Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır

Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır

08.10.2019 [09:28]

Prezident İlham Əliyev: Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində dövlət başçımız “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, iclasın iştirakçıları ilə qeyri-formal görüşə qatılıb. Prezident İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində həmçinin Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib.
Qeyd edək ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb və ötən dövrdə beynəlxalq miqyasda böyük nüfuz qazanıb. Yarandığı vaxtdan bəri dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən klub tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun işində 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçıları iştirak ediblər. Vurğulamaq yerinə düşər ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Ekspertlər Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvət almasını dövlətimizin başçısının beynəlxalq səviyyədə yüksək nüfuz qazanmasının, eyni zamanda, iki qonşu dövlət - Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək dinamika ilə inkişaf etməsinin təsdiqi kimi dəyərləndirirlər.
Azərbaycan və Rusiya həm qonşular, həm də mehriban dostlardır
Bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın milli maraqları əsas götürməklə reallaşdırdığı çoxvektorlu xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsi istiqaməti mühüm yer tutur. İndiyədək respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə xoş mərama əsaslanan, bütövlükdə Cənubi Qafqaz və Xəzər hövzəsi coğrafiyasının inkişafını və təhlükəsizliyini hədəfləyən yüksək səviyyəli münasibətlər qurmağa nail olub. Çox haqlı olaraq ölkəmizin irəli sürdüyü təşəbbüslər regionda sabitliyin qorunmasına və inkişafın təmin olunmasına sanballı töhfələr kimi dəyərləndirilir.
Deyilənlər kontekstində Azərbaycanın şimal qonşumuz Rusiya ilə münasibətləri xüsusilə diqqəti cəlb edir. Əlamətdar haldır ki, bu münasibətlər getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Bu gün iki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir və yaxşı dinamikaya malikdir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə 4, 2019-cu ildə isə 2 görüşü baş tutub. Dövlət başçılarının müntəzəm xarakter alan görüşləri ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafına çox ciddi impuls verir və regiondakı vəziyyətə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev yuxarıda xatırlatdığımız müsahibəsində iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşdığına diqqət çəkərək vurğulayıb: “Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub”.
Ümumiyyətlə, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Bu gün Azərbaycanda təhsil prosesinin tamamilə rus dilində olduğu 340-dan çox məktəb var. Paytaxtımızda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti, Rusiyanın aparıcı ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir.
Eyni zamanda, hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsilini davam etdirir. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir.
Azərbaycanla Rusiya həmçinin regional və beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. Deyə bilərik ki, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləməsi artıq ənənəyə çevrilib. 2019-cu ilin iyun ayında AŞPA-nın sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiyaya növbəti dəfə dəstək nümayiş etdirməsi deyilənləri bir daha təsdiqləyir. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev “Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi”, - deyə vurğulayıb.
İki ölkə arasında çox sıx ticari-iqtisadi münasibətlər mövcuddur
Azərbaycanla Rusiya arasında münasibətlərin dərinləşməsindən söhbət açarkən iqtisadi sahədə əlaqələrin genişlənməsini xüsusi qeyd etmək lazımdır. Cari ilin əvvəlindən ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir”.
Statistik məlumatlara diqqət yetirdikdə aydın olur ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Bu ölkə qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Cari ilin yanvar-avqust ayları ərzində respublikamızdan Rusiyaya 427,1 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları sərmayə yatırıb.
Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Azərbaycan məhsulları müntəzəm olaraq “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild”, “Innoprom” sərgilərində nümayiş olunur. Cari il sentyabrın 24-27-də Rusiyanın Moskva şəhərində təşkil olunan “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisində qida, şərab və spirtli içki məhsulları sahəsində fəaliyyət göstərən 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Sərgi çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar. Belə ki, Azərbaycanın “Karaca Fındıq” şirkəti Rusiyaya 23 ton qovrulmuş fındığın ixracına dair razılıq əldə edib. Bundan başqa, “Azərstar” şirkəti Rusiyadan olan 2 şirkətlə 132 ton və 110 ton fındıq məhsulunun ixracına, “Grow Group Azerbaijan” şirkəti isə Rusiyanın iri mağazalar şəbəkəsi ilə 1000 ton pomidorun ixracına dair müqavilə imzalayıb. “Azhazelnut” şirkəti Rusiyanın müxtəlif şirkətləri ilə ümumilikdə 20 ton fındıq məhsulunun ixracına dair müqavilə bağlayıb. Qeyd edək ki, bu şirkətin məhsulları “WorldFood Moscow 2019” beynəlxalq ərzaq sərgisi çərçivəsində təşkil olunmuş “İlin məhsulu” müsabiqəsində qalib gəlib və mükafata layiq görülüb. Sərgi çərçivəsində həmçinin Azərbaycanın “Az-Granata”, “TAC”, “Madena”, “Şirin Aqro”, “Göygöl Şərab”, “Amoris”, “Agro-Azərinvest”, “Abşeron Şərab”, “Crispa Snacks”, “AHEC”, “Balxurma”, “Şərq Ulduzu”, “Merit Brand” və “AZNAR” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair Rusiyadan olan ayrı-ayrı şirkətlərlə danışıqlar aparıb və ilkin razılıq əldə ediblər.
Eyni zamanda, Azərbaycan qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Respublikamız Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Azərbaycanlı sahibkarların investisiyaları hesabına Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Hazırda Azərbaycandan yönəldilən sərmayələr hesabına Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Belə misalların sayı kifayət qədər çoxdur.
İki ölkə arasında iqtisadi əlaqələr nəqliyyat və enerji sektorlarında da uğurla inkişaf edir. Azərbaycan və Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında birgə səy göstərirlər. Hər iki ölkədə bu dəhlizin funksionallığını artırmaq məqsədilə müasir infrastruktur qurulur. Hazırda Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsində Rusiya şirkətləri də aktiv şəkildə iştirak edirlər. Bu ölkəyə məxsus “Qazprom”, “Transneft” və “Lukoyl” kimi şirkətlər ölkəmizdə uğurla fəaliyyət göstərirlər.
İki qonşu dövlət arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri də kifayət qədər genişdir. Təsadüfi deyil ki, son illərdə iki ölkə arasında dövlət başçılarının iştirakı ilə imzalanan sənədlərin böyük qismi məhz iqtisadi sektora aiddir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30