Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda əhalinin və iqtisadiyyatın dayanıqlı elektrik enerjisi təchizatı yüksək səviyyədə təmin edilib

Azərbaycanda əhalinin və iqtisadiyyatın dayanıqlı elektrik enerjisi təchizatı yüksək səviyyədə təmin edilib

11.07.2020 [09:25]

Prezident İlham Əliyev: Bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir

Bu gün Azərbaycan müasir infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. O cümlədən paytaxt Bakıda və bölgələrdə elektrik enerjisi təsərrüfatının əsaslı şəkildə yenidən qurulması, yeni generasiya güclərinin yaradılması respublikamızda müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Ölkəmizdə enerji müstəqilliyinə nail olunması milli təhlükəsizliyin vacib bir komponenti kimi müəyyənləşdirilib. Azərbaycan dövlətinin ölkədə elektrik enerjisi təchizatının dayanıqlılığının davamlı şəkildə artırılmasına güclü siyasi iradə göstərməsi strateji önəm daşıyır. Belə ki, lazımi həcmlərdə elektrik enerjisi istehsalına nail olmadan iqtisadiyyatın artan tələbatının qarşılanması mümkün deyil. Eyni zamanda, elektrik enerjisi təchizatı əhalinin həyat səviyyəsinin yüksəlməsini şərtləndirən vacib sosial amil qismində çıxış edir. Sevindirici haldır ki, son 16 ildə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə elektrik enerjisi təsərrüfatının yenidən qurulması, bu sahədə ən son innovativ həllərin tətbiqi, nəticə etibarilə əhalinin və iqtisadiyyatın fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışından sonra qurumun bir qrup əməkdaşı ilə keçirdiyi görüşdəki çıxışında ölkənin elektrik enerjisi təsərrüfatında görülən işlərdən məmnunluğunu bildirərək vurğulayıb: “Biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib”.

Azərbaycanda elektrik enerjisinə artan tələbatın dayanıqlı şəkildə ödənilməsi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

Son 16 ildə respublikamızda elektrik enerjisi təsərrüfatının müasir standartlar səviyyəsində yenidən qurulması və yeni generasiya güclərinin yaradılması istiqamətində reallaşdırılan layihələrin statistikası çox zəngindir. Məlum olduğu kimi, respublikamızda müstəqilliyimizin ilk illərində elektrik enerjisi ilə təchizat sahəsində vəziyyət acınacaqlı idi - ölkəmiz tələbatı ödəmək üçün xaricdən böyük həcmlərdə elektrik enerjisi idxal edirdi, ötürücü və paylayıcı şəbəkələrdə, yarımstansiyalarda nasazlıq səbəbindən itkilərə yol verilirdi. Bütün bunlar nəzərə alınaraq dövlət başçısının müvafiq Fərmanı ilə təsdiqlənən regionların sosial- iqtisadi inkişafına dair birinci Dövlət Proqramında ölkə üzrə elektrik enerjisi təsərrüfatında zəruri layihələrin icrası nəzərdə tutuldu və işlərə başlanıldı. Eyni zamanda, sonrakı regional inkişaf proqramlarında da bu sahənin yenidən qurulmasının prioritetliyi təmin edildi. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Bəhs olunan dövrdə ölkəmizin elektrik enerji təsərrüfatında uğurla reallaşdırılan layihələrə Astara, Xaçmaz, Şəki, Şahdağ, “Cənub”, “Şimal-2” və digər stansiyaların yüksək səviyyədə tikilib istifadəyə verilməsini misal göstərə bilərik. Şirvan şəhərində tikilən “Cənub” Elektrik Stansiyasının generasiya gücü təxminən 800 meqavata bərabərdir. Sumqayıt Elektrik Stansiyası 525 meqavat gücündədir. 2019-cu ildə istifadəyə verilən 400 meqavat gücündə “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bundan əlavə, ölkəmizin ayrı-ayrı bölgələrində çoxlu sayda su elektrik stansiyaları tikilib. O cümlədən Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Həyata keçirilən layihələrin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan daxili istehsal hesabına özünü elektrik enerjisi ilə tam təmin edir, hətta ölkəmizin bu sahədə müəyyən ixrac imkanları da yaranıb. Azərbaycanın qısa müddətdə özünün enerji müstəqilliyini təmin etməsi və elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi böyük uğurdur.

Əlamətdar haldır ki, respublikamızda əhalinin və iqtisadiyyatın dayanıqlı elektrik enerjisi təchizatına nail olunması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan nüfuzlu Davos İqtisadi Forumunun hesabatı xüsusilə xarakterikdir. Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında bəhs olunan hesabata istinad edərək deyib: “Bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır”.

Respublikamızda pandemiya şəraitində elektrik enerjisi təsərrüfatında yenidənqurma işləri uğurla davam etdirilir

Azərbaycanda elektrik enerjisi təsərrüfatının dayanıqlığının daha da artırılmasına verilən önəmin ifadəsidir ki, ölkəmizdə çətin pandemiya dövründə də bu sahədə yenidənqurma işləri uğurla davam etdirilir. Son vaxtlarda Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılması, 110/35/10 kilovoltluq “Ağcabədi-2”, 110/35/6 kilovoltluq “Tərtər”, 110/35/10 kilovoltluq “Əhmədli” elektrik yarımstansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi deyilənlərə misaldır.

Pandemiya dövründə həmçinin “Azərbaycan” İstilik Elektrik Stansiyasında əsaslı yenidənqurma işləri başa çatdırılıb. Xəbər verildiyi kimi, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə iyunun 25-də istifadəyə verilib. Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında stansiyanın yenidən qurulması istiqamətində görülən işləri yüksək dəyərləndirdiyini nəzərə çatdıraraq “Ona görə mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də, 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq”, - deyə vurğulayıb.

Pandemiya dövründə daha bir elektrik enerjisi obyektinin açılışı paytaxtın Nizami rayonunda baş tutub. Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110/35/10 kilovoltluq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib. Açılış mərasimində bildirilib ki, “8-ci km” yarımstansiyası 52 il əvvəl tikilmişdir və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları, inzibati-idarəetmə binası və digər zəruri infrastrukturu müasir səviyyədə yenilənib.

Ölkənin elektrik enerjisi təsərrüfatının perspektivləri ilə bağlı planlar kifayət qədər genişdir

Respublikamızda elektrik enerjisi təsərrüfatının perspektivləri ilə bağlı planlar da kifayət qədər genişdir. Prezident İlham Əliyev Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılış mərasimində gələcəkdə ölkənin elektrik enerjisi təsərrüfatında görüləcək işlərə diqqət çəkərək vurğulayıb: “Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”.

Dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq müvafiq qurumlar elektrik enerjisi təsərrüfatının imkanlarının daha da genişləndirilməsinə hesablanan yeni layihələri uğurla davam etdirirlər. Məsələn, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını, əhalinin, o cümlədən son illərdə tikilən çoxmənzilli binaların elektrik enerjisinə artan tələbatını qarşılamaq üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sistem əhəmiyyətli 220/110/10 kilovoltluq tam yeni yarımstansiyanın tikintisini tamamlayıb. Baki şəhərinin şimal hissəsindəki 110 kilovoltluq yarımstansiyaları qidalandırmaqla yanaşı, paytaxtdakı sistem əhəmiyyətli mövcud 220 kilovoltluq yarımstansiyaların yükünü azaltmağa, bununla da qəzaların qarşısını almağa, itkiləri azaltmağa, dayanıqlılığı və etibarlığı artırmağa xidmət edəcək “Böyükşor” adlanan yeni 220 kilovoltluq yarımstansiya istehlakçıların normalara uyğun keyfiyyətli elektrik enerjisi ilə təchizatında müstəsna rol oynayacaq. “Böyükşor” yarımstansiyasının sistemə qoşulması ilə Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq hava xətlərinin yüklənməsinin qarşısı alınacaq, həmçinin bu xətlərdə olan itkilərin azalmasına nail olunacaq. Bundan başqa, hazırda “Azərenerji” ASC reaktiv gücün kompensasiyası istiqamətində yeni bir əhəmiyyətli layihə gerçəkləşdirir. Bunun üçün 330 kilovoltluq “Yaşma” yarımstansiyasında 120 MVAr gücündə, 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində isə 180 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor quraşdırılır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31