Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / “Əsrin müqaviləsi” Azərbaycanın sürətli inkişafının əsasını qoydu

“Əsrin müqaviləsi” Azərbaycanın sürətli inkişafının əsasını qoydu

22.09.2012 [15:25]

Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin imzalanmasının 18-ci ildönümü tamam olur. Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox ciddi çətinliklərlə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra bu çətinliklər aradan qalxdı və Azərbaycanın başının üstündən təhlükə sovuşdu. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Həmin dövrdə respublikamızın qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri də məhz neft və qaz hasilatının artırılması idi. Ölkənin maliyyə vəsaitinin məhdudluğu, neft və qaz sənayesinin müasir dünya texnologiyalarından geri qalması xarici neft şirkətlərini bu sahəyə sərmayə qoyuluşuna cəlb etmək zərurətini meydana çıxarmışdı. Lakin ölkədə baş verən daxili proseslər - separatçılıq niyyətləri, hüquqi və inzibati özbaşınalıqlar, eləcə də, Ermənistanın ərazilərimizə təcavüzü xarici ölkələrin neft şirkətlərini ciddi narahat etdiyindən, onlar Azərbaycan neft sənayesinə sərmayə qoymaqdan çəkinirdilər. Heç bir əcnəbi sərmayəçi Azərbaycana investisiya qoymağa ürək etmirdi, onlarda yatırdıqları pullara təminat verilib-verilməyəcəyi barədə tərəddüdlər var idi.
Ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın uzunmüddətli tərəqqi konsepsiyasının əsasını qoydu...
Məhz belə bir çətin şəraitdə ikinci dəfə hakimiyyətə gələn, ağır vəziyyətə salınmış bir dövlətə başçılıq etməyə başlayan Ulu öndər Heydər Əliyev nəinki bu dövləti qoruyub saxlamağa və dirçəltməyə nail oldu, həm də dünya ictimaiyyətini yeniləşmiş Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi. Ulu öndər o dövrdə ölkəmizin gələcək inkişafını Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü və bir çox çətinliklərə baxmayaraq qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.
Onun tapşırığı ilə xarici neft şirkətlərini Azərbaycanın neft sənayesinə birgə işə cəlb etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparılmağa başlandı. Ən vacib görüşlərdən biri isə Ulu öndərin birbaşa təşəbbüsü və iştirakı ilə 1993-cü il avqust ayının 13-də dünyanın aparıcı neft şirkətlərinin nümayəndələri ilə Bakı şəhərində keçirildi. Həmin görüşdə xarici investorlarda Azərbaycanla bağlı olan inamsızlıq sindromu sındırıldı və neft sənayesinə sərmayə qoyuluşu üçün dərin inam yarandı. Tarixi gerçəkliklər sübut etdi ki, Ulu öndər Heydər Əliyevə olan inam və dərin etibar, Onun şəxsiyyətinə hörmət, ehtiram bütün dövlətlərin ən nəhəng şirkətlərinin Azərbaycanda çalışması üçün əsl təminat idi.
Ümummilli lider bu görüşdən bir qədər sonra 1994-cü il fevralın 4-də “Azərbaycan Respublikasında dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd respublikamızın dəniz neft və qaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakına dair bütün detalları özündə əks etdirirdi və sərmayəçilərin neft sənayesində iştirakına geniş şərait yaratdı. Bundan sonra dünyanın aparıcı xarici neft şirkətlərinin - “AMOKO”, “Britiş Petroleum”, “Statoyl”, “Penzoyl”, “Remko”, “Yunokal”, “Mak Dermott”, “Türk Neft Şirkəti”nin Azərbaycan hökuməti ilə səmərəli və konkret nəticələrə səbəb olan danışıqları intensivləşdi. Artıq 1994-cü ilin aprel-may aylarında xarici neft kompaniyaları Xəzərin Azərbaycana məxsus “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfi, həmçinin, işlənməsi ilə əlaqədar öz təkliflərini və investisiya proqramlarını hazırlamağa başladılar. Xarici dövlətlər dünyanın neft möcüzəsi olan Azərbaycanla uzunmüddətli sazişin imzalanmasına can atırdılar.
1994-cü il sentyabrın 14-də imzalanan “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman artıq beynəlxalq sazişin imzalanmasının qətiləşməsi demək idi. Nəhayət tarixi gün gəlib çatdı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin, ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqi konsepsiyasının əsası qoyuldu. Bu strategiya müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın güclü və qüdrətli bir dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasi-iqtisadi konsepsiya, uzaqgörənliklə hazırlanmış fundamental fəaliyyət planı idi.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün müsbət təmayül yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələ başlandı.
“Əsrin müqaviləsi” Şərq-Qərb dəhlizinə yol açdı...
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1999-cu ildə Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Burada əsas məqsəd Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artmasıyla əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılmasından ibarət idi. Məhz bu məqsədlə “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan yanacağın Avropaya nəqlini təmin edə biləcək trans-kommunikasiya dəhlizinin yaradılması olduqca vacib sayılırdı. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu siyasi liderləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqlar apararaq Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbə ixracını nəzərdə tutan strateji marşrutun çəkilməsi üçün dövlətlərarası sazişin imzalanmasına çalışırdı. Bunun üçün regionda ən təhlükəsiz və uzunömürlü, rentabelli marşrut olan Bakı-Tbilisi-Ceyhanın (BTC) çəkilməsi təklif olunurdu.
Həmin dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini dünya bazarlarına çıxarılmasında rol oynasa da, BTC qədər beynəlxalq miqyas və rentabelli ixrac dəhlizi sayılmırdı. İlkin dövrlərdə BTC-nin reallaşmasını istəməyən qüvvələr çox idi və onlar neftin digər marşrutlarla nəqlinə çalışırdı. Lakin həmin qüvvələrin müxtəlif təxribatlarına və təzyiqlərinə baxmayaraq, dahi şəxsiyyət Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi, ən əsası isə Ulu öndərin qəti əzmkarlığı nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi.
Bakı-Tbilisi-Ceyhan dünyanın neft arteriyasına çevrilib...
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə dair dövlətlərarası saziş imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və kəmərin tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. BTC dünya ölkələri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.
Bu gün Ulu öndər Heydər Əliyevin adını daşıyan BTC beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də, neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhanın işə düşməsindən sonra enerji siyasəti zənginləşməyə başlayıb. Şərq-Qərb dəhlizinin istifadəyə verilməsi Azərbaycanın Avropa bazarlarına neft ixracını gücləndirməsinə tam zəmin yaratmış olub. Qazaxıstan və Türkmənistan da faktiki olaraq BTC-yə qoşulub. Hazırda sutkada 40-50 min barel həcmində Türkmənistan nefti BTC vasitəsilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürülür. BTC kəmərinin illik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılıb. Bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Hazırda BTC sutkada 1,2 milyon barel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddət ərzində bu kəmərlə 166 milyon tondan artıq Azərbaycan nefti, 3 milyon tona yaxın türkmən nefti nəql olunub.
Ümumiyyətlə, ilk ixrac neftinin nəqlinə başlanandan indiyədək respublikamızın neft hasilatı 5,6 dəfə, qaz hasilatı 5,2 dəfə artıb. İndiyədək Azərbaycanın neft-qaz sahəsinə 60 milyard dollara yaxın xarici sərmayə yatırılıb. Hazırda ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili, İspaniya da daxil olmaqla dünyanın 33 ölkəsinə Azərbaycandan xam neft və neft məhsulları ixrac edilir.
Azərbaycan düyanın 50-dən çox ölkəsinə yanacaq ixrac edəcək...
Qarşıdakı illərdə dünyada neftlə yanaşı, qaza olan tələbat əhəmiyyətli dərəcədə artacaq və respublikamız bu dövrdə ən mühüm ixracatçılardan biri olacaq. Həyata keçirilən layihə və proqramlar üzrə görülən işlər, eləcə də, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur. Deməli, region və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb edir.
Ekspertlərin də vurğuladığı kimi, Avropa bazarı dünyanın ən sabit, gəlirli və hüquqi baxımdan yaxşı tənzimlənən bazarıdır. 2017-ci ildən sonra, “Şahdəniz-2” həyata keçirildikdən sonra ölkənin qaz istehsalı 55 milyard kubmetrə çatacaq və bu, böyük həcmdir. “Ümid” və “Abşeron” yataqlarının karbohidrogen ehtiyatlarının nəql sisteminə cəlb olunmasından sonra bu rəqəm daha da artacaq və 2025-ci ildə bu rəqəmin 50 milyard kubmetrə çatacağı ehtimalı da var. Təbii qazın 35-40 milyard kubmetrinin ixracı nəzərdə tutulur. Bu faktor Azərbaycanın dünya qaz bazarında yüksək nüfuzunun artması üçün əlverişli sayıla bilər. Bu da Avropa bazarında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Bir neçə ildən sonra respublikamız dünyanın 50-ə yaxın ölkəsinə neft-qaz məhsulları nəql edəcək.
Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi artıq hamı tərəfindən etiraf olunan həqiqətdir. Respublikanın sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, ölkədə quruculuq işləri daha böyük miqyas alır, şəhər, kənd və qəsəbələrin siması tamamilə dəyişir, xalqımızın maddi rifah halı durmadan yüksəlir. Respublikamız Cənubi Qafqaz regionunda lider dövlətdir. Bütün bu uğurların təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyasının, “Əsrin müqaviləsi”nin məntiqi davamı, təntənəsidir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 1879 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30