Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisdə “Naxçıvan Sazişi-10 il” mövzusunda beynəlxalq konfrans keçirilib

Milli Məclisdə “Naxçıvan Sazişi-10 il” mövzusunda beynəlxalq konfrans keçirilib

11.10.2019 [09:22]

Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) əsasının qoyulduğunu bildirib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı Saziş imzalayıblar. Ötən 10 il sübut edib ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı. Bu 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirilib. Onlardan biri də 2008-ci ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır.
Ziyafət Əsgərov diqqətə çatdırıb ki, ötən dövrdə mədəniyyət, incəsənət, iqtisadiyyat, ticarət əlaqələri və digər sahələrdə əməkdaşlığımız inkişaf edib və hesab edirəm ki, bu işlər bundan sonra daha da uğurla davam edəcək.
Bildirilib ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb. Türkdilli xalqların inteqrasiyası yolunda Ümummilli Liderimiz Heydər Əliyevin müdrik təşəbbüsü hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, 2009-cu ildə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Ötən 10 ildə TDƏŞ-in ciddi siyasi çəkiyə malik təşkilat kimi formalaşmasına imkan yaranıb. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr verib.
Bu il oktyabrın 14-də və 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək və təşkilata sədrlik Azərbaycana keçəcək. Cari ilin sentyabrın 4-də Naxçıvan Sazişinin Özbəkistan tərəfindən ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisə oldu.
Ziyafət Əsgərov bu mühüm tarixi hadisə münasibətilə qardaş Özbəkistan dövlətini və xalqını təbrik edib. Qeyd edib ki, Özbəkistanın təşkilata qoşulmasının Naxçıvan Sazişinin 10 illiyinə təsadüf etməsi bizim üçün rəmzi məna daşıyır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üçün digər əlamətdar hadisə Budapeştdə təşkilatın nümayəndəliyinin təsis edilməsi olub. Bir il öncə Macarıstan bu təşkilata müşahidəçi statusu ilə qoşulub. Nümayəndəliyin yaradılması bu təşkilatın Avropaya da genişlənməsi baxımından mühüm hadisədir. Türkdilli xalqlar arasında birliyin möhkəmləndirilməsində Şura ilə yanaşı, TÜRKSOY Beynəlxalq Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da yaxından iştirak edir.
Bu mühüm fəaliyyətdən parlamentlərimizin də kənarda qalmamasını xüsusi vurğulayan Ziyafət Əsgərov bildirib ki, bu işdə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaxından kömək göstərir. Bu baxımdan TÜRKPA 11 illik fəaliyyəti dövründə bir sıra uğurlara imza atıb. Ziyafət Əsgərov Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzulayıb.
Sonra çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov bildirib ki, Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olub. Bu sazişin imzalanması türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə təkan verib. Bu baxımdan TÜRKPA-nın yaradılması da mühüm addım olub. TÜRKPA parlamentlər arasında təcrübə mübadiləsi, milli qanunvericiliyin yaxından öyrənilməsi, seçkilərin müşahidəsi, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Baş katib bildirib ki, TÜRKPA-nın qarşıdakı sessiyasında bir sıra model qanun layihələrinin hazırlanması və bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Baş katib TÜRKPA-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirib. Qeyd edib ki, TÜRKPA türkdilli dövlətlərin münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün qanunvericilik dəstəyi verməyə hazırdır. Baş katib Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzulayıb.
Sonra toplantı panellər üzrə davam etdirilib.
“Naxçıvan Sazişi: Türk birliyinin inkişafının yeni mərhələsi” mövzusunda keçirilən paneldə ilk olaraq Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. Komitə sədri bildirib ki, 2009-cu il oktyabrın 3-də imzalanan Sazişin əsas məqsədi türk dilli dövlətlərin bir araya gəlməsi, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanın sürətlənməsi idi. Qeyd edilib ki, türk dövlətləri arasındakı münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun iştirakı ilə 4 böyük türk dövləti arasında Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılıb. Çox sevindiricidir ki, artıq qardaş Özbəkistan da quruma üzv olmağa hazırlaşır. Komitə sədri TÜRKPA-nın tərkibində fəaliyyət göstərən komitələrin işindən, həyata keçirilən layihələrdən danışıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli böyük bir coğrafiyanı bölüşən türk xalqlarının ortaq dəyərlərindən, dil və din birliyindən, onların həyat tərzləri, yaşam və məişət fəlsəfələrindən geniş söhbət açıb. Naxçıvan Sazişinin imzalanmasından keçən 10 il ərzində görülən işlərin, qarşılıqlı səfərlərin əhəmiyyəti, türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaların rolu barədə fikirlərini söyləyib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı zamandan keçmiş ittifaqın süqutu ilə ayrı-ayrı türk dövlətləri arasında münasibətləri əngəlləyən maneələrin aradan qaldırılması sahəsində xidmətlərindən, onun türkdilli xalqların dövlət başçılarının Zirvə görüşlərində iştirakından söz açıb. İsa Həbibbəyli Beynəlxalq Türk dili Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə fikirlərini də diqqətə çatdırıb. Akademiyanın Monqolustanda, Sibirdə, Qafqazda türk izləri barədə araşdırma layihələrinin uğurlu nəticələrini vurğulayıb.
Sonra Milli Məclisin deputatları Nizami Cəfərov, Hikmət Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının layihə rəhbəri Yıldız Uzakova çıxış edərək türk xalqları arasında əməkdaşlığın milli əsaslarından, qardaş dövlətlər arasında iqtisadi, siyasi, mədəni əməkdaşlığın genişləndirilməsi çərçivəsində görülən işlərdən söz açıblar.
Tədbirdə o da vurğulanıb ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı digər türkdilli dövlətlər üçün yaxşı nümunədir. Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” klubunun toplantısında “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinə diqqət çəkərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində türkdilli dövlətlərin cəhdlərini birləşdirməli olduğunu ifadə ediblər.
Daha sonra tədbir “Türkdilli dövlətlər arasında institusional əməkdaşlığın inkişaf etdirilməsində parlament ölçüsünün rolu: yeni çağırışlar və vəzifələr” mövzusunda müzakirələrlə davam etdirilib.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxışında bildirib ki, türkdilli ölkələr arasında əməkdaşlığın vacib istiqamətlərindən biri qanunvericilik sahəsində inteqrasiyadır. Bizim gələcək vəzifələrimizdən birini türkdilli dövlətlərin oxşar hüquqi məkanının formalaşması təşkil edir. Hazırda bu sahədə TÜRKPA çərçivəsində çox mühüm inkişaf müşahidə olunur. Bunun bariz nümunəsi olaraq türkdilli dövlətlərin terrorçuluğa münasibətdə ortaq mövqeyinin müəyyən edilməsini göstərmək olar. Qeyd edilib ki, bir müddət əvvəl müvafiq sənədlər hazırlanıb qurumun aidiyyəti komissiyasına təqdim edilib. Bu sənəddə terrorçuluqla mübarizədə beynəlxalq konvensiyalarda müəyyən olunmuş prinsiplər öz əksini tapıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, eyni cinayətə münasibətdə türkdilli dövlətlərin ümumi yanaşması tətbiq olunacaq. Digər istiqamət TÜRKPA çərçivəsində model qanunvericilik aktlarının hazırlanmasıdır. Buna uyğun olaraq quruma üzv dövlətlərdə qəbul edilən qanunların bir-birinə uyğunlaşdırılması prosesi həyata keçiriləcək. Növbəti addım beynəlxalq cinayətlərin qarşısının alınması və həmin cinayətlərin cəzalandırılması ilə bağlı qanun layihəsi olacaq. Heç bir dövlət bundan sığortalanmayıb. Azərbaycan da bunun bariz nümunəsidir. Xocalı soyqırımı, digər çoxsaylı hərbi cinayətlərin qarşısının alınmasında türkdilli dövlətlərin ümumi mövqedən çıxış etməsi mühüm əhəmiyyət daşıyır. Hazırda insanlıq əleyhinə cinayətlərlə bağlı konvensiyanın hazırlanması prosesi gedir.
Sonra Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, İqtisadi qanunvericilik şöbəsinin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunun müdiri Vasif Əmiraslanov mövzu ilə bağlı çıxış ediblər. Məruzəçilər sosial və iqtisadi sahələrdə hazırlanan model qanun layihələrindən danışıblar. “Turizm haqqında”, “Elektron ticarət haqında”, “Enerji resurslarından səmərəli istifadə haqqında” sənədlər barədə məlumat veriblər.
İclasa yekun vuran Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov müzakirələrin səmərəli keçdiyini, konfransın quruma üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini söyləyib.

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30