Ermənistanda bütün sahələrdə xaos davam edir. Kütləvi aksiyaları davam etdirən müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Yerli KİV-in yazdığına görə, Ermənistan prezidentinin son günlər keçirdiyi ikitərəfli görüşlərdə müzakirə edilən əsas məsələ növbədənkənar parlament seçkilərinin keçirilməsi olub. “Nikolsuz Ermənistan” şüarı ilə küçə aksiyalarına üstünlük verən “Vətənin xilası naminə hərəkat” isə indiki baş nazirin rəhbərliyi ilə keçiriləcək seçkilərdən imtina edir.
Yeri gəlmişkən, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da indiki hökumətin dövründə seçki keçirilməsinə qarşı çıxıb. Sabiq prezident qəti şəkildə vurğulayır ki, Paşinyan istefa verməli və ölkəni tərk etməlidir: “Hakim qüvvə növbədənkənar parlament seçkiləri təşkil edərsə, inzibati resursların geniş istifadə edilməsindən faydalana və nəticədə bütün seçki məntəqələri gərginlik ocağına çevrilə bilər. Bu vəziyyətdə ən biabırçı seçkilərin şahidi olacağıq. Yeganə çıxış yolu Paşinyanın dərhal, könüllü şəkildə istefası və toxunulmazlığının təmin edilməsi şərtilə xaricdə müvəqqəti sığınacaq almasıdır. Bu vəziyyətdə, baş nazirin vəzifələri ədalətli seçkilərin keçirilməsini təmin edə biləcək baş nazirin bitərəf müavininə həvalə edilməlidir”.
“Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna namizədi Vazgen Manukyanın sözlərinə görə, ölkə biabırçı və fəlakətli təslimçilikdən sonra yeni bir fəlakətin - dərinləşən siyasi və sosial-iqtisadi böhranın astanasındadır. “Aysor.am”a verdiyi açıqlamasında V.Manukyan deyib ki, mövcud hakimiyyətin dövründə növbədənkənar seçkilərin keçirilməsi yeni təhlükələr yaradacaq.
Qeyd edək ki, məğlub Ermənistanda sosial-iqtisadi tənəzzül də davam edir. Bunu dövlətin rəsmi orqanları və ekspertlər də təsdiq edir. Məsələn, Ermənistan Aqrar-kəndli birliyinin sədri Hraç Bərbəryan bildirib ki, bazarda bahalaşmanın və dramın ucuzlaşmasının günahkarı mərkəzi bank və Ermənistan hakimiyyətidir: “Ölkədə ərzaq məhsullarının bahalaşmasının və dramın bir ayda 12 faiz ucuzlaşmasının günahkarı mərkəzi bankdır. Bütün bunlar hökumətin yarıtmaz siyasəti ucbatından baş verir”.
Qeyd edək ki, yaranmış sosial-iqtisadi böhran əhalinin ölkəni tərk etməsini də sürətləndirib. Ekspertlər qeyd edir ki, yaxın vaxtlarda Ermənistanda böyük miqrasiya gözlənilir. İqtisadçı Aşot Tavadyan deyib ki, bəzi sosioloqlar 200 min nəfərlik rəqəmdən bəhs edirlər. Belə ki, Ermənistan iqtisadiyyatındakı tənəzzül və işsizlik ermənilərin ölkədən qaçmasını şərtləndirir.
Göründüyü kimi, Ermənistanda bütün sahələrdə xaos davam edir. Hökumətin əleyhdarlarının və bir sıra ekspertlərin fikrincə, Paşinyan iqtidarı ölkədəki sosial-iqtisadi tənəzzülün qarşısını almaqda acizdir.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 3240 |
- Tarix: 17-03-2021 |
-
Çap et |