Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI

04.08.2021 [17:18]

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

 

Qalib ölkə olaraq Azərbaycan Respublikasında uğurla davam etdirilən islahatlar ölkənin hərtərəfli inkişafını təmin edəcək bütün sahələrin dayanıqlılığını və müqavimətliliyini daha da artırmaqdadır. Bu, hər şeydən əvvəl özünün həm də sosial mahiyyəti ilə daha çox aktuallıq qazanmaqla, eyni zamanda, təhsil sahəsindəki uzunmüddətli perspektivlərin yaranmasına səbəb olmaqdadır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsasları qoyulan milli təhsil strategiyasının inkişafı 2004-cü ildən etibarən məqsədyönlü regional iqtisadi siyasətin güclü dayaqlarının yaranmasında etibarlı bazaya çevrildi. Uğurla icra olunan regional iqtisadi inkişaf üzrə Dövlət proqramları artıq dördüncü mərhələsində olmaqla bütün sahələr kimi təhsil sahəsində də regional və milli mahiyyəti artmaqda davam edən nailiyyətlərin əldə olunmasını təmin etməkdədir. Təbii ki, bu sahədə gənc nəslin elmi potensialının artması, ali təhsil alması və ixtisaslaşması kimi məsələlər dövlətin sosial siyasətinin çox mühüm tərkib hissələrinə çevrildi. Bütün bunlar milli təhsilin inkişafı sahəsində etibarlılığı ilə seçilməklə təhsil şəbəkəsinin əhatəsinin genişlənməsini də təmin etməkdədir. Əldə olunan nəticələr isə imkan verir ki, mövcud sosial-iqtisadi inkişaf səviyyəsinə, davam etdirilən islahatların nəticələrinə, əmək bazarının tələblərinə, bu sahədəki münasibətlərin davamlılığına uyğun olaraq çoxistiqamətli ixtisaslaşma üzrə təhsil imkanları yaradılsın və daha mütərəqqi tədris proseslərinin dayaqları möhkəmləndirilmiş olsun. Çox sevindirici haldır ki, qeyd olunan amillər öz ifadəsini Naxçıvan Dövlət Universitetinin timsalında yeni-yeni uğurların əldə olunması ilə tapmaqdadır.

Qeyd etmək olar ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan universitetdə geridə qalan tədris ilində 6008 tələbə gələcəyin ixtisaslı kadrları olaraq təhsil almışdır. Bunun 5648-i əyani və qiyabi şöbələrində bakalavr üzrə, 360-ı isə magistratura üzrə təhsil almış və ya almaqdadır. Bununla yanaşı, ali təhsil ocağında elmi araşdırmalarla 190 tədqiqatçı məşğul olur ki, onların da 138-i doktorantura, 52-si isə rezidentura üzrə təhsil alır. Təbii ki, bəhs olunan göstəricilərlə universitet yeni tədris ilinə daha mütərəqqi layihələrin reallaşdırılması ilə hazırlaşmaqdadır.

Bu bir həqiqətdir ki, Naxçıvan Dövlət Universiteti son illərdə modern təhsil imkanlarını, elmi əsaslara söykənən daha məhsuldar və yaradıcı ideyaları, startap layihələrini, yeni dünya çağırışları ilə səsləşən, həmçinin daha çox innovativ inkişafı və texnoloji üstünlükləri hədəfləyən ali məktəb olaraq islahatları qətiyyətlə davam etdirməkdədir. Qeyd edək ki, 14 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan Sərəncamla Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması nəzərdə tutulmuşdur. Artıq 2 hektar ərazini əhatə etməklə 16 iyun 2021-ci il tarixində təməlatma mərasimi keçirilən Texnologiyalar Parkının yaradılmasında əsas məqsəd elmlə istehsalat arasında qarşılıqlı əlaqənin qurulmasından, istehsalatın yeni elmi ideyalar əsasında inkişafından, elmi tədqiqatlara olan xərclərin səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Eyni zamanda, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin sənaye və xidmət sahələrində tətbiqini həyata keçirən sosial, mədəni, mühəndis-kommunikasiya təminatı olan obyektlər kompleksindən ibarət mexanizmin yaradılması ilə Texnologiya Parkında universitetin daha mühüm uğurlarının reallaşması mümkün olacaq.

Sevindiricidir ki, bütün bunlar Naxçıvan Dövlət Universitetinin bütün ixtisaslar üzrə həm də bütün fakültələrini əhatə etməklə, bir-birini əvəz edən tədris illərinin planlarında nəzərdə tutulmaqla, reallaşacaqdır. Bunlarla yanaşı, təhsilin və tədrisin idarə olunması sahəsində keyfiyyət göstəricilərinin əldə olunması hələ 2020-ci ilin may ayında yeni fakültələrin, xüsusilə də ingilis dilində iqtisadiyyat ixtisasının yaradılmasına zəmin yaratmışdır. Qeyd edək ki, artıq həmin ixtisasa qəbul keçirilmiş və bu sahə üzrə yüksək göstəricilər əldə olunmuşdur. Məhz bu potensialla universitet yeni tədris ilinə mühüm və strateji hesab olunacaq nailiyyətlərlə başlayacaqdır.

Naxçıvan Dövlət Universiteti qarşıdakı dövlər üzrə yeni hədəflərini müəyyən etmişdir. Bunlarla:

– təhsilin daha səmərəli keyfiyyət mərhələlərinin başladılması;

– tədris proseslərinin səmərəli təsisatlarının yaradılması;

– reallaşan islahatlara uyğun olaraq beynəlxalq əməkdaşlıqların qurulması;

– qarşılıqlı əməkdaşlığa əsaslanmaqla ikili diplom layihələrinin həyata keçirilməsi;

– tələbə və müəllim mobilliyinin təşəkkülündə, həm də elmi araşdırma nəticələrinin ortaq yayınlanmasında mühüm nailiyyətlərin əldə olunması ilə ölkənin milli təhsil strategiyasının inkişafına hərəkətverici təsiri ilə seçiləcək nəticələrin əldə olunmasına imkanlar açacaqdır.

Bütün bu qeyd olunan məsələlər Naxçıvan Dövlət Universitetinin qarşıdakı dövrlər üzrə prioritetlərinə aid olunmaqla hər zaman aktual olmuşdur. Bu məqsədlə universitetin rektoru cənab Elbrus İsayevin başçılıq etdiyi nümayəndə heyətinin 8-16 iyul 2021-ci il tarixlərində qardaş Türkiyə Cümhuriyyətinə səfəri zamanı Türkiyə Ali Təhsil Şurasında və Çankırı Karatekin, Ankara, Orta Doğu Teknik, Qazi, Hacı Bayram Vəli, İstanbul Texnik, Yıldız Texnik universitetlərində əhəmiyyətli görüşləri baş tutmuşdur. Olduqca məhsuldar keçən səfər çərçivəsində qardaş ölkə ilə ümumi mənada məhz etibarlı tədrisin və elmi-tədqiqatların intensivliyi istiqamətində razılaşmalar əldə olunmuşdur.

Türkiyə Cümhuriyyətinin nüfuzlu ali məktəblərinə səfər zamanı bu ölkənin Ali Təhsil Şurasında (Yüksek Öğretim Kurulu-YÖK) keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Burada Naxçıvan Dövlət Universitetinin 2013-cü ildən başlayaraq Mövlanə Mübadilə Proqramına qoşulması və Türkiyə Respublikası ilə müəllim-tələbə mübadiləsinin səmərəli reallaşdırılmasından bəhs olunmuşdur. Çox sevindirici hal olaraq qeyd olunmuşdur ki, hazırda xarici tələbələrin sayında Türkiyədən olan tələbələr üstünlük təşkil edir. Eyni zamanda, ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri sırasında öncüldür. Zəruri nəticə olaraq Türkiyə universitetləri ilə texnopark sahəsində əməkdaşlığın perspektivlərinə önəm verilərək, bu istiqamətdə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Təbii ki, bütün bunlar həm də innovativ və texnoloji inkişaf sahəsində Naxçıvan Dövlət Universitetinin üstünlüklərini bir daha ortaya qoymuş oldu.

Genişmiqyaslı razılaşmalar Çankırı Karatekin Universitetində keçirilən görüşdə qarşılıqlı perspektivə söykənən nəticələrlə yadda qalmışdır. Əlamətdar haldır ki, hazırda Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin öncül universitetləri arasında tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqavilələri uğurla icra olunur. Məhz Çankırı Karatekin Universitetində bundan sonrakı mərhələlərdə daha mühüm layihələrin həyata keçirilməsi mümkün olacaq. Xüsusilə, ikili diplom layihələri bu sahədə böyük rolu olması ilə seçiləcək. Bu məqsədlə hər iki ali təhsil ocağı arasında imzalanan protokol Türkiyə Ali Təhsil Şurası tərəfindən təsdiq olunduqdan sonra növbəti akademik ildən başlayaraq 5 il müddətində etibarlı olacaqdır.

Təbii ki, ikili diplom layihəsi çərçivəsində qarşıdakı dövrlər üçün:

– göndəriləcək tələbələrin sayının və ortaq proqram çərçivəsində təqaüd alacaq tələbə kontingentinin müəyyənləşdirilməsi;

– qeyd olunan amillər üzrə şərtlərin aydınlaşdırılması;

– qiymətləndirmə sisteminin uyğunlaşdırılması artıq təmin olunmuşdur. Təbii ki, birgə layihənin iştirakçısı olacaq tələbələrin həmin şərtlərə əməl etməsi nəticələrə daha da səmərlilik gətirəcək.

Daha aktual mahiyyət kəsb edən əməkdaşlıqlara önəm verməklə bütövlükdə, ölkəmizin etibarlı qonşuluq siyasətinə təkan olan Naxçıvan Dövlət Universiteti dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malikdir. Eyni zamanda, təkcə Türkiyə Cümhuriyyətinin 80-dən çox universiteti ilə qarşılıqlı münasibətləri inkişaf etdirməkdədir. Həmin ardıcıllıqda Ankara Universiteti ilə yaranan əməkdaşlıqlar da önəmliliyi ilə seçilir. Belə ki, qaşılıqlı əməkdaşlıqda:

– akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanmasından;

– elmi məqsədlər daxilində professor-müəllim mobilliyindən;

– dərs, müşavirə, tədqiqat və bu sahələr üzrə oxşar fəaliyyətlərindən;

– tədris və araşdırma məqsədilə hər növ kitabdan, elmi nəşrlərdən və bənzər materialların qarşılıqlı mübadiləsindən;

– birgə tədqiqat layihələrin reallaşmasından və elmi yığıncaqların keçirilməsindən ibarət olan ortaq fəaliyyət öz yerini alacaqdır.

Yüksək potensialla inkişaf yollarında inamla addımlayan Naxçıvan Dövlət Universitetinin qarşıdakı dövrlər üzrə hədəfləri daha dəqiq və qətiyyətlə reallaşmaqdadır. Məhz Türkiyənin qabaqcıl universitetlərindən olan Orta Doğu Teknik Universiteti (ODTU) arasında əməkdaşlıq görüşlərinin keçirilməsi bu sahədəki prosesləri daha da sürətləndirəcəkdir. Həmin görüşdə də aktual məsələ olaraq ikili diplom layihələrinin icrası ilə bağlı razılıq əldə olunub. Bununla yanaşı, görüş zamanı istifadəyə verildikdən sonra Naxçıvan Dövlət Universitetinin Texnoparkında rezident olaraq yerli və xarici şirkətlərin ofislərinin yerləşməsi sahəsində razılığa gəlinmiş, müvafiq sahədə qabaqcıl dünya təcrübəsinin öyrənildiyi və bu baxımdan ODTU Texnoparkının imkanlarından istifadə üçün əminlik ifadə olunmuşdur.

Yaradıcı ideyalar fonunda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqlar üzrə tədbirləri qətiyyətlidir, uğurludur. Bu mənada, Qazi Universitetində keçirilən görüş və orada da çoxşaxəli istiqamətlər üzrə əməkdaşlıqlar aktuallığı ilə seçilir. Universitetlər bundan sonrakı mərhələdə qarşılıqlı işbirliklərində müxtəlifprofilli ixtisaslar üzrə doktorant və dissertant mobilliyindən, fransız və ingilis dili ixtisasları üzrə təcrübə mübadiləsinin mümkünlüyündən ibarət olan ortaq fəaliyyət üzrə razılıq əldə ediblər. Eyni zamanda, universitetlər arasında daha da inkişaf edəcək münasibətlər "ortaq tədris və ixtisaslaşma", "birgə araşdırma", "ortaq ideyalar və layihələr", "təhsildə və elmdə işbirliyi", "birgə nəticələr" və digər anlayışların geniş əhatədə təşəkkülünə zəmin yaratmış olacaq.

Eyni zamanda, yeni inkişaf mərhələsində texnoparklar üzrə işbirliyinin, fakültələrarası birgə təşəbbüslərin, hətta kafedralar və müəllimlər arası əməkdaşlıqların da mövcudluğunu görə bilərik deyə düşünmək olar. Eyni zamanda, uğurla davam edən milli iqtisadi və sosial islahatların gedişində universitetimizdə fəaliyyət göstərəcək Texnoparkın inkişafı sənayeləşmə siyasətinin daha perspektivli olmasında mühüm amilə çevriləcək.

Həmçinin dünya ilə öz dilində danışmağı bacaran gənc nəslin yetişməsi, formalaşması və ölkəmizin bu sahələr üzrə tədbirlərinə töhfə verməsi sözü gedən əməkdaşlıqların sevindirici bəhrəsi olacaq. Universitetimizdə xarici dillərin tədrisi, ikili diplom layihələrində bu amilin nəzərə alınması, tibb, mühəndislik, incəsənət, texnologiya, kitabxanaçılıq və digər ixtisasları, həmçinin sahələrində də qardaş Türkiyə universitetlərinin təcrübələrinin öyrənilməsi özünün zəruriliyi ilə seçilir ki, bu da Naxçıvan Dövlət Universitetinin hazırkı uğurları arasında yer alacaqdır.

Etibarlı qarşılıqlı əməkdaşlıq haqqında baş tutan razılaşmalar Naxçıvan Dövlət Universitetinin çoxistiqamətli hədəflərini ifadə etməklə, Türkiyənin Hacı Bayram Vəli Universitetində də gerçəkləşib. Tədris sahəsi, elmi dövriyyə və yaradıcılıq imkanlarının genişləndirilməsi kimi istiqamətlərdə əldə olunan razılaşmalar qarşıdakı dövrlər üzrə hər iki ali məktəb üçün olduqca səmərəli olacaq.

Fikrimizcə, Naxçıvan Dövlət Universiteti ilə istinad olunan ali məktəb arasındakı əməkdaşlıqlar bir çox məsələlər üzrə aktual olacaq:

– sosial dayanıqlılığın daha da gücləndirilməsi sahəsində ortaq etibarlı təhsil imkanlarının yaradılması və genişləndirilməsi;

– gələcəyin ixtisaslı kadrlarının və mütəxəssislərinin hazırlanması məqsədilə ikili diplom üzrə birgə təhsil layihələrinin reallaşdırılması;

– uzaqdan təhsilin və öyrətmənin ən çevik üsullarının təminatı sahəsində ortaq ideyaların ortaya qoyulması;

– ölkənin milli iqtisadi perspektivlərinin nəzərə alınması fonunda prioritet sahələr üzrə ixtisasların təşəkkülü və bu sahədə kadr hazırlığının birgə təşkilatçılığa əsaslanması;

– yeni innovativ inkişafa dayanan proseslər əsasında rəqəmsal təhsildə keyfiyyətin təmini və idarə olunması üçün elektron-öyrənmə sisteminin gücləndirilməsi sahəsində əməkdaşlıq və s.

Qarşıdakı mərhələlərdə də ali məktəblər arasında perspektivli nəticələrə dayanan elm və tədris proseslərinin təşkilindən ibarət olan, "iki elmi rəhbərli" ixtisaslara qəbul planı aparılmasını nəzərdə tutan və həmçinin milli iqtisadi prioritetlər üzrə aktual olan sahələrə kadr hazırlığını hədəfləyən nəticələr əldə olunacaq.

Təbii ki, bütün bunlar ölkəmizin uzunmüddətli iqtisadi hədəfləri müstəvisində də olduqca faydalı olacaq. Belə ki, yeni keyfiyyət mərhələsində davam etdirilən iqtisadi islahatlar ənənəvi sahələrlə yanaşı, prioritet olaraq seçilən sahələrin də, xüsusilə də turizm sektorunun perspektivlərinin yaradılması aktuallığını artırmaqdadır. Məhz turizm sənayesinin elmi əsaslarının təşəkkülündə və dayanıqlılığının təmin olunmasında universitetlər arasındakı əməkdaşlığın gücləndirilməsi və inkişafı çox səmərəli olacaq. Çünki, bu, yeni mərhələdə universitetimizin turizm ixtisası üzrə təhsil alan tələbələrinin axtarış və mənimsəmə imkanlarını, eyni zamanda, tədris aparan müəllimlərin təcrübə və peşəkarlığını daha da artırmış olacaq.

Əminliklə qeyd edə bilərik ki, tədrisin etibarlılığı və elmi araşdırmaların daha əhatəli olmasında qabaqcıl ali təhsil ocaqlarından biri olan İstanbul Texnik Universitetinə olunan səfərin də çox mühüm əhəmiyyəti olacaq. Peşəkarlığın qorunması, elmi-təcrübi və daha çox tətbiqi fənnlər üzrə keyfiyyət göstəricilərinin artan dinamikasının təşəkkülü ali məktəbimizin qarşıdakı dövrlər üzrə perspektivlərinə aid olacaqdır. Eyni zamanda, əldə olunan razılaşmalar universitetimizin İncəsənət fakültəsində təhsil alan tələbələr üçün də səmərəliliyi ilə seçiləcəkdir. Belə ki, bu istiqamətdə mobilliyin təşkili və idarə olunması sahəsində proqramların icrası, həmçinin ikili diplom layihələrinin həyata keçirilməsi yaxın gələcək üzrə hədəflərimizi təşkil edəcəkdir.

Sevindirici hal ondan ibarətdir ki, əməkdaşlıqlar bütün ixtisaslar üzrə tələbələrə seçim imkanlarını daha da genişləndirəcək, onların ixtisaslı kadr, gerçək mütəxəssis olaraq formalaşmasına təkan olacaqdır. Bu sahədə universitetimizin "Elektrik və elektronika mühəndisliyi" ixtisası üzrə birgə tədrisin təşkili və eyni zamanda, doktorantura və magistratura təhsil pilləsi, həmçinin texniki və mühəndislik sahələri üzrə ikili diplom proqramının həyata keçirilməsini qeyd etməyimiz yerinə düşər.

Xüsusilə ikili diplom layihəsi özünün ali təhsil sahəsindəki üstünlükləri ilə yanaşı, həm də iki qardaş dövlətin birgə təhsilini, birgə tələbəsini, birgə kadrını ifadə etməklə, eyni zamanda, bir tələbənin öz ixtisaslaşmasında güvəndiyi iki qardaş dövlətin gücünü bir daha göstərmiş olacaq. Bununla da, təbii ki, hər birimiz üçün qürurverici kəlam olan Bir Millət İki Dövlət anlayışını iftixarla zirvələrdə yaşadacaqdır. Burada həmçinin bizim universitetimiz üçün əhəmiyyəli təcrübə olacaq Texnopark sahəsində uğurlu fəaliyyətin müxtəlif tərəfləri müzakirə olunmuş və xüsusilə İTU ARI Texnoparkı ilə birgə fəaliyyət üzrə razılığa gəlinmişdir. Qeyd edək ki, həmin Texnopark analoqları arasında daha çox dövlət büdcəsinə ən çox gəlir gətirməyi ilə seçilir. Həmçinin qardaş ölkədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olmaqla liderliyi özündə saxlayır.

Bütün bunlarla təhsil sahəsində innovativ inkişafı və çevik mexanizmləri ilə davamlı uğurlar əldə edən Naxçıvan Dövlət Universitetinin dövlətimizin hərtərəfli qayğısı və diqqəti ilə əldə etdiyi uğurlar sevindiricidir. Xüsusilə, qardaş Türkiyə Cümhuriyyətinin Yıldız Texnik Universiteti (YTU) ilə qarşılıqlı əməkdaşlıqlar üzrə əldə olunan razılaşmalar qarşıdakı uzunmüddətli dövrlər üzrə çox böyük potensial olacaq. Elmi araşdırma sahəsində təcrübənin əhatəliliyi ilə seçilən və bir əsrdən çox yaşı olan universitet olaraq 330 elmi araşdırma şirkəti, 111 inkubator və 8000 şirkət, həmçinin 1500-dən çox ixtisaslı araşdırmaçı və proqramçı ilə fəaliyyət göstərən YTU-də keçirilən görüş zamanı da mühüm ortaq razılaşmalar əldə olunmuşdur. Xüsusilə, universitetlər arasında elmi tədqiqat sahəsində birgə araşdırmaların, onun nəticələrinin birgə yeni məqalə və elektron dərgilər şəklində nəşrinin əhəmiyyətindən bəhs olunmuşdur.

Beləliklə, Naxçıvan Dövlət Universiteti yeni 2021-2022 -ci tədris ilinə daha böyük uğurlarla başlayacaq. Burada həm də tələbələrlə müəllimlərin qarşılıqlı tədris münasibətlərinin inkişafına və daha böyük keyfiyyət göstəricilərinə təminat olacaq. Bütün mənalarda bunlar milli təhsil strategiyasının səmərəliliyinin ifadəsi olmaqla çox aktualdır.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31