Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Əsas strateji yollar Azərbaycandan keçir 

Əsas strateji yollar Azərbaycandan keçir 

19.04.2024 [10:00]

Çoxtərəfli diplomatiyada yüksək fəallıq

Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda ayrı-ayrı beynəlxalq təşkilatlarla sıx əlaqələr qurulması xətti xüsusi yer tutur. Ölkəmiz müxtəlif platformalarda iştirakçılığını genişləndirməklə həm öz həqiqətlərini dünyaya çatdırır, həm də qarşılıqlı əməkdaşlığa, beynəlxalq həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verir. Respublikamızın qısa müstəqillik tarixində sıx əlaqələr qurduğu beynəlxalq təşkilatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM). Bu günlərdə Prezident İlham Əliyev qurumun Baş katibi Kayrat Sarıbayı qəbul edib. Qəbulda Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o cümlədən Qazaxıstan tərəfinə təşəkkürünü bildirib. 

Görüşdə COP29 çərçivəsində də bu təşkilatın müxtəlif tədbirlərinin keçirilməsi, eyni zamanda, yaşıl nəqliyyat konsepsiyası və digər sahəvi əməkdaşlıq məsələlərinə baxılması ilə bağlı müzakirələr aparılıb.

Asiyada perspektivli əməkdaşlıq və dialoq platforması

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan prezidenti tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.

Hazırda AQEM-in sıralarında 27 üzv dövlət birləşir. Onun fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin inzibati orqanı Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Görüşü (dörd ildən bir keçirilir), Xarici İşlər Nazirlərinin Görüşü (prosedur qaydalarına uyğun olaraq iki ildən bir keçirilir) və Yüksək Vəzifəli Şəxslər Komitəsidir (azı ildə bir dəfə toplanır).

Azərbaycan AQEM-in çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biridir və hazırda da platforma çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi edib, 23 sentyabr 2021-ci il tarixində isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil edilib. 2018-ci ilin 13-14 aprel tarixlərində Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” (International Youth Cooperation in the context of Peace, Security and Sustainability) mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilib.

AQEM-in Zirvə görüşlərinin yekun bəyannamələrində, eləcə də Nazirlər iclaslarının sənədlərində davamlı olaraq separatizm dövlətlərin sabitliyi, suverenliyi və ərazi bütövlüklərinə olan təhdid kimi pislənilib və üzv-dövlətlər arasındakı münasibətlərin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında qurulmalı olduğu qeyd edilib. Bəhs olunan qəbulda söhbət zamanı bu təşkilatın Asiya qitəsində sülhün, təhlükəsizliyin gücləndirilməsinə və etimad quruculuğu prosesinə töhfə verməsi baxımından böyük potensiala malik olduğu qeyd edilib, Azərbaycanın üzv dövlətlərlə birgə çalışaraq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin daha da təsisatlanması və sahəvi əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğu vurğulanıb.

Beynəlxalq əməkdaşlıqda qazanılan zəngin təcrübə

Bəhs olunan qəbulda Azərbaycanın çoxtərəfli diplomatiyada fəal rol oynayan ölkə olduğu  və bu sahədə zəngin təcrübə qazandığı xüsusi vurğulanıb. Qısa müstəqillik tarixinə malik olan Azərbaycan  nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı da diqqəti cəlb edir. Azərbaycan - 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. Əlbəttə, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin strateji hədəflərə yönələn məqsədyönlü siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Ölkəmiz BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bütövlükdə, respublikamızın BMT TŞ-yə hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. 

Qoşulmama Hərəkatında (QH) uğurlu fəaliyyət respublikamızın çoxtərəfli diplomatiyada yüksək fəallıq göstərməsinə daha bir nümunədir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.

Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə bütün dünyanı ağuşuna alan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini yeni çağırışlara uyğun qurdu. Məhz ölkəmizin təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Bəhs olunan qəbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiyada etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində vacib dialoq platforması olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xatırladıb və sədrlik çərçivəsində əldə edilmiş təcrübənin bu təşkilata sədrliyin həyata keçirilməsi baxımından faydalı olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi COVID-19 pandemiyası dövründə üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının təsisatlanması baxımından atdığı addımlara toxunub, bu xüsusda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində təşəbbüsləri vurğulayıb.

Azərbaycanın artan beynəlxalq nüfuzu

Azərbaycanın AQEM-ə növbəti iki ildə sədrlik etməsi onun beynəlxalq nüfuza malik olmasından xəbər verir. Bu barədə AQEM-in Baş katibi Kayrat Sarıbay ölkəsinin Bakıdakı səfirliyində keçirilən brifinqdə deyib. “Azərbaycan beynəlxalq əməkdaşlığa inteqrasiya edir. Zənnimcə sədrlik Azərbaycana müsbət məqamlar qazandıracaq. Çünki əsas strateji yollar Azərbaycandan keçəcək. Bu isə yeni işlərin meydana çıxması, iqtisadi inkişaf, təhlükəsizlik deməkdir. Bu, həm də regiona və dünya ölkələrinə humanitar töhfə verməkdir”, - deyə Kayrat Sarıbay əlavə edib.

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi quruma daxil ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra reallaşacaq. Baş katib  bildirib ki, son 4 ildə Qazaxıstanın AQEM-ə sədrliyi dövründə az iş görülməyib. Onun qənaətinə görə, Azərbaycan bu inkişaf istiqamətini davam etdirəcək və bir sıra uğurlu layihələrin icrasına nail olacaq. 

Yeri gəlmişkən, aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramovun Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay ilə görüşündə tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planlarını, təşkilat çərçivəsində mövcud işləri və perspektivləri müzakirə ediblər. Nəqliyyat bağlantıları, ətraf mühit kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu deyən K.Sarıbay bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31