Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq...
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq...

Dövlətimizin başçısı Kürdəmir rayonuna səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib: “Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi, Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu-Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Əvvəllər ona heç yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında gözəl asfalt örtüklü yoldur. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. Bu fotoşəkillərdə yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü yoldur.
İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da 70-80 il torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş körpünü də bərpa etmişik.
Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.
Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir”.
Prezident İlham Əliyev: Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq.
Saleh Məmmədov: Bu il də Sərəncamınız var, cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda yolun tikintisinə artıq başlanılıb. Sərəncamlarda həmin yolların tikintisinin 2023-cü ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Prezident İlham Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb.
Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.
Prezident İlham Əliyev: Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının da açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Müəssisənin rəhbəri Ramazan Mirzəyev dövlətimizin başçısına aqroparkın fəaliyyət istiqamətləri barədə məlumat verib.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Dövlətimizin başçısına istehsal olunacaq məhsulların nümunələri təqdim edilib.
Prezident İlham Əliyev müəssisənin imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Dövlətimizin başçısı mərkəzin açılışını edib.
Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.
Prezident İlham Əliyevə dövlət satınalmalarının vahid internet portalı barədə də məlumat verilib.
Tanışlıq zamanı dövlətimizin başçısına “ASAN Tranzit” Sistemi barədə də ətraflı məlumat verilib.
Sonra ASAN könüllüləri reallaşdırdıqları layihələr barədə məlumat veriblər.
ASAN könüllüsü Emiliya Bayramova deyib: “Möhtərəm cənab Prezident, Kürdəmir regional “ASAN xidmət” mərkəzinə xoş gəlmisiniz. Mən artıq 3 ildən çoxdur ki, “ASAN Könüllüləri” Təşkilatında fəaliyyət göstərirəm. Cənab Prezident, əvvəlcə 2020-ci ili bizim ilimiz elan etdiyiniz üçün bütün ASAN könüllüləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Bu gün biz Sizə ASAN könüllülərinin fəaliyyəti haqqında məlumat verəcəyik. Cənab Prezident, Sizin dəstəyiniz və xeyir-duanızla 15 nəfərlə fəaliyyətə başlayan ASAN könüllülər hərəkatının artıq 22 mindən çox məzun könüllüsü var. “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti iki mərhələdən ibarətdir. Birinci mərhələdə könüllülər müxtəlif sənədləşmə prosedurlarında, dövri rəy sorğularında, xidmətyönümlü təlimlərdə və mərkəzlərin ümumi fəaliyyətində yaxından iştirak edirlər. Növbəti mərhələdə isə onlar artıq öz ixtisaslarına uyğun olaraq müxtəlif təcrübələrə cəlb olunurlar.
Cənab Prezident, təbii ki, fəaliyyətimiz bununla yekunlaşmır. ASAN könüllülərinin işlə təmin olunmasına dəstək məqsədilə “ASAN kadr” karyera mərkəzini yaratmışıq. Karyera mərkəzi daxilində asankadr.az veb-portalı mövcuddur ki, könüllülər və işəgötürənlər arasında körpü rolunu oynayır. Bu günədək portal vasitəsilə 1400 ASAN könüllüsü işlə təmin olunub, onlardan 446-sı isə “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarıdır.
Cənab Prezident, xüsusilə qeyd edim ki, asankadr.az veb-portalı artıq BMT-nin Könüllülər Proqramına uğurlu layihə kimi daxil edilib.
Sonda mən vurğulamaq istərdim ki, Sizin bizə daimi dəstəyinizə cavab olaraq dövlətimizin dayanıqlı inkişafı üçün daha səylə çalışacağımıza söz veririk. Diqqətiniz üçün təşəkkür edirəm, könüllülərin könlü daim Sizinlədir”.
Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm.
ASAN könüllüsü Rza Əliyev deyib: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan, əvvəla Sizi salamlayıram. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. “ASAN Könüllüləri” Təşkilatı fəaliyyətə başladığı ilk dövrdən vətənpərvərlik mövzusunda layihələrin həyata keçirilməsinə xüsusi önəm vermişdir. Sizin bizimlə görüşlərinizdə daim vurğuladığınız kimi, Azərbaycan gəncliyi milli, vətənpərvər ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır. Biz də Sizin bu fikirlərinizi rəhbər tutaraq, dövlətimizin bu sahədə gördüyü işlərə dəstək olmaq məqsədilə 92 layihə, 5 hərbi vətənpərvərlik düşərgəsi həyata keçirmişik. Bu layihələrdə, ümumilikdə, 9 minə qədər gənc iştirak edib. Genişmiqyaslı layihələrdən “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi və “Əsgərə məktub” layihələrini misal göstərmək olar. “Hərbiyyə” düşərgəsi, ümumilikdə, 5 dəfə keçirilib və 500-ə qədər gənc bu layihələrdə iştirak edib. Marağın həddən artıq çox olması 2019-cu ildə bu layihəni 3 dəfə keçirməyimizə səbəb oldu. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu düşərgədə gənclər ilkin hərbi təcrübəyə cəlb olunur, hərbi hazırlıqlar keçirlər.
Şanlı Aprel zəfəri zamanı bizim təşəbbüsümüzlə yaranan “Əsgərə məktub” layihəsi isə dövlətimiz tərəfindən hər bir maddi, hərbi resursla təmin olunan əsgərlərimizə mənəvi dəstək göstərmək məqsədilə yaranıb və hazırda da davam etməkdədir. Cəbhə bölgəsində xidmət edən əsgərlərimizə vətəndaşlarımız tərəfindən yazılmış 80 minə qədər məktub çatdırılıb.
Cənab Prezident, Sizin tapşırığınızla 2018-ci ildən “ASAN xidmət” mərkəzləri yerləşən regionlardakı Heydər Əliyev mərkəzlərində ASAN könüllüləri öz fəallığı ilə seçilirlər. Belə ki, 8 mindən çox ASAN könüllüsü 5 mindən çox layihədə iştirak edib. O layihələrin əsas məqsədi Azərbaycançılıq ideologiyasının, Ulu Öndərin siyasi kursunun öyrədilməsi və öyrənilməsidir. Bundan başqa, mərkəzlərdə könüllülərimiz vaxtlarını səmərəli keçirmək üçün digər təlimlərdə iştirak edirlər. Bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə xüsusi təşəkkürümüzü bildiririk”.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
ASAN könüllüsü Nicat Rəşidov deyib: “Möhtərəm cənab Prezident. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. Diqqətinizə çatdırmaq istəyirəm ki, ASAN könüllüləri mərkəzlərdəki fəaliyyətlərini bitirdikdən sonra təşkilat tərəfindən icra olunan layihələrdə fəal iştirak edirlər. İlk olaraq qeyd edim ki, şəxsi inkişaf haqqında 220-dən artıq layihə icra edilib. Bu layihələrdə 45 mindən çox gənc əhatə olunub. Misal üçün, təhsil sahəsində olan bacarıqların artırılması məqsədilə “ASAN akademiya” layihəsi, regionlarda könüllülüyün geniş təşviqi üçün “Könüllülər Yurdu - Azərbaycan”, gənclərin siyasi biliklərinin artırılması məqsədilə “Könüllülər Parlamenti - Azərbaycan”, həmçinin onların dünyagörüşünün və natiqlik bacarıqlarının inkişafı üçün “SMM Business Breakfast”, “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası”, “AVO MUN”, “Natiqlik çempionatı” layihələri həyata keçirilib. Bildiyiniz kimi, 2019-cu ildə Azərbaycan BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi edib. Məhz bu tədbirdə də biz ASAN könüllüləri olaraq təşkilatçılıqda yaxından iştirak etmişik.
Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, ekoloji məsuliyyət sahəsində də ASAN könüllüləri IDEA İctimai Birliyi ilə birlikdə 400-dən çox ekoloji tədbir və maarifləndirmə aksiyası həyata keçirib. Bu aksiyalarda minlərlə gənc iştirak edərək, cəmiyyətimizə töhfələrini əsirgəməyiblər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, “Yaşıl ASAN” proqramı çərçivəsində 1500 ton kağız təkrar emala verilib və 17 mindən çox ağacın kəsilməsinin qarşısı alınıb. Həmçinin bizim təşəbbüsümüzlə reallaşdırılan “Əcnəbi könüllülər” layihəsi çərçivəsində Niderland, Böyük Britaniya, Çin və Hindistan kimi 17 fərqli ölkədən onlarla gənc Azərbaycanda ASAN könüllüsü adını qazanıb. Diqqətiniz üçün təşəkkür edirəm”.
Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun.
ASAN könüllüsü Roza Qocayeva deyib: “Möhtərəm cənab Prezident, Sizi salamlayıram. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. Sizə “ASAN Məktub” sosial proqramı haqqında məlumat vermək istərdim. Bu proqram 2015-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan uşaqların arzularını gerçəkləşdirmək üçün nəzərdə tutulub. Dördillik fəaliyyətimiz dövründə 30-dan çox bölgədə olmuş və 4 minədək uşağın arzusunu reallaşdırmışıq. Onu da qeyd etmək istərdim ki, “ASAN Məktub” uğurlu layihə kimi, BMT-nin Könüllülük Proqramına daxil edilib. Bununla yanaşı, ASAN könüllüləri sosial işlərlə yanaşı, mədəniyyət sahəsində də öz bacarıqlarını nümayiş etdirirlər. Bu sahədə bizim “Mədəniyyət carçısı” proqramını xüsusi vurğulamaq istərdim. İkiillik fəaliyyəti dövründə 50-dən çox teatr tamaşası səhnələşdirilib. Bu tamaşalarımız beş mindən artıq gənci əhatə edib.
Çox təşəkkür edirəm, cənab Prezident”.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Daha sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “ASAN xidmət” mərkəzinin əziz əməkdaşları, əziz könüllülər. Mən sizi ürəkdən salamlayıram, sizi Kürdəmir “ASAN xidmət” mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Bildiyiniz kimi, mənim Sərəncamımla bu il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. İndicə mənə stendlər üzrə edilən təqdimat bir daha onu göstərir ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir.
Könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.
Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış - bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, könüllülər Azərbaycan cəmiyyətində çox böyük rəğbətlə qarşılanırlar, o cümlədən “ASAN xidmət” mərkəzlərində. Siz - könüllülər və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları bunu görürsünüz, bilirsiniz. Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur.
Bir daha demək istəyirəm ki, xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar “ASAN xidmət”də özünü büruzə verir. Bax, bu istiqamətdə inkişaf edən ölkəmiz uğur qazana bilər. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, xüsusilə gənclərə müraciətim odur ki, biz bundan sonra da həm dövlət quruculuğu işində, həm ictimai proseslərdə, həm də islahatların aparılmasında əsas dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub və eyni zamanda, bizim dövlətimiz müasirdir, dünyəvidir, gələcəyə uğurla getmək üçün hazırdır və beynəlxalq əməkdaşlığa açıqdır. Bax, bütün bu amillərin sintezi bizim uğurlarımızı şərtləndirir. Xüsusilə gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alanda onlar gələcəkdə də ölkə maraqlarını ləyaqətlə müdafiə edə biləcəklər.
Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, bu, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir.
Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır.
Ancaq bununla bərabər, biz qapalı şəraitdə yaşaya bilmərik. Dünyada, regionumuzda gedən proseslər əlbəttə ki, bizə də təsir göstərir. Əfsuslar olsun ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri - bütün bu mənfi meyillər, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir. Ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq. Nəzərə alsaq ki, ölkə daxilində risklər yoxdur, - nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər, - bütün mümkün olan problemlər kənardan gələ bilər. Həm ideoloji təxribat, - bu barədə mən artıq öz sözümü dedim, - həm də ki, başqa təxribatlar. Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin. Nə qədər ki, mən bu vəzifədəyəm Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək. Elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər öz fəaliyyətlərini bu istiqamətdə qursunlar və təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar. Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var.
Baxın, başqa ölkələrə, onlar böyük dövlətlərin təsiri altına düşmüşlər. Onların gününə baxın, orada vətəndaş müharibələri, kütləvi itaətsizlik baş alıb gedir, siyasi və iqtisadi böhran davam edir. O ölkələr faktiki olaraq xarici idarəetmə altındadırlar və öz müstəqilliyini kiminsə sərəncamına vermişlər. Amma biz ləyaqətli siyasət aparırıq. Mən həmişə demişəm ki, Azərbaycan dövlətinin taleyi xalqımızın əlindədir. Biz, nəhayət ki, müstəqil dövlət kimi yaşayırıq və heç kimdən asılı deyilik. Amma tariximizi də yaxşı bilirik. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin tarixi də birmənalı deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi və bizim qürur mənbəyimizdir. Çünki müsəlman aləmində ilk dəfə məhz Azərbaycan xalqı demokratik respublika yaratmışdır, qəbul edilmiş qanunlar və planlar, onların niyyəti ölkəmizin uğurlu inkişafını şərtləndirə bilərdi. Ancaq o da həqiqətdir ki, iki il ərzində Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. O da həqiqətdir ki, o vaxt xarici ekspedisiya korpusu Bakıda hökmranlıq edirdi, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini tanımırdı. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri məcbur olub o ekspedisiya korpusunun generalları ilə müzakirələr aparıblar ki, müstəqil siyasət yürüdə bilsinlər. Bu proses də böyük çətinliklərlə baş verirdi.
Ona görə indiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır. Tarixçilər bunu yaxşı bilirlər. Biz də bunu qiymətləndirməliyik.
Tale 1991-ci ildə bizə yeni bir şans verdi. Biz bu şansı itirə bilərdik və əslində, itirirdik. Çünki 1990-cı illərin əvvəllərində gedən proseslər ölkəmizi məhvə aparırdı. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan bütün o bəlalardan canını qurtardı və inkişaf yoluna qədəm qoydu, müstəqillik yoluna qədəm qoydu. Bu gün biz bu yolla gedirik və gedəcəyik.
Bu gün “ASAN xidmət” mərkəzinin açılışında sizinlə görüş əsnasında, sadəcə olaraq, bu fikirlərimi bölüşmək istədim. Çünki istəyirəm ki, siz də biləsiniz mənim fikirlərimi, Azərbaycan xalqı da bir daha eşitsin bizim niyyətimiz nədir, siyasətimiz nədir və yolumuz nədir. Bir daha demək istəyirəm ki, “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi. Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, bir layihə deyil, bu, siyasətdir, hərəkatdır, bu, niyyətdir. Baxın, bu gün Azərbaycanın hər bir sahəsində islahatlar aparılır - siyasi sahədə, iqtisadi sahədə, struktur islahatları, kadr islahatları. Nazirlər Kabineti yenidən formalaşdı, Prezident Administrasiyası da həmçinin. Parlament yenidən formalaşır. Bir neçə gün bundan əvvəl parlament seçkiləri keçirildi. İqtisadi sahədə şəffaflıq təmin edilir. Bu şəffaflıq hesabına təkcə keçən il bir milyard manatdan çox vəsait dövlət xəzinəsinə daxil edildi və bu vəsait son qəpiyinə qədər vətəndaşların pensiyalarının, maaşlarının artırılmasına getmişdir. Bu ilin yanvar ayında xəzinəyə proqnozdan əlavə 160 milyon manat daxil edildi. Biz bunu da sosial layihələrə xərcləyəcəyik. Bir ayda 160 milyon manat o deməkdir ki, təqribən indi bunu 12 aya vursaq, - düzdür, burada çox da sadə yanaşmaq olmaz, - amma hər halda bu, bir meyildir.
Bütün bu işlər ölkəmizi gücləndirir. Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu.
Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.
Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı “sərbəst toplaşmaq azadlığı təmin olunmayıb” ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə.
Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab vermişdir. Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir. İslahatların növbəti mərhələsi 2018-ci ildə başlamışdır. Prezident seçkilərindən sonra mənim tərəfimdən elan edilmişdi ki, biz yeni dövrə qədəm qoyuruq. Bu istiqamətdə ardıcıl olaraq fəaliyyətimiz davam etdirildi və qeyd etdiyim məsələlər də bunun sübutudur.
Mənim gənclərlə görüşlərim müntəzəm olaraq keçirilir. Hər dəfə gənclərlə görüşəndə çox sevinirəm ki, Azərbaycan gəncləri həm vətənpərvərdirlər, həm biliklidirlər, savadlıdırlar, zahirən gözəldirlər. Sizə uğurlar arzulayıram. Sizin fəaliyyətiniz “ASAN xidmət”də başlayır və davam edir. Bu, çox gözəl məktəbdir. Əminəm ki, burada topladığınız biliklər gələcəkdə sizə kömək göstərəcək və siz ölkəmizin gələcək inkişafında öz sözünüzü deyəcəksiniz. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.
Könüllü Ülkər Şirinova: Cənab Prezident, Sizin dəstəyiniz və təşəbbüsünüzlə Azərbaycanda könüllülük fəaliyyəti geniş şəkildə yayılıb. Biz region gəncləri də ASAN könüllülərinin sosial, ictimai, mədəni, ekoloji tədbirlərini, layihələrini hər zaman yaxından izləmişik. Biz region gənclərinin də arzusu olub ki, könüllülük fəaliyyətinə qoşulaq və bir könüllü kimi xalqımıza, millətimizə heç bir maddi maraq güdmədən xidmət edə və xeyirxah əməllərimizi vətəndaşlarımıza çatdıra bilək.
Siz bu gün rayonumuzda “ASAN xidmət” mərkəzini açaraq mən və mənimlə yanaşı, neçə gəncimizi arzumuza çatdırmış oldunuz. Biz bu gün Sizin qarşınızda könüllü kimi çıxış edirik, könüllü kimi dayanmışıq. Cənab Prezident, biz buna görə bütün könüllülərimiz adından Sizə təşəkkürümüzü bildiririk. Həmçinin 2020-ci il “Könüllülər ili”dir. “Könüllülər ili”ndə Sizin qarşınızda könüllü kimi çıxış etmək biz könüllülərə ayrı bir stimul verir və bizim üçün ikiqat bayramdır.
Cənab Prezident, bütün könüllülərimiz adından Sizi əmin edirəm ki, biz üzərimizə düşən vəzifənin, məsuliyyətin fərqindəyik və regionumuzun sosial, ictimai, mədəni, ekoloji tədbirlərində daha yaxından iştirak edəcəyik, region gənclərinin fərdi inkişafında böyük rol oynayacağıq və Sizin görəcəyiniz bütün işlərin fəal iştirakçısı olacağıq. Bunun üçün biz bütün könüllülər adından Sizə söz veririk.
Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm.
Mərkəzin əməkdaşı Xəyalə Babayeva: Möhtərəm cənab Prezident, Sizi bütün Kürdəmir gəncləri adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz. Mən Kürdəmir rayonunda anadan olmuşam. Bakıda təhsil alarkən “ASAN xidmət” mərkəzində könüllü olmuşam. Könüllü olduğum müddətdə orada yaratdığınız şəraiti, imkanları, vətəndaşlara münasibəti və xidməti fəaliyyətin bu qədər yüksək olduğunu görüb həmişə arzu etmişəm ki, rayonumuzda da “ASAN xidmət” mərkəzi açılsın. Nə xoş haldır ki, bu gün rayonumuzda Sizin təşəbbüsünüzlə “ASAN xidmət” mərkəzi açılıb və biz də gənclər olaraq burada iştirak edirik.
Cənab Prezident, 2020-ci ili “Könüllülər ili” elan etmisiniz. Mən də hesab edirəm ki, bu il mənim ilimdir. Çünki həm könüllü olmuşam, həm də Sizin sayənizdə işçi kimi qarşınızda çıxış edirəm. Bu, mənim üçün çox qürurverici haldır.
Mərkəzimizdə 259 əməkdaş fəaliyyət göstərir. Xidmət fəaliyyətimiz təkcə Kürdəmiri deyil, Ağsu, Ucar, Zərdab, Göyçay və Hacıqabul rayonlarını da əhatə edir.
Cənab Prezident, hər zaman qeyd etdiyiniz kimi, dövlət qulluqçuları vətəndaşlara xidmətdə daim onların qulluğunda olmalıdırlar. Bizim mərkəzimizdə yaratdığınız bu imkanlardan, bu şəraitdən yararlanaraq demək istəyirik ki, biz də öz fəaliyyətimizi layiqincə yerinə yetirəcəyimizə söz veririk. Rayonumuzda belə gözəl şərait yaratdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Sağ olun.
“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova: Möhtərəm cənab Prezident, bu gün burada bir Azərbaycan gənci kimi, eləcə də ASAN könüllüləri adından çıxış etmək mənim üçün qürurvericidir. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə qüdrətli, öz gücünə güvənən, müstəqil siyasət yürüdən bir ölkədir. Bu gün dünyanın müxtəlif yerlərində, müxtəlif ölkələrdə insanlar cinayətlərin, bomba səslərinin qorxusu ilə yaşadığı bir vaxtda Azərbaycan gənci xurafatdan, radikalizmdən, cəhalətdən uzaq, Vətənə, təhsilə bağlı şəkildə, dünyagörüşlü, savadlı, müasir gənc olaraq yetişdirilir. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan gənci küçələrdə deyil, Azərbaycan gənci təhsil müəssisələrindədir, Azərbaycan gənci startap biznesindədir və eləcə də könüllü kimi fəaliyyət göstərir. 2012-ci ildə ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı gündən etibarən biz daim Sizin dəstəyinizi öz üzərimizdə hiss etmişik. Biz gənc könüllülər “Əsgərə məktub” layihəsi ilə cəbhədə əsgərimizin yanında, “ASAN məktub”la uşaqların qəlbində, dərin mədəni irsə malik Vətənimizdə mədəniyyət carçıları olaraq vətəndaşların önündə, “Yaşıl ASAN”la təbiətin keşiyindəyik. Həmçinin onu qeyd edim ki, bu gün ölkəmizdə “Könüllülüyün yaşı yoxdur” şüarı da heç kəsi təəccübləndirmir. Bu gün artıq ASAN könüllülərinin sırasına pensiya yaşına çatmış şəxslər də qoşulur və bununla da yaşından, sosial statusundan asılı olmayaraq, hər bir vətəndaş xalqımıza ən uğurlu şəkildə xidmət etməyi, cəmiyyətimizin inkişafı üçün könüllü olmağı özünə borc bilir.
Möhtərəm cənab Prezident, çox şadıq ki, bizim fəaliyyətimiz dövlətimiz tərəfindən də çox yüksək qiymətləndirilir. Həm Siz, həm də hörmətli Mehriban xanım sosial fəal gənclərə nəinki dəstək olursunuz, həmçinin müxtəlif tədbirlərdə birbaşa olaraq özünüz də iştirak edirsiniz. Bunun biz gənclərə verdiyi yüksək motivasiyanı heç nə ilə əvəz etmək mümkün deyil. Bu ilin də məhz könüllülərə həsr edilməsi Sizin və Mehriban xanımın biz gənclərə ayırdığı diqqət və qayğının bariz nümunəsidir. Könüllülərə verdiyiniz dəyər gənclərin və ümumilikdə, cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rol oynayır. Bildirmək istərdik ki, bundan sonra da fəaliyyətimiz boyunca apardığınız gənclər siyasətinin bir parçası olaraq hər zaman etimadınızı doğruldacaq, cəmiyyətimizin, gənclərimizin fərdi inkişafına təkan verəcək, gənclərin potensiallarından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə edəcək, öyrəndikcə öyrədəcək, inkişaf etdikcə digərlərinin də inkişafı üçün çalışacaq, Vətənə və vətəndaşlara olan sevgimizi yüksək tutacaq, azərbaycanlı adını layiqincə daşımağa çalışacağıq, Vətənə olan sevgimizi hər zaman yüksək intellekt, sülhsevərlik, bilik, eləcə də birlik və bərabərliyimizlə ifadə edəcəyik. Diqqətinizə görə minnətdaram.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bildirməliyəm ki, bu, sayca 17-ci “ASAN xidmət” mərkəzidir. Şadam ki, bu mərkəz Kürdəmirdə açılır və kürdəmirli gənclər burada fəaliyyət göstərirlər. “ASAN xidmət” mərkəzlərinin açılışı, eyni zamanda, yüzlərlə iş yerinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda bütün mərkəzlərdə 4 mindən çox əməkdaş var. Bu mərkəzdə 250-dən çox əməkdaş və 45 könüllü fəaliyyət göstərir. Növbəti mərkəzin məhz Kürdəmirdə fəaliyyətə başlaması da təsadüfi deyil. Kürdəmir çox önəmli və böyük potensiala malik olan rayondur, əhalisi də çoxdur, ölkəmizin demək olar ki, mərkəzində yerləşir. Ona görə regional mərkəz kimi məhz Kürdəmirin seçilməsi hesab edirəm ki, düzgün qərar idi. Bu mərkəz 6 rayonun vətəndaşlarına xidmət göstərəcək. Ancaq Siz də yaxşı bilirsiniz ki, indi istənilən rayon sakini istənilən mərkəzdə istənilən xidməti ala bilər.
Kürdəmir rayonunun inkişafına bundan sonra da diqqət göstəriləcək. Bu gün rayonda bir neçə obyektin açılışında iştirak edirəm, o cümlədən yolun açılışı olub. Kənd yollarının vəziyyəti çox acınacaqlı idi. Son vaxtlar bu sahəyə böyük diqqət göstərildi və yolların 50 faizi yenidən quruldu. Mənə bu gün göstərilən təqdimatdan da məlum oldu ki, yolların əvvəlki vəziyyəti dözülməz idi. Orada heç asfalt da, çınqıl da yox idi, torpaq idi. Yağış yağanda o yollar keçilməz olurdu. İndi biz yolların 50 faizinin təmirinə nail olmuşuq. Ancaq hesab edirəm ki, dördüncü regional inkişaf proqramının 2023-cü ildə başa çatması nəticəsində Kürdəmir rayonunda bir dənə də təmirsiz yol qalmayacaq.
Mən Prezident kimi 15 il bundan əvvəl birinci dəfə Kürdəmirə gələndə rayonda qazlaşdırma demək olar ki, yox idi. Gənclər yəqin ki, bunu xatırlamır. Ancaq bu gün Kürdəmir rayonunda qazlaşdırma 98 faizə çatıb. Yəni, bir neçə kənd qalıb ki, orada hələ qaz xətləri çəkilməyib, biz onu da edəcəyik. Elektrik enerjisi ilə bağlı çox böyük problemlər var idi, həm fasilələr olurdu, həm də enerji çatmırdı. İndi isə bu problem yoxdur. 2013-cü ildə mənim iştirakımla Kürdəmir şəhərində içməli su layihəsinin açılışı oldu və Kürdəmir şəhəri təmiz, dünya standartlarına cavab verən su ilə təmin edildi. Bununla bərabər, 43 modul tipli təmizləyici qurğu inşa edilmişdi ki, çay boyunca yerləşən kəndlərin camaatı da təmiz içməli su ilə təmin edilsin. Hazırda Kürdəmir şəhərində kanalizasiya layihəsi icra edilir. Mənə verilən məlumata görə, icra 20 faizdir və yəqin ki, yaxın 1-2 il ərzində bu problem də öz həllini tapacaq.
“Azərxalça”nın fabriki bu gün açılır. Bir neçə aqropark fəaliyyət göstərir. Əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının da mənim iştirakımla açılışını etmişik. Olimpiya idman mərkəzi, Gənclər evi inşa edilib. Yəni, belə obyektlərin sayı çoxdur. Otuzdan çox məktəb əsaslı təmir edilib. Amma görüləsi işlər də çoxdur. Ona görə dördüncü regional inkişaf proqramının uğurlu icrası nəticəsində hesab edirəm ki, bir dənə də olsun infrastruktur problemi qalmamalıdır.
İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir. Çünki istəmirəm ki, işsiz adam olsun. İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki əhalimiz artır. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb. Təsəvvür edin, bizim əsas infrastruktur layihələrimiz sovet dövründə icra edilmişdir və onlar təqribən 6-7 milyon əhaliyə hesablanmışdır. Əgər biz son illərdə böyük infrastruktur layihələrini icra etməsəydik, bu gün işıqsız, susuz, qazsız qalacaqdıq. Çünki biz artan əhalini həm işlə, həm ərzaqla, həm də məktəblərlə təmin etməliyik. Hər il əhali 100 min artır. İqtisadi inkişaf buna uyğun olmalıdır. Ona görə bölgələrdə və böyük şəhərlərdə iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. Amma mən tam əminəm ki, biz bütün çağırışlarla bağlı öz siyasətimizi bundan sonra da uğurla aparacağıq. Artan əhali bizim gücümüzdür və eyni zamanda, elə bir amildir ki, bizi daim daha fəal olmağa sövq etməlidir. Artan əhali artan tələbat deməkdir.
Əminəm ki, bundan sonra da Kürdəmir rayonunun inkişafında önəmli addımlar atılacaq və burada proseslər uğurla gedəcək, vətəndaşlar işlə təmin olunacaqlar, həm onların sosial rifahı yaxşılaşacaq və belə gözəl mərkəzlər yaradılacaq. Sizi bir daha təbrik edirəm, sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Həmişə belə gözəl, enerjili, fəal olasınız. Sağ olun.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev “ASAN Həyat” kompleksinin tərkibindəki “ABAD Food Hall”un fəaliyyəti ilə tanış olub, burada nümayiş etdirilən məhsulların nümunələrinə baxıb.
* * *
Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Dövlətimizin başçısı xalçaçılarla görüşüb.
Müəssisənin kollektivini salamlayan Prezident İlham Əliyev deyib: “Sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Şadam ki, Kürdəmir rayonunda da xalça fabriki açılır. Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın iş yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Siz də bu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz. Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır.
Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var. Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq. Burada yaxşı əməkhaqqı ilə təmin olunursunuz, iş şəraiti gözəldir. Son dövrdə “Azərxalça”nın xətti ilə açılmış fabriklərdə demək olar ki, işçilərin hamısı razıdır”.
Xalçaçılar: Biz də razıyıq. Çox sağ olun, minnətdarıq. Allah Sizə ömür versin. Allah Sizi qorusun.
Xalçaçı Yemən Abdurəhmanova: Cənab Prezident, rayonumuza, müəssisəmizə xoş gəlmisiniz. Biz böyük şərəf hissi ilə, böyük qürurla Sizi gözləyirdik. Biz sevinirik ki, bizimlə görüşə gəlmisiniz. Mən Kürdəmir rayonunun bütün ziyalı qadınlarının, ağbirçək anaların, toxucularımızın adından Sizə dərin minnətdarlıq hissimi bildirirəm. Sizi, ailənizi, övladlarınızı, nəvələrinizi öpürəm, cənab Prezident. Allah Sizə uzun ömür, cansağlığı versin. Ümummilli Liderimiz Heydər Əliyevin irsini axıra qədər davam etdirəsiniz.
Hörmətli Prezident, gün o gün olsun ki, Siz Qələbə günü haqqında Sərəncam imzalayasınız, biz qurbanlarımızı kəsək.
Cənab Prezident, üzr istəyirəm, bəlkə çox danışıram. Kürdəmirdə xalça fabriki keçən əsrin 30-cu illərindən fəaliyyətə başlayıb. Bizim analarımız, nənələrimiz bu işi davam etdirdilər, biz də davam etdirmişik. 1989-cu ildə Kürdəmirdə xalça fabriki açılıb. Bütün qızları yığmışıq. Əvvəllər təkcə Kürdəmirin Şilyan kəndində var idi. Kürdəmir şəhərinin özündə xalça fabriki açılandan sonra Yenikənd, Köhnəbazar, Köhünlü, Şilyan kəndlərində sexlər yaratmışdıq. Ancaq o sexlərlə bu sexlər arasında yerlə göy qədər fərq var. Texniki avadanlıqlarımızda da, çeşnilərimizdə də, mallarımızın satılmağında da yeni sexlərin çox böyük rolu var. Mən toxucu qızlarla gəlib görüşəndə deyirəm, yadınızdadır o işlədiyiniz vəziyyət? Bizim indiki gözəl emalatxanamız bütün Avropa standartlarına uyğun qurulub. Allah Prezidentimizin də, Mehriban xanımın da canını sağ etsin. Siz biz qadınların sənətinə qiymət verir, bu sənəti yaşadırsınız. 2001-ci ildən sonra fabrik dayandı. Mən bir xalça mütəxəssisi kimi qadınların arasına çıxanda sual veriləndə ki, Yemən müəllimə, xalça fabriki niyə işləmir? Mən utanırdım cavab verməyə. İndi böyük qürur hissi duyuram.
Cənab Prezident, təkcə xalçaçıların yox, Kürdəmirin bütün ağbirçəkləri adından Sizə təşəkkürümü bildirirəm. Şəhərlə kənd arasında fərqi götürmüsünüz. Kəndlilər də qaz yandırır, kəndlilər də fasiləsiz elektrik enerjisi ilə, su ilə təmin olunub.
Cənab Prezident, 2017-ci ilin may ayında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ildönümü ilə əlaqədar Siz məni qabaqcıl xalça mütəxəssisi kimi “Tərəqqi” medalı ilə təltif etdiniz. Mən konfransda da dedim ki, bütün toxucular, bütün Kürdəmir toxucuları eşitsin. Bu medal tək mənə aid deyil, bu medal bütün toxuculara aiddir.
Bu gün şəhərimizdə “ASAN xidmət” mərkəzi açılıb. Bütün inzibati binalar tikilib. Hansı inzibati idarəyə, hansı təşkilata gediriksə, xoş üzlə qarşılanırıq, yaxşı yola salınırıq. Bunların hamısı Sizin sayənizdədir. Bunu heç kim unuda bilməz.
Cənab Prezident, biz şəhərə gəlmək üçün Şilyan kəndindən saat yarıma çıxa bilmirdik. İndi beş dəqiqəyə Şilyan kəndinin ən ucqar yerinə çata bilirik. Mən Sizi bütün ağbirçək analar adından öpürəm, Sizə təşəkkür edirəm, Sizə minnətdarlıq edirəm. Allah atanızı, ananızı cənnətlik etsin, ruhları şad olsun. Onların ruhları Sizə həmişə dayaq olsun. Mən bütün ağbirçək analar adından Sizi öpürəm, övladlarınızı öpürəm, Mehriban xanımı öpürəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Xoş sözlərə görə təşəkkür edirəm.
Yemən Abdurəhmanova: Çox sağ olun. Ürəkdən gələn sözlərdir, səmimi sözlərdir.
Prezident İlham Əliyev: Bilirəm. Tamamilə haqlısınız. Kürdəmir rayonunda son vaxtlar çox böyük dəyişikliklər oldu. Mən bu gün “ASAN xidmət” mərkəzinin açılışında dedim ki, Prezident kimi Kürdəmirə ilk dəfə 2005-ci ildə gəlmişdim. O vaxt işıqla bağlı problem var idi. Yollar demək olar ki, yox idi, qazlaşdırma yox idi, su da yox idi, iş yerləri də yox idi. Ona görə kompleks tədbirlərin görülməsi nəticəsində biz bütün bu məsələləri tədricən həll etdik. İlk növbədə, elektrik enerjisi ilə təminat, ondan sonra Kürdəmirin bütün kəndlərində qaz olmalıdır. Cəmi iki kənd hələ ki, qazlaşdırılmayıb. O da bu il və ya gələn il olacaq. Beləliklə, 100 faiz qazlaşdırma olacaq. Yolların da yarısı, 50 faizi təmirlidir. Qalan 50 faizini isə biz 2023-cü ilə qədər tam təmir edəcəyik. Kürdəmir şəhərində içməli su ilə bağlı problem 2013-cü ildə həll olunmuşdur. Kəndlərdə də modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 40-dan çox yeni qurğu da quraşdırılacaq. İş yerlərinin yaradılması ilə bağlı belə gözəl fabrik açıldı. İndi gedib baxarsınız, “ASAN Həyat” kompleksi, “ASAN xidmət” mərkəzi necə gözəldir. Orada həm 320 növ xidmət göstəriləcək. Eyni zamanda, orada gözəl kafelər, ictimai yerlər, kinoteatr, uşaq əyləncə yerləri fəaliyyət göstərəcək. Yəni, ictimai bir mərkəz kimi formalaşıb. Bu mərkəzin məhz Kürdəmirdə yaradılması rayona xüsusi münasibətin təzahürüdür. Çünki bu mərkəz altı rayona xidmət göstərəcək.
Xalça fabriklərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki siz də qeyd etdiyiniz kimi, biz demək olar ki, bu sənəti bölgələrdə itirirdik. Bölgələrdə ancaq evlərdə köhnədən qalan dəzgahlar var idi. Toxucular fərdi qaydada işləyirdilər. Sifarişlər də demək olar ki, yox idi, xalçanı toxuyub sata bilmirdilər. Siz yaxşı bilirsiniz ki, xalçanı toxumaq üçün ləvazimat, vasitələr, maddi imkan lazımdır.
Yemən Abdurəhmanova: Hər şey var, şükür Allaha.
Prezident İlham Əliyev: İndi bunlar olmayanda necə toxusunlar? Sonra toxuyub hara satsınlar? Ona görə bizim xalçaçılıq sənətimiz demək olar ki, yalnız Bakı şəhərində qalmışdı. Ancaq bizim hər bir bölgəmizdə özünəməxsus xalçaçılıq məktəbi var. Ona görə ölkə üzrə 32 fabrikin yaradılmasının məqsədi bu idi ki, bölgələrdə bu sənət yaşasın, qadınlar cəlb olunsun, gözəl şərait yaradılsın, yaxşı pul qazansınlar, vətəndaşlara və dövlətə xeyir gətirsin. Biz buna da nail oluruq. Əminəm ki, burada toxunan bütün xalçalar ən yüksək qiymətə layiq olacaq və siz bu sənəti bu fabriklər vasitəsilə gənclərə ötürəcəksiniz. Mən görürəm, sizin aranızda gənc qızlar da var, onlar da təcrübə toplayacaq, sonra uşaqlar cəlb olunacaq. Beləliklə, qədim xalçaçılıq sənətimiz daim yaşayacaq. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.
Xalçaçılar: Çox sağ olun, Sizə minnətdarıq.
Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  13-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA