Erməni ekspertlər iki seçim yolu göstərir: ya Paşinyan hökuməti devrilməlidir, ya da əhali kütləvi şəkildə işğalçı ölkəni tərk etməlidir
Məlum olduğu kimi, məğlub Ermənistanda siyasi qarşıdurma və ağır sosial-iqtisadi böhran vəziyyəti davam etməkdədir. Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı ölkədə artıq 3 aydır ki, xaos hökm sürür. Belə ki, ölkədə hərbi vəziyyət ləğv olunmasa da, vətəndaş itaətsizliyi aksiyaları davam edir. Ermənistan mətbuatının yazdığına görə, müharibədə məğlubiyyət ölkədə sosial-iqtisadi böhranın dərinləşməsinə səbəb olub. Ciddi mənəvi-psixoloji böhran keçirən əhali isə vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görür.
Yeri gəlmişkən, qeyd edək ki, Ermənistanın rəhbər şəxsləri də ölkədəki mövcud acınacaqlı durumu etiraf edirlər. Dövlət başçısı Armen Sarkisyan bəyan edib ki, daxili siyasi qarşıdurma pik həddə çatıb, siyasi qüvvələr bir-birini ittiham edir, ölkə isə ağır sosial-iqtisadi böhran içindədir. Ermənistanın diz üstə çökdüyünü etiraf edən prezident də hökumətin istefaya getməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, məğlub Ermənistanda səhiyyə, maliyyə, iqtisadiyyat, humanitar və digər sahələrdə böhran mövcuddur.
Qeyd olunduğu kimi, işğalçı ölkənin səhiyyəsi də bərbad durumdadır. Eyni zamanda, erməni mətbuatında yer alan məlumatlara görə, məğlub ölkədə pandemiya ilə mübarizədə də vəziyyət ürəkaçan deyil. Belə ki, “Sputnik Ermənistan” səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyana istinadən məlumat verir ki, koronavirusla mübarizədə uğursuzluğa görə Ermənistanda karantinin daha 6 ay uzadılması planlaşdırılır. Qeyd edək ki, rəsmi məlumatlara görə, artıq ölkədə koronavirusdan 3600 nəfər ölüb.
Bu arada, “News.am” yazır ki, milad bayramını qeyd etmək üçün Londona gedən prezident A.Sarkisyanın da koronavirusa yoluxduğu bəlli olub. Bundan sonra baş nazir Nikol Paşinyan da özünü təcrid edib. Bir neçə ay bundan qabaq Paşinyanın koronavirus xəstəliyinə tutulmasını qeyd edən opponentləri isə onun bu addımını bəhanə adlandırırlar. “Panorama.am” yazır ki, keçmiş səfir Mikael Minasyan koronavirusun ölkə rəhbərlərinin gizlənmək üçün çox əlverişli bəhanə olduğunu deyib: “A.Sarkisyan və N.Paşinyan acınacaqlı durumdan əziyyət çəkən, kasıb Ermənistan əhalisindən qorxduqları üçün çölə çıxmırlar. Çünki vətəndaşlar onları yumurta, təhqir, təhdid və lənətlə qarşılayırlar. Tarixi fəlakət yaşayan bir ölkənin prezidentinin Londona tətilə getməsi, baş nazirin isə özünü təcrid etməsi biabırçılıqdır. Ancaq onların gizlənməsi əllərindəki qanı və ruhlarındakı ləkəni yumayacaq”.
Onu da qeyd edək ki, ölkədəki acınacaqlı vəziyyəti dəyərləndirən ekspertlər çarəsiz vətəndaşlara iki seçim yolu göstərir: ya Paşinyan hökuməti devrilməlidir, ya da əhali kütləvi şəkildə ölkəni tərk etməlidir. Məsələn, “Tert.am”a verdiyi açıqlamada vəkil Yervand Varosyan deyib ki, indiki hakimiyyət Ermənistanı dağıtmaq üçün bir sıra tədbirlər həyata keçirir: “Siyasi hakimiyyət qarşısına Ermənistanı coğrafi xəritədən silmək vəzifəsi qoyub və bu yolda atılan addımlardan biri də siyasi müxalifləri cinayət təqibi ilə susdurmaqdır. Vətəndaşların başqa bir seçim yolu yoxdur. Ya miqrant kimi xarici ölkələrə üz tutacağıq, ya da müqavimət göstərəcəyik”.
Qeyd edilənlər bir daha işğalçı ölkənin təkcə siyasi deyil, ağır sosial-iqtisadi böhran içində olduğunu da ortaya qoyur. Ekspertlərin vurğuladığı kimi, məğlub Ermənistanın əhalisinin ölkənin düşdüyü fəlakətdən çıxış yolu üçün seçim imkanları da tükənmək üzrədir.
Q.ZİYƏDDİNOĞLU
- Oxunub: 2460 |
- Tarix: 08-01-2021 |
-
Çap et |