Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev: Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir... Azərbaycanda vəziyyət nəzarət altındadır

Prezident İlham Əliyev: Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir... Azərbaycanda vəziyyət nəzarət altındadır

04.03.2020 [09:24]

Dövlətimizin başçısı Goranboy, Şəmkir və Qazax rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gedib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Goranboy şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə rayonda görülən işlər barədə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Ağcakənd yolunun vəziyyəti ilə maraqlanan Prezident İlham Əliyev deyib: “Ağcakənd strateji məntəqədir. Bizim köçkünlər üçün tikilmiş birinci şəhərcik də orada yerləşir. O vaxt Ulu Öndərin iştirakı ilə açılışı olub.
Mən də orada idim. Orada erməni işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər məskunlaşıblar. Ona görə o yol daim diqqət mərkəzində olmalıdır. Əgər təmirə ehtiyac varsa, mənə məruzə edərsiniz”.
Qeyd edək ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisidir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, qısa müddət ərzində Goranboy şəhərində gözəl tibb mərkəzi yaradılıb. Mənim sərəncamımla iki il yarım bundan əvvəl tikinti başlamışdı və bu gün biz birlikdə bu xəstəxananı açırıq. Özünüz görürsünüz ki, burada bütün şərait ən yüksək standartlara cavab verir. Həm binanın özü çox müasirdir, yaraşıqlıdır, həm də burada quraşdırılan avadanlıq aparıcı şirkətlərin məhsuludur. Bu avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Belə də olmalıdır. Çünki mən demişəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq.
Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.
Əlbəttə ki, buna böyük vəsait lazımdır və dövlət büdcəsinin xətti ilə bu vəsait ayrılır. O cümlədən bu xəstəxana da dövlət investisiya proqramı çərçivəsində, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsasında inşa edilib. Bunun əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir.
Bu gün demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ilə müayinədən keçən vətəndaşların sayı artır və keçən il 5 milyona çatıb. Beş milyondan çox insan tibbi müayinədən keçib. Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin. Ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Baxmayaraq ki, buradan o qədər də uzaqda olmayan Naftalan şəhərinin müasir tibb ocağı var və kiməsə belə gələ bilərdi ki, o xəstəxana Goranboy sakinləri üçün də xidmət göstərə bilər. Ancaq mən dedim ki, yox, Goranboyda xüsusi olaraq mərkəzi rayon xəstəxanası tikilməlidir. Çünki əvvəlki xəstəxananın binası artıq heç bir standartlara cavab vermirdi.
Bu, bir daha onu göstərir ki, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır. Belə gözəl şəraitdə həkimlər, əlbəttə ki, xəstələrə keyfiyyətli tibbi xidmət göstərməlidirlər. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Mənə verilən məlumata görə, burada 125 həkim və çox sayda tibb işçisi fəaliyyət göstərir. Ona görə belə gözəl şəraitin yaradılması həkimlərin məsuliyyətini də artırmalıdır. Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilməlidir. Əminəm ki, bu xəstəxananın həkimləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəklər.
Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.
Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır.
Onu da deyim ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da. Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır.
Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.
Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar.
Bir daha demək istəyirəm ki, bizim səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb. Əlbəttə, biz belə gözəl xəstəxanaları ona görə inşa edirik ki, vətəndaşlar bundan istifadə etsinlər. Həmçinin hansısa bir fors-major vəziyyətdə, əlbəttə ki, belə tibb ocaqlarının mövcudluğu bizim imkanlarımızı genişləndirir. Şadam ki, Goranboy rayonunda belə gözəl tibb müəssisəsi artıq fəaliyyət göstərir.
Goranboy rayonunda dövlət xətti ilə bir çox infrastruktur layihələri icra edilib. Mənim göstərişimlə burada qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. İndi qalan kəndlərin qazlaşdırılması nəzərdə tutulur. Bir neçə önəmli yol layihəsi icra edilib. Onlardan birini biz bu gün açmışıq. Yenə də vətəndaşların təklifləri var ki, yeni yolların, kənd yollarının çəkilişi təmin edilsin. Müvafiq göstərişlər veriləcək, sərəncam imzalanacaq. Təmirli yollar 65 faizə çatıb. Şəhərin içməli su ilə bağlı problemi 2014-cü ildə öz həllini tapdı. Mənim iştirakımla burada bu böyük layihənin açılışı həyata keçirilmişdir. Müasir Olimpiya İdman Kompleksi tikilir. Bu da idmançılar və ümumiyyətlə, vətəndaşlar üçün çox lazımlı bir obyektdir. Çünki mən demişəm və bir daha demək istəyirəm ki, hər bir insan müntəzəm surətdə idmanla məşğul olmalıdır. Vaxtilə demişdim ki, hər bir insan müayinədən keçməlidir və biz buna demək olar ki, nail oluruq, əminəm ki, buna da nail olacağıq. Əgər hər bir insan müntəzəm olaraq idmanla məşğul olsa, onun sağlamlığı da yerində olacaq, immuniteti də yüksək olacaq və o, çox keyfiyyətli həyat tərzi sürərək həm çox yaşayacaq, həm də ki, həyatdan zövq alacaq.
Bundan sonra da Goranboy rayonunun inkişafı, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Goranboyda xalça fabriki açılıb. Bir sözlə, həm infrastruktur layihələri, həm sosial obyektlər, iş yerlərinin yaradılması ilə bağlı olan layihələr icra edilir və ediləcək. Bir daha sizi bu gözəl xəstəxananın açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram, qarşıdan gələn bayramlar münasibətilə, Novruz bayramı münasibətilə təbrik edirəm”.
Xəstəxananın həkimi Gülnarə Aslanova: Möhtərəm cənab Prezident, icazə verin, Sizi Goranboy sakinləri adından salamlayım və rayonumuza “Xoş gəlmisiniz!” deyim. Bu gün bizim üçün əlamətdar bir gündür. 2017-ci ildə Sizin Sərəncamınızla Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə start verilmişdi. Heç ağlımıza gəlməzdi ki, bir neçə ildən sonra Goranboyda belə bir möhtəşəm xəstəxananın açılış mərasiminə yığışacağıq. Ona görə də, bu gün Sizə Goranboy sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Tibb kollektivi olaraq, Azərbaycan səhiyyəsinin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəyimizə söz verirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.
Həkim İlqar Musayev: Cənab Prezident, Goranboy camaatı, respublikamızın əhalisi, bütün dünya azərbaycanlıları bayram əhval-ruhiyyəsi içərisindədir. Milli bayramımız Novruz gəlir. Bu bayram bizim üçün əzizdir. Eyni zamanda, Sizin Goranboy rayonuna səfəriniz bu bayram əhval-ruhiyyəsini ikiqat artırır. Artıq neçə ildir ki, Goranboy əhalisi belə bir möhtəşəm binanın tikilib istifadəyə verilməsini arzulayırdı. Hər dəfə Sizin gəlişinizi gözləyirdik, Siz gələsiniz, bu xəstəxana açılsın. Allaha çox şükür, gəldiniz, bu xəstəxananın açılışında iştirak etdiniz, mübarək qədəmlərinizlə xeyir-duasını verdiniz. Allah Sizə cansağlığı versin. Goranboy camaatı adından təşəkkür edirik.
* * *
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Son illərdə ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Təqdirəlayiq haldır ki, səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edib. Goranboy Rayon Mərkəzi Xəstəxanasının inşası da bu qəbildən olan tədbirlərdəndir. Bu cür müasir xəstəxana və tibb ocaqlarının inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır. Bu xəstəxanaların müasir, son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir. Bütün bunlar sübut edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətində prioritet məsələ kimi daim diqqət mərkəzindədir və sosial siyasətdə mühüm yer tutan səhiyyə islahatları uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Saleh Məmmədov Goranboy və Şəmkir rayonlarının ərazisindəki yolların yenidən qurulması ilə bağlı görülən işlər barədə də dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev işlərin keyfiyyətlə görülməsi barədə tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilən və ümumi tutumu 164 milyon kubmetr olan anbar əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda, təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadəyə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Bu kompleks məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun aqrar sənaye kompleksində görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Sonra Prezident İlham Əliyev Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kompleksin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, kompleksin tikintisinə 2016-cı ildə başlanılıb. Bu məqsədlə Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin cənub hissəsində, Şəmkirçay su anbarının yaxınlığında 3,3 hektar ərazi ayrılıb. Ərazidə qazıntı və kipləşdirmə işləri aparıldıqdan sonra bina və qurğuların tikintisinə başlanılıb. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib.
Sutka ərzində qurğuda emal olunacaq 140 min kubmetr suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinin, qalan hissəsi isə magistral kəmərlərin marşrutu boyu yerləşən kəndlərin tələbatının ödənilməsinə yönəldiləcək. Ümumilikdə, kompleksin imkanlarından istifadə olunmaqla perspektivdə 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su ilə təmin ediləcək.
Qeyd olunub ki, Şəmkirdə su layihələri tam başa çatıb, ilin sonunadək kanalizasiya xətlərinin inşası da yekunlaşacaq. Ağstafa, Göygöl və Goranboy, Tovuz şəhərləri də tamamilə layihələndirilib, Daşkəsən və Gədəbəydə şəbəkə işləri bitib, hazırda təmizləyici qurğuların inşası gedir.
Dövlətimizin başçısı kompleksi işə salıb.
Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb və çıxış edib: “Bu gün açılışını etdiyimiz Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin ərsəyə gəlməsində Şəmkirçay su anbarının müstəsna rolu vardır. Çünki əgər vaxtilə biz böyük vəsait sərf edərək bu nəhəng layihəni icra etməsəydik, bu gün bu bölgənin insanlarının su ilə təchizatı işində və suvarma işlərinin yüksək səviyyədə təşkilində böyük problemlər olardı. Çünki keçən il quraqlıq geniş vüsət aldı. Əfsuslar olsun ki, bu ilin proqnozları da o qədər ürəkaçan deyil. Ona görə bu böyük layihələrin həyata keçirilməsi bizi böyük problemlərdən sığortaladı.
Eyni zamanda, Şəmkirçay su anbarı ilə bərabər, Taxtakörpü su anbarı da tikilib. Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsə idi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yaranacaqdı. Çünki bizim əsas içməli su mənbəyimiz olan Ceyranbatan su anbarını qidalandıran Taxtakörpü su anbarıdır. Orada sular yığılır və eyni zamanda, təbii yollarla təmizlənir, sonra Ceyranbatana axıdılır. Ona görə bu böyük infrastruktur layihələrinin çox böyük əhəmiyyəti, faydası var. Bu gün biz əkin sahələrimizi genişləndiririk, insanları içməli su ilə təmin edirik. Şəmkirçay su anbarından götürülən və burada təmizlənən su Gəncə, Samux və Şəmkir şəhərlərinin böyük hissəsini təmin edəcək. Bu gün Gəncə şəhərinin su təminatı, əsasən, Göygöl gölündən təmin edilir. Ancaq 2022-ci ildə Gəncə şəhərinin böyük su təchizatı layihəsi başa çatandan sonra bu şəhər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun 24 saat fasiləsiz təmiz içməli su ilə məhz Şəmkirçay anbarından götürülən su ilə təmin ediləcək.
Bu layihələr bir daha onu göstərir ki, bizim bütün addımlarımız nəticəyə hesablanıb. Bütün addımlarımız vaxtında atılır. Hər iki böyük su anbarı Azərbaycanda tarixi layihələrdir. Çünki böyük əməktutumlu, maliyyətutumlu layihələrdir. Texniki cəhətdən çox mürəkkəb layihələrdir. Hər iki layihənin də təşəbbüskarı mən olmuşam, layihələrin icrası müddətində dəfələrlə bu işlərlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm, hər iki böyük layihənin açılışında iştirak etmişəm.
Biz bu gün insanları içməli su ilə təmin edirik və edəcəyik. Ölkəmizin əksər şəhərlərinin içməli su problemləri həll olunub, o cümlədən Şəmkir şəhərinin. Verilən məlumata görə, şəhərin kanalizasiya məsələsi də bu ilin sonuna qədər başa çatacaq. Samux şəhərinin də su problemi bu il həll olunacaq. Beləliklə, hələ də təmiz içməli su ilə təmin edilməyən şəhərlərin sayı təqribən 3-5 ətrafındadır. Onlar da maksimum iki il ərzində içməli su ilə təmin ediləcəkdir.
Eyni zamanda, müxtəlif qurumlarla kəndlərin su təminatı təşkil edilir - həm “Azərsu”, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmizləyici qurğular hesabına. Bakı şəhərinin su problemləri həllini tapır. Mənə verilən məlumata görə, Bakı əhalisinin 80 faizi bu gün təmiz içməli su ilə davamlı təmin edilir. Bu proses hələ davam etdiriləcək. Ona görə bu layihələrin çox böyük tarixi əhəmiyyəti var. Su həyatdır, təmizlikdir, sağlamlıqdır, inkişafdır. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün əsas rol oynayır.
Şəmkir maşın su kanalının ikinci növbəsi tamamlanır və bundan sonra təkcə Goranboy rayonunda bu günə qədər suvarılmayan 40 min hektar torpağa su veriləcək. Bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq, insanlar daha yaxşı yaşayacaqlar, kənd təsərrüfatı inkişaf edəcək, məhsuldarlıq artacaq, ixrac imkanlarımız genişlənəcək. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan layihələrdir. Onların da hər biri uğurla icra edilir.
Şəmkir rayonunun inkişafı ilə bağlı müvafiq addımlar atılır. Mənim tərəfimdən bir çox göstərişlər verilmiş, sərəncamlar imzalanmışdır. Şəmkir rayonunun infrastruktur layihələri uğurla icra edilir, qazlaşdırma 98 faizdir. İçməli su məsələsi həll olunub. Yolların çəkilişi davam etdirilir. Bu gün mənə məruzə edilən yeni layihələr həyata keçiriləndən sonra əsaslı təmirli keyfiyyətli yolların faiz dərəcəsi təqribən 80-ə çatacaq. Bu gün hələ ki, 40 faiz səviyyəsindədir. Ona görə hələ bir çox layihələr icra edilməlidir.
Bu yaxınlarda Mərkəzi Rayon Xəstəxanası açılmışdır. Çox gözəl, yeni binadır. Bütün lazımi avadanlıqla təchiz edilib, 190 çarpayılıq gözəl tibb müəssisəsidir. Digər sosial obyektlər inşa edilir, 37 məktəb tikilib və təmir edilib. Yəni, biz buna kompleks şəklində yanaşırıq. O cümlədən iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Böyük aqroparklar salınıbdır. Minlərlə hektar torpağı əhatə edən bu aqroparklar Şəmkir rayonunun kənd təsərrüfatı və ixrac potensialını böyük dərəcədə gücləndirir. Təsadüfi deyil ki, Şəmkir rayonundan xarici ölkələrə ixrac 10 milyonlarla dollar həcmindədir və bu, daha da artacaq. Potensial böyükdür, torpaq münbitdir, su var, insanlar zəhmətkeşdir, infrastruktur təmin edilir. İlyarımdan sonra Gürcüstan sərhədinə qədər dördzolaqlı yol çəkiləcək. Bundan sonra həm rayon, həm də ölkəmiz ancaq inkişaf yolu ilə gedəcək. Bu cür maliyyə tutumlu sosial layihələrə çox böyük vəsait tələb olunur. Əlbəttə ki, aşağı səviyyədə olan su tarifləri ilə biz bu vəsaiti heç vaxt dövlətə qaytara bilməyəcəyik. Qarşıya belə məqsəd də qoyulmayıb. Məqsəd insanları təmiz su ilə təmin etməkdir ki, onlar sağlam olsunlar. Kənd təsərrüfatını da meliorativ tədbirlərlə dəstəkləməkdir. Biz bu məqsədə də çatırıq. Əminəm ki, həm rayon, həm ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. “Azərsu” əməkdaşlarına isə gördükləri işlərə görə təşəkkürümü bildirirəm və yeni uğurlar arzulayıram”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda səfərdə olub.
Dövlətimizin başçısı Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindən hesab olunur. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətə və yüksək keyfiyyətlə icra olunur. Qazaxın Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun əsaslı təmiri də bunu bir daha təsdiqləyir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Çünki bu cür layihələrin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir, turizmin, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib.
Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
“Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir.
Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verilib. Bildirilib ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq.
Dövlətimizin başçısı “Azerlime” əhəng zavodunu işə salıb.
Prezident İlham Əliyev “Azerlime” əhəng zavodunda istehsal edilən məhsullara baxıb. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıqlar hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir.
Zavodda istehsal olunan yeni növ “Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “İlk növbədə, sizi zavodun açılışı münasibətilə təbrik edirəm. Çox şadam ki, şirkətiniz yeni zavodun ərsəyə gəlməsində fəallıq göstərib və beləliklə, ölkəmiz, xalqımız üçün çox önəmli bir töhfə verib.
Artıq bir neçə zavod fəaliyyətdədir. Mənim də tövsiyəm o idi ki, bütün sərmayələr Azərbaycana qoyulsun, sizin başqa planlarınız var idi. Mən sizin fəaliyyətinizlə mütəmadi surətdə tanış oluram. Çünki yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönümlü məhsullar buraxır. Ona görə mən eşidəndə ki, sizin xarici ölkələrə investisiya planlarınız var, dedim ki, buna etiraz etmirəm. Çünki indi Azərbaycanın həm özəl, həm dövlət şirkətləri xaricə də sərmayə qoyur. Ancaq, ilk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin. Bu gün mənə burada stendlərdə göstərilən təqdimatda görürəm ki, doğrudan da şirkətin fəaliyyəti çox genişmiqyaslıdır və yüzlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb, xüsusilə bölgələrdə. Təkcə bu yeni əhəng zavodunda 150, ondan sonrakı mərhələdə 250 nəfərin işlərə cəlb edilməsi nəzərdə tutulur və beləliklə, vətəndaşları işlə təmin etmək üçün yaxşı imkanlar var.
O ki qaldı, sizin gələcək planlarınıza, əminəm ki, dövlətin dəstəyi ilə bu planlar həyata keçəcək. Çünki bu zavodların və sizin səmərəli fəaliyyətiniz üçün dövlət öz tərəfindən maliyyə dəstəyi göstərib, güzəştli şərtlərlə kreditlər ayırıb. Amma, əlbəttə ki, əsas yükü siz öz üzərinizə götürmüsünüz və bu da təbiidir. Dövlət isə hər zaman sahibkarların yanında olacaq, sahibkarlığın inkişafına bundan sonra da böyük təkan verəcək.
Bu gün ölkəmizdə sərmayə iqlimi çox müsbətdir. Təsadüfi deyil ki, keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu il də bu proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu, onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək. Təkcə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində güzəştli kreditlər verilib və bu kreditlərin hesabına on minlərlə yeni iş yeri yaradılmışdır.
Bizim investisiya iqlimimizin müsbət olmasını Dünya Bankı da qeyd edir və biz bu reytinqlərdə 20 ən islahatçı ölkə sırasındayıq. Əlbəttə ki, buna nail olmaq üçün çox düşünülmüş siyasət aparılmalıdır. Əminəm ki, təkcə Dünya Bankı yox, eyni zamanda, yerli sahibkarlar da aparılan islahatları görürlər və bəyənirlər. Çünki sahibkarlar üçün əsas məsələ düzgün qaydaların tətbiq edilməsidir. Bu istiqamətdə dövlət siyasəti birmənalıdır, bütün sahələrdə, o cümlədən maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq hesabına təkcə keçən il vergi və gömrük orqanları proqnozdan əlavə büdcəyə 1 milyard manat daxil ediblər.
Baxmayaraq ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri olmayıb. Büdcə hazırlanarkən çox geniş təhlil işləri aparılıb ki, proqnozlar nədən ibarət olacaq. Proqnozlar keçən ilə görə artırılıb. Buna baxmayaraq, yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər. Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstlük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına. Ona görə sahibkarlar da bu işlərə tam dəstək verərək, həm öz maliyyə imkanlarını genişləndirəcəklər, onlarda əlavə vəsait toplanacaq. Bu vəsaiti də, ilk növbədə, Azərbaycana yatırmaq lazımdır. Eyni zamanda, bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir.
Qeyri-rəsmi məşğulluq olmamalıdır. Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır. Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq.
Bu gün bu zavodun açılışı bir daha onu göstərir ki, ölkəmizdə düzgün iqtisadi siyasət aparılır. Biz sahibkarlıqla bağlı görülən tədbirlərin real nəticəsini görürük. Çünki bizim iqtisadiyyatımız özəl sektor hesabına inkişaf etməlidir. Dövlət, sadəcə olaraq, şərait yaratmalıdır, infrastruktur layihələri həyata keçirməlidir ki, sahibkarlar da bu işlə həvəslə məşğul olsunlar.
Qazax rayonunda elektrik enerjisi ilə bağlı problem yoxdur, 100 faiz təmin olunub. Qazlaşdırma ilə bağlı da problem yoxdur. Qazax rayonu qazla 100 faiz təmin edilib. Bu gün Qazaxda yolların 85 faizi təmirlidir. Əgər bu sahələrdə problem olsaydı, heç bir sahibkar buraya gəlib pul qoymazdı, o cümlədən də siz. Başqa yer tapardınız, gedərdiniz başqa ölkələrə, harada ki, bu infrastruktur var. Ona görə bunu biz yaratmışıq ki, insanlar yaxşı, rahat yaşasınlar və sahibkarlar vəsait qoysunlar. İcra başçısı mənə deyir ki, Daş Salahlı kəndində üç böyük müəssisə var. Bu müəssisələrdə 1300 adam işləyir. Kəndin əhalisinin sayı 10 mindir, 1300-ü burada işləyir. Bax, budur bizim gördüyümüz işlər və sahibkarların gördüyü işlər. Ona görə sahibkarlara mərkəzi dövlət orqanları, yerli icra orqanları daim dəstək göstərməlidirlər. Onların problemləri həll olunmalıdır. Mənə indi məlumat verilir ki, biz yeni yol çəkmişik, amma bu yük maşınları o yolu dağıda bilər. Yük maşınları üçün alternativ yol çəkilməlidir. İndi mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırıq verəcəyəm, məni eşidirlər. İki kilometr uzunluğunda yeni yolun çəkilişi təmin edilməlidir ki, kənd yolu belə normal qalsın və deformasiyaya uğramasın.
Sizi bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Belə müəssisələri yaradın ki, mən gəlim sizinlə birlikdə bunların açılışında iştirak edim”.
* * *
“Azerlime” əhəng zavodunun icraçı direktoru Fuad Bəşirov deyib: “Təşəkkür edirəm, cənab Prezident. Qazax rayonuna və zavodumuza xoş gəlmisiniz. İcazə verin, kənd camaatı adından və kollektivimiz adından Sizə səmimi salamlarımızı çatdıraq. Bu, çox sevindirici bir haldır ki, artıq üçüncü dəfədir Siz Daş Salahlı kəndində böyük bir müəssisənin açılışında iştirak edirsiniz. Bu gün ölkəmizin bütün regionlarının, bölgələrinin siması dəyişir. Bunu hər birimiz öz gündəlik güzəranımızda da hiss edirik.
Cənab Prezident, bu gün təkcə şəhər mərkəzlərində, rayon mərkəzlərində deyil, hətta ucqar kəndlərdə belə hər bir problem Sizin diqqət mərkəzinizdədir və daim nəzarətinizdədir. Təsadüfi deyil ki, düşmənlə üz-üzə olan bir yerdə, dağ kəndi olan Daş Salahlıda belə bir açılışı biz həyata keçiririk. Onu da qeyd edim ki, bu zavoda 15 milyon dollar sərmayə qoyulub. Bunun 9 milyonu dövlətimizin dəstəyi hesabına başa gəlib. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə də biz bu layihə üçün təşviq sənədi almışıq. Bu gün 250 iş yerinin açılmasını nəzərdə tuturuq. Orta aylıq əməkhaqqı da 500 manat olacaq. Mütəxəssislər arasında isə 1000 manat, 800 manat əməkhaqqı alanlar da var. Bu işçilərin əksəriyyəti Daş Salahlı kəndindəndir. Burada maraqlı bir məqam var, bu gün elə ailələr var ki, Daş Salahlı kəndində hər iki valideyn müasir zavodda işləyir, övladını da bağçaya qoymaq imkanı yaranıb. Bu, nədən irəli gəlir? Bu, yüksək infrastrukturun, müasir bağça və məktəblərin yaradılmasından irəli gəlir. Bu, eyni zamanda, bir mədəni inqilabdır. Bu gün artıq mədəni yanaşma da dəyişir. Bütün bunlar Sizin gecə-gündüz bilmədən böyük əzmlə hər bir vətəndaşınızı düşünməyinizin nəticəsidir.
Bir məsələni də qeyd edim ki, bu gün bu zavodun tikilməsində biz Almaniya, İsveçrə mütəxəssislərinin biliklərindən də istifadə etmişik. Ancaq bu gün əminliklə deyə bilərik ki, o mütəxəssislər gedib, onların dəstəyi olmadan yetişən yerli kadrlar bu işi öz gücləri ilə həyata keçirirlər. Bundan əlavə, onların da əksəriyyətini gənclər təşkil edir. Mən özüm dövlətimizin dəstəyi ilə Almaniyada və İngiltərədə təhsil almışam. İqtisad üzrə fəlsəfə doktoruyam və bu gün idarəetmədə iştirak edirəm. Mən tək nümunə deyiləm. Mənim kimi bu gün bu müəssisədə fəhləlikdən başlayıb mütəxəssis səviyyəsinə qalxan çoxsaylı insanlar var. Ona görə gənclərlə bağlı dövlət siyasətinə və gənclərə göstərilən bu qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bir daha bütün kollektivin adından Sizə cansağlığı və təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, öz uğurlarımızla Sizin siyasətinizə dəstək verəcəyik və etimadınızı doğruldacağıq. Allah Sizi qorusun, çox sağ olun”.
Prezident İlham Əliyev: Çox sağ ol. Sizə də cansağlığı arzulayıram.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Ölkədəki səhiyyə islahatlarının əsas qayəsi həm də aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəlib.
Dövlətimizin başçısına məlumat verilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə məlumat verilib. Bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar.
Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan layihə də öz əhəmiyyəti ilə fərqlənir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30