
Rəqiblərinin fəallaşması Nikol Paşinyanı qorxuya salıb
Bütün sahələrdə geriliyin, xaosun hökm sürdüyü işğalçı Ermənistanda son günlər gərginlik daha da artıb. Xarici və yerli mətbuatın yazdığına görə, 1 il əvvəl hakimiyyəti ələ keçirən Nikol Paşinyan və onun hibrid komandası Ermənistandakı vəziyyətə nəzarəti hər an itirə bilər. Ötən ildən fərqli olaraq getdikcə əhali arasında nüfuzdan düşən baş nazir vəziyyətdən çıxmaq, o cümlədən Dağlıq Qarabağdan gələn ermənilərin təzyiqi qarşısında davam gətirmək üçün müxtəlif yollara baş vurur. Lakin onun addımları işğalçı ölkədə etirazla qarşılanır.
Belə ki, məhkəmə-hüquq sistemində vəziyyətin müzakirəsi üçün fövqəladə iclas keçirən Ermənistan İctimai Şurasının üzvləri N.Paşinyanın respublikada bütün məhkəmə binalarını mühasirəyə almaq çağırışına etiraz ediblər. Şuranın sədri Vazgen Manukyan baş nazirin çağırışını və sonrakı fikirlərini tənqid etməkdən çəkinməyib: “Yaranan vəziyyət ölkəmiz üçün çox təhlükəlidir. Bütün dünyada məhkəmə sistemi qanunlara xidmət edir, icraedici və qanunverici hakimiyyətin müdaxiləsindən, xalqın böyük və ya kiçik kütlələrinin təzyiqindən asılı olmayaraq, məhkəmə yalnız qanunu əsas götürməlidir. Məhkəmə qərarları ilə razılaşmadıqda isə şikayət mexanizmləri var”.
V.Manukyanı narahat edən əsas məqam isə baş nazir N.Paşinyanın Dağlıq Qarabağ erməniləri ilə Ermənistan hakimiyyəti arasındakı münasibətlərlə bağlı çıxışı olub. O, N.Paşinyanın “Qarabağ erməniləri işğal edilmiş ərazilərdə təxribat törətməklə məsuliyyəti Ermənistan hökumətinin üzərinə qoymaq planı hazırladıqları” fikrinin təhlükəli olduğunu bəyan edub. Eyni zamanda V.Manukyan 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın məğlubiyyətinin səbəblərini araşdırmaq üçün parlamentdə istintaq komissiyası yaradılmasını təhlükəli və zərərli niyyət olaraq qiymətləndirib.
Bütün etirazlara və mövcud gərgin vəziyyətə baxmayaraq, “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts ən qısa müddətdə istintaq komissiyasının yaradılacağını bəyan edib. Onun sözlərinə görə, bu günlərdə parlamentin fövqəladə iclası keçiriləcək. Komissiyanın formatına gəldikdə isə, L.Makunts qeyd edib ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası bu məsələ ilə məşğul olacaq.
Ekspertlərin qənaətinə görə, N.Paşinyanın belə bir komissiya yaratmaq təşəbbüsü Qarabağ klanına qarşı əks-hücum aktıdır. Bunun nəticəsində Aprel döyüşləri zamanı Ermənistan prezidenti, müdafiə naziri olmuş və Dağlıq Qarabağdakı oyuncaq rejimə rəhbərlik etmiş şəxslərin, o cümlədən Serj Sarkisyanın, Seyran Ohanyanın və Bako Sahakyanın avtomatik olaraq, cinayət məsuliyyətinə cəlb olunması mümkündür.
Ermənistan mətbuatında yer alan daha bir məlumata görə isə hakimiyyətdə təmsil olunanlar arasında fikir ayrılığı mövcuddur. “İrates” qəzeti yazır ki, onun hökumətində və parlamentdə təmsil olunanların bir çoxu N.Paşinyanın hərəkətləri və ifadələri ilə razı deyil, məhkəmələrə “hücum” aksiyası da bunu aydın şəkildə ortaya qoydu. “Jamanak” qəzeti isə yazır ki, baş verən son hadisələrdən nəticə çıxarmağa məcbur qalan N.Paşinyan gələn ay hökumətin tərkibində ciddi kadr dəyişikliyinə gedəcək. Artıq N.Paşinyan ictimaiyyətlə əlaqədar məsələlər üzrə müşaviri Qriqor Muradyanı vəzifəsindən azad edib.
Bu arada erməni mediasında yayılan daha bir məlumat vəziyyətin zənn edildiyindən də qəliz olmasından xəbər verir. “Past” qəzeti yazır ki, N.Paşinyan ötən bazar, demək olar bütün günü müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Artak Davtyanla bir neçə qapalı görüş keçirib. Bəzi məlumatlara görə Paşinyanın bu narahatlığı heç də səbəbsiz deyil. Belə ki, rəqiblərinin ona qarşı bütün cəbhəboyu hücuma keçməsi Ermənistanda növbəti dəfə çevriliş ola biləcəyi təhlükəsini yaradıb.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 37320 |
- Tarix: 23-05-2019 |
-
Çap et |