Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakıda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyası keçirilir

Bakıda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyası keçirilir

06.09.2017 [10:22]

Bakı sessiyasında 7 ölkənin ali audit qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir
Sentyabrın 5-də Bakıda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları (AMNO) Rəhbərləri Şurasının XVII sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Şuranın Bakı sessiyasında 7 ölkənin ali audit qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Türkiyənin Hesablama Məhkəməsinin üzvü, məhkəmə kollegiyasının sədri Əli Hikmət Tuncər, Türkiyə Hesablama Məhkəməsinin baş auditorları Bülənt Gecgel, Zeynal Atlı və Heydər Gəzmiş sessiyaya qonaq qismində dəvət olunublar.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sessiyanın məqsədi, mövzusu barədə məlumat verib və ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, kənar dövlət maliyyə nəzarət funksiyalarını həyata keçirən ali audit qurumlarının maliyyə inzibatçılığında vacib rolu müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapıb. MDB məkanına daxil olan və bizə tərəfdaş olan dövlətlərin ali audit qurumlarının rəhbərləri şurasının növbəti sessiyası ilk dəfə Bakıda keçirilir. Burada əsas məqsəd dövlət auditini həyata keçirən orqanların fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Sessiyada ali audit orqanlarının fəaliyyətinin iqtisadi, sosial, inzibati səmərəliliyinin qiymətləndirilməsi, göstəricilər sisteminin müəyyənləşdirilməsi, bu sistemin MDB məkanında vahid bir formaya salınması ilə bağlı fikir mübadiləsi aparılacaq.
Sonra Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından çıxış edən Jaras Mamutbekov MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının ali audit qurumlarının fəaliyyətində rolundan, üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən danışıb, sessiyanın işinə uğurlar arzulayıb.
Daha sonra Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin sədri, MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının sədri Leonid Anfimov çıxış edərək qədim Azərbaycan torpağında səmimi qəbula, qonaqpərvərliyə, etimad və qarşılıqlı anlaşma mühitinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. “Əminəm ki, Bakı sessiyasında nəzarət işinin informasiya və təcrübə mübadiləsinin əhəmiyyəti barədə aparacağımız müzakirələr bir çox cəhətdən, o cümlədən peşəkar fəaliyyətlə əlaqəli konkret məsələlərin həllində yeni metodlara yiyələnmək baxımından faydalı olacaq. Bugünkü görüşümüz Ali Maliyyə Nəzarəti Orqanlarının daha sıx və məhsuldar əməkdaşlığına kömək edəcək. Çünki biz mövcud problemləri birlikdə aradan qaldıra bilər və ölkələrimizin dinamik inkişafına öz töhfəmizi verə bilərik”, - deyə L.Anfimov bildirib.
Bakı sessiyasının məhsuldar müzakirələrlə keçəcəyinə əminliyini vurğulayan L.Anfimov MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasına sədrliyin Azərbaycana keçdiyini diqqətə çatdırıb.
Sonra MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurası sədrinin rəmzi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təqdim olunub.
Daha sonra MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyasının ilk plenar iclası keçirilib. İclasda sessiyanın gündəliyi, keçirilmə qaydası və Şuranın XVII Sessiyasının yekun sənədlərinin hazırlanması üçün işçi qrupun tərkibi təsdiqlənib.
“Fəaliyyətin keyfiyyətinin qiymətləndirilməsi üçün göstəricilər sistemi” mövzusunda məruzə edən Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, həyata keçirdiyimiz fəaliyyəti şərti olaraq iki qrupa bölmək olar - nəzarət və keyfiyyətin qiymətləndirilməsi. Fəaliyyətin keyfiyyətinin qiymətləndirilməsi müəyyən mənada keyfiyyətə nəzarət mexanizminin tətbiqi kimi qəbul edilməlidir. Hədəflərin müəyyən edilməsində normativ-hüquqi aktların və beynəlxalq standartların tələbləri diqqətə saxlanılmalı, bununla yanaşı, resurs potensialı düzgün qiymətləndirilməlidir. Belə ki, maliyyə və kadr potensialı, texniki imkanlar istəklərimizin hüdudlarını çərçivələndirən əsas amillərdəndir. Qəbul etməliyik ki, fəaliyyətin keyfiyyəti təsbit olunmuş funksiyaların reallaşdırılması səviyyəsini müəyyən edir. Funksiyaların tam surətdə icra olunmadığı şəraitdə heç bir fəaliyyət və keyfiyyətdən söz gedə bilməz. Bu baxımdan planlaşdırılmış və icra edilmiş tədbirlərin nisbət göstəricisi iş planının və ya həmin il üçün müəyyən edilmiş tədbirlərin icra səviyyəsini ifadə etmiş olar. Təcrübəmizə əsaslanaraq qeyd edə bilərik ki, fəaliyyətin keyfiyyəti iki qrupa bölünən göstəricilərlə qiymətləndirilə bilər: dəyişməz və ya hər il təkrar tətbiq edilən göstəricilər və dəyişən göstəricilər. Dəyişməz göstəricilər ildən-ilə fəaliyyətin meylini müəyyən etmək imkanı verən baza göstəricilərdir. Bu göstəricilərə biz nəzarət tədbirlərinin sayını, bu tədbirlərin əhatə etdiyi vəsaitlərin həcmini, nəzarət tədbirlərinin nəticələri əsasında həyata keçirilmiş müxtəlif tədbirlər üzrə göstəriciləri aid edə bilərik. Dəyişən göstəricilər isə konkret zaman çərçivəsi üçün hesablanan göstəricilərdir. Bu göstəricilər müəyyən sənədlərdə, məsələn, hər hansı bir dövrü əhatə edən Strateji İnkişaf Planında təsdiq edilmiş hədəflərin reallaşdırılmasını qiymətləndirmək imkanı verir. Bu yanaşma növbəti planların tərtibində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan həmin sənədlərin hazırlanmasında daha konkret və ölçüləbilinən hədəflərin müəyyən edilməsi həmişə diqqətdə saxlanılmalıdır.
Audit tədbirlərinin nəticələri əsasında həyata keçirilmiş işlərlə bağlı bir sıra göstəricilərin tətbiq edildiyini bildirən V.Gülməmmədov deyib ki, bu göstəricilərin ən populyar olanı ali audit qurumlarının saxlanılması üçün xərclənmiş vəsaitin bərpa edilmiş vəsaitin məbləğinə nisbət göstəricisidir. Qeyd edək ki, həyata keçirilmiş tədbirlər təkcə vəsaitlərin bərpasını nəzərdə tutmur, eyni zamanda, müxtəlif işlərin və xidmətlərin görülməsini də təmin edir.
Sədr bildirib ki, Azərbaycan Respublikasının Hesablama Palatasının illik fəaliyyəti ilə bağlı hesabatında həyata keçirilmiş auditlərin sayı, əhatə dairəsi, nəticələr üzrə görülmüş tədbirlər, xüsusilə bərpa edilmiş vəsaitlərin həcmi barədə məlumatlar təqdim edilir. Eyni zamanda, auditlər nəticəsində qəbul edilmiş qərarlar, həmçinin göndərilmiş təqdimatlarda qeyd olunmuş məsələlərin audit edilmiş qurum tərəfindən icra səviyyəsi də dəyərləndirilir. Kadrların yaş, ixtisas bölgüsü barədə məlumatlar da hesabatda əks etdirilir.
“Cari ildə Hesablama Palatasının Strateji İnkişaf Planı (SİP) bitir. Biz artıq 2018-2020-cı illəri əhatə edən yeni SİP-in hazırlanmasına başlamışıq. Biz bu planda konkret hədəflərin müəyyən edilməsinə və bu hədəflərə çatmaq səviyyəsini dəyərləndirmək imkanı verən qiymətləndirmə meyarlarının hazırlanmasına çalışırıq”, - deyə V.Gülməmmədov vurğulayıb.
Azərbaycan Hesablama Palatasının sədri deyib: “2015-ci ildən nöqsanların təsnifləşdirilməsi işinə başladıq və 2016-cı ildə isə ilkin hazırlanmış təsnifat üzrə nöqsanları qruplaşdırdıq. 2016-cı ilin nəticələrinə əsasən müəyyən etdik ki, 825 halda nöqsana yol verilib. Həmin nöqsanlar arasında daha çox rast gəlinənləri büdcə qanunvericiliyinin, mühasibat uçotunun təşkili və hesabatlılığın təmin edilməsi istiqamətində, həmçinin satınalmalar prosesini və əsaslı təmir-tikinti işlərini tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı olub”.
Bu qüsurların, həmçinin qanunvericilik aktlarındakı boşluqların və ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanıb hökumətə təqdim olunduğunu vurğulayan V.Gülməmmədov bildirib: “Ümumilikdə təkliflərimizin sayı 100-ü ötüb. Həmin təkliflərin əksər hissəsi nəzərə alınaraq qanunvericilik aktlarının təkmilləşdirilməsi həyata keçirilib, bir neçə yeni akt hazırlanıb və bu işlər davam etdirilməkdədir”.
Şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı görülən işlərdən danışan Hesablama Palatasının sədri deyib: “Hesablama Palatasının rəsmi internet saytı yenilənib, aparılmış nəzarət tədbirlərinin nəticələri, fəaliyyətimizin digər istiqamətləri barədə məlumatları mütəmadi olaraq sayta yerləşdiririk. Qeyd edilənlər, həmçinin dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı Hesablama Palatasının rəylərinin saytda yerləşdirilməsi bir sıra hesabatlarda Palatanın və ölkənin mövqeyinin yüksəlməsinə xidmət edib. Belə ki, Dövlət Xərclərinin Maliyyə Hesabatlılığının (PEFA) dəyərləndirilməsində müsbət irəliləyişlər, eyni zamanda, Fiskal Şəffaflıq Hesabatında mövqeyimizin yaxşılaşması məhz bu amillərlə bağlı olub”.
İclasda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVI sessiyasından sonrakı müddətdə fəaliyyəti haqqında qurumun hazırkı sədri L.Anfimovun “Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi praktikasında keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, sessiyanın gündəliyinə daxil edilmiş məsələ hər bir ali maliyyə nəzarəti orqanı üçün aktualdır. Bu, bir tərəfdən hesabat verməli orqanın nə dərəcədə səmərəli işləməsi və qarşıya qoyulan məqsəd baxımından əldə etdiyi nəticələrin onun məsrəflərinə (vaxt, material və pul vəsaitləri, əmək resursları və s.) nə dərəcədə uyğun gəlməsi baxımından ali orqan üçün maraqlıdır. Digər tərəfdən, bu qiymət AMNO-nun hər bir rəhbəri üçün zəruri idarəçilik və qərarların qəbulu işində çox vacibdir.
Məruzəçi bildirib ki, ölkələrimizin sosial-iqtisadi inkişaf sahələrində ümumdövlət vəzifələrinin həlli, maliyyə sistemlərinin sabitliyinin təmini, büdcənin gəlir hissəsinin artırılması və məsrəf hissəsinə qənaət olunması, iqtisadiyyatın dinamik inkişafı və modernləşdirilməsi, onun rəqabətqabiliyyətliliyinin artırılması və nəhayət, vətəndaşların rifahının davamlı yüksəlişinin təmini AMNO-nun fəaliyyətinin səmərəsindən və keyfiyyətindən xeyli asılıdır.
Leonid Anfimov Belarus Respublikası Dövlət Nəzarəti Komitəsinin fəaliyyəti və təcrübəsi barədə də məlumat verib.
Plenar iclasda Rusiya Federasiyası Hesablama Palatasının sədri xanım T.Qolikova, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri N.Abdibekov, Moldova Respublikası Hesablama Palatasının sədri V.Untila, Qırğızıstan Respublikası Hesablama Palatasının auditoru Zairbek Jooşbekov, Tacikistan Respublikası Hesablama Palatasının sədr müavini Zafar Azimi sessiyanın mövzusu ətrafında məruzələrlə çıxış ediblər.
Məruzələrdə xüsusi vurğulanıb ki, sessiyanın mövzusu həm nəzəri, həm də praktik baxımdan aktualdır. Çünki dövlət maliyyə nəzarətinin həyata keçirilməsində dövlət və maliyyə resurslarının səmərəli idarəedilməsinin təmini mərkəzi yer tutur. AMNO müvafiq problemin həllinə iki tərəfdən yanaşmalı, yəni, bir tərəfdən büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artmasına, digər tərəfdən ali maliyyə nəzarəti orqanının öz fəaliyyətinin səmərəliyinin təmin olunmasına kömək etməlidir. AMNO-nun fəaliyyətinin səmərəliliyi qurumun əldə etdiyi nəticə ilə xarakterizə olunur.
İclasda standartların hazırlanması üzrə işçi qrupunun fəaliyyəti haqqında Rusiya Federasiyası Hesablama Palatasının iqtisadi analiz departamentinin direktoru, ekspert qrupunun əlaqələndiricisi D.Zayçev məruzə edib, Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri N.Abdibekov, Rusiya Federasiyası Hesablama Palatasının xarici əlaqələr departamentinin direktoru A.Bazin çıxış ediblər.
Sonra MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII və XVIII sessiyalararası dövr üçün İş planı təsdiqlənib, şuranın yekun sənədlərinin rəsmi imzalanma mərasimi olub.
İclasda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının növbəti - XVIII sessiyasının 2018-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi barədə qərar qəbul olunub.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tədbir iştirakçılarına və qonaqlara işgüzar və məhsuldar əməkdaşlığa görə təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri V.Gülməmmədovun MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının sədri kimi yekun çıxışından sonra ikitərəfli görüşləri keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatası 2002-ci ildən Şura ilə əməkdaşlıq edir və hazırda Şuranın Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu və Standartların hazırlanması üzrə İşçi Qrupunda təmsil olunur.
MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyası işini sentyabrın 6-da davam etdirəcək.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31