Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP İcra Katibliyində Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib

YAP İcra Katibliyində Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib

18.10.2019 [09:57]

Ceyhun Bayramov: Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib. Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. O bildirib ki, Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir. Nazirin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsili daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ardıcıl olaraq Dövlət proqramları qəbul edilir, sərəncamlar, fərmanlar imzalanır.
Ümumi təhsil sahəsində təmayülləşmə müsbət nəticələr verir
Son bir il ərzində görülən işlər haqqında geniş məlumat verən C.Bayramov bu dövrdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ümumi təhsildə təmayülləşmənin böyük effekt verdiyi müşahidə olunur. Eyni zamanda, istedadlı şagirdlərin üzə çıxarılması və onların gələcək üçün formalaşdırılması da xüsusi diqqət mərkəzindədir. “Biz ümumi təhsil sahəsində təmayülləşmənin müsbət nəticələrini hiss etdik. Ötən il 47 min şagird 10-11-ci sinifdən təmayülləşməyə cəlb olunub”, - deyən nazir bildirib ki, 2019-2020-ci tədris ilindən başlayaraq yalnız akademik deyil, digər təmayülləşmə qrupları da bura daxil edilib: “Bu şəbəkənin genişlənməsi ilə bağlı nazirlik hazırlıq işlərinə başlayıb. 33 mindən çox şagird ötən il fənn olimpiadalarına qatılıb. Ötən il şagirdlərimiz dünya fənn olimpiadalarında 1 qızıl, 17 gümüş və 22 bürünc medal əldə ediblər. Çalışırıq ki, göstəricilərimiz 100 faiz olsun”.
Nazir deyib ki, bu il Azərbaycan təhsilində ilkə də imza atılıb. Belə ki, növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.
Qeyd olunub ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına da başlanılıb. Növbəti tədris ilində isə peşə təmayüllü siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulur. Nazir bildirib ki, peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək.
Tələbələrə verilən təqaüdlərin məbləği orta hesabla 20 faiz artırılıb
Ali təhsil sahəsinə gəlincə, nazir söyləyib ki, ölkəmizdə ali təhsilin əlçatanlığının artırılması, rəqabət mühitinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Ali təhsilin və elmin inkişafına xüsusi önəm verən ölkə rəhbərinin cari ilin fevralında imzaladığı müvafiq sərəncamlara əsasən dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edir. Eyni zamanda, ali təhsil müəssisələrində dövlət sifarişi yerləri 66 faiz artırılıb. Beləliklə, ali təhsilalma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.
C.Bayramov onu da söyləyib ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir bildirib ki, təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. C.Bayramov qeyd edib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri də qeyd olunmalıdır. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir. “Eyni zamanda, Dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb”, - deyə nazir vurğulayıb.
Daha sonra C.Bayramov jurnalistlərin suallarını cavablandırıb.
4000 şagirdin sinifdə qalması narahatedici məqamdır
Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalmasının təhsil sistemi üçün narahatedici məqam olduğunu deyən nazir bildirib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var: “Meyarlara əsasən orta ümumtəhsil məktəblərində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir”.
O həmçinin qeyd edib ki, hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır. Nazir əlavə edib ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır: “Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdıracağıq. Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Elə dərsliklər var ki, onlar daha az, elə dərsliklər var ki, çox istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək”.
Onun sözlərinə görə, ibtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb. Bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir. Onlar özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək.
Ali məktəblərdə hazırlıq qruplarının təşkil edilməsinə gəlincə, nazir hesab edir ki, bunun üçün ali təhsil müəssisələrinə müraciət olunmalıdır. C.Bayramov deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər: “Qanunvericiliyə əsasən hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların hərbi möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur. Ali təhsil üçün bakalavriat və magistraturaya qəbul olan oğlanlar hərbi möhlət hüququ qazanırlar”.
Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə, nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: “Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu, təhsil müəssisələri tərəfindən müəyyən edilir”.
Nazir onu da diqqətə çatdırıb ki, Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisi nəzərdə tutulmur. Onun sözlərinə görə, orta məktəblərdə “Həyat bilgisi” fənni keçirilir: “Bu fənn və bir sıra fənlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var. Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq”.
2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq
C.Bayramov, həmçinin ölkədə şagirdlərin elektron yerdəyişməsi sisteminin tətbiqinin də əhəmiyyətli olduğunu söyləyib. O, fəaliyyətində nöqsanlara yol verən bəzi rayon təhsil şöbəsinin rəhbərlərinin və məktəb direktorlarının vəzifədən azad olunduğunu söyləyib.
Nazir bildirib ki, hazırda ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır. Onun sözlərinə görə, təhsil kreditlərinin verilməsi əlavə dəstək mexanizmlərindən yalnız biridir: “Amma bu, ödənişli təhsil alan tələbələr üçün yeganə dəstək mexanizmi deyil. Hazırda əlavə dəstək mexanizmləri üzərində iş gedir. Konkret olaraq hansı formada dəstək mexanizmlərinin olacağı barədə növbəti aylarda daha geniş məlumat veriləcək”.
C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi ali məktəblərə təhsil haqqının dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxmağı tövsiyə edib. Əksər ali məktəblər məhz bu formada iş qurublar.
Nazir onu da bildirib ki, 2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq. Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub: “Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcıllıqla keçirilməsini, qiymətləndirilmənin aparılmasını və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər”.
C.Bayramov ölkədə inklüziv təhsil istiqamətində də tədbirlərin davam etdiyini diqqətə çatdırıb. Bu sahədə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilə cəlb edilməsi onların cəmiyyətə adaptasiyası baxımından önəmlidir. Hazırda Bakı şəhərində 4 məktəbdə inklüziv təhsil tətbiq olunur. Növbəti illərdə belə məktəblərin sayının artırılması nəzərdə tutulur.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30