Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / DOST mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mahiyyətini əks etdirir

DOST mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mahiyyətini əks etdirir

02.02.2020 [09:38]

DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahədə həyata keçirdiyi islahatların əsas məqsədi əhaliyə göstərilən xidmətlər zamanı çevik və optimal mexanizmlər üzərində qurulan, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq prinsiplərinin təmin edilməsidir. Bu baxımdan dövlət başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN-in) tabeliyində yaradılan DOST Agentliyinin məqsədi də yuxarıda qeyd edilən hədəfə nail olunması, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsidir.
Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı prioritet məsələdir
Təsadüfi deyil ki, dekabrın 24-də Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılış mərasimində Prezident İlham Əliyevin DOST mərkəzinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşündə də dövlət başçısı dövlət üçün Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığının prioritet olduğunu söyləyib: “DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur... DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir”.
Bu məqamda onu xüsusi vurğulamaq yerinə düşər ki, DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.
Bu kontekstdən çıxış edərək, bu il ölkənin bir çox regionunda açılması nəzərdə tutulan DOST mərkəzlərinin əsas fəaliyyət istiqamətləri, vətəndaşlara xidmət göstərən əməkdaşların funksiyalarına daha geniş diqqət yetirməyi vacib hesab etdik.
DOST mərkəzlərinə xidmət göstərən sosial agentlərin fəaliyyəti olduqca genişspektrlidir
Bu məqsədlə də DOST mərkəzlərində ilkin mərhələdə vətəndaşlara xidmət göstərən sosial agentlərin funksiyaları ilə maraqlandıq. Sosial agentlərin fəaliyyətinin əsas istiqamətləri barədə qəzetimizə məlumat verən ƏƏSMN-in tabeliyində DOST Agentliyinin Hüquq Departamentinin direktoru Azər Rəhimovun sözlərinə görə, onlar müvafiq sahədə qanunvericiliyə, təlimat və standartlara uyğun olaraq DOST mərkəzlərinə müraciət edən şəxslərə aidiyyəti üzrə birbaşa formada xidmətlərin göstərilməsi ilə məşğul olurlar: “Sosial agentlər vətəndaşlardan daxil olan sənədlərin tamlığının yoxlanılması, hər hansı bir çatışmazlıq olmadıqda qəbul olunması və vətəndaşa sənədlərin qəbulunu təsdiq edən qəbzin təqdim olunması, vətəndaşlardan daxil olan sənədlərdə çatışmazlıq olduğu halda, bütün çatışmazlıqlar barəsində vətəndaşa məlumat verilməsi, vətəndaş müraciət etdiyi vaxt təqdim olunması mümkün olduğu hallarda xidmətin nəticəsi üzrə müvafiq qərar qəbul edilməsi və vətəndaşa təqdim olunmasına cavabdehdirlər”.
Departament rəisinin sözlərinə görə, sosial agentlər, həmçinin müvafiq xidmət sahəsi üzrə müraciət etmiş şəxslərə zəruri maarifləndirici məlumat, məsləhət və istiqamətlərin verilməsi, zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərin göstərilməsinə cavabdehdir. Bununla yanaşı, müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsi, zərurət yarandıqda vətəndaşın digər xidmətlərə - psixoloqa, hüquqşünasa və s. yönləndirilməsi, müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi, qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi funksiyalarını da sosial agentlər yerinə yetirirlər.
Ünvanlı dövlət sosial yardımı 2 il müddətinə təyin olunur
Aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosesinə gəlincə, Azər Rəhimov bildirib ki, hazırda ƏƏSMN tərəfindən xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində Ünvanlı dövlət sosial yardımı (ÜDSY) ilə bağlı müraciət də elektron qaydada aparılır. Vətəndaş e-gov.az portalında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə müraciət edir.
Departament rəhbərinin sözlərinə görə, elektron müraciət qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. ÜDSY-nin alınması üçün müraciətləri VEMTAS 15 iş günü müddətində araşdırır və müvafiq qərar qəbul edilir. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması da həyata keçirilir. Məlumatlarda uyğunsuzluq olduqda ÜDSY-nin təyin olunmasından imtina edilir, uyğunsuzluq olmadıqda, VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin (maddi-məişət şəraitinin müayinəsi dedikdə, “Ərizə-bəyannamə”də daxil etdiyi məlumatların təmsilçi tərəfindən yoxlanılması nəzərdə tutulur) aparılması barədə tapşırıq göndərilir.
Növbəti mərhələdə ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir və nəticələri VEMTAS-a ötürülür. “Ərizə-bəyannamə”də göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz təsdiqini taparsa, VEMTAS tərəfindən ailəyə ÜDSY-nin təyin olunması barədə, öz təsdiqini tapmadıqda isə ÜDSY-nin təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Ünvanlı dövlət sosial yardımı onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.
“Könüllü DOST”un 17 məzunu artıq DOST mərkəzinin əməkdaşı kimi fəaliyyətini davam etdirir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ictimaiyyət tərəfindən böyük sevinclə qarşılanıb. Ona görə ki, Azərbaycanda, o cümlədən birbaşa dövlətin dəstəyi ilə bir çox qurumlarda könüllülərin fəaliyyəti geniş vüsət alır.
Xatırladaq ki, DOST mərkəzində könüllülərin fəaliyyəti də olduqca genişdir. Belə ki, vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə yardım, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var.
A.Rəhimovun sözlərinə görə, ümumi işin təşkilində, vətəndaşların gülər üzlə qarşılanmasında “Könüllü DOST”un üzvlərinin əməyi böyükdür: “Bundan başqa, gənclər könüllülük fəaliyyəti ilə həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər. DOST Agentliyində könüllülük fəaliyyəti 3 istiqamətdə təşkil edilib: Gənclər, əlilliyi olanlar və pensiyaçılar”.
Bildirilib ki, hazırda DOST mərkəzlərində fəaliyyət göstərən könüllülərin əksəriyyəti ali məktəbi sosial işçi ixtisası üzrə bitirənlərdir. Həmin könüllülərə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməyə imkan verilib: “Hazırda “Könüllü DOST”un 167 nəfər məzunu var və onlardan 17 nəfəri artıq DOST mərkəzinin əməkdaşı kimi fəaliyyətini davam etdirir. Bu tendensiya gələcəkdə də davam etdiriləcək”.
Onu da xatırladaq ki, fəaliyyəti müddətində seçilən könüllülərə Agentlik tərəfindən müxtəlif vəzifələr təklif olunur. Agentliyin qiymətləndirmə mexanizmi də formalaşıb və könüllülərin gündəlik fəaliyyətləri qiymətləndirilir. Sonda isə hər dəfə məzun olan könüllüləri 3 komandaya bölməklə onlara qrup layihəsi təqdim etmək imkanı verilir. Bu layihələr pensiya, əlillik və ya ekoloji sahələri əhatə edə bilər. Onlar öz layihələrini hazırlayıb təqdim edirlər və bu layihələr onların gələcək qiymətləndirilməsinə böyük təsir göstərir. Bununla bağlı Agentliyin 3 səviyyə üzrə sertifikatlarının verilməsi də nəzərdə tutulub.
DOST mərkəzlərinə müraciət edənlərin əksəriyyəti göstərilən xidmətin səviyyəsini yüksək qiymətləndirirlər
Əhalinin xüsusi kateqoriyadan olan hissəsinə xidmətlərin təşkilinə toxunan A.Rəhimovun sözlərinə görə, DOST mərkəzlərində əlilliyi olan şəxslərə müxtəlif xidmətlər göstərilir. Bunlara əlilliyə görə pensiyanın təyin olunması, avtomobil və ya motorlu araba ilə təmin edilməsi, müalicə-bərpa mərkəzlərinə tibbi göndəriş verilməsi, aylıq müavinətin təyin olunması, Prezident təqaüdünün təyin edilməsi, onların sanatoriya-kurort göndərişləri (yollayışları) ilə təmin edilməsi, I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi və s. xidmətlər göstərilir.
Yeri gəlmişkən, qeyd edək ki, DOST mərkəzlərinin xidmətlərindən istifadə edən vətəndaşların, demək olar ki, əksəriyyəti buradan razı gedirlər. 1 saylı DOST Mərkəzinin xidmətindən istifadə edən İsaxan Mürsəlov əlillik vəsiqəsini almaq üçün müraciət etdiyini və müraciətinin tezliklə həll olunduğunu bildirib. Heç bir süründürməçilik və problemlə üzləşmədiyini bildirən İ.Mürsəlovun sözlərinə görə, vətəndaşlara bu cür sosial məsələlərlə bağlı göstərilən xidmətin səviyyəsi o qədər yüksəkdir ki, ondan razılığı sözlərlə ifadə etmək çətindir.
DOST Mərkəzinə gələn Fəxrəddin Alıyev isə pensiyaların yenidən baxılması ilə bağlı müraciətinin müsbət həll olunduğunu, xidmətdən razı qaldığını bildirib: “Artıma görə məsələni normal şəkildə həll etdilər. Göstərilən xidmətdən çox razı qaldım. Belə bir şərait yaratdığına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.
Beləliklə, DOST mərkəzlərinə müraciət edən vətəndaşların xidmətdən razı qalması, onların hər hansı süründürməçilik halları ilə qarşılaşmamaları, göstərilən xidmətin səviyyəsinin yüksək qiymətləndirilməsi 2019-cu il ərzində DOST Agentliyinin fəaliyyətindən istifadə edən vətəndaşların məmnunluğunun 100 faizə yaxınlaşması faktını bir daha sübut edir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30