Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Bu gün açdığımız bu gözəl qəsəbə həm bizim siyasətimizi, məcburi köçkünlərə qayğımızı, həm də ölkəmizin artan imkanlarını göstərir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Bu gün açdığımız bu gözəl qəsəbə həm bizim siyasətimizi, məcburi köçkünlərə qayğımızı, həm də ölkəmizin artan imkanlarını göstərir

Dövlətimizin başçısı Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Bakı şəhərinin ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin 2011-ci ildə imzaladığı Sərəncama əsasən çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi nəzərdə tutulub. Məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılıb. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Qeyd olunub ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.
Yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, buradakı mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.
Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.
Sonra Prezident İlham Əliyev uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 280 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Daha sonra Şuşa rayon 7 nömrəli tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu təhsil ocağı 560 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir.
Sonra Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün çox əlamətdar bir gündür. Sabunçu rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışını biz birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Mən çox şadam ki, belə gözəl qəsəbə salınıb, burada 810 ailə yaşayacaq. Bütün şərait yaradılıb. Mənzillərlə tanış oldum, geniş, yaraşıqlı mənzillərdir. Böyük məktəb tikilib, uşaq bağçası, ictimai yerlər kifayət qədər genişdir. Yəni, burada yaşamaq üçün bütün imkanlar var. Tezliklə buraya bu günə qədər ağır vəziyyətdə yaşayan köçkünlər köçəcəklər. O köçkünlər ki, uzun illər ərzində yataqxanalarda, pansionatlarda, digər uyğunlaşdırılmış yerlərdə yaşamışlar. Onların həyatında yeni dövr başlayır. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir. Gözəl, yaraşıqlı binalar, geniş otaqlar, mənzillər. Bu, bizim siyasətimizi göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu siyasəti Ulu Öndər həyata keçirirdi. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk şəhərcik salınmışdı. O vaxt Dövlət Neft Fondundan ilk ödəmələr məhz bu məqsədlər üçün istifadə olunmuşdur. O vaxtdan bu günə qədər 100-dən çox köçkün qəsəbəsi, şəhərciyi salınıb və köçkünlərin böyük hissəsi bu qəsəbələrdə yaşayır. Biz Bakıda, Sumqayıtda, Abşeron rayonunda, digər şəhər və rayonlarımızda məcburi köçkünlər üçün gözəl şərait yaradırıq, bu proses davam etdiriləcək. Bildiyiniz kimi, sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. O vaxta qədər köçkünlərimizin böyük əksəriyyəti çadırlarda yaşayırdı. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosesə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq. Təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək. Doğrudan da, böyük işlərdir və orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan uzun illərdir ki, bu məqsədlər üçün vəsait ayrılır. Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur. Əgər bizim bu imkanımız olmasaydı, əlbəttə ki, köçkünlərə bu həcmdə kömək etmək mümkün olmazdı. Məhz uğurlu neft strategiyamızın hesabına formalaşmış Dövlət Neft Fondu bu məqsədlər üçün böyük vəsait ayırıb və bundan sonda da ayıracaqdır. Bu, bizim siyasətimizdir. Biz bütün məcburi köçkünlərin problemlərini həll etməliyik və edəcəyik.
Onu da bildirməliyəm ki, salınan qəsəbələr arasında elələri var ki, vaxtilə işğal olunmuş və işğaldan azad edilmiş torpaqlarda salınıb. O cümlədən Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb, hansı ki, o ərazilər işğal altında idi. Cocuq Mərcanlıda 150 evdən ibarət gözəl qəsəbə salınıb, müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb. Yəni, bu yerlərə həyat qayıdıb.
Əlbəttə ki, bizim əsas məqsədimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə ardıcıl işlər aparılır. Bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə bütün lazımi işləri görür. Həm tarixi ədalət bizim tərəfimizdədir, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, iqtisadi və hərbi potensial ölkəmizi daha da gücləndirir. Biz bundan sonra da bu məsələ ilə bağlı ardıcıl siyasət aparacağıq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.
O ki qaldı, məcburi köçkünlərin problemlərinin həllinə, bu problemlər kompleks şəkildə öz həllini tapır. Binalar tikilir, yeni şəhərciklər salınır, eyni zamanda, məcburi köçkünlərin sosial şəraiti yaxşılaşdırılır, onlara dövlət tərəfindən verilən sosial dəstək artır. Bu yaxınlarda çox böyük sosial paket təsdiqləndi. O cümlədən məcburi köçkünlərin müavinətləri 50 faiz artmışdır. Özü də biz bu məbləği bir neçə dəfə artırmışıq. Bu gün hər bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, bizim köçkünlərə olan diqqətimizi əks etdirir. Digər sosial layihələr icra edilib. Bildiyiniz kimi, biz indi çox ciddi iqtisadi islahatlar aparırıq. Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldirik. Beləliklə, keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni, ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir. Siz və ictimaiyyət təbii ki, bu islahatları izləyirsiniz. Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin. Biz bütün dövrlərdə, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərmişik. 2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə təsir etmişdir, o cümlədən bizə. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni, faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır. Əlbəttə ki, görülən operativ tədbirlər nəticəsində biz o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildik və ondan sonra ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq. Keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıbdır. Əhalinin gəlirləri artır, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən aşağıdır, istehlak qiymətlərinə çox ciddi nəzarət edilir. Yəni, demək istəyirəm ki, iqtisadi və sosial islahatların yeni mərhələsinin startı prezident seçkilərindən sonra verilmişdir və bu gün biz bunun nəticəsini görürük. Mən deyə bilərəm ki, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olmuşdur. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq.
Deyə bilərəm ki, bütün addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn məktublar və müraciətlər deməyə əsas verir ki, islahatlar xalq tərəfindən dəstəklənir, buna yüksək qiymət verilir və bu, bizə əlavə imkanlar yaradır. Biz ölkəmizi müasirləşdirməliyik, biz Azərbaycanı inkişaf etdirməliyik. Elə etməliyik ki, bütün problemlər öz həllini tapsın. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulmalıdır. Azərbaycanda şəffaflıq tam təmin edilməlidir və biz buna nail olacağıq. Bu, bizə əlavə imkanlar verəcək. Büdcə daxilolmaları daha da artacaq, sosial məsələlərin həlli daha da sürətlə gedəcək.
Biz minimum əməkhaqqını və pensiyanı qaldıranda mən bildirmişdim ki, bu proses bundan sonra da aparılacaq. Çünki biz əsas infrastruktur layihələrini demək olar ki, icra etmişik. Düzdür, hələ ki, icra ediləsi layihələr var, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında kifayət qədər böyük tədbirlər nəzərdə tutulur. Ancaq biz, ilk növbədə, əsas diqqəti vətəndaşların sosial məsələlərinə yönəldəcəyik. Bunu etmək üçün, əlbəttə ki, imkanlar var. İmkanları da biz yaradırıq.
Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir. Beləliklə, bu gün açdığımız bu gözəl qəsəbə həm bizim siyasətimizi, məcburi köçkünlərə qayğımızı, həm də ölkəmizin artan imkanlarını göstərir. Bu gün Azərbaycanda hər sahədə çox böyük quruculuq işləri aparılır - iqtisadi sahədə, sosial sahədə. Xəstəxanalar, məktəblər tikilir, yeni sosial obyektlər istifadəyə verilir, yollar salınır, köçkünlər üçün belə gözəl şərait yaradılır. Quruculuq, abadlıq, inkişaf bu gün Azərbaycanı fərqləndirən amillərdir.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bütün məcburi köçkünlərə öz hörmətimi, ehtiramımı bildirmək istəyirəm. Hələ ağır vəziyyətdə yaşayan köçkünləri əmin etmək istəyirəm ki, onların da problemləri həll olunacaq. Onlar da növbə ilə öz yaşayış şəraitini yaxşılaşdıracaqlar. Bunu etmək üçün bizim iradəmiz var və biz bunu edəcəyik. Bir daha sizi ürəkdən təbrik edirəm”.
* * *
Şuşa şəhərindən məcburi köçkün Günəş Hüseynova çıxış edərək deyib: “Cənab Prezident, Sizi salamlayıram. Bu gün yeni qəsəbənin açılışında iştirak etmək, Sizinlə bu görüşü yaşamaq bir məcburi köçkün olaraq mənim xatirəmdə uzun illər qalacaq.
Həyatımızın ağır, böhranlı illərində Ulu Öndərimiz Azərbaycan xalqının imdadına yetdi. Onun müəyyənləşdirdiyi siyasət və strategiya bu gün, cənab Prezident, Sizin tərəfinizdən davam etdirilir. Mən bütün məcburi köçkünlərin adından Sizə təşəkkür edirəm. Söylədiyiniz fikirlər bizim hər birimizin qəlbində gözəl duyğular yaratdı. Mən çox böyük əminliklə qeyd etmək istəyirəm ki, bizim üçün yaratdığınız bu gözəl şəraitdə müvəqqəti yaşayacağıq. İnanıram ki, işğal altındakı bütün rayonlarımız çox tez bir zamanda bundan da gözəl olacaq, həyat üçün, yaşamaq üçün lazım olan hər cür şərait təmin ediləcək.
Mən bütün məcburi köçkün qadınlar adından xüsusilə Mehriban xanıma təşəkkür etmək istəyirəm. Onun son illərdəki layihələri, Azərbaycan mədəniyyətinə, incəsənətinə, təhsilinə, səhiyyəsinə olan qayğısı, doğrudan da, bizim hər birimizin ürəyindəndir. Mən xahiş edirəm, Azərbaycanın gözəl xanımına, Birinci xanımına salamlarımızı çatdırasınız. O, bizə böyük dəstək göstərir.
Belə qəsəbələrə görə təşəkkür edirəm. Mən bilirəm, çox böyük bir əminliklə, fəxrlə, vüqarla deyirəm ki, üçrəngli bayrağımız mütləq Şuşamızda, doğma Qarabağımızda dalğalanacaq. Təşəkkür edirəm”.
* * *
Şuşa rayon 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov çıxış edərək deyib: “Hörmətli cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.
Bildirdiyiniz kimi, bu gün məcburi köçkünlər üçün yeni bir qəsəbənin açılışını etdiniz. Səkkiz yüzdən artıq məcburi köçkün ailəsinin həyat və yaşayış şəraiti burada tamamilə yaxşılaşacaq.
Bununla bərabər, mən Sizə bu möhtəşəm təhsil ocağının tikilməsinə görə öz minnətdarlığımı bildirirəm. Çox müasir tələblərə cavab verən təhsil ocağıdır. Bütün fənn kabinetləri, idman zalı ilə təchiz olunmuş möhtəşəm bir ümumtəhsil məktəbidir. Pedaqoji kollektivimiz Sizi əmin edir ki, burada təhsil alacaq bütün şagirdlərimizin Azərbaycan Respublikasının layiqli vətəndaşı, vətənpərvər övladları kimi yetişmələri üçün əllərindən gələni edəcək. Bununla bərabər, cənab Prezident, qeyd etdiyiniz kimi, məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması siyasəti hələ Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilmiş və Sizin tərəfinizdən çox uğurla davam etdirilir. Bu yaxınlarda məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün müavinətin 50 faiz artırılması bütün məcburi köçkünlərin çox böyük sevincinə səbəb olmuşdur. Buna görə də biz bütün məcburi köçkünlər adından Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Bununla bərabər, cənab Prezident, biz çox əminik ki, işğalda olan bütün torpaqlarımızı Sizin rəhbərliyinizlə yağı düşmən tapdağından azad edəcəyik və Lələtəpədə dalğalanan üçrəngli bayrağımızı işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalandıracağıq. Əminik ki, həmin o hadisələrdə biz bütün məcburi köçkünlər Sizin yanınızda olacağıq. Biz məcburi köçkünlər üçün gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun, cənab Prezident”.
* * *
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək deyib: “Cənab Prezident, bu gözəl qəsəbə Sizin böyük diqqət və qayğınızın bəhrəsidir. Bu qayğı və diqqət üçün məcburi köçkünlər adından Sizə dərin hörmətimizi və təşəkkürümüzü bildiririk.
Bu günlərdə Azərbaycanın tarixində böyük qələbə olan Aprel döyüşlərinin - Lələtəpənin, Talış yüksəkliklərinin azad olunmasının, Cocuq Mərcanlıya qayıdışın ildönümü ilə bağlı zəfər bayramını coşqu ilə qeyd etdik. Bu qələbə üçün də Sizə təşəkkür edirik. Çünki bu qələbə bütün dünyaya bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin qüdrətini göstərdi. Bu qələbə, bu bayramlar bütün dünyaya bir mesaj oldu. Sizin böyük diplomatik siyasətiniz, qətiyyətiniz, birmənalı şəkildə “Biz torpaqlarımızı heç kəsə bağışlamayacağıq”, - deyən vurğulu hökmlü nitqiniz bir daha göstərdi ki, doğrudan da o ərazilərdən Qarabağa gedən böyük bir yol var və bu yolu qısa zamanda qət etmək mümkündür. Bu yaxınlarda Avstriyada qətiyyətli hökmünüzlə “Biz torpaqlarımızın sahibiyik, varisiyik” deməyiniz hər bir məcburi köçkünün qəlbində böyük bir ümid yaratdı ki, doğrudan da qələbə bizimlə olacaqdır.
Ona görə də Sizin qətiyyətinizi, Sizin bütünlüklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strategiyanızı, yolunuzu, istiqamətinizi hər zaman dəstəkləyirik, hər zaman yanınızdayıq. Əminəm ki, hər bir Azərbaycan oğlu, Azərbaycanın hər bir qeyrətli vətəndaşı Sizin əmrinizə müntəzirdir, torpaqlarımızı yağı düşməndən azad etməyə hər zaman hazırdır. Bu inamla deyirəm ki, tez bir zamanda doğma torpaqlarımızda ocaqlarımızı yandıracağıq. Bu, ən böyük qələbəmiz olacaq.
Müvəqqəti yaşayışımız üçün bizə yaratdığınız belə gözəl şəraitə görə Sizə dərin minnətdarlığımızı bildirir, ailənizin hər bir üzvünə cansağlığı, xoşbəxtlik arzulayırıq. Sizin hazırda əsgər olan oğlunuza da cansağlığı arzulayırıq. Sizin məcburi köçkünlər üçün yaratdığınız məktəblərdə məhz əsl vətəndaş, vətənpərvər oğullar böyütmək hər birimizin məsuliyyətidir. Biz öz məsuliyyətimizi dərk edərək Sizə söz veririk ki, hər bir məcburi köçkün hər zaman Sizin yanınızdadır.
Azərbaycan mədəniyyətini, o cümlədən Qarabağ mədəniyyətini dünyada bir silah kimi işlədən Mehriban xanımın gördüyü işlər əzəmətlidir, çox qiymətlidir. Bu gün bizim muğamımız, bizim incəsənətimiz, vaxtilə bizim şuşalı Sadıqcanın sinəsində çağlayan tarımız UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında milli sərvətimiz kimi tanınır. Bütün bunlar üçün minnətdarıq ki, Mehriban xanım ən böyük silah kimi məhz mədəniyyətdən başladı. Mədəniyyət Azərbaycan xalqının böyük siyasətidir. Biz Mehriban xanımın idmana, təhsilə, mədəniyyətə, insanların sosial həyatına diqqət və qayğısını yüksək qiymətləndiririk. Bir neçə gün bundan əvvəl yüksək texnologiyalı protezlərlə təmin olunmuş hərbçilərlə görüşdə onları doğma övladları kimi bağrına basması hər kəsin qəlbində Mehriban xanıma hörmət və ehtiram duyğularını qat-qat artırdı.
Siz bizim Prezidentimiz olmaqla bərabər, həm də xalqımızın çox istəkli, qəlbən inandığı şəxsiyyətsiniz. Allah Sizə ömür versin, Sizə cansağlığı arzulayırıq, təşəkkür edirik. Bizim salamlarımızı, məhəbbətimizi Mehriban xanıma çatdırmağınızı xahiş edirik”.
* * *
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə sizə minnətdaram. Bizim görüşümüz Aprel döyüşlərinin ildönümünə təsadüf edir. Aprel döyüşləri bizim şanlı tariximizdir, parlaq zəfərimizdir. Azərbaycan əsgəri, Azərbaycan dövləti göstərdi ki, heç vaxt işğalla barışmayacaq.
Biz məsələni diplomatik yollarla, siyasi yollarla həll etmək istəyirik. Ancaq, eyni zamanda, biz hərbi gücə də malikik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri onu göstərdi ki, biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik. Onu göstərdi ki, Azərbaycan Ordusu böyük gücə malikdir. Onu göstərdi ki, bu, bizim torpağımızdır. Cocuq Mərcanlıya uzun fasilədən sonra qayıdan vətəndaşlar, o cümlədən yeniyetmələr, uşaqlar, - o insanlar ki, heç vaxt orada olmayıblar, onlar qayıdıblar oraya, - onu göstərir ki, hər bir köçkün torpaqlar işğaldan azad olunandan sonra öz doğma torpağına qayıdacaqdır.
Siz qeyd etdiniz, mən tam razıyam ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar işğaldan azad olunandan sonra biz bütün şəhərləri yenidən quracağıq, biz bu şəhərlərə yeni həyat verəcəyik. O şəhərlər ki, indi yerlə-yeksan edilib. Orada, işğal edilmiş torpaqlarda demək olar ki, bütün binalar dağıdılıb. Beynəlxalq təşkilatlar, ATƏT-in faktaraşdırıcı missiyası bu haqda məruzə də hazırlayıb. Biz necə ki, Cocuq Mərcanlını bərpa etdik, necə ki, qısa müddət ərzində vaxtilə işğal altında olan başqa torpaqlardakı binaları, evləri, şəhərləri, kəndləri bərpa etdik, işğalda olan bütün torpaqlardakı şəhərləri, kəndləri bərpa edəcəyik. Bizdə belə iradə və güc var.
Eyni zamanda, siz də qeyd etdiyiniz kimi, biz bütün dünyaya göstərməliyik, haqlı olaraq, göstəririk, sübut edirik ki, Qarabağ bizim tarixi torpağımızdır. Mehriban xanımın bu sahədəki fəaliyyətini siz yüksək qiymətləndirirsiniz. Mən də yüksək qiymətləndirirəm. Çünki onun fəaliyyəti nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarında bu məsələ ilə bağlı təqdimatlar, simpoziumlar, konfranslar, dəyirmi masalar keçirilmişdir. Bizim tarixi, mədəni irsimiz olan muğam sənəti, tar və digər milli sərvətlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Bütün bunlarla bağlı sərgilər, təqdimatlar keçirilir, yəni, biz Qarabağ həqiqətlərini dünyaya çatdırırıq. Çünki vaxtilə, xüsusilə müstəqilliyimizin ilk illərində erməni lobbisi tərəfindən belə bir rəy formalaşdırılmağa cəhd edilirdi ki, guya Qarabağ onların torpağıdır. Bizim imkanımız yox idi, lobbimiz yox idi, bizim xaricə çıxışımız çox məhdud idi. Amma bu gün biz bütün dünyaya həqiqətləri çatdırırıq və tarixi sənədlər əsasında, maddi-mədəni irs əsasında sübut edirik ki, bu, bizim tarixi diyarımızdır. Mən bildirəndə ki, tarixi ədalət bizim tərəfimizdədir, məhz bunu nəzərdə tuturdum. Qədim xəritələrə baxanda görürük ki, Dağlıq Qarabağda və ətraf bölgələrdə bütün toponimlər Azərbaycan mənşəlidir. Tarixi ədalət, beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da bizim böyük diplomatik və siyasi uğurumuzdur. Əlbəttə ki, iqtisadi potensialımız, hərbi gücümüz də mühüm amildir.
Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq, eyni zamanda, biz öz ordu potensialımızı, hərbi gücümüzü artırırıq və bundan sonra da bu istiqamətdə bütün lazımi tədbirlər görüləcəkdir. Bir daha sizi təbrik edirəm, sizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu işlərin davamı olaraq Prezident İlham Əliyev bu il fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

 
  • Oxunub:  6420  |  
  • Tarix:  06-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA