Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2010-cu ilin büdcə layihəsi bütün makroiqtisadi parametrləri özündə əks etdirir

2010-cu ilin büdcə layihəsi bütün makroiqtisadi parametrləri özündə əks etdirir

10.11.2009 [09:40]

Büdcə zərfində bir sıra sahələrə ayrılan vəsaitlərin həcminin artırılması nəzərdə tutulub
Məlum olduğu kimi 2010-cu ilin dövlət büdcəsinin layihəsi ötən həftə Milli Məclisin bir neçə komitəsində müzakirə olunub. ümumi müzakirələrdən sonra büdcə layihəsinin parlamentin plenar iclasına çıxarılması qərara alınıb. Gələn ilin büdcə zərfində iqtisadi və sosial, investisiya layihələri ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur?
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Nazim Məmmədovun sözlərinə görə, 2010-cu ilin büdcə layihəsi bütün makroiqtisadi istiqamətləri özündə əks etdirən konseptual maliyyə sənədi sayıla bilər. Büdcə zərfində inkişaf tendensiyasının davamlılığını, sosial və investisiyayönümlü islahatların həyata keçirilməsini, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının gücləndirilməsini nəzərdə tutan layihə və proqramların konkret hədəfləri müəyyənləşdirilib.
2010-cu ilin büdcə layihəsi makroiqtisadi parametrləri sosial-iqtisadi reallığı özündə əks etdirir. Bəzi ictimai qurumlar büdcə ilə bağlı yanlış şərhlər verməyə çalışırlar. Amma bu, tamamilə səhv yanaşmadır. çünki yeni ilin büdcə zərfi tərtib edilərkən  dünya iqtisadiyyatında baş verən meyillər və digər faktorlar da nəzərə alınıb. Bu gün bizim istəyimizdən asılı olmayaraq, qloballaşan dünyada və maliyyə bazarlarında baş verən proseslər müəyyən dərəcədə ölkəmizin iqtisadi həyatına müdaxilə edir. Dünyada neftin qiymət dəyişiklikləri, bir sıra mal və xidmətlərin dəyərinin aşağı düşməsi və digər hallar, ümumilikdə, hökuməti bu kimi meyillərə qarşı davamlı tədbirlər görməyə vadar edir. Gələn ilin büdcəsi də məhz böhran səviyyəli sarsıntılar dövründə, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə dəyişdiyi bir vaxtda tərtib edilib, buna görə də, hökumət büdcənin formalaşması ilə bağlı mövcud reallıqlar və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri təmkinlə nəzərə alıb. Məhz bu nöqteyi-nəzərdən 2010-cu ilin büdcə paketini respublikamızın milli təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi kimi qiymətləndirmək mümkündür.
Bəzi şəxslər büdcədə elm, təhsil, səhiyyə və digər xərclərin azaldıldığını iddia edirlər, bu, belə deyil və büdcə zərfində həmin sahələrə kifayət qədər vəsait ayrılıb. 2010-cu ilin büdcə zərfində xərclərin strukturunda sosial müdafiə və sosial təminat xərclərinin çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin payı 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faizə çatdırılıb. Göründüyü kimi, gələn ilin büdcəsində həmin sahələrin hər birində artım qeydə alınacaq. Büdcədə ən əsas yeri  sosialyönümlü xərclər tutur ki, bu sahənin payı büdcədə 34,4 faiz (3 milyard 878 milyon manat) təşkil edir. Bu isə 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 2 faiz çoxdur.
İqtisadçı büdcə zərfini geniş maliyyə sənədləri toplusu və mükəmməl iqtisadi-sosial konsepsiya hesab edir və burada respublikamızın ümumi siyasi-iqtisadi inkişafı ilə bağlı bütün təfərrüatların nəzərə alındığını bildirir. Buna görə də, layihədə iqtisadiyyatın hər bir bölməsinə dair təklif və rəylər nəzərə alınıb. Belə ki, büdcə layihəsində sosial-iqtisadi inkişaf indikatorları ilə bağlı proqnozlardan başqa, vergi dərəcələrinin təkmilləşdirilməsi, kommunal sistemin və infrastruktur təminatının yaxşılaşdırılması, biznes mühitinin və milli sahibkarlığın inkişafının stimullaşdırılması, gömrük sistemində təkmilləşdirmələrin aparılması, ölkəyə xammal və texnologiyaların gətirilməsinə təkan verən mexanizmlərin tətbiqi, rəqabət mühitinin və ixrac siyasətinin genişləndirilməsi, sosial təminatın gücləndirilməsi və digər parametrlər öz əksini tapıb. Bütün bu parametrlər qeyri-neft sektorunun inkişafına, sahibkarlıq sektorundan daxil olan vergi və rüsumların həcminin artmasına səbəb olacaq və ümumilikdə, iqtisadi inkişafı sürətləndirmiş olacaq. Qeyd olunan tədbirlər və həyata keçirilən layihələr, ümumilikdə, büdcə gəlirlərinin artırılmasına gətirib çıxaracaq.
Nazim Məmmədov hesab edir ki, 2010-cu ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qarşıda duran sosial və iqtisadi hədəflərin tam reallaşmasına imkan verir. Yeni ilin büdcə layihəsi dünyada baş verən iqtisadi proseslər də nəzərə alınmaqla təkmil sənəd kimi səciyyələndirilə bilər. Nazim Məmmədov dünya iqtisadi böhranının davam etdiyi və neft bazarında sabit qiymət indeksinin formalaşmadığı bir zamanda zərfində neftin bir barelinin qiymətinin 45 dollardan götürülməsini düzgün qərar hesab etdiyini bildirib. Onun fikrincə, hazırda neftin bazar qiymətləri mütəmadi olaraq dəyişir, yəni, sabit qiymət zənbili yoxdur. Ona görə də, hökumət orta qiymət indeksi götürməklə neftin qiymət dəyişmələrinin büdcə gəlirlərinə təsirinin qarşısını tamamilə almış olur. Bununla yanaşı, hökumət neftin proqnozlaşdırılan müxtəlif qiymət indekslərini də nəzərə alacaq və gələcəkdə yanacağın satışından əldə olunan əlavə gəlirlərin həm büdcəyə köçürülməsinə, həm də digər sosial-iqtisadi bölmələrə sərf etməyə qərar verəcək. çox güman ki, neftin yüksək qiymətə satılması nəticəsində 2010-cu ilin ortalarında büdcəyə əlavə və dəyişikliklər ediləcək. Büdcənin gəlirlər və xərclər bölmələrində müəyyən artımların olması istisna olunmur. çünki belə bir ənənə büdcə sistemində mövcuddur və 2007-2008-ci illərin büdcə layihələrinə ilin birinci yarısında dəyişikliklər olunub. 2010-cu ilin may-iyun aylarında neftin satış qiyməti 70-80 dollar civarında olduğu təqdirdə büdcə zərfinə yenidən baxılması realdır.
İqtisadçı, ümumilikdə, gələn il ölkəmizdə iqtisadi inkişafın davam edəcəyini proqnozlaşdırır. Onun fikrincə, bütün sahələr üzrə məqsədyönlü siyasətin həyata keçirilməsi və kompleks islahatların aparılması nəticədə həm regionların, həm də ümumilikdə, ölkəmizin iqtisadi cəhətdən yüksək inkişafını təmin edəcək.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1265 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31