Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda ədliyyə sisteminin yaranmasının 102-ci ildönümünün Böyük Qələbəmiz dövrünə təsadüf etməsi sonsuz iftixar doğurur

Azərbaycanda ədliyyə sisteminin yaranmasının 102-ci ildönümünün Böyük Qələbəmiz dövrünə təsadüf etməsi sonsuz iftixar doğurur

21.11.2020 [00:22]

Cənubi Qafqaz regionunun lider ölkəsi olan, dünyada güclü dövlət və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan çoxsaylı nailiyyətlər qazanaraq öz qüdrətini daha da artırır. Təbii ki, möhtəşəm uğurların qazanılmasında bütün sahələri əhatə edən çoxşaxəli islahatların mühüm rolu var. Bu reformalar digər istiqamətlər kimi məhkəmə-hüquq sahəsini və ədliyyə sistemini də geniş əhatə edir. Bunun nəticəsidir ki, 102-ci ildönümünü qeyd etdiyimiz ədliyyə sistemi daim təkmilləşir, müasir çağırışlara tam cavab verir.

Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi var

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi var. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ədliyyə sahəsində də effektiv addımlar atılıb. Bu dövrdə təsis olunmuş Ədliyyə Nazirliyi öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, məhkəmə aparatları tədricən işini bərpa edib, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq hüquq kursları təşkil edilib və bununla da peşəkar kadrların formalaşdırılması işinə start verilib. Həmin dövrdə ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Cəzaçəkmə yerləri ilə bağlı aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, AXC-nin yaranmasından 1,5 il keçməsi münasibətilə ümumi amnistiya haqqında qanun və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılıb və bu qurumun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib.

Ədliyyə Nazirliyinin yenidən yaradılması və tam təşkili Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Ədliyyə Nazirliyinin yenidən yaradılması və tam təşkili, bu sahədə ardıcıl, məqsədyönlü və sistemli tədbirlərin görülməsi, islahatların aparılması görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib və bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanıb. Bundan sonra Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi kifayət qədər təkmilləşdirilib.

1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra bu sahədə həyata keçirilən sistemli tədbirlər sayəsində mühüm nəticələr və nailiyyətlər əldə edilmişdir. Ulu Öndər Heydər Əliyev haqlı olaraq bəyan etmişdir ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Həqiqi mənada möhkəm ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən başlıcası, hüququn aliliyi yüksək səviyyədə təmin olunur. Məhz bu dövrdə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və sabit inkişaf yoluna çıxarılması istiqamətində görülən tədbirlər sırasında məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı atılan addımlar da öz çoxşaxəliliyi və mütərəqqiliyi ilə seçilirdi. Ümummilli Liderin təşəbbüsü ilə Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuş, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin “İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanları respublikada ədliyyə sahəsində köklü islahatların aparılmasında dönüş nöqtəsi olmuşdur. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına məhkəmə və hakimlərin fəaliyyətini tənzimləyən bir sıra normaların daxil edilməsi ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsini təmin edib. Ulu Öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində “Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edilib, bundan sonra məhkəmə-hüquq islahatları ardıcıl xarakter alıb. 2002-ci ilin 24 avqust tarixində referendum əsasında Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər respublikada ədliyyə orqanlarının fəaliyyətini daha da təkmilləşdirib. Konstitusiyanın 96-cı maddəsinə edilmiş dəyişikliklə Ali Məhkəməyə qanunvericilik təşəbbüsü hüququ verilib, hər bir vətəndaşın hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ təmin edilib. Bununla əlaqədar “Konstitusiya Məhkəməsi haqqında” qanuna da əlavə və dəyişikliklər olunub, ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanı yaradılıb.

Prezident İlham Əliyev ədliyyə orqanlarının inkişafına xüsusi diqqət göstərir

Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev ədliyyə orqanlarının inkişafına xüsusi diqqət göstərir. Ötən müddətdə görülən işlər bunun bariz nümunəsidir.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il 18 aprel tarixində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq edib. Həmin il avqustun 17-də dövlətimizin başçısının imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman isə Azərbaycan ədliyyəsinin fəaliyyətinin təkmilləşdirilməsi işində mühüm əhəmiyyətə malik olmuşdur. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilmiş, yeni vəzifələr həvalə edilməklə, onun strukturu təkmilləşdirilmişdir. Həmçinin xüsusilə bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmışdır. Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu, ədliyyə sahəsində kadr hazırlığı məsələlərinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verib. Ədliyyə Nazirliyi tərəfindən İKT-nin tətbiqi daim diqqətdə saxlanılır və bu sahədə davamlı işlər görülür. Mühüm məqamlardan biri də budur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir. 2009-cu ildə isə dövlət başçısı tərəfindən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Proqram çərçivəsində Azərbaycan ədliyyəsinin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirilir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ardıcıl tədbirlər məhkəmə sisteminin təkmilləşməsini təmin edir

Möhtərəm Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkəmə sistemi daim təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilir, qanunvericilik və institusional islahatlar aparılır, məhkəmələrin infrastrukturu yüksək statusuna uyğun yaxşılaşdırılır və müasirləşdirilir. Təsadüfi deyil ki, Avropa Şurası Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə fərqləndirərək örnək kimi dəyərləndirib və digər dövlətlərə tövsiyə edib. Həmçinin avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.

Dövlətimizin başçısı tərəfindən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncam da ədliyyə sahəsində islahatların həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ədliyyə işçiləri Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsini böyük sevinclə və qürurla qeyd edirlər.

Beləliklə, ədliyyə işçiləri növbəti peşə bayramlarını bu sahədə ardıcıl nailiyyətlərin və davamlı inkişafın fonunda qeyd edirlər. Eyni zamanda, ədliyyə sisteminin 102-ci ildönümünü Vətən müharibəsində Azərbaycanın böyük qələbəsinə - tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına təsadüf edir. Ədliyyə işçiləri də müasir və qüdrətli Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad etməsini böyük qürurla və coşqu ilə qeyd edirlər.

Şübhəsiz ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi dövlətçilik tariximizin şanlı, şərəfli səhifəsidir. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə qətiyyətini göstərdi. Beləliklə, 30 ildir işğal altında olan əzəli torpaqlarımızın - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Şuşa şəhərinin, Hadrut qəsəbəsinin, digər qəsəbələrin, yüzlərlə kəndin, strateji yüksəkliklərin işğaldan azad edilməsi cənab Prezidentimizin “Qarabağ Azərbaycandır və nida” ifadəsinin rəmzinə və təsdiqinə çevrildi!

Bütün həmkarlarımı həm peşə bayramımız, həm də Vətən müharibəsində tarixi qələbəmiz münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın qalib Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Kərimova Tamilla Hüseynbala qızı

Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31