Məlum olduğu kimi, cari ilin iyununda növbədənkənar parlament seçkiləri elan olunması da məğlub Ermənistanda daxili siyasi gərginliyi azaltmayıb. Əksinə, erməni mediasının yazdığına görə, hakimiyyətin seçki məcəlləsinə dəyişikliklər etməsi parlamentdə təmsil olunan və seçkilərə getmək üçün hakim komanda ilə razılığa gələn “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” partiyalarının narazılığına səbəb olub. Parlamentdənkənar qüvvələrə gəlincə, bəzi partiyalar seçkidə iştirakla bağlı qərar versələr də, ümumiyyətlə, müxalifət Paşinyanın hakimiyyəti dövründə seçkilər keçirilməsinə qarşı çıxır.
Qeyd edək ki, Ermənistanda “reytinq seçki sistemi”nin (deputatlığa namizədlərin ərazi siyahısı ilə seçilməsi) ləğvi və proporsional seçki sisteminin bərpasının dəqiq səbəbi bəlli deyil. Bəzi iddialara görə, hakim blokun beş deputatı böhran dövründə “Mənim addımım” fraksiyasından istefa verdiyi üçün hakimiyyət bu addımı atıb. “News.am”ın yazdığına görə, dəyişikliklə bağlı açıqlama verən “Mənim addımım” blokundan olan deputat Mariya Karapetyan deyib ki, seçkilər zamanı vətəndaşlar yalnız partiyalardan birinə səs verəcək: “Seçkilər zamanı vətəndaşlar partiyanın siyahısına daxil olan namizədlərdən birinə deyil, yalnız partiyalardan birinə səs verəcəklər”.
Bu arada, “Panorama.am”ın yazdığına görə, Ermənistan parlamentinin keçmiş aparat rəhbəri, respublikaçıların nümayəndəsi Ara Saqatelyan deyib ki, seçkilərdə iştirakla bağlı qəti qərara gəlməyiblər. Keçmiş iqtidar təmsilçisi mövcud hökumətin ədalətli seçki keçirəcəyinə əmin deyil: “Seçkilərdə müxalifətə ciddi maneələr və problemlər yaradıla bilər”.
Yeri gəlmişkən, seçkilərə qarşı çıxan “Vətənin xilası naminə hərəkat” parlament binası qarşısındakı çadırları artıq yığışdırıb. “Sputnik-Ermənistan”ın yaydığı məlumata görə, müxalifət bundan sonra regionlarda kütləvi etiraz aksiyalarına başlayacaq.
Məğlub ölkədə siyasi böhranın davam etdiyi dövrdə daha bir qalmaqallı proses aktuallaşıb. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı vəkillərin göndərdiyi müraciət artıq araşdırılma mərhələsindədir. Xatırladaq ki, bir müddət əvvəl 53 vəkil ikili vətəndaşlıq faktının A.Sarkisyan tərəfindən gizlədilməsi ilə bağlı baş prokurora müraciət edib. Baş prokurorluğun mətbuat katibi Arevik Xaçatryan “News.am” saytına verdiyi açıqlamada müraciətin Xüsusi istintaq xidmətinə göndərildiyini təsdiq edib. Vəkillərin iddialarına görə, bir müddət öncə başqa ölkə vətəndaşı olan A.Sarkisyanın Ermənistan prezidenti seçilməsi qanunsuzdur.
Göründüyü kimi, seçkiqabağı dövrdə müxalifət fəaliyyətini regionlara transfer etməyə çalışır. Mövcud xaotik vəziyyət isə siyasi böhranı daha da dərinləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 1680 |
- Tarix: 06-04-2021 |
-
Çap et |