Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir

Dövlət başçısı Masallı və Biləsuvar rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı və Biləsuvar rayonlarına səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verib.
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında və son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlətimizin başçısına Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə də bağlı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev Masallı Sənaye Məhəlləsində görülən işlər, həmçinin ölkədə yaradılan və yaradılmaqda olan sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub. Məlumat verilib ki, Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.
Dövlətimizin başçısı Sənaye Məhəlləsində fəaliyyət göstərən “Perla” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi ilə tanış olub.
Sonra Prezident İlham Əliyev Sənaye Məhəlləsində “Azərxalça” ASC tərəfindən yaradılmış Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış olub.
Sənaye Məhəlləsində həmçinin mebel, dam örtükləri və aksesuarlar istehsal edən müəssisələr də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılan şəraitlə də tanış olub.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi ilə də tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq “Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. “KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. “KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək.
Sonra Prezident İlham Əliyev Məhəlləyə investisiya yatıran yerli sahibkarlarla görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Masallı rayonunun həyatında əlamətdar bir gündür. Biz Masallı Sənaye Məhəlləsinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Burada çalışan insanlara, sahibkarlara, fəhlələrə uğurlar arzulamaq istəyirəm. Çox gözəl hadisədir. Bu təşəbbüs Masallı rayonunun sənaye potensialının möhkəmlənməsinə xidmət göstərəcək. Burada hazırda 200 iş yeri var, bundan sonra isə daha çox iş yeri yaradılacaq.
Biz indi Sənaye Məhəlləsinin birinci mərhələsini işə salırıq. Ərazi kifayət qədər genişdir və gələcəkdə burada əlavə korpuslar tikiləcək. Mən əminəm ki, burada minlərlə insan işlə təmin olunacaq və eyni zamanda, biz idxaldan asılılığı da azaldacağıq.
Ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb, o cümlədən Masallı rayonunda. Biz bundan əvvəl Sumqayıtda, Mingəçevirdə, Neftçalada belə mərkəzlərin açılışını qeyd etmişik, bu gün isə Masallıda. Hacıqabul və Sabirabad rayonlarında sənaye zonalarının yaradılması prosesi gedir. Bu, ilk növbədə, dövlətin siyasətini göstərir. Çünki dövlət buraya əsas vəsaiti qoyan tərəfdir. Həm yerin seçilməsi, bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət hesabına həll olunur. Bu, dövlətin sahibkarlara böyük dəstəyidir. Sahibkarlar da öz tərəfindən sərmayə gətirərək avadanlıq alırlar, işi düzgün təşkil edirlər və fəaliyyətə başlayırlar. Əgər biz bu təşəbbüsə start verməsəydik yəqin ki, bu müəssisələr də yaradılmazdı. Hazırda Masallıda bu istiqamətdə işlər yaxşı gedir.
Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcəkdir.
Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl onlardan birinin - polipropilen zavodunun açılışı olmuşdur, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dollardan çoxdur. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini orada olan yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, dövlət vəsaiti qoyulmasaydı 2 milyard dollar vəsait də qoyulmazdı.
Ona görə bu gün Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır, çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır. Bu gün mənə göstərilən müəssisələrin fəaliyyəti məhz bu məqsədi güdür. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaqlar. Azərbaycanda əhali artır. Masallı da əhali baxımından ən böyük rayonlarımızdan biridir, ona görə yeni iş yerlərinin yaradılması prosesi daim getməlidir.
Masallı rayonuna həmişə böyük diqqət göstərilmişdir. Bu, mənim Prezident kimi Masallı rayonuna 10-cu səfərimdir. Bütün səfərlər zamanı biz çox önəmli obyektlərin, layihələrin açılışını qeyd etmişik, o cümlədən bu gün. Masallıda infrastruktur layihələrinin icrası uğurla gedir. Qazlaşdırma 100 faizə yaxınlaşır və əminəm ki, gələn il bütün yaşayış məntəqələri və bütün sakinlər qazla tam təmin olunacaqlar. Bu, tarixi nailiyyət olacaq. Çünki Masallıda əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi. Heç şəhərin böyük hissəsi qazla təmin edilmirdi, o ki qaldı, kəndlərə, ümumiyyətlə, qaz yox idi. İndi biz 100 faizə yaxınlaşırıq. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır, yeni yarımstansiyalar tikilir ki, Masallı sakinləri dayanıqlı enerji ilə təmin edilsinlər. Mən 2016-cı ildə burada olarkən biz şəhərin içməli su layihəsinin açılışını qeyd etdik. Hesab edirəm ki, bu da tarixi hadisədir. Masallı şəhəri tam, ən yüksək standartlara cavab verən içməli su ilə təmin edilib. İndi kəndlərin su problemləri öz həllini tapır.
Digər infrastruktur layihələrinə gəldikdə, yol tikintisi, xüsusilə kənd yollarının tikintisi uğurla gedir. Mənə verilən məlumata görə, kənd yollarının təxminən 85 faizi yenidən qurulub. Əminəm ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Masallı şəhərinin küçələrinin yenidən qurulması üçün mənə rayondan müraciət edilib və müraciətə müsbət reaksiya verilib. Əminəm ki, yaxın gələcəkdə şəhərin bütün küçələri də ən yüksək səviyyədə yenidən qurulacaqdır. Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm ki, bu gün Bakı-Astara magistral yolunun açılışı olmuşdur. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir və məsafə baxımından Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb. Əvvəllər o yerlərdə bataqlıq olubdur və artıq yeni yol şəhərlərə girmir, - nə Biləsuvar, nə də Masallı şəhərlərinə, - yeni bir istiqamətlə düz sərhədə qədər gedir. Əlbəttə, Masallı rayon sakinləri də hesab edirəm ki, bunu çox yüksək qiymətləndirəcəklər. Çünki magistral yolla, xüsusilə yük maşınlarının gecə-gündüz o tərəf-bu tərəfə işləməsi insanları narahat edirdi, müəyyən təhlükə yaradırdı.
Bu, infrastruktur layihələri ilə bağlı olan işlərdir. Sosial məsələlər Masallı rayonunda uğurla həll olunur. Mən bütün açılışları yaxşı xatırlayıram. Mərkəzi rayon xəstəxanasının əsaslı təmirdən sonra açılışı, göz xəstəxanasının, olimpiya kompleksinin, gənclər evinin, “ASAN xidmət” mərkəzinin açılışları - bütün bunlar çox önəmli layihələrdir. Cənub zonasında birinci “ASAN xidmət” məhz Masallı şəhərində yaradılıb və mən iki il bundan əvvəl açılışda iştirak etmişəm. Mənə verilən məlumata görə, Masallı sakinləri və qonşu rayonlardan gələn vətəndaşlar xidmətin işini yüksək qiymətləndirirlər.
Beləliklə, hesab edirəm ki, biz Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bütün əsas işləri görmüşük. Əlbəttə, görüləsi işlər hələ çoxdur. Baxmayaraq ki, 40-dan çox məktəb tikilib və əsaslı təmir edilib, hələ də təmirə ehtiyacı olan məktəblər kifayət qədər çoxdur, onları da biz həll edəcəyik. Əsas odur ki, bütün məsələlər həll olunur, yerlərdən gələn təkliflərə müsbət baxılır. Biz gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramını qəbul edəcəyik və yerlərdən gələn təkliflər əlbəttə ki, proqramın tərtibatında mühüm rol oynayacaq. Ona görə sakinləri narahat edən məsələlər mütləq məruzə edilsin, bizə göndərilsin ki, növbəti proqramda bu günə qədər həll olunmayan bütün məsələlər öz əksini tapsın.
Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram”.
Masallı rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən sahibkar Süleyman Qurbanov deyib: “Möhtərəm, cənab Prezident, Sizi Masallı Sənaye Məhəlləsində salamlayırıq. Masallıya xoş gəlmisiniz.
Tapşırığınıza uyğun olaraq inşa edilən Masallı Sənaye Məhəlləsi bu gün nəinki bizim rayonun, hətta ətraf rayonların da inkişafına öz töhfəsini verəcəkdir. Masallı Sənaye Məhəlləsi sənayenin inkişafı ilə yanaşı, həmçinin çoxsaylı iş yerlərinin açılması deməkdir. Bir sözlə, bizə burada çox gözəl şərait yaradılmışdır, Sənaye Məhəlləmizdə bank, poçt, tibb məntəqəsi, hüquq məsləhətxanası fəaliyyət göstərəcəkdir. Sənaye məhəlləsində yaradılmış yeni mexanizm - “Kiçik və Orta Biznesin Dostu” Mərkəzi çoxsaylı xidmətlərlə həmişə biz sahibkarların yanında olacaq. Sözün qısası, burada hər cür şərait yaradılıb. Cənab Prezident, bu da dövlətimizin güclü olması, Sizin biz sahibkarlara göstərdiyiniz yüksək diqqət və qayğı deməkdir.
Mən əvvəllər Rusiyada fəaliyyət göstərirdim. Özəl bölmənin inkişafına yetirilən diqqət məni Azərbaycana qayıtmağa, öz Vətənimdə fəaliyyət göstərməyə sövq etdi. İndi mən Masallı Sənaye Məhəlləsinə investisiya yatırmışam, öz mebel istehsalı sahəmi açmışam.
Cənab Prezident, rayonumuzun inkişafına göstərdiyiniz yüksək diqqət və qayğınıza görə bütün masallılılar və masallılı sahibkarlar adından Sizə təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.
Prezident İlham Əliyev: Sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.
Müəssisənin direktoru Ağamirzə Kərimov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında da iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı İlham Əliyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında aparılan abadlıq işləri və rayonda icra olunan layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısı həmin gün Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Bayraq Muzeyinin inşasına ötən il başlanıb və bu ilin mayında başa çatdırılıb.
Prezident İlham Əliyev həmçinin Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Biləsuvar rayonunda çox gözəl bir gündür, biz yeni kənd yolunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu yol bir neçə kəndi birləşdirir. On beş kilometr uzunluğunda olan bu yol ən yüksək standartlara cavab verir. Bu kəndlərdə 16 min əhali yaşayır. Bu yol insanlara rahatlıq verəcək.
Biləsuvar rayonunda yol infrastrukturunun yenilənməsi uğurla davam edir. Son illərdə rayonun əksər kənd yolları əsaslı şəkildə təmir və bərpa olunub. Mənə verilən məlumata görə, Biləsuvar rayonunun kəndlərinin təqribən 80 faizi artıq müasir yollarla təmin edilib. Bu gün buraya gələrkən magistral yoldan Biləsuvar şəhərinə qədər - bu yola qədər yolun keyfiyyətinə fikir verdim və heç də mənim xoşuma gəlmədi. Bilirəm ki, sizin də bu yolla bağlı fikirləriniz var. Ona görə indi dərhal göstəriş vermişəm, müvafiq Sərəncam imzalanacaq, bu il Prezidentin ehtiyat fondundan ilkin vəsait ayrılacaq və gələn ilin təqribən yaz aylarına qədər bu yol tam əsaslı təmir ediləcək. Bu yolun uzunluğu 14 kilometrdir. Yol həm keyfiyyətsizdir, sıradan çıxıb, həm də ensizdir. Göstəriş vermişəm, daha da enli yol salınsın ki, Biləsuvar şəhərinə giriş çox gözəl, möhtəşəm olsun.
Ölkəmizdə yol tikintisi ilə bağlı işlər uğurla gedir. Bu gün Masallı rayonunda bir neçə kəndi birləşdirən 24 kilometr uzunluğunda yolun açılışını qeyd etdik, indi isə Biləsuvarda. Yəni, biz bir gündə 40 kilometrə yaxın kənd yollarının açılışını qeyd etdik.
Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.
Bu gün ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışını da qeyd etdik. Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər. Eyni zamanda, əvvəlki yol Biləsuvar şəhərinin içi ilə gedirdi və əlbəttə ki, şəhər sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Yadımdadır, 2000-ci ildə günlərin birində mən o yol ilə gələrkən mənim yaxın dostumla da görüşmüşdüm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, Yay Olimpiya Oyunlarından sonra yolda dayanıb məni salamlayırdı, alqışlayırdı. Mən bu kişini tanımırdım. Maşını saxladım, görüşdük, tanış olduq. O vaxtdan bu günə qədər hər dəfə Biləsuvarda olarkən görüşürük. İndi isə magistral yol çəkilib. Biləsuvar rayonunun yolları əsaslı şəkildə təmir olunur.
Biləsuvar rayonuna diqqət daim yüksək səviyyədə olubdur. Bu, mənim Prezident kimi rayona altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial, iqtisadi obyektlərin açılışında görüşmüşük - xəstəxananın, Olimpiya İdman Mərkəzinin tikintisi, məktəblərin açılışı. Bir sözlə, Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını qeyd etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq. Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir. Pambıqçılığa gəldikdə, deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik.
Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işləri aparılır və rayonların inkişafına böyük sərmayə qoyulur. Yol tikintisi, içməli su xətlərinin çəkilişi, qazlaşdırma - bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır, insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür. Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik. Biz güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir.
Əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir.
Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O, bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur.
Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.
Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar.
Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.
Mən sizi bir daha bu gözəl hadisə münasibətlə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Rayon ictimaiyyəti adından çıxış edən Akif Kazımov deyib: “Möhtərəm cənab Prezident, mən Sizi Biləsuvar ictimaiyyəti adından səmimi salamlayıram, rayonumuza xoş gəlmisiniz.
Bu gün bizim üçün çox əlamətdar bir gündür. Sizin iştirakınızla rayonumuzun dörd kəndini birləşdirən bu gözəl avtomobil yolu istifadəyə verilir. Bu yolun əhəmiyyətini sözlə ifadə etmək çox çətindir. Sakinlərimiz rayon mərkəzinə gedərkən minbir əziyyətlə üzləşirdilər. Payız-qış aylarında, ümumiyyətlə, bu yolda palçıq üzündən hərəkət etmək mümkün deyildi. Yay aylarında isə toz-torpaqdan evlərin qapı-pəncərələrini açmaq mümkün olmurdu. Sizin tapşırığınıza əsasən aparılan əsaslı yenidənqurma işlərindən sonra belə bir gözəl yol istifadəyə verildi və bizim canımız o çətinliklərdən birdəfəlik qurtuldu.
Cənab Prezident, hər gün yüzlərlə nəqliyyat vasitəsi, minlərlə insan bu rahat yoldan istifadə edir. Onlar dərin minnətdarlıq hissi ilə Sizə həmişə duaçıdırlar. Atalar demişkən, abad kənd yolundan bilinər.
Sizin göstərişinizə, qayğınıza və diqqətinizə əsasən ölkəmizdə geniş vüsət alan yol tikintisi bu gün Azərbaycanın inkişafından xəbər verir. Mən uzun müddət müxtəlif rəhbər vəzifələrdə işləmişəm və bilirəm ki, yol tikintisi çox baha başa gəlir, böyük maliyyə vəsaiti tələb edir. Lakin bütün dünyanı bürüyən maliyyə və iqtisadi böhranlara baxmayaraq, bu gün Ələt-Astara magistralı kimi nəhəng bir layihənin reallaşdırılması Azərbaycanın gücündən xəbər verir.
Ələt-Astara yolu demək olar ki, regionun şah damarıdır. Bu yol cənub zonasının iqtisadi inkişafına, xüsusən turizmin canlanmasına böyük təkan verəcək. Həm də ki, kəndli öz yetişdirdiyi məhsullarını mərkəzi şəhərlərə çıxartmaq imkanına malikdir.
Cənab Prezident, Sizin rayonumuza hər səfəriniz zamanı həllini gözləyən bir çox problemlər yoluna qoyulur. Bu gün də təzə inşa edilən Gənclər Evi və Bayraq Muzeyi bizə hədiyyə olunur.
Cənab Prezident, Allah-Təala qurub-yaradan, yol çəkən, su çəkən, ağac əkən, bina tikən, bağ salan insanları sevir, himayə edir və qoruyur. Siz bir lider olaraq Azərbaycanı, xalqımızı, dövlətimizi işığa doğru, inkişafa doğru, təhsilə doğru, dünyəviliyə doğru, müasirliyə doğru və nura doğru inamla aparırsınız.
Cənab Prezident, bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Siz bu siyasəti daha da inkişaf etdirərək bu gün Azərbaycanı bu səviyyəyə çatdırmısınız. Siz çox humanist və səxavətli rəhbərsiniz. Siz bizim qayğımıza qalırsınız, şəhərlərimizi, kəndlərimizi, yollarımızı abadlaşdırırsınız, bu işlərə səxavətlə çox böyük vəsait sərf edirsiniz.
Biz Sizə möhkəm cansağlığı arzu edirik. Biz Sizə minnətdarıq. Biz Mehriban xanıma minnətdarıq. Siz Azərbaycan uğrunda gecə-gündüz çalışırsınız, işləyirsiniz, Azərbaycanı dünya səviyyəsinə çıxarırsınız. Bu, bizim fəxrimizdir. Biz Sizinlə fəxr edirik. Allah-Təaladan Sizə uzun ömür, cansağlığı diləyirəm. Allah-Təala Sizi və ailə üzvlərinizi qorusun. Sağ olun”.
Prezident İlham Əliyev: Sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev sonra Biləsuvar Gənclər Evinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsib.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu prosesdə çox mühüm rol oynayıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı olub. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər evləri tikilir. Biləsuvar rayonunda inşa olunan Gənclər Evi də bu məqsədə xidmət edir.
İnşasına ötən il başlanılan və bu ilin mayında başa çatdırılan Biləsuvar Gənclər Evinin binası ikimərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan binada Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu öndərin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bina öz funksionallığı ilə seçilir. Belə ki, burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.

 
  • Oxunub:  10830  |  
  • Tarix:  19-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

23 Oktyabr 21:57
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
23 Oktyabr 21:55
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 Oktyabr 21:53
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib
23 Oktyabr 21:38
Mübariz Qurbanlı: Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib
23 Oktyabr 21:32
Prezident İlham Əliyev: Bir imtiyaz var - vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək
23 Oktyabr 21:30
Azərbaycan-CAR əlaqələri müzakirə olunub
23 Oktyabr 21:19
Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir
23 Oktyabr 21:12
Prezident İlham Əliyev: Kadr islahatları labüddür, qaçılmazdır
23 Oktyabr 21:02
Azərbaycan Prezidenti: Elə bir şərait yaradılmalıdır ki, hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun
23 Oktyabr 20:58
Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların məqsədi ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir
23 Oktyabr 20:55
Mərkəzi Seçki Komissiyası sədrinin yeni müavini seçilib
23 Oktyabr 20:48
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23 Oktyabr 20:45
Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23 Oktyabr 20:38
Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib
23 Oktyabr 20:35
Azərbaycan-İraq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
23 Oktyabr 20:28
Azərbaycan Prezidenti: Biz elə etməliyik ki, iqtisadi inkişaf dayanıqlı olsun
23 Oktyabr 20:25
Azərbaycanın Xarici İşlər naziri Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri ilə görüşüb
23 Oktyabr 20:22
BƏƏ-nin Xarici İşlər üzrə Dövlət nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
23 Oktyabr 20:20
Prezident İlham Əliyev: Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq
23 Oktyabr 20:16
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib
23 Oktyabr 20:16
YAP Səbail rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib
23 Oktyabr 20:00
Azərbaycan Prezidenti: İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir
23 Oktyabr 19:58
Qoşulmama Hərəkatının gənc nümayəndələri Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıblar
23 Oktyabr 19:53
Prezident İlham Əliyev: Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz
23 Oktyabr 19:51
Hulusi Kılıç: Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin ən böyük arzularından biridir
23 Oktyabr 19:47
Diasporla İş üzrə Dövlət Komitəsi ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
23 Oktyabr 19:45
Prezident İlham Əliyev: Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür
23 Oktyabr 19:42
Azərbaycan-Keniya münasibətlərin perspektivlərinə dair müzakirələr aparılıb
23 Oktyabr 19:40
Bakı Şəhər Baş Polis İdarəsində ilin doqquz ayında ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər müzakirə edilib
23 Oktyabr 19:38
Azərbaycan Prezidenti: Ölkə iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir
23 Oktyabr 18:00
Azərbaycan və İran Xarici İşlər nazirlərinin görüşü olub
23 Oktyabr 17:55
Xorxe Arreaza Monserrat: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qlobal sülh və əmin-amanlığa xidmət edəcək
23 Oktyabr 17:48
Azərbaycan-Serbiya əlaqələri müzakirə olunub
23 Oktyabr 17:45
Akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib
23 Oktyabr 17:43
Kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri davam etdirilir
23 Oktyabr 17:41
Avropanın mərkəzində tədbir: Bakıdan kimlər gedir?
23 Oktyabr 17:37
Bakı Dövlət Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
23 Oktyabr 17:30
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib
23 Oktyabr 17:03
Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
23 Oktyabr 17:00
Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçilib
23 Oktyabr 16:24
Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir
23 Oktyabr 15:58
Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib
23 Oktyabr 15:46
YAP Göyçay rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib
23 Oktyabr 15:42
YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
23 Oktyabr 15:37
UNICEF-in Azərbaycandakı nümayəndəsi dövlətimizin qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasəti barədə məlumatlandırılıb
23 Oktyabr 15:34
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
23 Oktyabr 15:17
Zərdablılar noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görürlər
23 Oktyabr 14:47
Azərbaycanla Banqladeşin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib
23 Oktyabr 14:31
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
23 Oktyabr 14:27
"İslahatların əsasında xalqın rifahının təmin olunması məqsədləri dayanır"
23 Oktyabr 14:23
Tahir Süleymanov: Bu ilin doqquz ayında kənd təsərrüfatının 7 faiz artması mühüm göstəricidir
23 Oktyabr 13:59
İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub
23 Oktyabr 13:56
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
23 Oktyabr 13:55
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Goranboyda vətəndaş qəbulu keçirib
23 Oktyabr 13:50
Eldəniz Səlimov: Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir
23 Oktyabr 13:11
Naqif Həmzəyev: Prezident İlham Əliyevin kadr islahatları ölkənin, cəmiyyətin xeyrinədir
23 Oktyabr 13:05
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23 Oktyabr 12:59
Bakıda alpaqut döyüş sənəti üzrə ikinci dünya çempionatı təşkil olunacaq
23 Oktyabr 12:55
Nazir müavini: Azərbaycanda innovasiya strategiyası layihəsinin hazırlanması mühüm əhəmiyyət kəsb edir
23 Oktyabr 12:49
Naxçıvanda Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
23 Oktyabr 12:47
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün “Vikipediya” ilə bağlı təlimlərə başlanılıb
23 Oktyabr 12:35
Milli Məclisin Sədri Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək
23 Oktyabr 12:23
Bu il Azərbaycandan 2780 çeşiddə məhsul göndərilib
23 Oktyabr 12:05
Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir
23 Oktyabr 11:55
Komitə sədri: Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir
23 Oktyabr 11:46
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib
23 Oktyabr 11:43
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
23 Oktyabr 11:35
“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir
23 Oktyabr 11:21
Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib
23 Oktyabr 11:11
Gəncə şəhərində velosiped yürüşü keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA