Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev: Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilibdir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilibdir

05.05.2018 [15:05]

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz və Xızı rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gedib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında və bütövlükdə rayonda görülən işlər barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.
Dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına burada görülən işlərlə bağlı ətraflı məlumat verib.
Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Xaçmaz rayonunda çox əlamətdar bir gündür, xalça fabriki açılır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Son iki il ərzində artıq dördüncü xalça fabriki açılır və bu proses davam etdiriləcək. Biz xalçaçılıq sənətini yaşatmalıyıq, yaşadacağıq və belə fabriklərin açılması ölkəmizin ümumi inkişafını göstərir. Burada 100-dən çox iş yeri açılıbdır, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait vardır. Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Amma çox sevindirici hal ondan ibarətdir ki, qadınlar da fəal işə cəlb olunurlar. Xalçaçılıq elə sənətdir ki, bunu qadınlar yaşadırlar.
İki il əvvəl mənim sərəncamımla “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır və qarşıya vəzifə qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaqdır.
Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Bakıda gözəl Xalça Muzeyi tikilib istifadəyə verilmişdir. Yəni, biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. İş yerlərinin yaradılması çox önəmli məsələdir. Qeyd etdiyim kimi, bu fabriklərin fəaliyyətə başlaması nəticəsində minlərlə iş yeri yaradılacaq.
“Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək.
Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək.
Bax görürsünüz, xalçaçılıq sənətinin inkişafı və “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə keçirilən sərgilərdə, təqdimatlarda mütləq Azərbaycan xalçası təqdim edilir.
Şadam ki, bu gözəl müəssisə Xaçmaz şəhərində yaradılır. Xaçmazın inkişafına böyük diqqət göstərilir. Bu gün biz Xaçmaz şəhərində içməli su layihəsinin açılışını qeyd edəcəyik. Bu da çox böyük sosial layihədir. Digər sosial məsələlər də öz həllini tapır. Son illər ərzində 40-a yaxın məktəb tikilib və ya təmir edilmişdir, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuşdur. Mən onun açılışında iştirak etmişəm. Olimpiya İdman Kompleksinin açılışında da iştirak etmişəm. Ümumiyyətlə, bu səfər mənim Prezident kimi Xaçmaza sayca 8-ci səfərimdir və bütün səfərlər zamanı gözəl müəssisələrin, obyektlərin açılışları olmuşdur.
Onu da qeyd etməliyəm ki, Xaçmazda digər infrastruktur layihələri icra edilir, qazlaşdırma artıq 80 faizdən çoxdur, yeni yollar salınır. Bu gün həm kənd yolu, həm də Xaçmaz-Xudat yolu açılacaqdır. Mənə verilən məlumata görə, son illərdə 7 yol layihəsi icra edilib və əhalinin 70 faizi artıq yeni yollarla əhatə olunub. Bu proses gələn illərdə də davam etdiriləcəkdir. Elektrik enerjisi ilə heç bir problem yoxdur və Xaçmaz rayonunda qazlaşdırma 100 faizə çatmalıdır. Qarşıya belə vəzifə qoyulub, yaxın gələcəkdə biz buna da nail olacağıq.
Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatına böyük diqqət göstərilir, 40-dan çox aqropark yaradılır. Birinci aqropark mənim iştirakımla Xaçmaz rayonunda açılmışdır. Yalama aqroparkı indi uğurla fəaliyyət göstərir. Orada da çoxlu iş yerləri yaradılır. Əlbəttə ki, Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır. Onların sayı da artmalıdır ki, Xaçmaz rayonunun inkişafı daha da sürətlə getsin.
Beləliklə, sənaye istehsalının, kənd təsərrüfatının, turizmin inkişafı və əlbəttə ki, Xaçmaz şəhərinin abadlaşdırılması çox sevindirici hallardır. Xaçmaz indi muzeylər, parklar şəhəridir. Burada gözəl abadlıq işləri görülür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, inkişaf daha da sürətlə getsin və ölkəmiz həmişə ən yüksək zirvədə olsun. Əlbəttə, bu işlərdə sizin əməyiniz də çox önəmlidir. Sizi bir daha ürəkdən təbrik edirəm”.
Sonra müəssisənin işçisi Zahirə Beydullayeva və filialın direktoru Sevda Xəlilova çıxış edərək rayonda görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Dövlətimizin başçısı burada toxunan Quba qrupuna aid ilk hazır xalçanı kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Prezident İlham Əliyev Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Xızı rayonunda çox əlamətdar bir gündür. Biz Xızı şəhərinə içməli suyun verilməsini qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Eyni zamanda, Altıağac qəsəbəsinin su problemi də həll olunub. Çox gözəl layihələrdir. Bu layihələr bir daha onu göstərir ki, bizim sosial siyasətimiz gözəl nəticələr verir və sosialyönümlü addımlar bundan sonra da atılacaqdır.
Xızı şəhərində içməli su problemi həmişə insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapıbdır. Xızıda içməli su layihəsinin başa çatması ilə biz, demək olar ki, şimal zonasının bütün şəhərlərinin içməli su problemini həll etmiş oluruq. Əvvəlki dövrlərdə Qusar, Quba, Şabran, Siyəzən şəhərlərinin, bu gün isə biz Xaçmaz şəhərinin içməli su layihəsinin açılışını qeyd etdik. Yəni, şimal zonasının şəhərlərinin içməli su ilə bağlı problemləri öz həllini tapıbdır. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm.
Ümumiyyətlə, bildirmək istəyirəm ki, ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilmişdir, Xızıda da həmçinin. Mənim əvvəlki gəlişimdə burada mərkəzi rayon xəstəxanası açılmışdır, gözəl, müasir binadır. Rayonda 10-a yaxın məktəb tikilmişdir, infrastrukturla bağlı olan digər layihələr icra edilir, qazlaşdırma 90 faizdən çoxdur. Demək olar ki, artıq bütün yaşayış məntəqələri qazla təmin olunub. Əminəm ki, gələcək dövrdə Xızıda qazlaşdırma 100 faizə çatacaq. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Əksinə, indi Xızı rayonu bizim ümumi enerji sistemimizi böyük həcmdə elektrik enerjisi ilə təmin edəcək. Yeni Yaşma Külək Elektrik Stansiyası artıq fəaliyyətə başlayır, yoldan keçəndə də bunu görmək mümkündür. Kənd yolları salınır. Bu gün bir yolun açılışını qeyd edəcəyik. Mənə verilən məlumata görə, kənd yollarının 50 faizi yenidən qurulub və ya əsaslı təmir olunub.
Bir sözlə, Xızı rayonunun sosial-iqtisadi inkişafı uğurla gedir. Ümid edirəm ki, gələcək illərdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Çünki Taxtakörpü su anbarının tikintisi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması nəticəsində bütövlükdə bu bölgədə 30 min hektar torpaq sahəsi su ilə təmin ediləcəkdir. Bunun 12 min hektarı Xızı rayonunun payına düşür - 9 min hektar yeni suvarılan sahələr olacaq, 3 min hektar isə su verilmiş, ancaq kifayət qədər olmamış sahələrdir. Son məlumata görə, bu 9 min hektar yeni suvarılacaq torpaqlardan 3 min hektarı artıq suvarma suyu ilə təmin edilib. Əlbəttə, biz gözləyirik ki, Xızı rayonunda kənd təsərrüfatı sürətlə inkişaf etsin. İndi yol ilə gələndə gördüm ki, müasir suvarma sistemləri də qurulur, sahələr pivot suvarma üsulu ilə suvarılır. Beləliklə, həm məhsuldarlıq artacaq, həm də yeni sahələrin dövriyyəyə cəlb edilməsi nəticəsində yeni iş yerləri yaradılacaq. Buna görə mən Xızı rayonunun gələcək inkişafını çox müsbət görürəm, böyük nikbinliklə baxıram. Rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülüb. Yollar, elektrik enerjisi, qaz xətləri, indi içməli su, xəstəxana. Bildiyiniz kimi, bir neçə ildir ki, ölkəmizdə kütləvi müayinədən keçmə kampaniyası aparılır, hər il 5 milyondan çox insan dövlət hesabına müayinədən keçir və belə gözəl xəstəxanalarda bunu etmək mümkün olur.
Ölkəmizin ümumi sosial-iqtisadi inkişafı da çox müsbətdir. Üç ayın göstəriciləri bizi çox sevindirir. İndi bir neçə gündən sonra dörd ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox sosialyönümlü layihələr həyata keçirilibdir. Bu layihələrin həyata keçirilməsi davam etdiriləcək, eyni zamanda, bütün sosial sahədə tam şəffaflıq yaradılmalıdır. Bu, yeni dövrün tələbidir. Əvvəlki dövrlərdə də mən qarşıya bu vəzifəni qoymuşam və bu gün bir daha çox ciddi tapşırıq verirəm ki, sosial sahədə maksimum şəffaflıq təmin edilməlidir. Əminəm ki, ediləcək və sosial ədalət tam bərqərar olmalıdır.
Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Ancaq bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Bunun nəticəsində ölkəmiz uğurla inkişaf edir. Bunun nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilibdir.
İndi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır. Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Bu gün Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Vəzifə isə çox sadədir, onu biz bir neçə il əvvəl qarşımıza qoymuşuq ki, insanları narahat edən bir dənə də problem qalmasın. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələr. Hər bir yerdə, hər bir rayonda və hər bir kənddə bu məsələlərə xüsusi diqqət göstərilir. Əldə edilmiş nəticələr və bu ilin gözəl göstəriciləri tam deməyə əsas verir ki, biz bu düzgün yolla gedəcəyik və bu günə qədər həllini tapmayan məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq. Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm”.
Sonra çıxış edən Könül Feyziyeva rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Dövlət başçısı Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Sonra dövlətimizin başçısına tikintisi başa çatmış Xızı-Altıağac avtomobil yolunda görülmüş işlər barədə məlumat verilib.
Daha sonra Prezident İlham Əliyevə Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometrliyindən ayrılan Yeni Yaşma kənd yolunda aparılmış əsaslı təmir işləri barədə məlumat verilib.
Dövlətimizin başçısı Fındığan kənd yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30