Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycançılıq xalqımızın kimliyini əks etdirən zəngin dəyərlər sistemidir

Azərbaycançılıq xalqımızın kimliyini əks etdirən zəngin dəyərlər sistemidir

21.11.2020 [00:17]

Bu dəyərləri özündə cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik milli ideologiyamızın əhatə dairəsini genişləndirir

(əvvəli ötən sayımızda)

Lakin insanlar universal dəyərlərin daşıyıcılarıdırlar. Hər bir kəs arzulayır ki, o yaşadığı cəmiyyətdə hüquqi bərabərlik, hakimiyyətin ədalətliliyi, azad bazar iqtisadiyyatı, söz və vicdan azadlığı, işgəncələrə məruz qalmamaq, şəxsi toxunulmazlıq, ədalət mühakiməsi və s. təmin olunsun. Bu dəyərlər insan hüquqları üzrə beynəlxalq standartlarda universallaşıb. Onların təminatı üçün demokratik rejim və hüquqi dövlət quruculuğu tələb olunur.

Hərçənd müəyyən tarixi zaman və şəraitdə hətta Avropada demokratiyanın tənqidçiləri, bu idarəçilik rejiminin mənfi fəsadlarını müşahidə edənlər olub. Məsələn, Uinston Çörçill II Dünya müharibəsindən sonra çıxışların birində qeyd etmişdir ki, “Demokratiya - idarəetmə formasının ən pisidir, ancaq digər formalar ondan da pisdir”. Zaman göstərdi ki, demokratik rejim və hüquqi dövlət xalqların rifahının yüksəlməsinə, qlobal konstitusionalizm ideyası isə ədalətli cəmiyyət quruluşuna aparan inkişaf yoludur. Ona görə Azərbaycanda dövlət quruculuğu prosesində konstitusionalizm, azərbaycançılıq ideologiyalarının dəyərləri üstün tutulur.

Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasında vacib rol oynayır

Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hisləri ilə əvəz olunur (bu barədə bir qədər sonra). Müəyyən hallarda isə sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. qloballaşma prosesləri etno-milli mənsubiyyətə təsir edərək münaqişələrə də səbəb olur. Bunu nəzərə alan bir sıra təhlilçilər qloballaşmanın milli ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkir, onları antaqonist dəyərlər sistemi kimi xarakterizə edirlər.

Məhz ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.

İstənilən cəmiyyət dünya iqtisadi məkanın bir hissəsi olmadığı halda ümumi rəqabətə dözümsüz olur. İqtisadi uğursuzluq isə öz növbəsində sosial problemlərin həllini mümkünsüz edir, sosial gərginliyə səbəb olur və nəhayət, insan hüquqlarının həyata keçirilməsini çətinləşdirir. Müasir dünyada ölkələr iqtisadi inkişafa, milli təhlükəsizlik və hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq olmadan tam olaraq zəmanət yarada bilməzlər. Bu baxımdan dövlətlər daha çox qloballaşma proseslərinə üstünlük verərək öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda görürlər. Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasında vacib rol oynayır. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu bu dəyərlərin bərqərar olduğu Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin bir-birini əvəzləməsinə, dövlət quruluşunda dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da universal dəyər olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri nəzərdə tutaraq qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edir.

Eyni zamanda, vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır.

Vətənpərvərlik azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi kimi

Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Pedaqoji baxımdan hesab olunur ki, “siyasi mədəniyyət, hüquqi mədəniyyət, vətənpərvərlik və millətlərarası münasibətlər mədəniyyəti dövlətin hər bir üzvünə məxsus olan vətəndaşlıq əhəmiyyətli keyfiyyətdir”. Ona görə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Vətənpərvərlik öz vətənini sevmək, onu qorumaq deməkdir.

Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Ulu Öndər milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə edib: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.

Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda, dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir. Və bu həmrəylik nəticəsində 44 günlük müharibədə dövlətimiz özünün ərazi bütövlüyünü təmin etdi.

Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlılığının göstəricisidir.

Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.

Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq və tolerantlığa üstünlük verirlər. Əksər halda “vətənpərvərliyi” kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.

Azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir

Azərbaycançılıq ideologiyasının daim yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyəti hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirilir. Hər bir kəs hüquq münasibətlərinin iştirakçısı olduğuna görə, mülki hüquq münasibətlərində mülki məsuliyyət, cinayət hüquq münasibətlərində cinayət məsuliyyəti, inzibati münasibətlərin subyekti kimi isə inzibati məsuliyyət daşıyır.

Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.

Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.

Nardar BAYRAMLI

 
Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31