Ana səhifə »  Gündəm »  Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik
A+   Yenilə  A-
Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
* * *
Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib: Hörmətli İlham Heydər oğlu.
Hörmətli Nikol Vovayeviç.
Sizi Moskvada salamlamağa çox şadam. Sizə minnətdaram ki, keçən il noyabrın 9-da Dağlıq Qarabağa dair imzaladığımız üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək təklifimizi qəbul etmisiniz.
Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Buna görə də biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik. Təəssüf ki, genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb.
Hörmətli həmkarlar, sizə təşəkkür etmək istəyirəm ki, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmisiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparıblar. Biz sizinlə daim əlaqədə olmuşuq, birlikdə kompromis axtarmışıq.
Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu baza sənədində, hər şeydən əvvəl, hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramlılarının göndərilməsindən və xüsusilə əhəmiyyətli olan odur ki, hərbi toqquşmalardan zərər çəkmiş dinc əhalinin normal həyata qayıtmasına hərtərəfli və səmərəli kömək göstərilməsindən söhbət gedir.
Bu halda xüsusi qeyd etmək istərdim ki, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı.
Biz öz hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız - Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik.
Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.
Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.
Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.
Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar.
Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.
Fikrimcə, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.
Regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir. Nəzərdə tutulur ki, bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrup məşğul olacaq.
Hörmətli həmkarlar, ümidvar olduğumu bildirmək istərdim ki, bizim bugünkü danışıqlar işgüzar şəraitdə keçəcək, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Şübhəsiz, biz hamımız bunda maraqlıyıq.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
AZƏRTAC bəyanatı təqdim edir.
“Azərbaycan Respublikası Prezidentinin, Ermənistan
Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı
11 yanvar 2021-ci il
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları İşçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Azərbaycan Respublikasının Prezidenti
İ.H.Əliyev

Ermənistan Respublikasının baş naziri
N.V.Paşinyan

Rusiya Federasiyasının Prezidenti
V.V.Putin”.
* * *
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Rusiya Prezidenti Vladimir Putinin bəyanatı: “İlk növbədə, həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.
Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik.
Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.
Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır.
Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.
Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.
Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək. Sağ olun”.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, bu dəvətə və bu görüşün keçirilməsi təşəbbüsünüzə görə Sizə təşəkkür etmək istərdim. Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.
Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.
Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.
Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm və hesab edirəm ki, görüş çox faydalı və səmərəli olub. Sağ olun”.
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı: “Hörmətli Vladimir Vladimiroviç.
İlk növbədə, icazə verin, bizim regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edim. Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, təəssüf ki, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər - bizim 9, yaxud 10 noyabr tarixli birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir”.
Vladimir Putin: Bütövlükdə bugünkü konstruktiv işə görə həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm.
* * *
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin deyib: Hörmətli İlham Heydər oğlu, Sizi Moskvada bir daha salamlayıram. Təklifimi qəbul etdiyinizə, Rusiyanın paytaxtına gəldiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
Təbii ki, ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağda vəziyyətin ağır keçməsi olub. Lakin mən məmnun olduğumu bildirmək istəyirəm ki, biz hər halda döyüş əməliyyatlarına, qan tökülməsinə son qoya bildik. Bugünkü işin nəticələri barədə indicə dediyimiz kimi, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır. Bu gün bizim imzaladığımız birgə Bəyanatın əsasını uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyinin təşkil etməsi isə, fikrimcə, çox vacibdir.
Lakin Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin kontekstindən əlavə, bizdə ikitərəfli gündəlik də mövcuddur və bununla əlaqədar, bizim Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd etməyimizlə bağlı işi bir daha vurğulamaq və təşəkkürümü bildirmək istərdim. Bu, bütün ölkələrimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün çox əlamətdar hadisə idi. Ona görə ki, biz hamımız o vaxtkı ümumi vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə iştirak edirdik.
Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir. Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək.
Bu gün Moskvada olmağınıza görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
Prezident İlham Əliyev deyib: “Sağ olun, hörmətli Vladimir Vladimiroviç.
Rusiya paytaxtında olmaq mənə həmişə xoşdur. Dəvətə, həmçinin üçtərəfli görüşün keçirilməsi təşəbbüsünə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Görüş çox faydalı və hesab edirəm ki, səmərəli oldu. Ona görə ki, görüşün yekunlarına əsasən biz Bəyanat imzaladıq. Bu, müharibə qurtarandan iki ay sonra imzalanmış və mahiyyət etibarilə keçən il baş verənlərə yekun vuran ikinci Bəyanatdır. Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına - nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq.
Hərbi əməliyyatların dayandırılmasında və 9 noyabr tarixli Bəyanatın imzalanmasında şəxsən iştirakınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, Siz Rusiyanın lideri, həm Ermənistanın, həm də Azərbaycanın qonşusu kimi iradə, qətiyyət, müdriklik nümayiş etdirdiniz. Sizin təşəbbüsünüzlə baş tutmuş bugünkü görüş bir daha bu məsələyə necə böyük diqqət yetirməyinizə dəlalət edir. Təbii ki, bu, bizi çox sevindirir, çünki bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından asılı olacaq. Tamamilə yeni, əvvəllər bəlkə də hətta təsəvvür edə bilməyəcəyimiz perspektivlər açılır.
İkitərəfli münasibətlərə gəldikdə isə, ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur. Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Müharibənin dayandırılmasında, habelə sülhməramlı missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin çox yaxşı dinamikası var.
Siz ölkələrimiz arasında humanitar əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlıq həmişə yüksək səmimiyyəti, səmərəliliyi və konkret nəticəyə yönəlməsi ilə fərqlənib. Bütün başqa sahələrdə də biz həm bu il, həm də sonrakı illərdə çox səmərəli əməkdaşlıq etmək əzmindəyik. Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq.
Dəvətə görə və bu təşəbbüsünüzə görə bir daha sağ olun.
Vladimir Putin: Sizə təşəkkür edirəm.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri yanvarın 11-də başa çatıb.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  12-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

26 Yanvar 19:27
Milli Məclis sədrinin müavini: Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır
26 Yanvar 19:20
Dünya İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edir
26 Yanvar 19:12
Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
26 Yanvar 19:08
Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
26 Yanvar 18:28
Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntülərini paylaşıb VİDEO
26 Yanvar 18:15
Yeni qaz sayğaclarını onlayn idarə etmək mümkün olacaq
26 Yanvar 18:11
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
26 Yanvar 18:05
Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir
26 Yanvar 17:55
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
26 Yanvar 17:45
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir
26 Yanvar 17:40
Paytaxtda yeni müntəzəm marşrut xətti təşkil olunub
26 Yanvar 17:37
Nazir: Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70 faizi ötüb
26 Yanvar 17:27
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
26 Yanvar 17:20
Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir
26 Yanvar 17:17
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir
26 Yanvar 17:16
Ruslan Əliyev: Pandemiya ilə əlaqədar abonentlərin təbii qaz sərfiyyatı artıb
26 Yanvar 16:49
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
26 Yanvar 16:37
Azərbaycanda koronavirusdan 551 nəfər sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb
26 Yanvar 16:28
FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb
26 Yanvar 16:11
Prezident İlham Əliyev: Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir
26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?
26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
26 Yanvar 14:28
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 14:27
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
26 Yanvar 14:17
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qarabağda baş verən canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
26 Yanvar 14:14
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
26 Yanvar 13:55
ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb
26 Yanvar 13:19
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
26 Yanvar 13:15
Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib
26 Yanvar 12:49
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 Yanvar 12:46
Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir
26 Yanvar 12:45
Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı
26 Yanvar 12:26
“Dostluq” yatağından birgə istifadə xalqlarımızın rifah halının daha yaxşılaşması üçün yeni imkanlar yaradacaq
26 Yanvar 12:11
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib
26 Yanvar 12:08
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
26 Yanvar 12:06
Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
26 Yanvar 12:01
Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib
26 Yanvar 11:50
Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub
26 Yanvar 11:41
Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir
26 Yanvar 11:36
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
26 Yanvar 11:12
Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib
26 Yanvar 10:56
Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

26 Yanvar 10:13
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatı

26 Yanvar 09:21
Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir
26 Yanvar 09:18
Mübariz Tağıyev: Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpası həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır
26 Yanvar 09:16
Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur
26 Yanvar 09:14
Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”
26 Yanvar 09:11
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

26 Yanvar 09:10
Antimilli şura - satqınlıq və xəyanət simvolu

26 Yanvar 09:08
Zamir Hüseynov: 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq
26 Yanvar 09:07
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26 Yanvar 09:05
Abutalıb Səmədov: “Dostluq” yatağının birgə işlənməsini Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı hesab etmək olar
26 Yanvar 09:04
Əlisahib Hüseynov: Bu anlaşma nəinki hər iki ölkə, eyni zamanda, bölgə və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir
26 Yanvar 09:03
Fuad Əliyev: Şəhid ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir

26 Yanvar 09:02
Radikalların yalanlar seriyası...

26 Yanvar 09:00
Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26 Yanvar 08:58
Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA