Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazın bahalaşması Ermənistanda bütün sahələrdə ciddi qiymət artımına rəvac verəcək

Qazın bahalaşması Ermənistanda bütün sahələrdə ciddi qiymət artımına rəvac verəcək

10.01.2019 [09:52]

Mütəxəssislər bahalaşmanın son nəticədə əhalinin kütləvi etiraz aksiyalarına başlamasına gətirib çıxaracağını bildirirlər
Yeni ilin ilk həftəsindən Ermənistanda ilkin tələbat mallarının bahalaşması əhali arasında təşviş yaradıb. Gözlənildiyi kimi, Rusiya tərəfinin güzəştli şərtlərlə Ermənistana qaz satışını dayandırması və hazırda daxildə istehlakçıları təmin edən Rusiyanın törəmə müəssisəsinin də qazın satış qiymətini artıracağı ehtimalı bahalaşmanın bütün sahələrə sirayət etməsi təhlükəsini gündəmə gətirir.
Məlum olduğu kimi, işğalçı ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın uğursuz Moskva səfərindən dərhal sonra Rusiyanın Ermənistana satdığı qazın 10 faiz həcmində (hər min kubmetrinə görə 15 dollar) bahalaşması xəbəri yayıldı. Yayılan məlumatlara görə, qazın qiymətinin artması əhalinin güzəranına təsirsiz ötüşməyəcək. Bunu “news.am” saytına açıqlama verən iqtisadçı Vardan Bostançıyan da təsdiq edib. Onun sözlərinə görə, N.Paşinyanın “ölkə əhalisi qazın qiymətinin artmasını hiss etməyəcək” şəklində əvvəllər verdiyi vədlərə baxmayaraq, Ermənistan hökuməti bu xərcləri subsidiyalaşdırmaq üçün vəsait tapa bilmir: “Bu vəziyyət iqtisadiyyatdan başı çıxan əksər şəxslərdə sual yaradır. Aydındır ki, bu vəsaitlər heç bir yerdən əldə edilə bilməz. Ya təsərrüfat subyektləri qiymətləri azaltmaq məcburiyyətində qalacaq, ya da bu subsidiyalaşdırma dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bu və ya digər şəkildə, bütün xərclər istehlakçı tərəfindən ödəniləcək”. V.Bostançıyan qeyd edib ki, bu halda əhalinin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməli olan vəsaitlər qaz tariflərinə subsidiyalaşdırılacaq, bu isə qəbuledilməzdir.
Bu məsələyə münasibət bildirən “Maariflənən Ermənistan” partiyasının üzvü Gevork Qorqisyan N.Paşinyanın məlum bəyanatını reallığa uyğun gəlməyən “populizm” adlandırıb. Onun sözlərinə görə, hökumət vətəndaşların əlavə xərclərini subsidiya etməyi qərara alırsa, bu, dövlət büdcəsi hesabına həyata keçirilməlidir: “Dövlətin isə vətəndaşlar tərəfindən vergilər formasında büdcəyə ödənilən vəsaitdən başqa gəlir sahəsi yoxdur”.
G.Qorqisyan mövcud qaz tariflərini də absurd adlandırıb və vurğulayıb ki, qaz da daxil olmaqla tariflərin artımı ölkədə mövcud olan mürəkkəb sosial-iqtisadi vəziyyətə, qiymətqoymaya və ümumiyyətlə, iqtisadiyyata mənfi təsir göstərəcək. Partiya nümayəndəsi qiymətlərin artmasına görə əhalinin kütləvi etiraz aksiyalarına başlamasını da istisna etməyib.
Rusiya mətbuatı isə yazır ki, N.Paşinyanın əhaliyə verdiyi vədlər yalnız boş sözlərdən ibarətdir. “Kommersant” qəzetinin məlumatına görə, Ermənistanda əsas təchizatı həyata keçirən Rusiyanın “Qazprom” şirkəti sərmayə qoyuluşunu azalda, habelə onun törəmə müəssisəsi olan “Qazprom-Ermənistan” QSC hər min kubmetr üçün 10 faizədək artıma görə daxili qiymətləri də artıra bilər. Ekspertlərin rəyinə əsasən, əvvəllər qaz güzəştli qiymətə alındığına görə indi bu törəmə müəssisə daxili endirimi ləğv edə, üstəlik ölkənin qaz təchizatı üzrə daxili infrastrukturuna investisiya qoyuluşunu dayandıra bilər. Həmin qəzetə açıqlama verən “Raiffeisenbank”ın əməkdaşı Andrey Polişuk hesab edir ki, “Qazprom” və Ermənistan hökuməti arasında imzalanmış yeni müqavilələr “Qazprom-Ermənistan” QSC-nin marjasının azaldılmasına gətirib çıxara bilər. Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun nümayəndəsi Aleksey Grivaç da “Qazprom”un infrastruktur sərmayələrinin təmini üçün “Qazprom-Ermənistan” QSC-yə verdiyi güzəştin qismən ləğv olunacağını bəyan edib.
Onu da qeyd edək ki, Rusiya şirkətlərinin Ermənistana sərmayə qoyuluşunu azaltmaq və ləğv etmək təhlükəsinin iqtisadi baxımdan olduğu qədər, siyasi səbəbləri də var. Çünki N.Paşinyan hakimiyyəti ələ keçirdikdən sonra cəmiyyətdə anti-Rusiya mövqeyinin dərinləşməsi bu ölkənin əsas sərmayə qoyuluşunu gerçəkləşdirən şirkətlərinə qarşı təzyiqlərlə də müşayiət olundu.
Belə ki, Dövlət Gəlirləri Komitəsi “Qazprom-Ermənistan”ın törəmə müəssisəsi olan “Avtoqaz” şirkətinin də daxil olduğu bir sıra qaz təchizatını həyata keçirən şirkətlərdə vergi pozuntularının aşkar edildiyini açıqladı. Daha sonra “Rusiya Dəmir Yolu” ASC-yə məxsus “Cənubi Qafqaz Dəmir Yolu” QSC-yə eyni ittiham irəli sürüldü. “Qazprom-Ermənistan” bu iddiaları rədd edir və iki il ərzində 27,6 milyon dollar zərər etdiyini bildirir. Ekspertlər hesab edirlər ki, yeni hökumət “Qazprom”un törəmə müəssisəsinə qarşı ciddi addımlar atmağa davam etsə, şirkətin daxildəki resursunun və sərmayəsinin Ermənistanda qalmasını gözləmək sadəlövhlük olardı.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1650 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30