza atıldı. 2014-cü ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2016-cı il TAP layihəsinin təməlqoyma mərasimi kimi tarixə yazıldı. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında isə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq xətti olan TANAP-ın inşası başa çatdırıldı. 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Enerji təhlükəsizliyinin ölkələrin iqtisadiyyatının inkişafına göstərdiyi təsiri və dövlətlərin xarici əlaqələrinin, regional əməkdaşlığın güclənməsindəki rolunu düzgün qiymətləndirən iqtisadçılar, ekspertlər haqlı olaraq bildirirlər ki, Cənub Qaz Dəhlizi siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsinə və dərinləşməsinə xidmət edən layihədir. Cənub Qaz Dəhlizinin digər tərkib hissəsi olan TAP-ın cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdu ki, artıq Azərbaycan ilin son günündə bu böyük uğura da imza atdı. Dekabrın 31-də TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb. Bununla da tam əminliklə qeyd etmək olar ki, ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan bu böyük uğura nail olmaqla dünya bazarında böyük qaz ixracatçısına çevrildi”.
Tarixdə ilk dəfə Azərbaycanın öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olduğunu diqqətə çatdıran V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan bununla öz ixrac imkanlarını şaxələndirmiş oldu. Belə ki, bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. Baş redaktor bildirib ki, Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində bu gün regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. “Bu layihələr yalnız iştirakcı ölkələrin deyil, digər dünya ölkələrinin də davamlı iqtisadi inkişafının təmin olunmasına öz müsbət təsirini göstərir. Uğurlu sonluqla başa çatan hər bir layihə yeni layihənin gündəmə gətirilməsində stimulverici amil rolunu oynayır. Bəzilərinin vaxtilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır”, - deyən V.Rəhimzadə onu da əlavə edib ki, Cənub Qaz Dəhlizinin reallaşması Avropa İttifaqı - Azərbaycan əməkdaşlığında yeni mərhələ, Cənubi Qafqazda sülhün və əmin-amanlığın qorunması üçün göstərilən səylərin davamıdır. Belə ki, ölkələrin milli təhlükəsizlik məsələsi ilə eyni səviyyədə dəyərləndirilən enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın təşəbbüsləri önəmlidir. Avropa ölkələri üçün enerji təminatında yeganə yeni mənbə Azərbaycandır.
Politoloq Şəbnəm Həsənova isə bildirib ki, qloballaşan dünyada enerji qaynaqlarının, eyni zamanda, enerji təhlükəsizliyinin beynəlxalq münasibətlər və xarici siyasət fəaliyyətinə təsiri açıq şəkildə özünü büruzə verməkdədir. Bu təsir isə sözsüz ki, özünü yalnız siyasi cəhətdən deyil, iqtisadi cəhətdən də göstərməkdədir. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində yeni, alternativ enerji mənbəyi funksiyasında çıxış etməyə başlayıb. Ş.Həsənova bildirib ki, Cənub Qaz Dəhlizi təbii qazın nəql edilməsi istiqamətində enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə Azərbaycan qazının Qərb dövlətlərinə nəql edilməsində Avropa İttifaqı maraqlıdır: “Bu hədəfə isə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri ilə nail olmaq mümkündür. Bu məqsədlə 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Hazırda ölkəmiz Cənub Qaz Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilib. Vurğulamaq lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli Lider Heydər Əliyevin şəxsi səyi və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas ana sütununu təşkil edir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarının məhz Azərbaycan Respublikası olduğunu diqqətə çatdıran Ş.Həsənova onu da deyib ki, Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını birbaşa Avropaya çatdırmağa hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) da artıq tamamlanması ilə Azərbaycan daha bir mühüm, tarixi qələbə, uğur əldə etdi: “Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurla birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb. Cənub Qaz Dəhlizinin uğurla başa çatması ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi anlamına gəlir. Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyan 878 km-lik boru kəməri TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün 2021-ci ilin yay aylarında bazar araşdırmasının ikinci mərhələsinə başlanılacaq. Eyni zamanda, TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Vaxtilə tək bir qaz tədarükçüsündən asılı olan və qaz kəsintiləri səbəbindən böyük problemlər yaşayan Bolqarıstan təbii qaza tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Bir sözlə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir”.
Pərviz SADAYOĞLU
- Oxunub: 3090 |
- Tarix: 07-01-2021 |
-
Çap et |