Məlum olduğu kimi, 16 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın çağırışı ilə Ermənistanda dekabrın 8-dən başlayan vətəndaş itaətsizliyi aksiyaları davam edir. Belə ki, işğalçı ölkənin hər yerində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə nümayişlər keçirilir. Ermənistan mətbuatının yazdığına görə, bunun müqabilində Paşinyan hakimiyyətini qorumaq üçün müxtəlif vasitələrə əl atır. Buna baxmayaraq, regionlarda vətəndaş itaətsizliyi aksiyaları genişlənir.
Məsələn, “News.am” yazır ki, Şirak vilayətinin sakinləri Paşinyanın istefası tələbi ilə dekabrın 16-da Gümrü-Yerevan magistral yolunu bağlayıblar. Bundan sonra Gümrü-Bavra yolunda da hərəkət dayanıb. Yerevanda keçirilən sonuncu yürüş-mitinqə toxunan sayt yazır ki, kütləvi aksiya iştirakçıları baş nazir N.Paşinyanın dərhal istefasını və Vazgen Manukyanın rəhbərlik etdiyi keçid hökumətinin qurulmasını tələb ediblər. “Aysor.am” saytı isə yazır ki, “Vətənin xilası naminə hərəkat”ın Yerevanın mərkəzində təşkil etdiyi “Ləyaqət yürüşü”nün iştirakçılarından biri David Çobanyan vaxtilə N.Paşinyanın təşkil etdiyi yürüşlərdə iştirak etdiyini qeyd edərək 2 il yarım ərzində heç bir vədini yerinə yetirməyən baş nazirin istefasını tələb edib: “Heç bir sahədə irəliləyiş yoxdur. Bir vaxtlar səsimi N.Paşinyana vermişdim, bu gün səsimi geri götürürəm”.
Bu arada hakim komandada da istefa dalğası davam edir. Belə ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Lori vilayətinin qubernatoru Andrey Qukasyan “Armenpress”ə verdiyi açıqlamada yaxın günlərdə istefa verəcəyini bildirib.
Qeyd edək ki, dekabrın 16-da keçirilən növbəti aksiyalar prokurorluq, polis və təhlükəsizlik xidməti binalarının qarşısında baş tutub. Aksiya iştirakçıları Paşinyanın xəyanətdə ittiham edilməsi və cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə prokurorluğa müraciət ediblər. “Aysor.am”ın yazdığına görə, Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan deyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Paşinyanın göstərişlərini yerinə yetirməməlidirlər. “Daşnaksutyun” partiyasının idarə heyətinin üzvü İşxan Saqatelyan isə deyib ki, baş nazir dövlətçiliyi məhv edib və ölkəni uçuruma aparır. Onun sözlərinə görə, Paşinyan baş nazir postunda qaldıqca vətəndaş itaətsizliyi aksiyaları davam edəcək: “Mübarizə davam edir. Yerevanda cümə yürüş və mitinq keçiriləcək. Önümüzdəki günlərdə, nəhayət, hədəfimizə çatacağıq”.
Bu arada “Hraparak” qəzeti yazır ki, N.Paşinyan baş qərargah rəisi Onik Qasparyandan ordunu Yerevana yeritməyi tələb edib: “Bir neçə gün əvvəl N.Paşinyan O.Qasparyanla əlaqə saxlayaraq ordunu şəhərə göndərmək əmri verib. O.Qasparyan səbəbini soruşduqda Paşinyan “xüsusi təyinatlı obyektlərin qorunması üçün” cavabını verib. O.Qasparyan ona baş qərargah rəisi olduğu müddətdə qoşunların daxili siyasi proseslərə qarışmayacağını bildirib”.
Qəzet yazır ki, bundan sonra O.Qasparyan müdafiə naziri Vaqarşak Harutyunyanla əlaqə saxlayıb. V.Harutyunyan isə O.Qasparyana belə bir əmr verilsə, itaət etməli olduqlarını deyib, lakin baş qərargah rəisi öz mövqeyində israrlı olub.
Görünən odur ki, məğlub ordununun tör-töküntülərini kütləvi aksiyaların dağıdılması prosesinə cəlb etməyə çalışan Paşinyan hələlik məqsədinə nail olmayıb. Üstəlik, bu fakt sübut edir ki, baş qərargah rəisi O.Qasparyan nəinki müdafiə naziri V.Harutyunyana tabe olmur, açıq şəkildə baş nazirə qarşı itaətsizlik göstərir. Bu da N.Paşinyanın hakimiyyətini qorumaq üçün yalnız polis qüvvələrinin ümidinə qaldığını göstərir.
Q.ZİYƏDDİNOĞLU
- Oxunub: 3300 |
- Tarix: 17-12-2020 |
-
Çap et |