Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli”

“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli”

19.09.2019 [09:35]

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bu mövzuda “dəyirmi masa” keçirilib
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib. Bir neçə gündən sonra “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ilinin tamam olacağını deyən Əli Əhmədov qeyd edib ki, 1994-cü il sentyabrın 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sektoru deyil, bütövlükdə dünyanın enerji siyasəti üçün çox böyük əhəmiyyət kəsb edən saziş imzalanıb: “Eyni zamanda, diqqəti çəkən cəhət bundan ibarətdir ki, həmin layihə “Əsrin müqaviləsi” adını aldı. Bu müqavilənin imzalanması Ulu Öndər Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün oldu. O vaxtlar Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkəmizin daxilində və xaricində müəyyən səbəblərlə əlaqədar proseslər başa çatmamışdı. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin qüdrətlənməsi, müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsi, sabitliyin və əmin-amanlığın təmin olunması, iqtisadi tənəzzülün aradan qaldırılması istiqamətində böyük fədakarlıq göstərərək bir-birindən mühüm addımlar atdı. Bütövlükdə, Ümummilli Liderin xidmətləri sırasında yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi əsas yer tutur. O zaman Azərbaycan iqtisadiyyatına investisiyaların yatırılması ilə bağlı tərəddüdlər var idi. Azərbaycan tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi. Bütün bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyev risklər şəraitində Azərbaycanın, ümumilikdə dünyanın enerji siyasəti üçün əhəmiyyətli olan sazişin imzalanmasına nail oldu. Bu layihənin həyata keçirilməsi üçün ən başlıca amil olan xarici şirkətləri ölkəmizə dəvət etdi. Hesab edirəm ki, bu da Ulu Öndər Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün oldu”.
Baş nazirin müavini deyib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından öncə də Azərbaycanın malik olduğu təbii resursların hasil edilməsi və dünya bazarlarına çıxarılması ilə bağlı cəhdlər olub. Lakin onlar müəyyən səbəblərdən reallaşa bilmədi. “Yalnız Ulu Öndər Heydər Əliyevin böyük qətiyyəti sayəsində bu sazişin imzalanması gerçəkləşdi. Artıq 25 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycana xidmət edir. Bu layihənin ən böyük əhəmiyyəti ölkə iqtisadiyyatına böyük investisiyalar cəlb olunmasıdır. Bu maliyyə resursları hesabına ölkə iqtisadiyyatının inkişafı təmin edildi. İnsanların rifah halı yaxşılaşdı. Bütövlükdə, ölkənin infrastrukturu yeniləşdirildi. Əlbəttə ki, “Əsrin müqaviləsi”nin əhəmiyyəti geopolitik maraqlar baxımından da geniş təhlil olunur. Azərbaycanın həm regionda, həm dünya birliyində siyasi mövqeyinin möhkəmlənməsi, nüfuzunun artması, beynəlxalq aləmdə yer tutmasında bu sazişin rolu inkaredilməzdir”, - deyən Əli Əhmədov söyləyib ki, böyük zəngin ehtiyatların olması hələ o ehtiyatlardan istifadə etmək imkanlarının olması demək deyildi. “Əsrin müqaviləsi”nin imzalanması bu imkanları təmin etdi. Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, neft strategiyasının qazandırdığı dividendlər sayəsində Azərbaycan müasirləşdi, yeniləşdi, gücləndi, iqtisadi inkişafı təmin edildi, insanların yaşayış səviyyəsi daha da yüksəldi. Azərbaycanın uğurlu gələcəyi üçün böyük ümidlər verən əsaslar yaradıldı.
Əli Əhmədov söyləyib ki, ötən 25 ildə Azərbaycanın həyatı bütün sferalarda əhəmiyyətli dərəcədə dəyişib: “Ölkəmiz müstəqilliyini əldə edən gənc dövlətlər arasında dünya birliyi tərəfindən ən uğurlu dövlət kimi qəbul olunur. Zaman keçdikcə məlum olur ki, Azərbaycanın neft ehtiyatları daha çoxdur. Bu da gələcəkdə yeni-yeni layihələrin gündəmə gətiriləcəyinə və uğurlu icrasına əsaslar yaradır. İki il bundan öncə Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması “Əsrin müvaqiləsi”nin əhəmiyyətini bir daha göstərdi, ölkəmizin qarşısında açılan imkanlara işıq saldı”.
Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə ərsəyə gələn bu saziş hesabına neft sənayesində böyük dəyişiklik baş verdi. Dənizdə neft quyularının işlənilməsi prosesi sürətləndi. Azərbaycan neftinin müasir üsullarla çıxarılmasına başlanıldı və dünya bazarında satışı təşkil olundu. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. X.Yusifzadə “Əsrin müqaviləsi”nin imzalanması üçün aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolunu vurğulayıb.
X.Yusifzadə xatırladıb ki, 1996-1997-ci illərdə neft hasilatının səviyyəsi 9 milyon tona düşmüşdü, 2010-cu ildə isə bu rəqəm 51 milyon tona gəlib çatdı: “Bu il sentyabrın 1-nə qədər “Azəri-Çıraq-Günəşli” yatağından 492 milyon ton neft hasil olunub. Bunun 287 milyon tonu Azərbaycanın mənfəət neftidir. Əvvəllər mənfəət nefti az idi, amma sonradan artmağa başladı. Belə ki, bu göstərici ildən-ilə artır. Təkcə, bu ili götürsək, 18 milyon ton neft hasil etmişik, bunun 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu da təxminən 75 faiz təşkil edir. Gələcəkdə mənfəət nefti daha da artacaq. Bütövlükdə, neft strategiyası, “Əsrin müqaviləsi” ölkəmizin sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyət kəsb edir. “Əsrin müqaviləsi” Ümummilli Lider Heydər Əliyevin şah əsəridir”.
Akademik diqqətə çatdırıb ki, 2017-ci il sentyabrın 14-də yeni müqavilə imzalanaraq sazişin müddəti 2050-ci ilədək uzadıldı. Yeni saziş Azərbaycanın maraqlarına uyğundur.
“Əsrin müqaviləsi”nin reallaşmasında neft kəmərlərinin əhəmiyyətinə toxunan X.Yusifzadə deyib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Ulu Öndər Heydər Əliyevin ikinci şah əsəridir. “O vaxtlar bəziləri deyirdi ki, nefti ixrac etmək üçün Bakı-Supsa və Bakı- Novorossiysk kəmərləri yetərlidir. Amma Ulu Öndər bu təklifləri qəbul etməyərək BTC kəmərinə üstünlük verdi. Bu, çox doğru qərar idi”, - deyən akademik əlavə edib ki, bu günə qədər xaricə ixrac olunan 554 milyon ton neftin təxminən 400 milyon tonu BTC-nin payına düşür. Bu fakt BTC-nin önəmini təsdiqləyir.
X.Yusifzadə Azərbaycanın yaxın illərdə böyük qaz ixracatçısı olacağını da diqqətə çatdırıb: “Şahdəniz” layihəsi də “Əsrin müqaviləsi”nin törəməsidir. Bu sazişin reallaşması nəticəsində gündəmə gəlib. Bu yatağın kəşfi Azərbaycanı dünyada qaz ölkəsi kimi də tanıtdı. “Şahdəniz” dünyada dənizdə olan ən böyük qaz yataqlarından biridir. Bu yataqda 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon ton da kondensat var. Hazırda bu layihə üzrə işlər davam edir. Əvvəllər təkcə Bakı-Tbilisi-Ərzurum qaz kəməri var idisə, artıq Cənub Qaz Dəhlizi layihəsi də var. İndiyədək TANAP vasitəsilə 2 milyard kubmetr qaz ixrac olunub. TAP layihəsi də başa çatır və gələn il bu kəmər vasitəsilə də qaz ixrac olunacaq. Biz “Abşeron” yatağını kəşf etmişik. Bu yataqda 350 milyard kubmetr qaz, 5 milyon ton kondensat var. “Ümid” yatağını öz gücümüzə kəşf etmişik. Burada isə 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat var. Bütövlükdə, təsdq olunmuş qaz ehtiyatımız 2 trilyon 600 milyard kubmetdrdir. Amma proqnozlarda isə 6 trilyon kubmetr qaz ehtiyatı olması göstərilir. Eyni zamanda, çalışırıq ki, gələcəkdə neft yataqlarında kəşfiyyat işlərini gücləndirək”.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun da inkişaf etdiyini deyən X.Yusifzadənin fikrincə, buna baxmayaraq, neft-qaz sənayesi bundan sonra da Azərbaycanın iqtisadiyyatında mühüm yer tutaraq dövlətimizə və xalqımıza xidmət edəcək.
Çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini İsrafil Məmmədov bildirib ki, 150 illik qədim neft diyarı kimi tanınan Azərbaycan öz təbii resurslarının verdiyi töhfələrdən müstəqil olaraq yalnız XX əsrin sonlarında yararlanmağa başladı: “Bu əsasda, 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” adlanan sazişin əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu saziş yalnız iqtisadi səmərəlilik baxımından deyil, həm də yeni müstəqillik əldə edən və müharibənin fəsadları ilə üz-üzə qalan dövlət üçün siyasi baxımdan bir dəstək platforması rolunu oynayırdı. Belə ki, məhz Ulu Öndər Heydər Əliyevin siyasi məharəti, uzaqgörən siyasəti xarici neft şirkətlərini yenicə qurulmuş, hərbi təcavüzə məruz qalmış, yüksək risklərlə təcəssüm olunan bir ölkənin neft-qaz sənayesinə milyardlarla dollar vəsaitin yatırılmasına təşviq edə bildi”.
İ.Məmmədov qeyd edib ki, “Əsrin müqaviləsi” nəticəsində neftin ixracı ilə əlaqədar ölkəyə böyük gəlirlərin gəlməsi ölkə tarixində yeni səhifənin yaradılması idi və bu, eyni zamanda, həmin gəlirlərdən səmərəli istifadəni labüdləşdirirdi. Onun sözlərinə görə, mövcud şəraiti, daha dəqiq desək, ölkəyə daxil olan böyük gəlirlərin verə biləcəyi töhfələri və yarada biləcəyi riskləri yüksək dəqiqliklə dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev uzunmüddətli neft strategiyasının tərkib hissəsinin növbəti istiqaməti olaraq 1999-cu il dekabrın 29-da neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı olaraq gəlirlərin toplanması, səmərəli istifadəsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edən Dövlət Neft Fondunun yaradılmasına dair göstəriş verdi: “Azərbaycan Respublikası Dövlət Neft Fondu ölkənin suveren fondudur, onun missiyasını tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi təşkil edir. ARDNF bu missiya çərçivəsində 3 əsas vəzifəni icra edir: Ölkədə makroiqtisadi sabitliyin qorunması; ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi; gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması. Bunlardan ilk qeyd edilən bugünkü nəsillərin mənafeyinə, ikinci vəzifə həm indiki, həm də gələcək nəsillərin, sonuncu isə gələcək nəsillər rifahına xidmət edir. Əgər dünya təcrübəsinə nəzər yetirsək, adətən yuxarıda qeyd edilən vəzifələr ayrı-ayrılıqda müvafiq olaraq stabilizasiya fondları, inkişaf fondları və gələcək nəsillər fondları kontekstində icra olunur, lakin Dövlət Neft Fondu bu üç vəzifəni eyni qurum daxilində həyata keçirir. Hazırda Dövlət Neft Fondunun gəlirləri neft və qaz sazişlərinin həyata keçirilməsindən, aktivlərin idarə olunmasından əldə edilən vəsait hesabına formalaşır. Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 iyun 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 154,6 milyard ABŞ dolları həcmində vəsait daxil olub ki, bunun da 148,3 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,3 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir. Dövlət Neft Fondunun bu dövr ərzində xərcləri isə təxminən 112 milyard ABŞ dolları olub ki, burada da əsas payı 95,6 milyard ABŞ dolları həcmi ilə dövlət büdcəsinə edilən transfertlər təşkil edib”.
DNF-nin rəsmisi söyləyib ki, Fondun əsas məqsədləri sırasında ölkədə makroiqtisadi sabitliyin və fiskal dayanaqlılığın qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər qismində Fond tərəfindən dövlət büdcəsinə hər il köçürülən transfertləri xüsusilə qeyd etmək lazımdır.
Fond tərəfindən iqtisadiyyatın özülünü təşkil edən layihələrin maliyyələşdirilməsinə 9,3 milyard ABŞ dolları vəsaiti ayrılıb ki, bu da əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, strateji infrastruktur layihələrinin inkişafına yönəldilib. Bu yöndə olan layihələrdən Fond tərəfindən ayrılan ilk vəsaitin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş, müvəqqəti olaraq çadır şəhərciklərində məskunlanmış məcburi köçkünlərin sosial-məişət problemlərinin həll olunmasınına yönəldildiyini xüsusi vurğulamaq lazımdır. Bu prosesin davamı olaraq, Prezident İlham Əliyevin 2003-cü ildə söz verdiyi kimi, bir neçə ilə çadır şəhərcikləri tamamilə ləğv edildi, orada yaşayan insanlar üçün lazımi infrastrukturla təchiz edilmiş yeni qəsəbələr salındı ki, bu görülən işlər üçün də vəsait Fond tərəfindən ayrılıb.
Natiq qeyd edib ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də insan kapitalının təkmilləşdirilməsi məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”dır. Belə ki, Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasına xidmət edən bu proqram çərçivəsində 3500-ə qədər gənc dünyanın 32 ölkəsində olan ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib ki, bu da Fondun ölkənin gələcək inkişafına, kadr potensialının yüksəldilməsinə istiqamətlənmiş ən böyük sərmayədir.
“Dövlət Neft Fondu neft-qaz ehtiyatlarının satışından əldə olunan gəlirləri müxtəlif maliyyə aktivlərinə investisiya etməklə, əldə olunan gəlirlərin qorunub saxlanmasına, eləcə də bir mənbədən deyil, bir neçə mənbədən gəlirlərin formalaşdırılmasına töhfə verib. Məlum olduğu kimi, Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə Fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Qeyd edim ki, fondda hal-hazırda təxminən ölkənin ÜDM-nin həcminə bərabər səviyyədə, 42 milyard ABŞ dollarından çox həcmdə vəsait toplanıb və bu vəsaitlər dünyanın bütün regionlarını əhatə edən 50-dən çox ölkədə ABŞ dolları, avro, ingilis funt-sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi investisiya aktivlərində saxlanılır. Hal-hazırda Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır. ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Milan, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib. Dövlət Neft Fondunun fəaliyyətinin ən vacib prinsiplərindən biri şəffaflıq və hesabatlılıqdır. Fond tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə fəaliyyətinin müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir”, - deyə İ.Məmmədov vurğulayıb.
“Dəyirmi masa”da daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin deputatı Tahir Mirkişili, BAXCP sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı və Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır. Qeyd olunub ki, 25 il öncə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib. O dövrdə bu müqavilənin imzalanmasına müxtəlif əngəllərin yaradılmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində sazişi imzalamaq mümkün oldu. Bütövlükdə, “Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də böyükdür.
Çıxışlarda vurğulanıb ki, Bakıda Qərbin müxtəlif şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu sazişin imzalanması, onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası Azərbaycanı lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.
O da qeyd olunub ki, Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Respublikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir.
Sonda “dəyirmi masa”ya yekun vuran Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uzun illər Azərbaycan dövlətinə və xalqına xidmət edəcəyini vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31