
2018-ci ilin noyabrın 8-dən 2019-cu ilin mayın 16-dək nəzərdə tutulan uçuşlar həftədə bir dəfə, cümə axşamı günləri həyata keçiriləcək
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysləri açılacaq. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla "PAŞA Holidays" şirkəti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək. Bu barədə çarter reyslərinin təqdimatına həsr edilmiş tədbirdəki çıxışında "PASHA Travel" şirkətinin baş direktor müavini İldırım Qəmbərov məlumat verib.
Onun sözlərinə görə, 2018-ci ilin noyabrın 8-dən 2019-cu ilin mayın 16-dək nəzərdə tutulan uçuşlar həftədə bir dəfə, cümə axşamı günləri (Bakıdan uçuş saat 10.00, Şarm əl-Şeyxə eniş saatı 12.10-da, həmçinin Şarm əl-Şeyxdən uçuş saatı 13.10-da, Bakıya eniş saatı 18.40-da) həyata keçiriləcək. Qeyd olunub ki, Şarm əl-Şeyxin beynəlxalq hava limanı turistlərə havalimanına çatdıqdan sonra viza almaq imkanı verəcək. Turizm paketi, dəyəri 599 ABŞ dollarından başlayaraq təyyarə bileti, hər şey daxil yeddi günlük gecələmə, transferlər və turizm sığortası kimi xidmətləri əhatə edir.
İldırım Qəmbərov onu da deyib ki, "PASHA Holidays" Azərbaycanda akkreditə olunmuş 500-dən çox turizm agentliyi ilə əməkdaşlıq edir. Şarm əl-Şeyx turlarını, habelə şirkətin digər məhsullarını tərəfdaş agentliklərin istənilən ofislərindən əldə etmək olar.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev son illər ölkəmizin turizm sənayesinin inkişafındakı nailiyyətlərdən danışıb. Şarm əl-Şeyx şəhərinə açılacaq çarter reysinin əhəmiyyətini xüsusi qeyd edən Fuad Nağıyev belə layihələrin vacibliyini vurğulayıb: "Ötən il biz Monteneqroya çarter reysi açdıq. Bu turizm sənayesində yaxşı haldır. İnanıram ki, turizmin inkişafı üçün daha böyük layihələr həyata keçirəcəyik".
Misirin Bakıdakı səfiri Adel İbrahim Ahmed İbrahim isə ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrindən danışıb. Diplomat hər iki dövlətin turizm sənayesinin inkişafına xüsusi diqqət ayırdığını bildirib. Onun sözlərinə görə, Şarm əl-Şeyx şəhərinə açılan reys Misirlə Azərbaycanın mövcud sahədə əməkdaşlıq əlaqələrinə töhfə verəcək.
Çıxışlardan sonra "PAŞA Holidays" tərəfindən 10 ən yaxşı satış etmiş səyahət agentlikləri mükafatlandırılıb. Tədbir canlı musiqi proqramı ilə davam etdirilib.





- Oxunub: 4740 |
- Tarix: 06-10-2018 |
-
Çap et |