Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfəri edib
Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Ziyafətdən əvvəl qarşılıqlı hədiyyələr təqdim olunub.
Azərbaycan və İtaliya rəsmi nümayəndə heyətlərinin üzvləri dövlət başçıları İlham Əliyevə və Sercio Mattarellaya, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və İtaliya Prezidentinin qızı Laura Mattarellaya təqdim olunublar.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident Sercio Mattarellanın çıxışı: “Cənab Prezident.
Xanım Birinci vitse-prezident.
Hökumət nümayəndələri.
Xanımlar və cənablar.
Dərin hörmət hissi ilə Sizə və xanımınıza İtaliyaya “Xoş gəlmisiniz!” demək istərdim. Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfəri münasibətilə Sizi müşayiət edən nümayəndə heyəti ilə birlikdə qəbul etməkdən çox məmnunam. Xüsusilə də mənə Azərbaycanda göstərdiyiniz səmimi qonaqpərvərliyə görə minnətdaram. Parlaq xatırladığım Azərbaycan səfərimdən iki il sonra Sizin burada Prezident Sarayında olmağınız ölkələrimizi birləşdirən yüksək səviyyəli əlaqələrin əhəmiyyətli göstəricisidir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur.
Sizin səfəriniz Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və yaddaşlardan heç zaman silinməyən, tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir. Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir.
Cənab Prezident, 25 ildən çoxdur ki, mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin öz baxışlarını Avro-Aralıq dənizi məkanına yönəldən və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olmuşdur.
Azərbaycanın Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək. Bu da Avropa İttifaqının enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir. Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və sabitləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir. Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngdar birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər.
Cənab Prezident, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsrdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu. Bu gün İtaliya Respublikası Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hörmət hissi ilə baxır. Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf mühitin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır.
Bundan əlavə, illərdir ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atmışdır.
Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur. Mən inanıram ki, elm, texnologiya və təhsil sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşmanı və dostluğu daha da gücləndirəcək.
Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir. Təsadüfi deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin məşhur bir parçası ilə başlayacaq.
Cənab Prezident, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək.
Sizə, xanımınıza və Sizi müşayiət edən nümayəndə heyətinə bir daha “Xoş gəlmisiniz!” deyirəm”.
Prezident İlham Əliyevin çıxışı: “Hörmətli cənab Prezident.
Hörmətli xanım Laura Mattarella.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, eləcə də mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm.
Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.
Cənab Prezident Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafına mühüm töhfə vermişdir. Səfər zamanı Mehriban Əliyevanı və məni İtaliyanın yüksək dövlət ordenləri ilə təltif etməyinizi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü kimi qiymətləndiririk.
Cənab Prezident, bu gün biz Sizinlə olduqca səmərəli görüş keçirdik. Bu görüşümüz zamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyir. Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanması nəzərdə tutulur. Onların sırasında Azərbaycan və İtaliya arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illərdir ki, Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.
Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və italyan dili mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.
İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı hər il İtaliyaya turistik səfərlər edir. Son üç il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artım qeydə alınmışdır.
Hörmətli cənab Prezident və hörmətli xanım Laura Mattarella, ölkənizə və dost İtaliya xalqına əmin-amanlıq, inkişaf və tərəqqi arzulayıram”.
* * *
Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konsert proqramını dinləyiblər.
Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.
* * *
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.
Romanın Kuirinale Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.
* * *
Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda iştirak edib.
Tədbirin aparıcısı: Hamınızı salamlayıram. Bu gün burada bu qədər çox olduğunuza görə sizə təşəkkür edirəm. Bu gün biznes forumu açıq elan edirik. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi burada gördüyümə çox şadam və şərəf hissi keçirirəm. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirini burada görməkdən çox məmnunam. Vaxt itirmədən sözü Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinə verirəm.
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri biznes forumda çıxış edib.
Nazir Luici Di Mayonun çıxışı: “Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev.
Əziz həmkarım Xarici İşlər naziri, hörmətli iş adamları, xanımlar və cənablar.
Bu gün sizi Xarici İşlər Nazirliyində görməkdən, xüsusilə də hörmətli Prezident cənab Əliyevlə birlikdə forumda iştirakdan çox böyük məmnunluq hissi duyuram. Bu gün burada olan nazirləri, eləcə də həm İtaliya, həm də Azərbaycan tərəfdən forumda iştirak edən iş adamlarını, dövlət qurumlarının nümayəndələrini salamlayıram.
Biz qeyd etmək istəyirik ki, İtaliya Aralıq dənizi və Avropa, Afrika və Asiya ilə bir yerdə böyük bir körpü təşkil edir. Bu körpü Avropa ilə Asiya arasında strateji tərəfdaşlığa malikdir. Azərbaycan və İtaliya istər tarixi, istərsə də coğrafi cəhətdən qədim ölkələrdir. Məşhur italyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycan haqqında, Yanardağ haqqında danışmışdır. O, hələ XIII əsrdə iş adamlarına, yəni, o vaxtın tacirlərinə Azərbaycan haqqında məlumat vermişdir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər həm dostluq əlaqələrinə əsaslanır, həm də mədəni, etnik, dini və müxtəlif dilləri birləşdirən dialoq üzərində qurulmuşdur. Sizin bu gün İtaliyaya səfəriniz ilk dövlət səfərinizdir. Bu, bizim əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir.
Roma ilə Bakı arasındakı dostluğu və yaxınlığı Sizin İtaliyaya bu səfəriniz bir daha təsdiqləyir. Son illərdə İtaliya ilə Azərbaycan arasında ticari əlaqələr möhkəmlənib. Bu, bizim əlaqələrimizin dinamik şəkildə inkişafına böyük dəstək verib.
Dünən Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizə növbəti dəstək verəcək. Biz bilirik ki, bu əlaqələr təkcə energetika sahəsində deyil, eləcə də Roma ilə Bakı arasında olan körpünü özündə birləşdirir və münasibətlərimizin daha geniş şəkildə inkişafına kömək edəcək.
İtaliya Azərbaycanın birinci ticari tərəfdaşı hesab olunur. On ildən az müddətdə bizim ticari əlaqələrimiz 70 faizə qədər artıb. Son on ildə İtaliyanın Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. Bu gün burada iştirak edən italyan şirkətləri müxtəlif sahələr - nəinki neft və qaz sahəsi, eləcə də digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu şirkətlərin əlaqələrimizin inkişafına öz dəstəyini verməsi gözlənilir. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir.
Bizim münasibətlərimiz mühüm strateji əməkdaşlığımızı bir daha təsdiq edir. Həqiqətən də Azərbaycan hökumətinin iqtisadiyyat sahəsində, eləcə də iş adamları ilə münasibətləri möhkəmlətmək istiqamətində göstərdiyi səylərə görə çox böyük minnətdarlığımızı bildiririk. Hökumət biznes mühitinin, eləcə də KOB-ların və digər iş adamlarının hüquqi sistem baxımından qorunmasına böyük dəstək göstərir. Biz buna görə də təşəkkürümüzü bildiririk.
Bizim 100-dən çox şirkətimiz hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə biz Azərbaycanda fəaliyyət göstəririk. Təbii ki, bu, şirkətlərimizə Azərbaycanda göstərilən böyük dəstəyin nəticəsidir.
Cənab Prezident, mən bilirəm ki, bizim sənaye sahəsində əməkdaşlığımızı gücləndirmək üçün lazımi şərtlərimizin hamısı var. Biz bu fürsətləri, eləcə də imkanları bir yerdə dəyərləndirməliyik.
Mən bu gün biznes forumun əsas sektorlarını düşünəndə demək istəyirəm ki, İtaliya bütün bu sahələr üzrə dünya səviyyəsində böyük təcrübəyə malikdir. Məsələn, infrastruktur və nəqliyyat sahəsində İtaliya dünya səviyyəsində özünün əvəzolunmaz rolunu oynamışdır. Xüsusən də bu, şirkətlərin beynəlmiləlləşdirilməsi və KOB-lara dəstək verilməsində böyük rol oynayır. Biz əminik ki, italyan şirkətlərinin bacarıqları sizə kömək edəcək. Bu sahədə göstərdiyi dəstəklə, yeni İpək Yolunun yaradılması ilə Azərbaycan əsas nəqliyyat habına çevrilib. Məsələn, yeni Ələt Limanında xüsusi iqtisadi zonanın yaradılması buna misaldır.
Aqrar sənayedə bizim şirkətlərimiz texnologiya və istehsal səviyyəsi baxımından dünyada birincidir. İtaliya şirkətləri xüsusən də kənd təsərrüfatı avadanlığının təkmilləşdirilməsi üzrə ixtisaslaşmışdır. Həmin avadanlıqlar əsasən ətraf mühitin qorunmasında xüsusi rol oynayır. Bunun hesabına bizim kənd təsərrüfatımız istixana qazını 50 faiz azaldıb. Təbii ki, bu, Avropa İttifaqındakı digər ölkələrə nisbətən ən yaxşı göstəricidir.
Bərpaolunan energetika və ekodayanıqlı texnologiya sahəsində İtaliyanın uzunmüddətli təcrübəsi var. Günəş, külək və geotermik sahələrdə bərpaolunan enerji mənbələrinin istifadəsində zəngin təcrübəyə malikik. İtaliyanın 432 minə yaxın şirkəti son 15 ildə biotexnologiyaların inkişafına öz dəstəyini göstərmişdir. Xüsusilə biotexnologiyalar sahəsində şirkətlərin sayı 31,2 faiz təşkil edir, emal sahəsində isə 35,8 faiz.
Mən əminəm ki, Abşeron ərazilərinin münbitləşdirilməsində italyan şirkətləri böyük rol oynaya biləcəklər. Eləcə də demək istəyirəm ki, italyan şirkətləri infrastruktur, maşınqayırma, aqrar sənaye, rəqəmsallaşdırma, əczaçılıq və tekstil sahələrində fəaliyyət göstərməkdə çox maraqlıdırlar. İtaliya hökuməti də buna böyük dəstək göstərir. Çünki bildiyiniz kimi, ticari siyasətin strategiyası və beynəlmiləlləşdirilməsinin genişlənməsi ilə bağlı İtaliya hökuməti şirkətlərə öz dəstəyini göstərir. Burada əsas məqsəd şirkətləri xarici bazarlarda təqdim etmək və bu şirkətlərin sayını daha da artırmaqdır. Bu şirkətlərin, assosiasiyaların, eləcə də digər şirkətlərin bunu etməkdə əsas məqsədi onların həqiqətən güclü “nou-hau”ya malik olmasıdır. İtaliya hökumətinin məhz iş adamlarına dəstək verməsi onların Azərbaycanda fəaliyyət göstərməsinə kömək olacaq.
Cənab Prezident, mən bir daha Sizə təşəkkürümü bildirirəm. Çünki bu gün Sizin və eləcə də iş adamlarının burada iştirakı ölkələrimiz arasında qarşılıqlı əlaqələri daha da dərinləşdirəcək. Əminəm ki, bu, bizim əlaqələrimizdə yeni bir addım atmağa kömək edəcək. Hamınıza təşəkkür edirəm”.
Sonra biznes forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib: “Hörmətli cənab nazir.
Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Mən çox şadam ki, İtaliyaya dövlət səfərim çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilir. Əminəm ki, forum çox məhsuldar olacaq və forumun işi nəticəsində iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə qalxacaqdır. Mən buna əminəm. Bunu deməyə əsas verən bir çox amillər var. Bildiyiniz kimi, bu gün mənim İtaliyaya dövlət səfərimin sonuncu günüdür. Prezident Mattarellanın dəvəti ilə mən gözəl ölkənizdə dövlət səfərindəyəm və bu, münasibətlərimizin çox yüksək səviyyədə olmasının təzahürüdür. 2018-ci ildə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə idi və deyə bilərəm ki, o səfərdən sonra iki dövlət arasındakı əlaqələrə çox güclü təkan verilmişdir. Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır. Bu sənədlərin arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik.
O ki qaldı, iqtisadi sahəyə, cənab nazirin dediyi kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır.
Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik. Dünən Nazirlər Şurasının Sədri cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda keçiriləcək təntənəli rəsmi mərasimə dəvət etdim. O da bu dəvəti qəbul etdi.
Azərbaycan və İtaliya Cənub Qaz Dəhlizinin iki məntəqəsində yerləşir. Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilmişik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik.
Eyni zamanda, indi bizim əsas vəzifəmiz TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Dünən mən işçi nahar əsnasında İtaliyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşəm. Onların bir çoxu Azərbaycanda artıq uzun illərdir ki, fəaliyyət göstərirlər, bir çoxları isə fəaliyyətə başlamaq istəyirlər. Biz də bunu istəyirik və imzalanmış kontraktlar cənab nazirin qeyd etdiyi kimi, milyardlarla avro həcmindədir. Əminəm ki, gələcək əməkdaşlıq daha da genişmiqyaslı olacaq. Çünki strateji tərəfdaşlar kimi biz ticarət və biznes sahələrində də bir-birimizi dəstəkləməliyik.
Hesab edirəm ki, gələcək əməkdaşlıq üçün bir çox sahələr seçilə bilər. Əslində, bu sahələr dünən və bu gün imzalanmış və imzalanacaq sazişlərdə öz əksini tapıb. Mən nəqliyyat sahəsini xüsusilə qeyd etmək istərdim. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında nəqliyyat infrastrukturu baxımından Azərbaycan dünyada 34-cü yerdədir. Dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Azərbaycan - açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb. Hazırda biz Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan Dəmir Yolları ilə İtaliyanın müvafiq qurumları arasında məsələ öz həllini tapıbdır. Biz İtaliyadan dəmir yolu texnikası alacağıq.
Kosmik sənaye də çox perspektivli sahədir. Azərbaycanın artıq 3 peyki vardır. İtaliyanın bu sahədə əldə etdiyi təcrübə bizim üçün çox maraqlıdır. Bu günə qədər iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələr olmayıb. Ancaq dünən imzalanmış sənədə görə biz artıq bu sahədə də əməkdaşlığı davam etdirəcəyik.
Sənaye istehsalının artması və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işində İtaliya şirkətləri bizə kömək göstərirlər. Cənab Mattarellanın səfəri çərçivəsində biz böyük neft-kimya müəssisəsinin açılışında bərabər iştirak etmişik. İtaliyanın aparıcı şirkətlərindən biri Azərbaycanda təqribən 1 milyard dollara yaxın dəyəri olan iki böyük sənaye müəssisəsi istifadəyə vermişdir. Yəni podratçı kimi işləmişdi. Hazırda həmin şirkət Azərbaycanda neftayırma zavodunun yenidən qurulmasında fəal iştirak edir. İmzalanmış kontraktların məbləği 800 milyon avrodan çoxdur. Bu, hələ başlanğıcdır və əminəm ki, Azərbaycanın gələcək sənaye inkişafında İtaliya şirkətləri öz rolunu oynayacaq.
Bildirməliyəm ki, keçən il Azərbaycanın qeyri-neft sənayesi 16 faiz, bu ilin yanvar ayında isə təqribən 14-15 faiz artmışdır. Bu, onu göstərir ki, sənaye istehsalına çox böyük diqqət göstərilir və özəl sektor bu sahəyə böyük investisiyalar qoymaqdadır. Əminəm ki, bundan sonra da bu istiqamətdə işlər aparılacaq.
Mən dünən imzalanmış sənədlər arasında birini də xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye kompleksinə aiddir. Bu da bir başlanğıcdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Ancaq imzalanmış memorandum əsasında bu əməkdaşlığa start verilir. Əminəm ki, bu ilin sonuna qədər bütün lazımi texniki və kommersiya şərtləri razılaşdırılacaq və beləliklə, biz hərbi sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik.
Cənab nazirin dediyi kimi, İtaliya şirkətlərinin kənd təsərrüfatı sahəsində çox böyük təcrübəsi var. Şirkətlərin bəziləri Azərbaycanda fəaliyyət göstərir. Hətta bir İtaliya şirkəti Azərbaycanda şərabçılığın inkişafı ilə məşğul olur və çox uğurla məşğul olur. O şirkətin istehsal etdiyi məhsul xarici bazarlara da ixrac edilir. Biz bu sahəyə də xüsusi əhəmiyyət veririk. Keçən il Azərbaycanda rekord səviyyədə-təqribən 200 min ton üzüm tədarük edilmişdir. Həmin üzümün əsas hissəsi texniki sortlardır. Ona görə hesab edirəm ki, şərabçılığın inkişafı çox perspektivli sahədir. İtaliyanın bu sahədə zəngin təcrübəsi var. Azərbaycanın da təcrübəsi var və müvafiq bazarlara çıxış üçün bizim heç bir problemimiz yoxdur.
Kənd təsərrüfatının digər sahələrini də qeyd etmək istərdim. İtaliyanın zeytunçuluq sahəsində böyük təcrübəsi var. Azərbaycan artıq zeytun yağlarını ixrac etməyə başlamışdır. Biz İtaliya şirkətlərini bu sahəyə məsləhətçi və podratçı kimi dəvət edirik. Fındıqçılıqda Azərbaycan və İtaliya dünya miqyasında aparıcı istehsalçılardır. Biz deyəsən, üçüncü-dördüncü yerləri bölüşürük və bu sahənin də çox böyük perspektivi var. O cümlədən Azərbaycan İtaliyaya fındığın ixracı ilə məşğuldur və bilirəm ki, İtaliya şirkətlərinin bu sahəyə böyük marağı var. Biz onları dəvət edirik ki, Azərbaycanda bu və digər sahələri bizimlə bərabər inkişaf etdirsinlər. Çünki indi Azərbaycanda yeni texnologiyaların tətbiqi nəticəsində məhsuldarlıq kəskin şəkildə artır. İtaliyanın bu sahədə böyük təcrübəsinin olması, əlbəttə ki, bu əməkdaşlığı şərtləndirir.
Hesab edirəm ki, İtaliyanın turizm sahəsində nadir təcrübəsi var. İtaliya turistlərin sayına görə zənnimcə, dünyada birinci, ya ikinci yerdədir. Azərbaycanda da bu sahə inkişaf edir. Keçən il turistlərin sayı təqribən 20 faizə yaxın artıbdır. Şadam ki, son üç il ərzində İtaliyadan Azərbaycana gələnlərin sayı təxminən 40 faiz artmışdır. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.
Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsindəki əməkdaşlığı xüsusilə qeyd etmək istərdim. Artıq səkkiz ildir ki, Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizaminin abidəsi ucalıb. Azərbaycanın Romada Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi ilə bağlı müvafiq addımlar atılıbdır. Şəhərin mərkəzində gözəl bina alınıbdır və əminəm ki, yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə başlayacaq.
Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik. Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.
Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.
O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası - IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.
Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.
Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır.
Mən vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, biznes forumun çox böyük gündəliyi var və İtaliya şirkətlərini maraqlandıran bütün suallara cavablar veriləcək. Çıxışımın sonunda bir məsələni qeyd etməliyəm. Artıq hökumət üzvlərinə bu barədə mənim tərəfimdən müvafiq göstəriş verilib ki, Azərbaycan və İtaliya dünəndən strateji tərəfdaşlar kimi əlaqələrimizin tarixində yeni səhifə açıblar. Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq biznes sahəsində də olmalıdır. İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar. Biz bunu arzulayırıq. Əminəm ki, İtaliya şirkətlərinin də marağı bizim marağımızla üst-üstə düşür. İnanıram ki, biznes forum bu istiqamətdə önəmli addım olacaqdır.
Göstərilən qonaqpərvərliyə görə bir daha həm Prezident Mattarellaya, həm Baş Nazir Konteyə, nazir Di Mayoya dərin təşəkkürümü bildirirəm. İtaliya xalqına daimi firavanlıq və xoşbəxtlik arzulayıram. Sağ olun”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu bildirib. Səfər çərçivəsində 25-dən çox sənədin imzalandığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlıq münasibətləri əlaqələrimizin bütün sahələrini əhatə edəcək.
Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərin çox səmərəli olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr çox yüksək səviyyədədir. O cümlədən Azərbaycan ilə İtaliya arasında mədəni sahədə əməkdaşlıq və şəhərlərarası əlaqələr də inkişaf edir. 1972-ci ildə Bakı və Neapol qardaşlaşmış şəhərlər elan edilib. 2012-ci ildə Romanın Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bundan başqa, Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.
Azərbaycan Prezidenti vurğulayıb ki, Bakı və Roma arasında imzalanacaq bəyannamə şəhərlərimiz arasında əlaqələrin inkişafı üçün geniş imkan yaradacaq. Eyni zamanda, digər şəhərlərimiz arasında da belə əməkdaşlıq əlaqələri var.
Xanım mer Vircinia Raggi Romada arxeoloji qazıntılara verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və bunu yüksək qiymətləndirdiklərini deyib. O, Bakı və Roma şəhərləri arasında əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində və əzmində olduqlarını vurğulayıb. Mer, həmçinin vurğulayıb ki, 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan edilməsi ilə əlaqədar Roma şəhərində də çoxsaylı tədbirlər keçiriləcək.
Görüşdən sonra dövlətimizin başçısı və Roma meri şəhərin qədim ərazisinin qalıqlarına baxıblar.
Dövlətimizin başçısı Roma meriyasının Xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, 2014-cü ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tuturdu.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, qazıntı işləri zamanı tarixi, arxeoloji dəyər kəsb edən çox əhəmiyyətli tapıntılar əldə edilib.
Qazıntı zamanı əldə edilən tapıntılar Prezident İlham Əliyevə təqdim olunub.
Bildirilib ki, Roma şəhərinin sakinləri sazişə əsasən görülən işləri və əldə edilən tapıntıları çox yüksək qiymətləndirirlər və buna görə minnətdarlıq edirlər.
Sonra Prezident İlham Əliyevin iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında bəyannamə imzalanıb.
Bəyannaməni Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Roma şəhərinin meri xanım Vircinia Raggi imzalayıblar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.
Bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.
Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

 
  • Oxunub:  4920  |  
  • Tarix:  22-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

06 Aprel 22:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir
06 Aprel 20:54
“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək
06 Aprel 20:52
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
06 Aprel 20:47
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06 Aprel 20:45
İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür
06 Aprel 20:42
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
06 Aprel 20:39
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
06 Aprel 20:16
Seymur Nəsirov: “Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur”
06 Aprel 20:00
Adil Əliyev: Prezidentimizin göstərişi ilə Azərbaycan üçün daha bir vacib məsələ çox qısa zamanda həllini tapdı
06 Aprel 19:53
Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki” şousu iflasla nəticələndi
06 Aprel 19:05
Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi
06 Aprel 18:37
Əli Hüseynli: "Azərbaycan dövləti və xalqı “beşinci kolon” təmsilçilərinin təxribatına imkan verməyəcək"
06 Aprel 18:34
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir
06 Aprel 18:30
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06 Aprel 15:54
Azərbaycanda koronavirus infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb
06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8