Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxış edib
Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib: “Hörmətli komissar Simson.
Hörmətli komissar Varhelyi.
Xanımlar və cənablar.
Əziz dostlar.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VII iclası videokonfrans vasitəsilə keçirilir. Bu, pandemiyanın nəticəsində yaranmış yeni reallıqdır. Buna baxmayaraq, əminəm ki, bizim birgə fəaliyyətimizin nəticəsi hər zaman olduğu kimi əhəmiyyətli olacaqdır. Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq.
Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu, bizim uğurumuzun başlıca səbəbidir.
Əlbəttə, əvvəlcə hər birimizi Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə təbrik etmək istəyirəm. Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Həmin plan və ideyalar bugünkü iclasda mütləq müzakirə ediləcəkdir.
Mən bütün tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu nəhəng layihənin inşasında iştirak edən dövlətlər - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə minnətdaram. Avropa Komissiyasına təşəkkür edirəm, çünki Azərbaycan və Avropa Komissiyası 10 il əvvəl Bakıda Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanat imzalamışdır. Bu, bizim fəaliyyətimizin başlanğıc nöqtəsi idi. Bu 10 il ərzində biz Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq etmişik və Azərbaycan və Avropa Komissiyası Məşvərət Şurasının həmsədrləridir.
Mən ABŞ və Böyük Britaniya hökumətlərinə təşəkkürümü bildirmək istəyirəm. Tərəfdaşlarımız olan hər iki ölkənin hökuməti bizim bütün təşəbbüslərimizi hər zaman dəstəkləmiş, Azərbaycan və onun qonşuları və tərəfdaşları ilə birlikdə əvvəllər də uğurla həyata keçirdiyi müxtəlif nəhəng layihələrin icrası zamanı bizə çox güclü dəstək vermişdir.
Əlbəttə, şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsə idi, onun reallaşması mümkünsüz olardı. Burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur. Bu mənada mən Azərbaycan və BP arasında strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BP bizim strateji tərəfdaşımızdır, 27 ildir ki, Azərbaycanda fəaliyyət göstərən şirkətdir və qarşıda hələ neçə onilliklər ərzində əməkdaşlığımız var. Buraya Azərbaycanda neft və qaz sahəsi, o cümlədən resursların nəqli ilə bağlı bütün əhəmiyyətli layihələr daxildir.
Buradan aparıcı beynəlxalq maliyyə təsisatlarına - Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına və Asiya İnfrastruktur İnvestisiya Bankına təşəkkürümü bildirmək istəyirəm. Bu beş böyük beynəlxalq maliyyə institutu layihədə iştirak etmiş və onun həyata keçirilməsinə mühüm töhfələr vermişdir.
Bu, bir daha onu nümayiş etdirir ki, komanda şəklində aparılan iş yaxşı nəticə verir. Biz əhəmiyyətli irəliləyişə nail olmuşuq. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur.
Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda, onun bir çox parametrlər üzrə çox nadir olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Cənub Qaz Dəhlizi mövcud olan ən yüksək ekoloji standartlara cavab verir və bu, həmin layihənin planlaşdırılması və icrası zamanı bizim üçün başlıca şərt olmuşdur.
Layihənin dəyərinə gəldikdə, ilkin olaraq dəyər 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enmişdir. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermişdir və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik. Bunların hamısı bizim komanda şəklində işləməyimizin təzahürüdür.
Bir daha 10 il əvvəl Bakıda Avropa Komissiyasının o zamankı prezidenti cənab Barrozu və mənim tərəfimdən imzalanmış Birgə Bəyanatın əhəmiyyətini vurğulamaq istərdim. Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanatın imzalanması həqiqətən də əlamətdar hadisə idi. Ancaq həmin bəyanatın imzalanması artıq əldə edilmiş irəliləyişə görə mümkün olmuşdur. O zaman - 1994-cü ildə Azərbaycan fəal şəkildə dünyanın aparıcı enerji şirkətləri ilə işləməyə başlamış və “Əsrin müqaviləsi” imzalamışdır. Bu, bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi.
Tərəfdaşlarımıza bəzi mühüm tarixi nailiyyətləri xatırlatmaq istəyirəm. 1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalamışdır. Hazırda həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir, ancaq əminəm ki, digər yataqlardan da əlavə qaz həcmləri olacaqdır. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrilmişdir. Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə olmuşdur. Daha sonra 1999-cu ildə biz Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəmərini istifadəyə verdik. Bu, gələcək sərmayə qoyuluşu baxımından çox vacib idi, çünki buna qədər bizim dünya bazarına çıxışımız yox idi. Azərbaycan dənizə çıxışı olmayan ölkədir. Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız var idi və beləliklə, 1999-cu ildəki nailiyyətimiz əhəmiyyətli dəyişiklik yaratdı.
Daha sonra biz 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə bağlı işlərimizi planlaşdırmağa başladıq. Bu, Xəzər dənizinin Aralıq dənizi ilə birləşdirilməsi demək idi. Biz artıq təchizat marşrutlarının şaxələndirilməsinə nail olduq. 2007-ci ildə biz Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşasını başa çatdırdıq. Bunun özü də tarixdə bir ilk idi - Azərbaycan qonşu ölkələri təbii qaz ilə təmin etməyə başladı. Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, biz Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzaladıq. Bu, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından çox mühüm hadisə idi. 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırılmışdır.
Bunların hər biri əhəmiyyətli nailiyyətlərdir. Bu gün keçmişə nəzər saldıqda görürük ki, bütün bu nailiyyətlər olmasa idi, bir-birimizi təbrik etdiyimiz bugünkü mərasim mümkünsüz olardı. Ancaq biz gələcəyə baxmalıyıq. Biz böyük nailiyyətlər əldə etmişik, lakin əminəm ki, bu gün Məşvərət Şurasının toplantısı çərçivəsində iştirakçılar gələcək planlarımızı müzakirə edəcəklər. Azərbaycana gəldikdə, biz enerji resurslarımızı inkişaf etdirməyə davam edəcəyik. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir. Kəşfiyyat mərhələsində olan digər layihələr də var və biz növbəti illərdə yeni kəşflərin olacağına ümid edirik. Beləliklə, şaxələndirilmiş bu neft-qaz kəmərləri şəbəkəmizin hasilat gücünün artırılmasına xidmət edəcəkdir.
Birgə planlarımıza gəldikdə, əminəm ki, bu gün siz İonik-Adriatik boru kəmərinə dair məsələləri müzakirə edəcəksiniz. Əlbəttə, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq.
Şaxələndirmə haqqında danışarkən qeyd etməliyik ki, bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar.
Sizlərə daha bir vacib tədbirlə bağlı məlumat vermək istərdim. Bu da Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanmasıdır. Bu yataq azərbaycanlı geoloq və neftçilər tərəfindən sovet dövründə kəşf edilmişdir. Yəni, kəşf edilmiş yataqdır. Bu yatağın işlənilməsinə dair baza prinsiplərinin hazırlanması üçün çox vaxt tələb edildi və biz onu “Dostluq” adlandırdıq. Bu, Xəzər hövzəsində çox əlamətdar hadisədir. Bu ilin yanvar ayında həmin memorandum imzalandı və əminəm ki, tezliklə biz bütün şərtləri razılaşdıraraq yekun müqaviləni imzalayacağıq. Bu, Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün də çox faydalı olacaqdır.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib. Uzun illərdir ki, biz Xəzərin şərqində yerləşən tərəfdaşlarımız üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edirik. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir.
Diqqətinizə çatdırmaq istədiyim digər bir məqam, bizim bərpa edilən enerjiyə dair planlarımızla bağlıdır. Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Biz artıq onların ikisi ilə inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq. Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına görə, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur.
Bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik.
Daha bir layihə bütün azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”in yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir. İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik.
Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur.
Artıq dediyim kimi, Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməliyik. Ümid edirəm ki, pandemiya bitdikdən sonra biz yenidən Bakıda görüşə biləcəyik, çünki Bakı ənənəvi olaraq Məşvərət Şurasının toplantılarının keçirildiyi şəhərdir. Fürsətdən istifadə edərək, birgə fəaliyyətimizi davam etdirmək üçün sizi gələn il Bakıya səfərə dəvət edirəm. Diqqətinizə görə sağ olun”.
* * *
Sonra Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi çıxış ediblər.
* * *
Daha sonra konsorsium üzvləri tərəfindən Cənub Qaz Dəhlizinin tamamlanması hesabatı təqdim olunub.
TAP-ın icraçı direktoru Luka Şerpatti TAP-ın vaxtında istismara verilməsini mühüm hadisə adlandırıb. Bildirib ki, məhz bu layihə Azərbaycan təbii qazını Avropaya çatdırır. O deyib: “Fürsətdən istifadə edərək, Trans-Adriatik boru kəmərinin vaxtında reallaşmasını təmin etmək üçün üzərinə qəti öhdəlik götürdüyünə görə Zati-aliləri Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinə, eləcə də Avropa İttifaqına, layihədə iştirak etmiş hökumətlərə, səhmdarlarımıza, kreditorlara və tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən TAP-ın bu cür uğurlu olması məhz Sizin yorulmadan verdiyiniz dəstək sayəsində mümkün olmuşdur”.
Trans-Anadolu qaz boru kəmərinin baş icraçı direktoru Saltuk Düzyol layihənin mövcud statusu barədə məlumat verib.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Xəzər dənizindən birbaşa Avropaya nəql olunduğunu bildirib, bu strateji uğur münasibətilə təbriklərini çatdıraraq deyib: “Prezident Əliyevin liderliyi, eləcə də ölkəsi və bütün region üçün gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi. Onun şəxsi səyləri dünya neft və qaz sənayesində ən mürəkkəb layihələrdən birinə çevrilmiş bir layihənin uğurla həyata keçməsi üçün həlledici rol oynayıb. BP şirkəti olaraq biz qarşıdan gələn onilliklər boyunca regiondakı və Avropadakı insanlara fayda gətirəcək bu layihənin bütün hissələrində iştirak etməkdən böyük qürur duyuruq”.
Sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz vurğulayıb ki, Cənub Qaz Dəhlizi bütün regiona fayda gətirir və bu enerji dəhlizi regional əməkdaşlığın onurğa sütunudur. Fatih Dönməz deyib: “Hörmətli iştirakçılar, belə bir yüksək səviyyəli VII iclasda iştirak göstərir ki, ölkələr bu işə qətiyyətlə yanaşır və regionlar arasında əməkdaşlığa sadiqlik var, baxmayaraq ki, biz çətin dövrdə yaşayırıq. Qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan arasında siyasi dəstək olmadan Cənub Qaz Dəhlizi reallığa çevrilməzdi. Azərbaycandan Avropaya gedən bu boru kəməri siyasi dəstək olmadan həyata keçirilə bilməzdi. Nəticədə biz bütün regiona fayda gətirdik”.
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donelli tədbirdə iştirak etməkdən fərəh hissi duyduğunu bildirib. ABŞ-ın Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini vurğuladığını qeyd edən Kurt Donelli deyib: “Xəzər dənizi karbohidrogenlərinin Qərb bazarlarına nəqli onilliklər boyu icra edilmişdir. Məmnunam ki, Birləşmiş Ştatların hökuməti və enerji şirkətləri həmin davamlı səylərdə mühüm rol oynayıblar. Cənub Qaz Dəhlizi enerji sahəsində həqiqətən çoxölçülü və çoxtərəfli nailiyyətdir. Burada bu gün təmsil olunan bütün ölkələr öz rolunu oynayıb. O cümlədən layihədə iştirak edən bütün ölkələrin çoxsaylı şirkətləri də var. Bu baxımdan İtaliya, Yunanıstan və Bolqarıstanda Avropa istehlakçıları hazırda bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edirlər. Biz bu ilin sonrakı mərhələsində başlanması gözlənilən Trans-Adriatik boru kəməri üçün bazarda sınaqları alqışlayırıq və 2021-ci ilin sonuna qədər nəticələri görməyi səmimiyyətlə arzulayırıq”.
Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlində ABŞ şirkətlərinin də iştirak etdiyini deyən Kurt Donelli Azərbaycanla Türkmənistanın Xəzərdə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətilə təbriklərini çatdırıb.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bu tədbirdə Birləşmiş Krallığı təmsil etməkdən məmnun olduğunu bildirib. İndiyədək Məşvərət Şurasının beş iclasında iştirak etdiyini deyən Baronessa Emma Nikolson layihənin uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi və tərəfdaşları təbrik edərək deyib: “Azərbaycan və onun tərəfdaşlarının birgə işi nəticəsində Cənub Qaz Dəhlizi bütün Avropada enerjinin şaxələndirilməsi, təhlükəsizlik və güclü olmağın rəmzinə çevrildi. Fəxr edirəm ki, BP bu layihədə aparıcı rol oynayır və Birləşmiş Krallıq bu layihəyə tam dəstəyini davam etdirəcək”.
Baronessa Emma Nikolson Prezident İlham Əliyevin elan etdiyi “yaşıl enerji” konsepsiyasının əhəmiyyətini vurğulayaraq deyib: “Azərbaycanın bu sahədə qəbul etdiyi təlimatlara gəldikdə, bu, onu göstərir ki, hökumətin öhdəliyi və marağı aydın şəkildə göz qabağındadır. Birləşmiş Krallıq Azərbaycanın enerji keçidini fəal şəkildə dəstəkləyir və eyniliklə biz son üç onillik ərzində Cənub Qaz Dəhlizini və Azərbaycanın digər enerji prioritetlərini dəstəkləmişik”.
İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin infrastruktur və enerji sistemləri üzrə baş direktoru Gilberto Diyaluçe Cənub Qaz Dəhlizi layihəsinin qlobal əhəmiyyətindən danışıb və onun enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu vurğulayaraq deyib: “Bu gün şadam ki, Cənub Qaz Dəhlizinin açılışı artıq reallıqdır və o qaz təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edən, istehlakçılara qaz qiymətlərini azaltmaq üçün rəqabəti gücləndirən və pik saatlarda istismar olunan qaz enerji stansiyaları vasitəsilə elektrik şəbəkəsinə tədricən müxtəlif bərpa olunan enerjinin daxil edilməsinə töhfə verən əsas infrastrukturdur. Dekabrın 31-də TANAP boru kəməri ilə qaz interkonnektor vasitəsilə həm Yunanıstana, həm Bolqarıstana çatdırılıb, bu iki ölkəni keçərək TAP ilə “Snam Rete Gas” arasında interkonnektor nöqtəsində İtaliyaya daxil olub. Hazırda İtaliya və Avropa üçün Azərbaycan kimi yeni qaz təchizatı mənbəyinin işə düşdüyünü və ilk dəfə olaraq qədim qitəni Türkiyə və Balkanlar vasitəsilə Xəzərlə birləşdirən Cənub Qaz Dəhlizi kimi yeni marşrut olduğunu nəzərə alaraq bu, qaz sektoru üçün tarixi gündür. Axın həcmi gündəlik təxminən 11 milyon kubmetr təşkil edir. Yanvarda TAP ilə İtaliyaya 340 milyon kubmetr qaz idxal edilmişdir. Onun təxminən 70 milyon kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunmuşdur”.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natela Turnava bu tədbiri regional əməkdaşlığın göstəricisi kimi qiymətləndirib. O bildirib ki, Gürcüstan öz tərəfdaşları, o cümlədən Azərbaycanla birgə Cənub Qaz Dəhlizi konsepsiyasını daha da inkişaf etdirməkdə qərarlıdır, bu da ölkələrimizin uzunmüddətli tərəfdaşlığından qaynaqlanır. Nazir Natela Turnava deyib: “Müxtəlif platformalardan və əldə etdiyimiz hər imkandan istifadə edərək biz həmin genişmiqyaslı nəqletmə təşəbbüsünə yekdil dəstəyi bəyan etdik. Mən qlobal maraq doğuran bu cür çox vacib layihənin icrası üçün diqqətli, addım-addım yanaşmanı tətbiq etmiş Azərbaycan Respublikasının rəhbərliyini və hər bir iştirakçını alqışlayıram. İndi isə ilk dəfədir ki, artıq sözlərə ehtiyac qalmır. Bu vaxtdan etibarən bizim adımızdan artıq rəqəmlər danışacaq. Avropa ölkələrində yenicə əldə edilmiş bazarlara və bu marşrut boyunca minlərlə yeni istehlakçıya milyardlarla kubmetr qaz çatdırılacaq. Daha böyük Avropa ailəsinə inteqrasiyanı arzulayan Gürcüstan hər zaman öz rolundan fərəhlənib və tranzit ölkə kimi belə bir strateji vacib layihədə iştirak edib”.
Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün enerji təchizatının şaxələndirilməsində mühüm rol oynadığını bildirib. Cənub Qaz Dəhlizi ilə bağlı əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edən Batır Amanov deyib: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı ölkələri üçün enerji təchizatının şaxələndirilməsində xüsusi rol oynayır. Bildiyiniz kimi, Xəzər dənizindən Türkiyəyə, daha sonra Avropa İttifaqı ölkələrinə qaz nəql olunur. Bildirmək istəyirik ki, hazırkı səylər və bizim davamlı, məqsədəuyğun addımlarımız bugünkü beynəlxalq əməkdaşlığımızın xüsusi formatının yaradılmasına əsas kimi xidmət etdi. Bu əməkdaşlıq müxtəlif dövlətlər, şirkətlər və maliyyə strukturları arasında uğurla həyata keçirilir. Hazırda həmin qaz boru kəməri və bütün seqmentlər gələcəkdə Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinin artırılmasında mühüm rol oynaya bilər. Türkmənistan beynəlxalq münasibətlər sisteminin fəal iştirakçısı kimi qlobal enerji əməkdaşlığının inkişafına öz tərəfindən layiqli töhfə verir”.
Bolqarıstanın energetika naziri xanım Temenuşka Petkova Məşvərət Şurasının budəfəki iclasının son illərdə görülən işlərə nəzər salmaq baxımından əhəmiyyətli olduğunu deyib: “Bolqarıstan Cənub Qaz Dəhlizinin inkişafından olduqca məmnundur. Biz Yunanıstanla interkonnektor vasitəsilə həmin dəhlizə çıxa bilirik. Biz bunu Bolqarıstana qaz təchizatının şaxələndirilməsinin, regionda bu şaxələndirmənin əks olunmasının vacib meyarı hesab edirik. Bu, bizim üçün qaz təchizatını etibarlı şəkildə təmin edəcək ki, gələn üç il ərzində “Şahdəniz” yatağında hasil olunan qazı ildə bir milyard kubmetr həcmində qəbul edək”.
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas tədbirin çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Cənub Qaz Dəhlizinin tamamlanması Azərbaycan qazının ilk dəfə Avropa İttifaqına daxil olmasına imkan verib. O deyib: “Bu, həm Yunanıstan, həm Azərbaycan, həm Avropa İttifaqı və müvafiq tərəflər üçün vacib bir hadisədir. Yunanıstan Cənub Qaz Dəhlizi strategiyasının tərəfdarı olub. 2013-cü ildə əlindən gələni etdi ki, Trans-Adriatik boru kəməri vaxtında və uğurlu şəkildə tamamlansın və xüsusən də Şimali Makedoniya Respublikasına və Albaniyaya çıxış olsun. Təbii ki, biz bununla enerji təhlükəsizliyimizi gücləndiririk və enerji mənbələrimiz də şaxələndirilir”.
Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Betiya bildirib ki, ölkəsi Cənub Qaz Dəhlizindən faydalanır. O, Albaniyada müasir qaz təchizatının qurulması istiqamətində görülən işlərdən danışdı, ölkəsinin bundan sonra da regional enerji sektoruna töhfə verməyə hazır olduğunu bildirərək deyib: “Albaniya bu Məşvərət Şurasının üzvüdür və eyni zamanda, çox vacib olan Cənub Qaz Dəhlizindən faydalanan ölkələrdən biridir. Tam inteqrasiyanı təmin etmək üçün biz vacib addımlar atmışıq. Avropa Enerji Birliyinin müqavilə tərəfi kimi və enerji xartiyasını imzalayan tərəf kimi biz Avropa İttifaqı çərçivəsində 2005-ci ilin müqaviləsini imzalamaqla enerji birliyinin qurulmasını əsasən Balkan ölkələrini əhatə edən müqavilə tərəflərinin enerji sektorunun inkişafında və Avropa İttifaqı səviyyəsində bu sektorun inteqrasiyasında mühüm əhəmiyyət kəsb edən hadisə hesab edirik”.
Sonra Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mihayloviç, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil Daniel Papesku, Monteneqronun kapital investisiyalar naziri Mladen Boyaniç, Şimali Makedoniya Respublikasının iqtisadiyyat naziri Kreşnik Bekteşi, Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç və Avropa Komissiyasının energetika məsələləri üzrə baş direktorunun nümayəndəsi Kristina Lobillo çıxış ediblər.
Qeyd edək ki, iclasda dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də iştirak ediblər.

 
  • Oxunub:  3330  |  
  • Tarix:  12-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub
02 Mart 09:45
Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır
02 Mart 09:42
Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
02 Mart 09:39
Revanşistlərlə radikalların sinxron hərəkəti
02 Mart 09:35
YAP Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
02 Mart 09:34
David İbramxəlilov: Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək
02 Mart 09:33
YAP Şəmkir rayon təşkilatının fəalları qazilərlə görüşlərini davam etdirir
02 Mart 09:31
Hafis Bəşirov: Milli Prioritetlər vacib hədəfləri və əsas strateji məqsədləri ehtiva edir
02 Mart 09:29
YAP Salyan rayon təşkilatının hesabat yığıncağı keçirilib
02 Mart 09:28
Turani Əliyev: Milli Prioritetlər ölkənin əsas inkişaf perspektivlərini müəyyənləşdirir
02 Mart 09:27
Əlisahib Hüseynov: Şəhid ailələrinə və qazilərə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır
02 Mart 09:27
Əsli Kazımova: Dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq
02 Mart 09:26
Sübut Əsədov: Böyük Qayıdışın həyata keçirilməsi üçün bütün işlər Azərbaycanın öz daxili resursları hesabına görüləcək
02 Mart 09:24
Qabil Hüseynli: Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib
02 Mart 09:23
Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...
02 Mart 09:11
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
02 Mart 09:08
Azərbaycan dilində böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub
02 Mart 09:07
“Peyvəndləmə tədbiri nəticəsində həyat normal məcraya dönəcək”
02 Mart 09:05
Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır
01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb
01 Mart 17:38
İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər
01 Mart 17:23
Vüqar Seyidov: Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir
01 Mart 17:16
Azərbaycanda koronavirusdan 71 nəfər sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb
01 Mart 17:10
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər
01 Mart 16:53
QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib
01 Mart 16:37
Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu
01 Mart 16:24
YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
01 Mart 16:16
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
01 Mart 16:10
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
01 Mart 16:03
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+3 +5