Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfəri edib
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib.
Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.
Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
* * *
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan İtaliya Prezidenti Sercio Mattarella deyib: “Cənab Prezident, Romaya xoş gəlmisiniz. Sizin səfərinizdən çox məmnunam. İki il əvvəl Bakıda mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Hazırkı səfəriniz də Azərbaycan və İtaliya arasında səmimi dostluğun və güclənən əməkdaşlığın bir daha qeyd edilməsi, eləcə də Sizin və hökumətinizin İtaliya-Azərbaycan əlaqələri üçün yürütdüyü siyasətin, habelə ölkələrimiz arasında bütün istiqamətlərdə - enerji, ticari-iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dəyərləndirilməsi üçün gözəl fürsətdir.
Cənab Prezident, bir daha xoş gəlmisiniz. Təşəkkür edirəm, cənab Prezident. Sizin İtaliyaya dövlət səfərinizdən böyük məmnunluq duyuruq”.
Prezident İlham Əliyev deyib: “Təşəkkür edirəm, hörmətli cənab Prezident.
İlk növbədə, İtaliyaya dövlət səfərinə dəvətə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam.
Sizin Azərbaycana tarixi səfərinizi məmnuniyyətlə xatırlayıram. Səfər zamanı əldə edilmiş razılaşmalar artıq həyatda öz əksini tapır və bu gün İtaliya-Azərbaycan əlaqələri yeni yüksək səviyyəyə qalxır. Həm siyasi sahədə, iqtisadi sahədə, energetika, mədəniyyət, nəqliyyat, demək olar ki, bütün sahələrdə şirkətlərimiz arasındakı əlaqələr yeni pilləyə qalxır. Səfər zamanı imzalanacaq çoxsaylı sənədlər bizim əlaqələrimizi daha da gücləndirəcək. Onların arasında xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim.
Energetika sahəsində çox gözəl nəticələr var. Bizim birgə icra etdiyimiz Cənub Qaz Dəhlizi yekunlaşmaq üzrədir. Bizim bundan sonra əsas istəyimiz ondan ibarətdir ki, qeyri-neft sektorunda İtaliya və Azərbaycan arasındakı əlaqələr daha sürətlə inkişaf etsin. Sabah keçiriləcək biznes forum, əminəm ki, bu istiqamətdə çox önəmli addım olacaq.
Bir daha qonaqpərvərliyə və dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm ki, səfərin yekunları çox müsbət olacaq”.
Görüşdə “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu sənəd bütün sahələri, o cümlədən siyasi, iqtisadi, ticari, enerji sahələrini əhatə edir.
Söhbət zamanı İtaliyanın hər zaman Azərbaycanın dostu olduğu vurğulanıb. Azərbaycanın qlobal baxımdan çox əhəmiyyətli bir regionda yerləşdiyi və bütün ölkələrlə yaxşı əlaqələr qurduğu qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb. Bu münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsasən həll edilməsinin zəruriliyi bildirilib.
Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunub. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından “Azərbaycan ili” elan edildiyi diqqətə çatdırılıb.
* * *
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə İtaliya Prezidenti bəyanatla çıxış edib: “Prezident İlham Əliyevi Kuirinaledə qarşılamaq mənim üçün çox böyük məmnunluqdur və böyük şərəfdir. Bu, onun İtaliyaya ilk dövlət səfəridir. Çox məmnunam ki, mənim Bakıya təqribən iki il bundan əvvəlki səfərimdən sonra cənab Prezidentin buraya səfəri baş tutur. İki il bundan əvvəlki səfərdən mənim çox gözəl xatirələrim var. Bu gün cənab Prezidentin Romaya səfəri bir daha İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin nə qədər güclü olduğunu göstərir.
Biz artıq apardığımız danışıqlar nəticəsində bir neçə məsələni qeyd etdik. Burada İtaliya ilə Azərbaycan arasında olan əlaqələri xüsusilə vurğuladıq. Yalnız enerji sahəsində deyil, həmçinin digər sahələrdə, həm siyasi, həm mədəni sahələrdə olan əlaqələri vurğuladıq. Burada müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamə qeyd olundu. Cənab Konte və cənab Prezident tərəfindən imzalanan bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün sahələrdə inkişafına təkan verəcək.
İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram.
Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar.
Bundan başqa, cənab Prezident və bütün hökumət ölkənin iqtisadi-siyasi həyatının şaxələndirilməsi ilə bağlı bir çox planlar reallaşdırır. Biz bu işə dəstək olmaq üçün hər zaman hazırıq. Bugünkü görüşlər zamanı bir neçə sahə üzrə imzalanmış sazişlər mübadilə olunacaq. Bu, bizim iqtisadi, siyasi sahələrdə inkişaf edən əməkdaşlığımızın bariz göstəricisidir. Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq.
Mən Azərbaycanın beynəlxalq məsələlərə müsbət baxışını qeyd etmək istərdim. Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır. Bundan başqa, bir qədər öncə biz cənab Prezidentlə qeyd etdik ki, ölkələrimiz arasında mədəni sahədə də inkişaf gedir. Bugünkü görüşlər zamanı bu sahədə də bir çox sazişlərin imzalanması gözlənilir və bütün bu sazişlər çox mühümdür. Lakin mən onların içərisində ən mühümlərindən birini xüsusi qeyd etmək istərdim. Azərbaycanın Azərkosmos şirkəti ilə İtaliyanın tərəfdaş şirkəti arasında gələcək əməkdaşlıq və yüksək texnologiyanın tətbiqi ilə bağlı saziş mübadilə olunacaq.
Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq.
İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə hər zaman dəstək olmağa hazırdır. Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər. Bir daha xoş gəlmisiniz”.
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib: “Təşəkkür edirəm, hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir.
Cənab Prezident, Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır.
Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.
İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq.
O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Biz bu gün, cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb.
Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.
O ki qaldı, energetika məsələlərinə, Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.
O ki qaldı, təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək.
Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik.
Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər.
NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik.
Yəni, səslənən bu məsələlər və fikirlər artıq aydın göstərir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələri vardır və bu əlaqələr bundan sonra da uğurla inkişaf etdiriləcəkdir. Sağ olun”.
* * *
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub.
Əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte birgə foto çəkdiriblər.
Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb. “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının əhəmiyyəti qeyd olunub, bu sənədin əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağı vurğulanıb. Azərbaycanın radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə aparıcı rolu, ölkəmizin dünyəvi ənənələri yüksək qiymətləndirilib.
Söhbət zamanı ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirilib. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində çox fəal surətdə iştirak etdikləri vurğulanıb. Bu səfər zamanı imzalanacaq çoxsaylı sənədlərin ölkələrimiz arasında əməkdaşlığın daha geniş şəkildə inkişafı üçün zəmin yaradacağı qeyd edilib. Eyni zamanda, fevralın 21-də keçiriləcək biznes forumun daha böyük imkanlar yaradacağı diqqətə çatdırılıb.
Söhbət zamanı İtaliyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını dəstəklədiyi bildirilib. Həmçinin Əfqanıstanda sülhməramlı əməliyyatlarda ölkələrimizin birlikdə iştirakı qeyd edilib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından “Azərbaycan ili” elan edildiyi bildirilib.
Dövlətimizin başçısı İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət edib. Nazirlər Şurasının Sədri bu səfəri məmnuniyyətlə qəbul etdiyini bildirib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb.
Senatın Sədri Maria Elisabetta Alberti Kaselatti dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti və İtaliya Senatının Sədri birgə foto çəkdiriblər.
İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kaselatti özünün Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyevanın isə Romaya səfərlərini xatırlayıb. O, ölkələrimiz arasında dostluğun hərtərəfli surətdə genişləndiyini qeyd edib. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfərini vurğulayan Senatın Sədri tarixi əlaqələrə əsaslanan Azərbaycan-İtaliya əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Prezident deyib ki, bu səfər əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Dövlətimizin başçısı İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd edib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirib. Xüsusi qeyd olunub ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır.
Görüşdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulanıb. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
* * *
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib.
Dövlətimizin başçısını salamlayan “Cassa Depositi Prestiti SpA”nın prezidenti Covanni Qorno Tempini deyib: “Hər vaxtınız xeyir, Zati-aliləri Prezident Əliyev.
Hörmətli nazirlər, hörmətli dövlət katibi Di Stefano, hörmətli səfirlər, hörmətli SOCAR-ın vitse-prezidenti, hörmətli qonaqlar, hər vaxtınız xeyir. Bu gün sizi burada salamlamaq məndə məmnunluq hissi doğurur.
Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyiniz üçün Sizə ən dərin minnətdarlığımı bildirirəm. İcazə verin, bu görüşün məqsədilə Sizi tanış etmək üçün bir neçə söz deyim.
İtaliya İqtisadiyyatının Milli Təşviqi Təşkilatı, 170 yaşı olan bir təşkilat kimi və missiyası İtaliyanın iqtisadiyyatını inkişaf etdirməkdən ibarət olan “Cassa Depositi Prestiti SpA”nın prezidenti kimi və bu işçi naharı təşkil etmək şərəfi nəsib olmuş bir şəxs olaraq biz ikitərəfli iqtisadi əlaqələrimizin gücləndirilməsinə töhfə vermək məqsədilə burada İtaliyanın bəzi ən yaxşı sənaye liderləri olan şirkətlərinin irəli sürdüyü təşəbbüsləri Sizin diqqətinizə çatdırmaq üçün əyləşmişik. İtaliya Azərbaycanın birinci qlobal ticarət tərəfdaşıdır. Sizin ölkəniz bizim aparıcı üç enerji təchizatçımızdan biridir. Trans-Adriatik boru kəməri layihəsi ilə bizim tərəfdaşlığımız daha da yüksək səviyyəyə çatacaq. Ticarət dövriyyəmiz keçən il, demək olar ki, 6 milyard avroya çatdırılmışdır, lakin burada çox böyük qeyri-tarazlıq var idi. Bizim Azərbaycana ixracımız ümumilikdə yarım milyarddan az olmuşdur. Bizim vəzifəmiz də bu qeyri-tarazlığın aradan qaldırılmasına çalışmaqdır və belə demək olar ki, bumeranq investisiyalarını həyata keçirməkdir.
Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyatını şaxələndirməkdə qətiyyətlidir və əsas diqqəti kənd təsərrüfatı, ətraf mühitə ziyan vurmayan nəqliyyat və enerji sektorunun müasirləşdirilməsinə yetirir. İtaliya ölkənizdə biznesini genişləndirməyə hazır olan öz milli lider şirkətləri, kiçik və orta həcmli müəssisələrinin geniş şəbəkəsi vasitəsilə bu məqsədlərə töhfə verə bilər. “Cassa Depositi Prestiti”nin (CDP) biznes planının mərkəzində italyan şirkətlərinin beynəlxalq inkişafına dəstəyin göstərilməsi dayanır. Buna görə də CDP Azərbaycan ilə biznes qurmaq istəyən bütün italyan iş adamlarının arxasında durur. Bundan əlavə, burada təmsil olunan şirkətlərin demək olar ki, yarısına CDP tərəfindən sərmayə yatırılıb və onun 500-dən çox İtaliya şirkətində payı var. Sonuncu, lakin əhəmiyyətinə görə sonuncu olmayan məsələ isə CDP İtaliyanın suveren investisiya fondu kimi potensial olaraq Azərbaycana marağı olan şirkətlər üçün çoxlu müştərək investisiya imkanlarını təklif edir. Bir daha Sizə təşəkkür edirəm. Buyurun cənab Prezident, söz Sizindir”.
Prezident İlham Əliyev: “Çox təşəkkür edirəm. CDP-nin sədrliyi ilə işçi naharda bir araya gəlmək təşəbbüsünə görə CDP-yə minnətdarlığımı bildirmək istərdim. Sabah 100-dən çox şirkətin iştirakı ilə İtaliya-Azərbaycan biznes forumu keçiriləcək. Lakin bu gün mən İtaliyanın ən böyük şirkətləri - İtaliya iqtisadiyyatının aparıcı şirkətləri ilə görüşürəm. Onlardan bəziləri ilə bizim uzun illərdir çox sıx əməkdaşlığımız var. Onlardan bəziləri bizimlə işləməyi planlaşdırır və bu, tamamilə bizim məqsədlərimizə uyğundur.
Mənim İtaliyaya dövlət səfərimin çox böyük əhəmiyyəti var. Prezident, Baş Nazir və Senatın rəhbəri ilə görüşdən sonra deyə bilərəm ki, artıq səfərim uğurlu hesab oluna bilər. Bu, iki il əvvəl Prezident Mattarellanın səfərindən sonra güclənmiş fəal dialoqun davamıdır. O vaxt əldə etdiyimiz razılaşmalar və müzakirə etdiyimiz məsələlər hazırda həyata keçirilmə mərhələsindədir. Mənim səfərim zamanı 20-dən çox sənədin bəziləri artıq imzalanıb və sabah da imzalanacaq. Onlar siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəni və digər sahələr olmaqla, çoxşaxəli məsələləri əhatə edir. Onların arasında mən xüsusilə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, həqiqətən də qarşıdakı uzun illər ərzində bizim sıx əməkdaşlığımızı müəyyən edən çox vacib siyasi sənəddir. Bizim üçün İtaliya, cənab sədrin dediyi kimi, təkcə bir nömrəli ticarət tərəfdaşı deyil, həmçinin Avropada ən yaxın tərəfdaşlarımızdan biridir. Bu vacib tarixi sənədi imzaladıqdan sonra düşünürəm ki, bizim münasibətlərimiz yeni mərhələyə qədəm qoymalıdır.
Layihələrin praktiki olaraq həyata keçirilməsi ilə bağlı deyə bilərəm ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik. Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik. Səfər ərzində burada iştirak edən şirkətlərdən biri ilə çox vacib Anlaşma Memorandumu imzalandı. Bu, “Leonardo” tərəfindən həyata keçiriləcək çox böyük müqavilə olacaq. Bu gün mənim və Baş Nazirin iştirakı ilə bizim Müdafiə nazirliklərimiz arasında sənəd imzalandı. Bu, bizim əməkdaşlığımızda yeni səhifənin açılışı olacaq və bu, çox ümidverici layihədir. Çünki biz müdafiə infrastrukturumuzun müasirləşdirilməsi mərhələsindəyik. Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Ölkənin iqtisadiyyatı sabitdir. Xarici borc çox aşağıdır - ümumi daxili məhsulun 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür. Biz istədiyimiz qədər borc götürə bilərik. Bizim əsas məqsədimiz şaxələndirmədir. TAP tamamlanandan sonra, - ümid edək ki, bu, çox tezliklə olacaq, - düşünürəm ki, biz enerji sektorunda bütün planlaşdırdıqlarımızı tamamlayacağıq. Çünki qeyd etdiyiniz kimi, bu gün biz İtaliyaya əsas neft ixracatçılarından biriyik. Düşünürəm ki, biz birinciyik. Təbii qazın nəqli ilə biz aparıcı ölkələr arasında olacağıq. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur.
Kosmik sənaye sahəsində əməkdaşlığın inkişafı da iqtisadiyyatımızın ümidverici sektorlarından biridir, həmçinin turizm. Azərbaycana gələn İtaliya vətəndaşlarının sayı artmaqdadır. Bir çox digər sektorlar da var. Başqa sözlə, güclü siyasi münasibətlər işgüzar dairələr üçün çox möhkəm zəmin yaradır. Bu güclü siyasi münasibətlər mənim uğurlu səfərim zamanı yenidən gücləndirildi. Ona görə də əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal olan şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik. Bir daha dəvət üçün təşəkkür edirəm. Əminəm ki, bizim müzakirələr zamanı hər iki tərəf üçün faydalı gələcəyimizi planlaşdıracağıq”.
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di Stefano: “Zati-aliləri Prezident Əliyev, CDP-nin sədri cənab Covanni Qorno Tempini, hörmətli qonaqlar. Bu toplantıda İtaliya hökumətini təmsil etmək mənim üçün həqiqətən də böyük şərəfdir və məndə səmimi məmnunluq hissi doğurur. Əvvəla, mən bu işçi naharı və tədbiri təşkil etdiyinə görə CDP-yə minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu tədbir Zati-aliləri Prezident İlham Əliyevin dövlət səfərinin mühüm bir hissəsidir.
CDP qrupu İtaliyanın maliyyə qoludur və şirkətlərə beynəlxalq səviyyəyə çıxmaları üçün maliyyə həlləri təklif edir. Mən İtaliyanın iş adamlarının bu gün azərbaycanlı həmkarları ilə birlikdə çalışdığını görməkdən fəxr duyuram. Mən şəxsən bu dövlət səfərinin təşkili üçün, xüsusilə Azərbaycanla ikitərəfli əlaqələrə yardımçı olmaq məqsədilə çox səy göstərmişəm. Keçən ay mən Energetika naziri cənab Pərviz Şahbazovla birlikdə ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün böyük nəticələr vermiş iqtisadi əməkdaşlıq üzrə beşinci İtaliya-Azərbaycan Birgə Komissiyasına həmsədrlik etdim. Bizim qarşılıqlı ticarət mübadiləmiz ölkələrimizin iqtisadiyyatının bir-birini tamamlamasını nümayiş etdirir. Bizim demək olar ki, altı milyard avro məbləğində ticarət dövriyyəmiz olmuşdur. Mən prezident Tempininin artıq dedikləri bütün rəqəmləri və yaxşı əməkdaşlığı bir daha qeyd etməyəcəyəm. Lakin onu demək istəyirəm ki, Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru kəmərləri ilə artıq gerçəkləşən ən böyük imkanlar həqiqətən münasibətlərimizə təkan verəcək. Bu, “Şahdəniz” qaz yatağı ilə bağlantı sayəsində mümkün olacaq. Bu, bizə 2 milyard avro dəyərində, - bu rəqəm qeyd edilməmişdir, - əlavə ticarət dövriyyəsini gətirəcək. Bu rəqəm və layihələr hökumətlərimiz tərəfindən edilmiş spesifik, dəqiq siyasi seçimlərdir. Buna görə də düşünürəm ki, bizi bir-birimizə bağlayan dostluq münasibətlərində bu seçimlər qarşılıqlılıq prinsipi ilə bağlı gözləntiləri daha da yüksəldir.
Mən çox şadam ki, cənab Prezident, Siz bunu çox aydın qeyd etdiniz. Qarşılıqlılıq prinsipi dedikdə iki ölkə arasında, həmçinin qaz sənayesindən kənarda olan sahələrdə qarşılıqlı əməkdaşlığı daha da artırmaq üçün imkanları nəzərdə tuturam. Fakt etibarilə, italyan şirkətləri infrastrukturun inşası, maşınqayırma sənayesi sahələri ilə yanaşı, eyni zamanda, təyyarələr, helikopterlər, hava məkanı, kibertəhlükəsizlik və bir çox digər sahələrdə fəaliyyəti ilə seçilirlər. Onların bir çoxunu bu gün bu masanın ətrafında əyləşənlər arasında görürəm. Bizim İtaliyadakı bütün bu aparıcı lider şirkətləri ilə müntəzəm əlaqələrimiz var. Mən əminəm ki, siz son bir neçə ildə onların fəaliyyətindən faydalanmısınız və gələcəkdə də faydalanacaqsınız. Buna görə də burada olduqları üçün onlara təşəkkürümü bildirirəm.
Biz sizə nə nümayiş etdirmək istəyirik. Məlumdur ki, İtaliya şirkətləri bütün dünyada yüksək reytinqə malikdirlər. Lakin onları fərqləndirən cəhət odur ki, onlar həqiqətən komanda şəklində çalışa bilir və bizim şirkətlər xaricdə fəaliyyət göstərdikdə biz onlarla birlikdə italyan sistemini tətbiq edirik. Bugünkü tədbirə görə mən şəxsən azərbaycanlı dostlara minnətdarlığımı bildirirəm. Əminəm ki, imzalanmış anlaşma memorandumları və qarşımızdakı imkanlar sayəsində biz gələcəkdə daha da böyük əməkdaşlığa nail ola biləcəyik. Nümayiş etdirmək üçün daha da böyük potensial mövcuddur. Mən əminəm ki, bu səfər və sabah keçiriləcək biznes forum bu imkanlara təkan verəcək. Beləliklə, bir daha Sizə və CDP-yə təşəkkür edirəm”.
İşçi naharda iştirak edən şirkət rəhbərləri Azərbaycanda həyata keçirdikləri fəaliyyətləri barədə məlumat veriblər, həmçinin ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
* * *
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.
Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinə dəvət olunmasına görə təşəkkürünü ifadə edib. Dövlətimizin başçısı bildirib ki, səfər çərçivəsində bu gün imzalanan və sabah imzalanacaq sənədlərin sayı 25-dən çoxdur. İmzalanan sənədlər içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu bəyannamə təsdiq edir ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. İtaliya iqtisadi sahədə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Səfər çərçivəsində keçiriləcək biznes forumda aparılacaq müzakirələr və əldə olunacaq razılaşmalar ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasına təkan verəcək. Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşür. Hazırda Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollardan artıqdır. TAP layihəsinin başa çatmasından sonra bu rəqəmin daha da artması gözlənilir. TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazı İtaliya bazarına daxil olacaq.
Dövlətimizin başçısı bildirib ki, parlamentlərarası əlaqələr əməkdaşlığımızda çox mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirilib. Azərbaycan və İtaliya parlamentləri beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İtaliyanın mövqeyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamədə İtaliyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına ifadə olunan dəstəyinin, münaqişənin BMT və ATƏT-in müvafiq sənədləri əsasında həllinə dair mövqeyinin təqdir olunduğunu qeyd edib. Həmçinin İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək dəyərləndirilib.
Deputatlar Palatasının sədri Roberto Fiko Azərbaycan ilə İtaliya arasında əlaqələrin dostluq xarakteri daşıdığını qeyd edib. O, Azərbaycanın İtaliyanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına və dərinləşməsinə ciddi təkan verəcəyini bildirib.
Dövlətimizin başçısı Roberto Fikonu Azərbaycana səfərə dəvət edib. Deputatlar Palatasının sədri münasib vaxtda ölkəmizə səfər etmək arzusunda olduğunu deyib. O, əminliyini bildirib ki, sabah keçiriləcək biznes forum, imzalanacaq sənədlər İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək. Deputatlar Palatasının sədri qeyd edib ki, İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakı onların texniki biliklərinin ölkəmizə ötürülməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

 
  • Oxunub:  6810  |  
  • Tarix:  21-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır
31 Mart 11:54
Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”
31 Mart 11:51
Xaçmazda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrılıb
31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA