Ana səhifə »  Daxili siyasət »  Xalqın etimadını qazanan, vədinə sadiq lider
A+   Yenilə  A-
Xalqın etimadını qazanan, vədinə sadiq lider

Məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirmək olan cənab İlham Əliyev alternativsiz namizəddir

 

Azərbaycan dövləti seçkilərin demokratikliyini təmin etmək üçün zəruri olan addımları atır
9 oktyabr prezident seçkilərinə az vaxt qalır. Demokratik prinsipləri dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirən dövlətimiz seçki prosesinin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün bütün zəruri addımları atır. Təkmil seçki qanunvericiliyinin mövcudluğu beynəlxalq səviyyədə də qeyd olunur. Ən əsası Azərbaycan dövləti bütün seçki proseslərində yeni təcrübələrin tətbiqinə səy göstərir. “Exit poll” keçirilir, seçki məntəqələrində veb-kameralar quraşdırılır. Seçki prosesinin ölkə xaricində də izlənilməsinə yaradılan şərait bir daha dövlətimizin prosesin azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istəyini nümayiş etdirir. Prosesin xarici müşahidəçilər tərəfindən izlənilməsi üçün bu və ya digər dövlətlərə, təşkilatlara müraciətlərin ünvanlanması da görülən tədbirlər sırasındadır. Artıq bir çox ölkələrin və qurumların müşahidə missiyaları ölkəmizdədir. Onlar seçkilərə hazırlıq prosesini yaxından izləyir və fikirlərini açıqlayırlar. Ümumi fikir budur ki, Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı istiqamətində göstərdiyi səylər təqdirəlayiqdir. Bu fikir Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ölkəmizdə 9 oktyabr prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatının əsassızlığını təsdiqləyən bəyanatında da öz əksini tapıb. Hazırlıq işlərinin yüksək səviyyədə təşkili, eyni zamanda, ölkə ictimaiyyətində xoş əhval-ruhiyyə bu inamı ifadə etməyə əsas verir ki, növbəti prezident seçkiləri də Azərbaycan tarixinə demokratik inkişafın davamı kimi daxil olacaq.
Uğurlar yeni hədəflər üçün açardır
Cənab İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi fikirləri xatırlatmaq istərdik: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı Mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.
Cənab İlham Əliyev 2003-cü il prezident seçkilərində 76,84 faiz səs toplayaraq Prezident seçilərkən andiçmə mərasimində bu vədi vermişdir: “Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Bu fakt inkaredilməzdir ki, məhz Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ölkəmizin dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin imzalanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Ulu öndər Heydər Əliyevin xidmətləridir. Dünya iqtisadiyyatına uğurlu inteqrasiya, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması dahi şəxsiyyət Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında yaradılan iqtisadi sabitliyin bariz nümunəsidir.
Son 10 ildə Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davamının nəticəsidir ki, hər dövrün çağırışları yüksək səviyyədə yerinə yetirilir, Azərbaycan bir-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Cənab İlham Əliyevin Prezidentliyinin birinci dövründə, yəni, 2003-2008-ci illərdə gördüyü işlər Onun 2008-ci il prezident seçkilərində yenidən qələbəsinə stimul verdi. Ölkədə mövcud sabitliyi inkişafın əsası kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bu inamı ifadə etmişdir ki, sabitlik gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirməyə imkan yaradacaq. 2003-cü il andiçmə mərasimində dövlət başçısı bu fikri də bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. 1994-cü ildə Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyasının Azərbaycana qazandırdığı uğurların davamlılığı göz qabağındadır.
Hər dövrün öz çağırışları, tələbləri var
Kadr hazırlığının iqtisadiyyatın inkişafına uyğunlaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bildirir ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqinin dayandığını görərik. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir. Bu baxımdan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması istiqamətində atılan addımlar diqqətdən kənarda qalmır. Təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətləri əhatə edən Dövlət proqramlarının qəbul olunması və uğurla icrası, ən ucqar kəndlərdə belə məktəb tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və s. buna əyani sübutdur. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi də bir daha dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələrindəndir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu sahədə böyük nailiyyətlərin qazanılmasını, Azərbaycan elminin sıçrayışlı inkişafını təmin etmək üçün dövrün yeni şəraitinə uyğun olaraq, islahatların aparılmasını, bu günədək müxtəlif elm sahələrində qazanılmış nailiyyətlərin bundan sonra daha da artırılmasını elmi ictimaiyyətin qarşısında mühüm vəzifə kimi qoyur.
Bütün bunlar onu deməyə əsas verir ki, neft siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarının möhkəmlənməsinə səbəb olur ki, bu da digər istiqamətlərdə uğurlu addımların atılmasına yol açır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə də ölkəmizin uğurları təqdir olunaraq, hazırkı dövrün əsas çağırışlarından olan yeni texnologiyaların öyrənilməsi və tətbiqi sahəsində görülən işlər bir daha təhlil edilir. Bu fikir xüsusi vurğulanır ki, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın inkişaf təcrübəsi digər ölkələr üçün maraqlıdır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın, paytaxt Bakının dünya miqyasında siyasi, iqtisadi, mədəni mərkəzə çevrildiyini təsdiqləyir.
Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir
Yeri gəlmişkən, bu ilin əvvəlində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması da iqtisadi tərəqqiyə əsaslanan uğurlarımızdandır. Yeni texnologiyaların tətbiqi bütün sahələrdə nailiyyətlərin miqyasının genişlənməsinə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin “İKT ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Məlum olduğu kimi, peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Bir sözlə, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Bu hadisə onu göstərdi ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və artıq kosmik klubun üzvüdür. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir. Atılan addımlar bir məqsədə xidmət edir - Azərbaycan daha da güclənsin, müasir dövlətə çevrilsin.
Azərbaycan uğurları ilə dünyanın diqqətində
Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatını təmin edən islahatlar dünyanın nüfuzlu nəşrləri, iqtisadi qurumlar və reytinq agentlikləri, sosioloji sorğu mərkəzləri tərəfindən də yüksək dəyərləndirilir. Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik “BizNewsAsia” jurnalının ölkə Prezidenti İlham Əliyevi “İlin adamı” elan etməsi də bu uğurlarımıza əsaslanır. ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən “Gallup İnternational” təşkilatının ənənəvi olaraq keçirdiyi “Qlobal sevinc və kədər barometri” sorğusuna əsasən Azərbaycan dünyanın ən xoşbəxt 10 ölkəsi arasında yer tutub. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” Hesabatında Azərbaycan rəqabətlilik reytinqinə görə 7 pillə irəliləyərək 39-cu yerə layiq görülüb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 7 pillə irəliləməsi ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi dəyərləndirilir. Dünyanın tanınmış beyin mərkəzi- Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın son on illik dövr ərzində keçdiyi inkişaf yolunu təhlil edən “Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq” adlı hesabatında da bu reallıq qeyd olunur ki, Azərbaycan MDB ölkələri sırasında inkişaf və rəqabətqabiliyyətlilik, yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ümummilli gəlirin artımı göstəricilərinə görə ciddi irəliləyişlər əldə etmiş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Prqramının “İnsan inkişafı indeksi”nə görə 2005-2011-ci illər ərzində 25 pillə irəliləyərək yüksək insan inkişafı ölkələri qrupu sırasına qoşulmuşdur. İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun “10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabatında Azərbaycanın uğurları fonunda cənab İlham Əliyevin qələbəsinin şəksizliyi bir daha vurğulanır. Ölkəmizdə keçiriləcək seçki ərəfəsində açıqlanan bu kimi hesabatlar uğurlarımızın təhlili ilə yanaşı, həyata keçirilən siyasətə dəstək kimi də dəyərləndirilməlidir.
Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır
Hər bir ölkə əməkdaşlıq etmək istədiyi dövlətdə ilk olaraq ictimai-siyasi sabitliyə, demokratik inkişafa, iqtisadi imkanlara diqqət yetirir ki, Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Bu ilin mayında Azərbaycanın Dostları Assambleyası, Amerika və Avrasiya Türk Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən “ABŞ-Azərbaycan: Gələcəyə baxış” Forumunda səsləndirilən “Azərbaycan dost ölkədən tərəfdaş ölkəyə çevrilir” fikri xarici siyasətdə qazandığımız uğurların təsdiqidir. Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edən ölkələr münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə səy göstərirlər. Birgə səylər qarşıya qoyulan məqsədlərə nail olmağa stimul verir.
Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Cənab İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. 2011-ci ilin mühüm uğurlarından olan Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin ədalətli mövqeyinin bir daha dünyaya çatdırılmasında, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində əhəmiyyətli rol oynaya bilər. Hərbi-siyasi təşkilat olan, dünyada sülhün, təhlükəsizliyin təminatında mühüm rol oynayan NATO-nun Lissabon, eyni zamanda, Çikaqo sammitlərində də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul olunmuşdur. Azərbaycanın beynəlxalq uğurlarından biri də Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni qəbul etməsidir. Dövlət başçısının bildirdiyi kimi, 120 ölkənin ərazi bütövlüyümüzü dəstəkləməsi diplomatik qələbəmizin təsdiqidir.
Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, beynəlxalq standartlarına cavab verən ordusu var. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü, qüdrətli ordu gərəkdir. Hər il 26 iyun Silahlı Qüvvələr Günündə keçirilən hərbi parad bir daha Azərbaycan ordusunun nəyə qadir olduğunu nümayiş etdirir. Bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfərləri, sərhəd bölgələrində hərbi hissələrdə olaraq zabitlərlə, əsgərlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması təbii ki, gənclərdə daha böyük ruh yüksəkliyi yaradır, işğal altında olan torpaqlarımızın azad olunması üçün səylərini artırmalarına stimul verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında da vətənpərvəlik hissinin yüksəldilməsini, ordunun peşəkarlığının, müasir standartlara uyğunlaşma prosesinin sürətləndirilməsinin vacibliyini bildirir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası davamlı inkişaf çağırışları üçün bir yol xəritəsidir
20 illik müstəqillik tariximizdə qazanılan uğurların fonunda hazırlanan və təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Ümumi daxili məhsulun qarşıdakı on ildə daha 2 dəfə artırılması da əsas məqsəd kimi qarşıya qoyulur. BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius Bruk “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirir. Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirir ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-in iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq.
Qeyd etdiklərimiz son on ildə əldə olunan uğurların yalnız bir hissəsidir. Ümumiləşdirilmiş ifadə budur ki, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Beynəlxalq ictimaiyyət Azərbaycanın siyasi palitrasında Prezident İlham Əliyevə alternativ görmür, ölkəmizin uğurlu gələcəyinə böyük əminliklə yanaşırlar. Azərbaycana, Prezident İlham Əliyevə bu inamı yaradan təbii ki, düzgün qurulan, möhkəm təmələ əsaslanan siyasətdir.
Dağıdıcıların seçki illüziyaları
Daim qeyd etdiyimiz bir gerçəkliyi yenə də təkrarən vurğulamaq istərdik ki, dövr dəyişirsə, həyata keçirilən islahatlar zamanın tələbinə uyğunlaşdırılırsa, informasiya kommunikasiya texnologiyaları əsrində yaşayırıqsa, modernləşmə, müasirləşmə dövlət siyasətinin əsasını təşkil edirsə, təbii ki, bütün bunlar öz növbəsində insanların düşüncə tərzinə, hadisələrə yanaşmasına öz müsbət təsirini göstərməli, doğrunu yalandan, gerçəkliyi utopiyadan ayırmağı bacarmalı, ən əsası vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Ölkə müxalifəti, xüsusilə, düşərgədə apardıqları bölgüyə əsasən radikallığı, dağıdıcılığı, inkarçılığı özləri üçün fəaliyyət istiqaməti seçən ünsürlərdən bu mövqeni gözləmək mümkündürmü? Bu sual təbii ki, heç kimdə çaşqınlıq yarada, təəccüb doğura bilməz. Çünki bütün fəaliyyətləri boyu şəxsi maraqlarının quluna çevrilən dağıdıcılar Azərbaycanın uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, riyakarlıqlarına görə daim ictimai qınaqla üz-üzə qalırlar. Reallıqla barışmaqda çətinlik çəkən dağıdıcılar bu gerçəkliyi də qəbul etmək istəmirlər ki, tutulan yol uğursuzdusa, bu halda dəyişiklik etmək, geriyə baxıb bundan nəticə çıxarmaq, ziyanın yarısından qaytmağın da xeyir olduğunu düşünmək zərurətdir. Bu zərurət isə şəxsi ambisiyalarının quluna çevrilən ünsürlərə yaddır. Milli mənafeni arxa plana keçirib, xarici anti-Azərbaycan qüvvələrin diktəsi əsasında oturub-duranların bir adı var-xəyanətkarlar, antimilli qüvvələr. Düşərgə təmsilçilərinin özlərinin də etiraf etdikləri kimi, müxalifətin ən böyük problemlərindən biri “liderlərin” avantürist ideyaları və durduğu nöqtədə qalmalarıdır. Onların bütün təklifləri xəyaldır. Dağıdıcıların bəzi ermənipərəst və anti-Azərbaycan xarici dairələrin sifarişi əsasında yaratdıqları “İctimai palata”, “Ziyalılar forumu”, “El” hərəkatı və “Milli şura”nın bugünkü taleyi göz qabağındadır. Maraqlar əsasında formalaşan “birlik” heç zaman birliyə, həmrəyliyə xidmət edə bilməz. Bu birliklərin daha çox seçki ərəfələrində yarandıqlarına diqqət yetirsək, bu halda aralarında yandırdıqları körpüləri hansı səbəbdən bərpa etmək sevdasına düşdüklərini geniş şərh etməyə ehtiyac yaranmaz.
Bu seçkilərin müxalifət düşərgəsi üçün “özəlliyi” prezidentlik iddiasına düşərək özlərini xalqa yaxın göstərmək üçün cilddən-cildə girmələridir. Öncə kinoçəkən R.İbrahimbəyovu, sonra isə onun dublyoru C.Həsənovu “ulduz” edən dağıdıcı ünsürlər və onlara xidmət edən mətbu orqanları bu reallığı unudurlar ki, keçmiş bu gün üçün mənbədir. Dağıdıcı ünsürlərin bir illik hakimiyyətləri dövründə ölkəni hansı durumla üz-üzə qoyduqları yaddaşlardadır. Bu ünsürlər özlərində cəsarət tapıb bu günümüzün reallıqları ilə bir illik hakimiyyətləri dövründə Azərbaycan xalqına yaşatdıqlarını müqayisə etsələr, hazırda küncə sıxılmalarının səbəbini düzgün dərk etmiş olarlar. Amma yaratdıqları seçki şouları göstərir ki, “qozbeli qəbir düzəldər”. Dağıdıcılar hər halda “siyasi qul” imicini səbəbsiz yerə qazanmayıblar. Onların prezident seçkiləri ilə, eyni zamanda, ölkə reallıqları ilə bağlı fikirləri də xəstə təxəyyüllərinin məhsuludur. Xarici ermənipərəst və anti-Azərbaycan qüvvələr onlara bu işdə dəstək olaraq, “siyasi qulları” daha da fəallaşdırmağa cəhd edirlər. Amma bir məqamı unudurlar ki, seçkilərdə səslər alınmır, qazanılır. Xalq hər bir siyasi qüvvənin nəyə qadir olduğunu, hansı məqsəd uğrunda mübarizə apardığını çox yaxşı bilir. Yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür.
Yeni Azərbaycan Partiyası: Qələbələrlə zəngin partiya
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bütün fəaliyyəti boyu tutduğu yola, siyasi xəttə sadiqlik nümayiş etdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların bələdçisi olmaqla yanaşı, bu inkişafa, tərəqqiyə töhfələri ilə cəmiyyətdə nüfuzunun artmasına, sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsinə nail olmuşdur. Bu gün böyük inamla qeyd edirik ki, yalnız Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün deyil, xalqın böyük əksəriyyətinin namizədi olan cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində qələbəsi şəksizdir. “İlhamla irəli” şüarı ilə cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verən Yeni Azərbaycan Partiyası dünənimizə və sabahımıza bir baxış keçirərək reallığa əsaslanan bu fikri böyük inam hissi ilə səsləndirir ki, tariximizin son on ili möhtəşəm quruculuq illəridir. Yüksəlişin daha əzəmətli üfüqləri qarşıdadır. Hər kəs seçkilərin demokratikliyini təmin edən amillərdən biri olan səsvermə hüququndan istifadə edib, yüksək fəallıq nümayiş etdirməklə, inkişafa, tərəqqiyə dəstək olmalıdır. Cənab İlham Əliyev alternativsiz namizəddir. Ona səs verməklə uğurlu gələcəyimizə səs veririk. Gələcəyimiz yeni-yeni hədəflərdən və onlara böyük ruh yüksəkliyi ilə çatmaqdan ibarətdir. Qarşıdakı 10 ilin hədəfləri bunlardır: Azərbaycanın iqtisadi qüdrəti 2 dəfə artacaq; yoxsulluq və işsizlik aradan qaldırılacaq; infrastruktur layihələri başa çatdırılacaq; regionlarda mövcud problemlər həll ediləcək; biznesin inkişafına diqqət artırılacaq; elm, təhsil və səhiyyə infrastrukturu təkmilləşdiriləcək; İpoteka kreditlərindən istifadə asanlaşacaq; Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənəcək; Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq; insan hüquq və azadlıqlarının müdafiəsi cəmiyyət həyatının normasına çevriləcək. Bu hədəflərə stimul verən isə son on ilin uğurlarıdır- Ölkəmizin iqtisadi qüdrəti 3 dəfə artdı; Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolu yüksəldi; dünyanın 155 ölkəsinin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, ölkəmizdə 1,2 milyon yeni iş yeri yaradıldı, yoxsulluq 6 faizə, işsizlik 5 faizə endirildi, çadır şəhərcikləri ləğv olundu; informasiya kommunikasiya texnologiyaları inkişaf etdirildi; regionların siması əsaslı şəkildə dəyişdi; korrupsiya ilə mübarizənin işlək mexanizmi formalaşdırıldı; Ermənistanın işğalçı siyasətinin ifşası genişləndirildi; vətəndaş cəmiyyəti inkişaf etdi və milli həmrəylik möhkəmləndi; Bakı gözəlləşdi və nüfuzlu paytaxt şəhərinə çevrildi. Təbii ki, son on illin uğurlarını bir yazıda qeyd etmək qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər addımında təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir-birindən əhəmiyyətli uğurları ilə diqqətdədir. Bu uğurlardan günlərlə, aylarla bəhs etmək olar. Hər sahə üzrə konkret proqramların mövcudluğu və onların xalq tərəfindən dəstəklənməsi ölkənin hərtərəfli inkişafında açardır.
Uğurlarımızın davamlılığını təmin etmək üçün 9 oktyabr prezident seçkilərində fəal olaq, cənab İlham Əliyevə səs verək. Cənab İlham Əliyevə səs verməklə sabitliyə, əmin-amanlığa, iqtisadi tərəqqiyə, firavan həyata səs vermiş olacağıq. Cənab İlham Əliyevə səs verməklə bu gün beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilən Azərbaycanın mövqeyini daha da möhkəmləndirməsinə dəstək vermiş olacağıq. Bu dəstəyimiz, eyni zamanda, demokratiya təcrübəsi digər ölkələrə nümunə olan Azərbaycanın demokratik inkişafına dəstək olmaq deməkdir. Övladlarımızın, gələcək nəslin daha xoşbəxt, firavan yaşaması naminə gələcəyimizin qarantı olan cənab İlham Əliyevə səs verək.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru

 
  • Oxunub:  26550  |  
  • Tarix:  05-10-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4