Ana səhifə »  Gündəm »  TANAP-ın istismara verilməsi Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir
A+   Yenilə  A-
TANAP-ın istismara verilməsi Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir
Xəbər verdiyimiz kimi, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Qeyd edək ki, Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi bu möhtəşəm layihə haqqında videoçarxın nümayişi ilə başlayıb.
Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində bir çox uğurlu layihələrin həyata keçirildiyini, “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsinin həm də qardaşlığın daha da möhkəmlənməsinə qoyulan sərmayə olduğunu bildiriblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib: “Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.
Hörmətli prezidentlər.
Xanımlar və cənablar.
İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.
Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır.
Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq - TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.
“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir.
Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun.
Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.
Bu gözəl hadisə münasibətilə sizi, xalqlarımızı, bizim bütün dostlarımızı ürəkdən təbrik etmək istəyirəm, TANAP-a yaxşı yol arzulayıram. Sağ olun”.
* * *
Şimali Kipr xalqının lideri Mustafa Akıncı TANAP-ın əhəmiyyətindən danışaraq bu cür nəhəng layihələrin Türkiyə ərazisindən keçməsinin regional təhlükəsizliyə və sabitliyə töhfə verdiyini bildirərək deyib: “Cənab Prezident Əliyevin çıxışını dinlədikdən sonra mən öz çıxışımda kiçik bir dəyişiklik edirəm. Azərbaycan Prezidenti Türkiyə və Azərbaycanın qardaşlığından çox gözəl bəhs etdi. Mən də deyirəm ki, daha bir qardaşınız var: Şimali Kipr xalqı. Bu qardaşınız Türkiyədə və Azərbaycanda bir faciə olduqda Şimali Kiprdə yaşayan qardaşlarınız bu ağrını Sizin kimi ürəklərində hiss edirlər. Bir sevinc olduqda Sizinlə birlikdə sevinirlər. Buna görə bu gün həm Azərbaycan, həm də Türkiyə üçün çox mühüm olan bu gözəl tarixi tədbirdə Sizinlə birlikdə olmaqdan duyduğum xoşbəxtliyi ifadə etmək istəyirəm. Bu gözəl tədbirin Türkiyəyə və Azərbaycana, bütün insanlığa xeyirli olmasını diləyirəm.
İnanıram ki, TANAP layihəsi zamanımızın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə və oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına da töhfə verəcək”.
* * *
Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edərək strateji bağlantı funksiyasını yerinə yetirən TANAP layihəsinin təbii qaz dəhlizinin mühüm amili olduğunu bildirib. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən bu layihənin Cənub-Şərqi Avropanın tərəqqisində mühüm rol oynayacağını, bu regiona yeni investorların gəlişinə təsir göstərəcəyini, Serbiyanın da inkişafına töhfə verəcəyini vurğulayaraq deyib: “Fürsətdən istifadə edərək əvvəla, bu müstəsna layihəni həyata keçirənlərə, eyni zamanda, bu layihənin reallaşmasına öz baxışları ilə stimul verənlərə təbriklərimi çatdırmaq istəyirəm. Möhtərəm Prezident Ərdoğan, möhtərəm Prezident Əliyev və bu gün bizim burada toplaşmağımıza səbəb olan digər tərəflər, xahiş edirəm, mənim təbriklərimi qəbul edin.
Bu gün Türkiyənin Əskişəhər şəhərində keçirilən mərasimdən əvvəl - Bakıda may ayının sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimi keçirilmişdir. TANAP bu layihənin əsas təməl daşlarından biridir. Bu layihə Avropada digər regionların da enerji təhlükəsizliyinə verdiyi töhfə baxımından çox mühüm əhəmiyyət kəsb edir. Məndə məmnunluq doğuran fakt odur ki, bu yaxınlarda Prezident Əliyevin qonağı qismində Azərbaycana rəsmi səfər etmişdim və bununla da Serbiya beynəlxalq arenada uğurlu dostluq körpüləri yaradan ciddi və etibarlı tərəfdaş kimi təsdiq edilmişdir”.
* * *
Ukrayna Prezidenti Petro Poroşenko çıxışında Avropa üçün son dərəcə önəmli olan TANAP qaz xəttinin açılışının enerji qaynaqlarının şaxələndirilməsi istiqamətində atılan mühüm addım olduğunu deyib. Türkiyənin və Azərbaycanın birgə səyləri sayəsində Cənub Qaz Dəhlizinin önəmli seqmentinin artıq tamamlandığını vurğulayan Petro Poroşenko bu layihənin uğurla icra olunmasında Azərbaycan və Türkiyə prezidentlərinin xidmətlərini qeyd edərək deyib: “Azərbaycanın və Türkiyənin birgə qətiyyəti, eləcə də digər Avropa ölkələrinin töhfəsi sayəsində Cənub Qaz Dəhlizinin bu aparıcı seqmenti tamamlanıb. Bundan sonra bütün region enerji təhlükəsizliyi perspektivlərinin genişlənməsindən faydalana biləcək.
TANAP enerji təhlükəsizliyi deməkdir. TANAP Azərbaycan xalqının böyük lideri, mənim böyük dostum İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi, türk xalqının böyük lideri, Ukraynanın böyük dostu və mənim böyük dostum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin enerji təhlükəsizliyi, eyni zamanda, iki böyük liderin - Prezident Əliyevin və Prezident Ərdoğanın misilsiz birliyi sayəsində Avropanın enerji təhlükəsizliyi, Avropanın qaz təchizatının şaxələndirilməsi və Avropanın rəqabətliliyi deməkdir. Bu, Ukraynanın enerji təhlükəsizliyi, Ukraynanın qaz təchizatının şaxələndirilməsi və Ukraynanın rəqabətliliyi deməkdir. Mən Ukrayna xalqı adından bu mühüm TANAP layihəsinin müəllifləri olan Prezident Əliyevə və Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm”.
* * *
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Uzunluğu 1850 kilometr olan TANAP boru kəmərinin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. İlkin mərhələdə layihənin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
* * *
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib: “Çox hörmətli dövlət başçıları.
Hörmətli nazirlər, deputatlar, enerji ictimaiyyətinin təmsilçiləri.
Əziz qonaqlar, xanımlar və cənablar.
Sizi dərin səmimiyyətimlə salamlayıram. Bu gün bölgəmiz və ölkələrimiz üçün tarixi bir addım atırıq. Cənub Qaz Dəhlizinin bel sütunu olan və “Enerjinin İpək yolu” adlandırdığımız Trans-Anadolu təbii qaz boru kəmərinin açılışını edirik. Siz dostlarımı belə bir strateji layihənin açılışı ilə əlaqədar Əskişəhərdə qonaq qəbul etməkdən şəxsən öz adımdan və millətim adından böyük məmnunluq duyuram. Bu nəhəng layihənin nəzərdə tutulan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları ürəkdən təbrik edirəm.
Bu layihənin reallaşması hər şeydən əvvəl Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində mümkün olub. Bundan başqa, istehsalçı, tranzit və istehlakçı ölkələrlə şirkətlər arasındakı uzlaşma və qarşılıqlı anlaşma birliyi prosesin sürətləndirilməsinə töhfə verib. Bu baxımdan TANAP, eyni zamanda, çoxtərəfli əməkdaşlığın nümunəsidir. Enerjini münaqişə deyil, əməkdaşlıq zəmini olaraq görən anlayışımız TANAP sayəsində bir daha təsdiqini tapdı. Bununla əlaqədar xüsusilə qardaşım İlham Əliyevə çox təşəkkür edirəm.
Dəyərli dostlar, TANAP ilə Xəzər qazı ilk dəfə Avropaya çatacaq. Şübhəsiz, Xəzər hövzəsindəki zəngin enerji ehtiyatlarının Avropaya nəqli fikrinin yeni olmadığını hamımız bilirik. Daha əvvəl bu məqsədlə bir sıra nəhəng layihələr həyata keçirmişik. Bu yola Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin inşası ilə başladıq. “Əsrin layihəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan kəməri daha sonrakı fəaliyyətlərin də başlanğıcı oldu. Azərbaycan və Gürcüstan ilə strateji tərəfdaşlığımız ölkəmizə ilk dəfə Azərbaycan qazını gətirən Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihəsi ilə davam etdi.
Əməkdaşlığımız enerji ilə məhdudlaşmadı. Son olaraq nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını da dəyərli qardaşımla bərabər reallaşdırdıq. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu əlaqəsini qurmağa nail olduq.
TANAP ortaq baxışımızın ən son bəhrəsidir. Enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. Layihə ilə bağlı rəqəmlər bu həqiqəti açıq-aşkar ortaya qoyur. Diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətini əvvəlcə 22 milyard kubmetrə, daha sonra əlavə sərmayələrlə 31 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Yunanıstan sərhədinə ilk qazın çatdırılmasını 2019-cu ilin iyununda həyata keçirməyi nəzərdə tuturuq.
TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək. Bunun bəhrələrini hələ sərmayə mərhələsində almağa başladıq. Sərmayə dövründə boru kəməri marşrutundakı 20 vilayətdə təxminən 10 min nəfərə bilavasitə və ya dolayısı ilə məşğulluq imkanı yaratdıq. Eyni zamanda, bu vilayətlərdə başda kiçik və orta sahibkarlıq subyektləri olmaqla çoxlu sayda müəssisəyə yeni iş imkanı təmin etdik. Bundan başqa, Türkiyə TANAP-ın reallaşması ilə tranzit ölkə olmaqdan çıxaraq istehsalçıdan son istehlakçıya uzanan dəyər zəncirinin hər mərhələsində rol oynayan əhəmiyyətli bir mövqeyə gəlib. Ölkəmiz regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına TANAP vasitəsilə bir addım da yaxınlaşdı.
Dəyərli qonaqlar, TANAP siyasi iradə ilə yanaşı, iqtisadi sabitliyin də məhsuludur. TANAP kimi böyük beynəlxalq infrastruktur layihəsinin qısa müddətdə həyata keçməsində Türkiyənin son 16 ildə təmin etdiyi siyasi və iqtisadi sabitliyin çox önəmli rolu var. Ölkəmiz bölgədəki bütün gərginliklərə, münaqişələrə, terror hadisələrinə, hətta FETÖ xəyanət dəstəsinin qanlı dövlət çevrilişi cəhdinə baxmayaraq, 16 ildir sabitliyini qorumağı bacarmışdır. Bu illərdə Türkiyə nəqliyyat, ticarət, sərmayə, enerji kimi müxtəlif sahələrdə xeyli sayda mühüm layihə həyata keçirib.
Xüsusilə enerji təhlükəsizliyinə nail olmaq və öz enerji mənbələrimizdən səmərəli şəkildə istifadə etmək üçün ciddi sərmayələr qoyduq. Milli enerji və mədən siyasətimizi formalaşdıraraq, enerji təhlükəsizliyi və proqnozlaşdırıla bilən bazar şərtləri ilə ölkəmizin sərmayələr üçün etibarlı bir liman və sabitlik adası olduğunu göstərdik. İki ədəd üzən LNG (mayeləşdirilmiş təbii qaz) qurumu və qurudakı LNG müəssisələrimizin imkanlarının genişləndirilməsi ilə son iki il yarımda ölkəmizin LNG-dən təbii qaz əldəetmə qabiliyyətini gündəlik 36 milyon kubmetrdən 113 milyon kubmetrə çatdırdıq.
Enerji təminatı üçün infrastrukturun gücləndirilməsi layihələri ilə yanaşı, təbii qaz və neft axtarışında da yeni bir dövrü başlatdıq. İlk milli qazma gəmimiz olan “Fatih”i Aralıq dənizinə yola saldıq. Dünyanın ən yeni texnologiyası ilə təchiz edilən bu gəmi ilə ölkəmizin mühüm bir çatışmazlığını da həll etmiş olduq.
Bundan başqa, son 16 ildə elektrik enerjisi gücümüzü 31 min 845 meqavatdan 87 min meqavata yüksəltdik. Bərpaolunan enerji qaynaqları gücümüzü 12 min 305 meqavatdan 40 min 838 meqavata çatdırdıq. Külək, geotermal və Günəş enerjisi mühüm elektrik mənbələrimizə çevrildi. Yeni bir enerji mənbəyi olaraq atom enerjisini də şəbəkəmizə daxil edəcəyik. Akkuyu və Sinop atom elektrik stansiyaları layihələrini, inşallah, önümüzdəki illərdə mərhələ-mərhələ həyata keçirəcəyik.
Hörmətli qonaqlar, biz tarix boyunca rəqabətin, gərginliyin əsas səbəbi olmuş enerji məsələsini əməkdaşlıq sahəsinə çevirərkən Avropada din, inanc və ibadət azadlığının yeni bir münaqişə sahəsinə çevrilməsi cəhdlərini görürük. Avropa ölkələrində son illərdə artan irqçilik, ksenofobiya və islamofobiya meyilləri təəssüf ki, get-gedə sosial və siyasi həyatı daha çox zəhərləyir. Qısamüddətli maraqlar naminə bəzi avropalı siyasətçilər də adətən yanğını körükləyirlər. Altı milyondan çox vətəndaşı Avropa dövlətlərində yaşayan bir ölkə olaraq açıq deyirəm, bu mənfi gedişatdan son dərəcə narahatıq. Müsəlmanları hədəf göstərməyin, ksenofobiyanı qızışdırmağın, ibadət yerlərinin qapısına kilid vurmağın heç kimə faydası yoxdur. Gərginlik platformalarından siyasi maraqlar naminə istifadə etməyə çalışmaq bəsirətsizlikdir, odla oynamaqdır. İkinci Dünya müharibəsində yəhudilərin və qaraçıların çəkdiyi zülmlər, yaşadıqları qətliam və işgəncələr belə məsuliyyətsiz siyasətin necə utancverici səhnələrə səbəb ola biləcəyini açıq göstərib. Avropadakı naşı siyasətçilər insanların həssas dəyərlərinə toxunan manevrlər etməzdən əvvəl öz tarixlərindəki dərsə bir daha baxsınlar və ondan nəticə çıxarsınlar.
Qanuni, leqal qurumların qapısına kilid vurmaqla, radikalizmlə mübarizə aparmaq olmaz. Müsəlmanların inanc və ibadət azadlıqlarını məhdudlaşdırmaqla, terrorla mübarizə aparmaq olmaz. Belə təhrikedici addımlar ancaq İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatlarına yeni fəaliyyət sahələri təqdim edər. Terror təşkilatı PKK-nın Avropa paytaxtlarında meydan suladığı, hər il milyonlarla avro xərac topladığı bir şəraitdə cami və məscidləri terror yuvası kimi göstərmək, sözün əsl mənasında, ağılsızlıqdır. Türkiyə olaraq Avstriya hökumətinin yanlış mövqedə israr etməsi əvəzinə dərhal doğru yola dönməsində fayda görürük. Vətəndaşlarımızın haqq, hüquq və mənfəətlərinin qorunması məsələsində səbrimizin sonsuz olmadığını bilmələrini istəyirik.
Dəyərli dostlarım, bilirsiniz ki, TANAP ilk dəfə gündəmə gələndə bəzi dairələr, - İlham qardaşım bunu çox yaxşı bilir, - buna xülya dedilər, həyata keçirilməsi mümkün deyil dedilər. Amma biz səbir etdik, dözüm göstərdik. Doğru bildiyimiz yolla qətiyyətlə irəlilədik və israr etdik. Nəticədə isə bu gün bərabər yaşadığımız qürur tablosuna şahid oluruq. İndi qarşımızda daha böyük hədəflər, yeni layihələr var. İndi qarşımızda buradan aldığımız ilhamla yeni uğur hekayələri yazmaq var.
Bu hisslərlə sözlərimi bitirərkən dəyərli qardaşım Əliyevə göstərdiyi liderliyə görə bir daha təşəkkür edirəm. Bu tədbirimizdə iştirak edən dəyərli dostlarım Poroşenkoya, Vuçiçə, Şimali Kiprin lideri Mustafa bəyə və bu tədbirdə aramızda olan bütün nazirlərə, deputatlara və hörmətli xalqımıza çox təşəkkür edirəm. Bu prosesdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən göstərilən dəstəkdən də məmnunluq duyduğumuzu xüsusi ifadə etmək istəyirəm. Bu tarixi açılış mərasimində bizi tək qoymayan, sevincimizə ortaq olan bütün dövlət və hökumət başçılarına bir daha təşəkkürlərimi çatdırıram. Sağ olun, var olun, salamat qalın”.
* * *
Sonra TANAP kəmərinə qazın verilməsi mərasimi olub.
Sonda birgə foto çəkdirilib.
Bununla da Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə aldı. Ölkəmizin reallaşdırdığı “Cənub Qaz Dəhlizi” layihəsinin ən vacib seqmentlərindən olan TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə artıq regiona və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gəlir. Bu isə Azərbaycanın və Türkiyənin birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsidir.

 
  • Oxunub:  8640  |  
  • Tarix:  14-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18