Müxalifətin istefa tələbi qarşısında aciz duruma düşən Paşinyan isə hakimiyyətini qoruyub saxlamaq üçün seçkidən başqa çıxış yolu görmür
Müharibədə məğlub olan Ermənistanda artıq üç aya yaxındır ki, qeyri-sabitlik və xaos vəziyyəti davam edir. Hökumətin istefası tələbindən geri çəkilməyən “Vətənin xilası naminə hərəkat” baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilər keçirmək təşəbbüsünü də qəbul etmir. Müxalifət yalnız indiki hökumətin istefasından, keçid hökumətinin qurulmasından sonra seçkilərə getməyi məqbul sayır. Bu tələb qarşısında çıxış yolu axtaran baş nazir müxtəlif vasitələrə əl atır. Erməni mediasının yazdığına görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi və parlamentin buraxılması istiqamətində Paşinyanın təşəbbüsləri siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmır.
Qeyd edək ki, indiki vəziyyətdə hakimiyyətin növbədənkənar parlament seçkilərinə hazırlaşması məhz siyasi gündəmin əsas məsələsi kimi müzakirə olunmaqdadır. “News.am” yazır ki, parlamentin buraxılması ilə bağlı konstitusiyaya yeni dəyişikliklərin edilməsi barədə hakim “Mənim addımım” blokunun təşəbbüsünü şərh edən “Maariflənən Ermənistan” fraksiyasının katibi Gevork Qorqisyan deyib ki, bu gün Ermənistanda parlamenti buraxmağın bir yolu var: baş nazir istefa verir, bundan sonra parlament iki dəfə yeni baş naziri seçə bilmir və parlament buraxılır: “Paşinyan istefa verəcəyi təqdirdə, yenidən baş nazir seçilməyəcəyindən qorxur. Biz dəfələrlə demişik ki, istefa baş versə, “Maariflənən Ermənistan” partiyasının rəhbərini namizəd göstərəcəyik və o halda hakim “Mənim addımım” blokundan olan deputatların səsvermədə bizim namizədi dəstəkləyəcəyinə ümid edirik”.
Növbədənkənar seçkilərin keçirilməsi məsələsinə gəlincə, deputat deyib ki, seçkilərin onsuz da ölkədə mövcud olan qeyri-sabit vəziyyəti daha da ağırlaşdıra biləcəyi üçün bu variant partiyanın gündəmində yoxdur.
Yeri gəlmişkən, qeyd edək ki, hakim komandanın qanunvericilik təşəbbüslərinə qarşı çıxan “Vətənin xilası naminə hərəkat” isə vətəndaşları parlament binasının qarşısında toplaşmağa çağırıb. Bununla bağlı hərəkatın yaydığı bəyanatda vurğulanır ki, hökumətin və xain liderin rəhbərlik etdiyi “Mənim addımım” blokunun parlament fraksiyası antimilli və dövlət əleyhinə fəaliyyətlərini davam etdirir: “Vətəndaşlarımızı parlament binasının girişinə toplaşaraq antimilli hakimiyyətin fəaliyyətinə etiraz səsini qaldırmağa çağırırıq”.
Qeyd edək ki, fevralın 3-də müxalifətin növbədənkənar iclasın keçirildiyi parlamentin binası qarşısında kütləvi etiraz aksiyası baş tutub. Aksiya iştirakçıları daha sonra hökumət binasına yürüş edərək orada Paşinyanın istefasını tələb ediblər.
Onu da xatırladaq ki, “Hraparak” qəzetinin yaydığı məlumata görə, fevralın 2-də “Vətənin xilası naminə hərəkat”da birləşən müxalifət qüvvələrinin liderləri ilə Ermənistanın eks-prezidentləri arasında görüş olub. Görüşdə eks-prezidentlər S.Sarkisyan və R.Koçaryan, təhlükəsizlik xidmətinin sabiq direktoru, “Vətən” partiyasının sədri A.Vanetsyan, “Daşnaksutyun” partiyasının ali şurasının üzvü İ.Saqatelyan, “Çiçəklənən Ermənistan” partiyasının sədri Q.Çarukyan və “Vətənin xilası naminə hərəkat”da birləşən müxalifətin baş nazir postuna vahid namizədi V.Manukyan iştirak ediblər. Görüşdən sonra mətbuata açıqlama verən V.Manukyan deyib ki, əsas müzakirə mövzusu hakimiyyət dəyişikliyi üçün müxalifətin bundan sonrakı fəaliyyəti olub.
Beləliklə, müxalifətin istefa tələbi qarşısında aciz duruma düşən Paşinyan hakimiyyətini qoruyub saxlamaq üçün parlamentin buraxılması və tələm-tələsik seçkilərə getməyi ən məqbul variant kimi görür. Lakin yerli ekspertlərin qənaətinə görə, indiki xoas və anarxiya vəziyyətində nəinki seçkilərin keçirilməsi, hətta növbədənkənar seçkilərin elan olunması belə Ermənistanda vəziyyəti daha da ağırlaşdıracaq.
Q.ZİYƏDDİNOĞLU
- Oxunub: 4260 |
- Tarix: 04-02-2021 |
-
Çap et |