A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı

Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq əvvəlcə ölkənin iqtisadi və mədəni həyatında, daha sonra isə həm də siyasi həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən isə yazılı mənbələrdə adıçəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşib. I əsr müəllifi Böyük Pilininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr müəllifi Klavdi Ptolemeyin “Coğrafiya dərsliyi” əsərində “Xabala” kimi adı çəkilən Qəbələ orta əsr mənbələrində də tez-tez xatırlanır.
70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları indiki Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. Xatırladaq ki, qədim şəhər yeri Qala, Səlbir və Güllütala adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçayla Qoçalan çayları arasında Antik Qəbələ adı ilə tanınan Güllütala ərazisində aparılmış uzunmüddətli arxeoloji tədqiqatlar nəticəsində e. ə. IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində I-X əsrlərə, Qala ərazisində isə I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Güllütala adlanan antik şəhər yerində həyat kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. XI əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib.
1926-cı ildən başlayaraq Qəbələdə davamlı olaraq arxeoloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən araşdırılmasında bilavasitə iştirak edirlər. Çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində qədim paytaxt şəhərinin tarixinin bir sıra çox mühüm istiqamətlərinə dair, o cümlədən Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən zəngin tapıntılar əldə olunub. Hansı ki, bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Qəbələ ayrı-ayrı tarixi dövrlərdə Sasani və Bizans imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı ordularının, habelə şimaldan köçərilərin Albaniya ərazilərinə olan dağıdıcı hücum və basqınları zamanı dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Monqolların, Teymurilərin və Qızıl Orda hərbi birləşmələrinin Albaniyaya olan yürüşləri və ərazidə baş vermiş qanlı toqquşmalar zamanı Qəbələyə dəfələrlə çox ciddi ziyan dəyib. Lakin bütün bu dağıntılara baxmayaraq, şəhər yenidən dirçələrək XVIII əsrin əvvəllərinədək ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında mühüm rol oynamaqda davam edib.
Əfsuslar olsun ki, Azərbaycan Çar Rusiyası və Sovet imperiyasının tərkibində olduğu dövrdə də Qəbələ dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində şəhərin cənub qala divarları rus hərbçiləri tərəfindən partladılıb. 1977-ci ildə Qəbələ radiolokasiya stansiyası tikilərkən isə milliyyətcə erməni olan mütəxəssislər tərəfindən yüksəkgərginlikli elektrik xəttinin bilavasitə qədim şəhər ərazisindən keçməsi layihələşdirilib. Layihə icra olunarkən arxeoloq alimlərin ciddi etirazına baxmayaraq, qədim şəhər yerinə ağır texnika gətirilərək orada bir neçə yerdə elektrik dirəkləri üçün yer qazılıb, beləliklə də qədim şəhər növbəti dəfə çox ciddi dağıntı qarşısında qalıb. Həmin anda Qəbələdə arxeoloji tədqiqatları davam etdirməkdə olan arxeoloq Firidun Qədirov dərhal baş verənlər barədə Akademiyanın Tarix İnstitutunun şöbə müdiri, tanınmış qəbələşünas tarixçi alim, professor İqrar Əliyevə məlumat verib. O da öz növbəsində baş verənlər barədə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovu məlumatlandırıb. Q.Xəlilov isə məsələ barədə Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevə məruzə edib. Qəbələ ətrafında baş verənləri dərindən araşdıran Ulu Öndər məsələni dərhal Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə hazırlamaq barədə göstəriş verib. Onun tapşırığı ilə Qəbələyə ezam olunmuş Dövlət Komissiyasının hazırladığı arayış Mərkəzi Komitənin 17 yanvar 1978-ci il tarixli iclasında geniş müzakirə olunub və abidənin qorunmasına laqeyd münasibət göstərmiş olan cavabdeh şəxslər ciddi cəzalandırılıb, az sonra isə Qəbələ respublika hökumətinin qərarı ilə Dövlət qoruğu elan olunub. Şəhəri sel sularının dağıdıcı təsirindən xilas etmək məqsədilə beton bəndlər tikilib. Ölkə rəhbərliyinin birbaşa qayğısı sayəsində Qəbələdə arxeoloji tədqiqatların yeni mərhələsi başlanıb.
Hadisələrin sonrakı inkişafının təhlili göstərir ki, 1977-ci ilin noyabr-dekabr və 1978-ci ilin yanvar aylarında Qəbələ RLS-ə yüksəkgərginlikli elektrik xəttinin çəkilişi ilə əlaqədar qədim paytaxt şəhərimiz ətrafında baş verənlər, sadəcə, hansısa mühəndis-texniki layihənin icrası deyilmiş. Bu addımın arxasında, obrazlı şəkildə desək, ermənilərin və ermənipərəst mərkəzlərin Azərbaycanın zəngin dövlətçilik tarixini özündə yaşatmaqda olan qədim Qəbələni tamamilə yox etmək kimi irəlicədən hazırlanmış çirkin planları dururmuş. Yəni Moskvadakı bəzi dairələr sifariş edib, erməni mütəxəssislər isə plan qurub.
Məlum olduğu kimi, müasir erməni tarixçiləri son vaxtlar qədim Azərbaycan dövləti olan Albaniyanın mövcud olduğunu belə danırlar. Sual olunur, 800 ilədək bir müddət ərzində Albaniyanın paytaxt şəhəri olmuş Qəbələ bütün möhtəşəmliyi ilə yerində qaldığı halda, ermənilərin bu yalanına dünyada kim inanardı? Bütün bunlar onu deməyə əsas verir ki, Qəbələ RLS-ə yüksəkgərginlikli elektrik xətti çəkilməsi layihəsi əslində o zamankı ermənipərəst Sovet rəhbərliyinin Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələnin həmişəlik olaraq büsbütün tarix səhnəsindən götürülməsi planının tərkib hissəsi olub.
Hər kəsə bəlli olduğu kimi, Qəbələ RLS SSRİ-yə məxsus çox mühüm hərbi-strateji obyektlərdən biri hesab olunurdu. Odur ki, həmin obyektin tikintisi, hansı mənbədən enerji ilə qidalanması və bu kimi məsələlər hərbi sirr idi. Məhz bu amilləri nəzərə alaraq o zaman Azərbaycan KP MK Bürosunda Qəbələ ilə bağlı aparılan müzakirələr və bu barədə qəbul olunan qərar məxfi saxlanılaraq mətbuata çıxarılmadı və indiyədək də heç bir mətbu orqanda nəşr olunmayıb. Bilavasitə Qəbələ tarixinin tədqiqi ilə məşğul olan alim-ziyalı olaraq hesab edirəm ki, gec də olsa artıq həmin sənədləri Azərbaycan ictimaiyyətinə təqdim etmək gərəkdir. Bu, ona görə vacibdir ki, qoy hər kəs tarixi-mədəni dəyərlərimizin qiymətini, çəkisini, onun, həqiqətən də, bəşər mədəniyyətinin tərkib hissəsi olduğunu dərindən anlasın. Bu həm də ona görə vacibdir ki, məhz Ulu Öndər Heydər Əliyevin kommunist rejiminin qadağa və təhdidlərinin tüğyan etdiyi, milli mədəniyyətlərin hər vasitə ilə sıxışdırıldığı bir dönəmdə, sözün əsl mənasında, Ümummilli Liderə xas qətiyyət və prinsipiallıq nümunəsi nümayiş etdirərək Qəbələni məhv olmaqdan xilas etdiyini qoy hər kəs bilsin və heç zaman unutmasın. Beləliklə, həmin sənədləri ilk dəfə olaraq geniş oxucu auditoriyasına təqdim edirik.
Azərbaycan KP MK-nın birinci katibi yoldaş H.Ə.Əliyevə
Qutqaşen rayonunun ərazisində yerləşən qədim Qəbələ şəhər yeri ümumittifaq əhəmiyyətli mühüm bir abidədir. Bu, Zaqafqaziyada iki min ildən artıq bir dövrdə - Antik dövrdən XVIII əsrədək mövcud olan qədim şəhərlərimizdən birinin qalıqlarıdır. Qəbələ şəhəri haqqında məlumatlara Antik və Orta əsr mənbələrində rast gəlinir. Bizim eranın V əsrinədək o, Azərbaycan ərazisində yaranan ilk dövlət qurumu olan Qafqaz Albaniyasının paytaxtı olmuşdur.
Qəbələ qədim şəhər yeri Azərb. SSR Nazirlər Sovetinin təsdiqlədiyi tarixi abidələr siyahısına daxildir və dövlət tərəfindən qorunur.
Azərbaycanın və bütün Qafqazın tarix və mədəniyyətinin tədqiqində bu qədim şəhər yerinin xüsusi əhəmiyyətini nəzərə alaraq respublika Elmlər Akademiyası tərəfindən Qəbələ arxeolojı ekspedisiyası yaradılmış və 1959-cu ildən indiyə kimi fəaliyyətdədir. Arxeolojı tədqiqatların nəticələri 30-dan artıq respublika və ittifaq elmi nəşrlərində dərc olunmuşdur.
Qədim şəhər yerinin cənub tərəfində hündürlüyü 11 metr, qalınlığı 4 metrə qədər olan qala divarlarının qalıqları, habelə aşağı hissəsi 1967-68-ci illərdə restavrasiya olunmuş və bərkidilmiş qala bürcləri qorunub saxlanılmışdır. Qədim şəhər yerinin bütün ərazisi yerin altındadır və arxeolojı qazıntılar zamanı tədricən açılır.
Ümumittifaq elmi-tədqiqat “Elektrikşəbəkəlayihə” İnstitutunun Azərbaycan bölməsi işıq xəttinin çəkilməsi layihəsini hazırlayarkən, onun qədim şəhər yerinin cənub tərəfindən aparılmasını qərara almışdır. Bununla əlaqədar qala bürclərinin yanında iki dirəyin inşası, digər iki dirəyin isə qala bürclərindən təxminən 30 m. cənubda - Şiştəpə və Kamaltəpə yüksəkliklərində inşa olunması nəzərdə tutulmuşdur. Bütün dirəklərin inşası arxeolojı cəhətdən tədqiq olunmamış yerlərdə layihələndirilmişdir.
1977-ci ilin noyabr ayında inşaatçılar ağır texnikanı cəlb etməklə qədim şəhər yerinin içində bir dirəyin, qədim şəhər yerindən kənarda isə iki dirəyin özülünü qoymuş, dekabr ayında isə qalanın içində və Şiştəpədə ankerli dəmir bənd dirəkləri quraşdırmışlar.
26 dekabr 1977-ci il tarixdə Azərb.SSR Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İ.Əliyev mənə teleqram ünvanlayaraq yüksəkgərginlikli elektrik xəttinin çəkilişi zamanı abidəyə böyük ziyan dəydiyi haqqında məlumat vermiş və tədbir görülməsini xahiş etmişdir. Dövlət komissiyası tərəfindən vəziyyət yerində araşdırılarkən məlum olmuşdur ki, həqiqətən də, ağır texnikadan istifadə olunmaqla qala divarlarının yaxınlığında aparılan torpaq işləri nəticəsində abidənin dərinliyi 0,6 m olan 1200 kv.m. sahəsində mədəni təbəqəyə böyük ziyan vurulmuşdur.
Bundan əlavə, Şiştəpə və Kamal təpə yüksəkliklərində ağır texnikadan istifadə edilməklə ərazi hamarlanarkən 1000 kv.m. sahədə bir metrdən 2,5 metrə qədər dərinlikdə çoxsaylı qəbir abidələri olan mədəni təbəqə dağıdılmışdır.
Qeyd etmək lazımdır ki, layihəni təsdiqləyən Qutqaşen rayon İcraiyyə Komitəsi və respublikanın Dövlət-Tikinti Komitəsi elektrik xəttinin marşrutunda belə bir mühüm tarixi abidənin olmasına fikir verməmiş, Azərb. SSR Elmlər Akademiyasının Tarix İnstitutu isə elektrik xəttinin istiqamətinin dəyişdirilməsinə təkidlə etiraz etməmişdir.
Unikal tarixi abidənin qorunması məqsədi ilə və gələcəkdə orada bərpa, restavrasiya işlərinin təmin olunması üçün elektrik xəttinin Qəbələ qədim şəhər yerinin ərazisindən çıxarılması vacibdir. Tarixi ərazinin mədəni təbəqəsinin yenidən zədələnməməsi üçün artıq quraşdırılmış dirəklərin fundamenti saxlanılmaqla dəmir qurğular hellikopter vasitəsi ilə ərazidən çıxarılmalıdır.
Qəbələ qədim şəhər yerinin qorunması və tədqiqi ilə əlaqədar daha bir neçə məsələnin də həlli vacibdir.
Son illərdə yerli hakimiyyət orqanları tərəfindən Covurlu çayda şax-bəndlərin tikilməsinə baxmayaraq, Qəbələ qədim şəhər yerinin yerləşdiyi təpənin şərq hissəsinin böyük bir sahəsini su yuyub aparır. Bu, öz növbəsində, Qəbələ qədim şəhər yerinin dağılmasına və çox sayda abidələrin məhvinə gətirib çıxarır. Bunun qarşısını almaq üçün Qəbələ qədim şəhər yerinin şərq hissəsində - Covurlu çayın sahilində möhkəmləndirmə işləri aparılmalıdır. Qəbələ qədim şəhər yeri hasara alınmalı, şəhərin tarixini əks etdirən lövhə qoyulmalı, Qəbələ qədim şəhər yerinin və Elmlər Akademiyasının ərazidə yerləşən arxeoloji bazasının ətrafında abadlıq işləri aparılmalı, Qəbələ haqqında buklet və plakatlar dərc olunmalıdır; Qəbələ qədim şəhər yerinin bütün ərazisində arxeoloji tədqiqatlar gücləndirilməli və qazıntı zamanı aşkarlanan ən dəyərli abidələrin konservasiyası təmin olunmalıdır.
Gələcəkdə tarix və mədəniyyət abidələrinin qorunması məqsədi ilə respublikanın Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Layihə İnstitutu və Mədəniyyət Nazirliyinə tapşırılmalıdır ki, torpaq sahələrinin paylanma xəritəsinə tarix və mədəniyyət abidələrinin salınmasını təmin etsinlər. Respublika Dövlət Tikinti Komitəsinə tövsiyə olunsun ki, bundan sonra layihələrin hazırlanması və bu məqsədlə torpaq sahələrinin ayrılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş tarixi abidələrin qorunmasına nəzarəti gücləndirsinlər. Rayon və Şəhər İcraiyyə Komitəsinə tapşırılsın ki, torpaq sahələri ayıranda “Abidələrin qorunması və istifadə olunması” haqqında SSRİ qanununun tələblərinə ciddi riayət etsinlər.
Azərbaycan SSR
Ali Soveti Rəyasət
Heyətinin sədri Q.Xəlilov

Qeyd: Qurban Xəlilovun imzalamış olduğu bu arayışın üzərində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin 13.01.1978-ci il tarixli belə bir dərkənarı var: “Yol. Q.Ə.Xəlilov, yol. N.Məmmədov. Xahiş edirəm məsələni təcili olaraq Mərkəzi Komitənin büro iclasına çıxarasınız.
Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitə
bürosunun 17 yanvar 1978-ci
il tarixli Qərarı
Qutqaşen rayonunda yerləşən
tarixi abidənin qorunmasına
laqeyd münasibət barədə
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi qeyd edir ki, Qutqaşen rayon İcraiyyə Komitəsi və Respublikanın Dövlət Tikinti Komitəsi məsuliyyətsizlik edərək qədim Qəbələ şəhər yerinin ərazisindən elektrik xəttinin çəkilməsinə icazə vermiş və Dövlət tərəfindən qorunan bu möhtəşəm tarixi abidəyə böyük ziyan vurulmuşdur.
Ümumittifaq “Elektrikşəbəkəlayihə” elmi tədqiqat İnstitutunun Azərbaycan bölməsinin rəhbərliyi işlərinə laqeyd yanaşmış və qədim Qəbələ şəhər yerinin ərazisində yerinə yetiriləcək işlərin layihəsini Mədəniyyət Nazirliyi və 10958 nömrəli hərbi hissə ilə müzakirə etməmiş, beləliklə qədim şəhər yerinin mədəni təbəqələrinin məhvinə yol vermişdir.
Azərb. SSR Elmlər Akademiyasının Tarix İnstitutu məsələnin həllində prinsipsizlik göstərmiş, elektrik xəttinin marşrutunun dəyişdirilməsində təkid etməmiş və bu haqda Respublikanın rəhbər orqanlarına məlumat verməmişdir.
Bu unikal abidənin qorunmasında Qutqaşen rayon partiya komitəsi də passiv mövqe tutmuşdur, abidələrin qorunmasında birbaşa cavabdeh olan Azərb.SSR Mədəniyyət Nazirliyi isə ümumiyyətlə bu işdən kənarda qalmışdır.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qərara alır:
1. Qutqaşen Rayon İcraiyyə Komitəsi və 10958 nömrəli hərbi hissənin rəhbərliyi qədim Qəbələ şəhər yerinin ərazisində aparılan bütün inşaat işlərini dayandırsın. “Elektrikşəbəkəlayihə” İnstitutunun Azərbaycan bölməsinə tapşırılsın ki, iki həftə ərzində Azərb. SSR Elmlər Akademiyasının Tarix İnstitutunun tövsiyələrini nəzərə alaraq elektrik xəttinin Qəbələ qədim şəhər yeri ərazisindən kənardan keçməsini təmin etsin.
2. Azərbaycan Kommunist Partiyası Qutqaşen rayon komitəsinə və Rayon İcraiyyə Komitəsinə bir vəzifə olaraq tapşırılsın ki, Qəbələ qədim şəhər yerinin və rayonun ərazisində olan digər abidələrin qorunmasına ciddi nəzarət etsin; 1978-ci ilin birinci yarısında Qəbələ qədim şəhər yerinin ərazisində və Elmlər Akademiyasının ərazidə yerləşən arxeolojı bazasının ətrafında abadlıq işləri aparılsın.
3. Azərb. SSR Elmlər Akademiyası (yol. Abdullayev) Qəbələ qədim şəhər yerində arxeolojı tədqiqatların həcmini genişləndirsin və Qutqaşen zonasının etnoqrafik tədqiqatlarını gücləndirsin. Qəbələ qədim şəhər yerinin tarixi əhəmiyyətini işıqlandıran elmi və populyar ədəbiyyatın nəşrini nəzərdə tutsun. Respublika Mədəniyyət Nazirliyi ilə birgə qazıntılar zamanı aşkar olunan ən əhəmiyyətli tarixi abidələrin konservasiyasını təmin etsin.
4. Azərb. SSR Mədəniyyət Nazirliyi (yol. Bağırov), Tarix və Mədəniyyət Abidələrinin Qorunmasına Könüllü Yardım Cəmiyyəti (yol. Xəlilov) abidələrin qorunmasına nəzarəti gücləndirsinlər, yerli mədəniyyət təşkilatlarının və cəmiyyətlərinin müvafiq şöbələrinin işçilərinin məsuliyyətini artırsınlar.
5. Respublikanın Dövlət Tikinti Komitəsinə tapşırılsın ki, (yol. İsmaylov) onlara aid olan layihə qərarlarının razılaşdırılması zamanı tarix və mədəniyyət abidələrinin qorunmasına dair qanunvericiliyə məsuliyyətlə yanaşsınlar.
6. Qəbələ qədim şəhər yerinin qorunmasında məsuliyyətsiz münasibətə görə Qutqaşen rayon İcraiyyə Komitəsinin sədr müavini N.N.Əhmədov yoldaşa şiddətli töhmət verilsin.
7. Azərb. SSR Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini yol. T.Ə.Novruzova, Arxeologiya və Etnoqrafiya sektorunun müdiri yol. Q.M.Əhmədova Qəbələ qədim şəhər yerinin qorunması məsələsində göstərdikləri prinsipsizliyə görə töhmət elan olunsun.
8. “Elektrikşəbəkəlayihə” Ümumittifaq İnstitutunun Azərbaycan bölməsinin baş mühəndisi yoldaş A.Y.Şusterə Qəbələ qədim şəhər yerinin ərazisindən elektrik xəttinin çəkilməsinin səhv qərar olduğu bildirilsin.
9. Respublika Dövlət Tikinti Komitəsi sədrinin birinci müavini yol. E.A.İsmaylova elektrik xəttinin marşrutunun Qəbələ qədim şəhər yeri ərazisindən keçməsinə dair qərara razılıq verməsinin düzgün olmadığı bildirilsin.
10. Şəhər və rayon İcraiyyə Komitələrinə “Tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi” haqqında SSRİ qanununun şərtsiz icrasını təmin etmələri bir vəzifə olaraq tapşırılsın.
11. Azərb. SSR Nazirlər Sovetinə aşağıdakı məsələləri həll etmək tapşırılsın:
- Qəbələ qədim şəhər yerinin ərazisini Qoruq elan etmək;
- Qəbələ qədim şəhər yerinin şərq hissəsində, Covurlu çay sahilində əsaslı möhkəmləndirici işlərin aparılmasını təmin etmək və abidəni hasara almaq;
- Azərb. SSR Mədəniyyət Nazirliyinin nəzdində tarix və mədəniyyət abidələrinin qorunması ilə əlaqədar Baş müfəttişlik yaratmaq.
12. Bu qərarın icrasına nəzarət Azərbaycan Mərkəzi Komitəsinin Mədəniyyət şöbəsinə həvalə olunur.
Bu gün dərin minnətdarlıq hissi ilə etiraf etməliyik ki, müəllifi birbaşa Ulu Öndər Heydər Əliyevin olduğu Qəbələ ilə bağlı Mərkəzi Komitə qərarı elə dahi rəhbərin 70-80-ci illərdə respublikaya rəhbərlik etdiyi illərdə çox uğurla həyata keçirildi. Belə ki, qısa müddət ərzində Qəbələ respublika hökumətinin qərarı ilə Dövlət qoruğu elan edildi, ətrafı hasarlandı, sel sularının dağıtmaq təhlükəsi olan yerlərdə beton bəndlər salındı, arxeoloji tədqiqatlar intensiv xarakter aldı. Təsəvvür edin, o illərdə Qəbələdə eyni vaxtda 4-5 arxeoloji ekspedisiya işləyirdi.
Lakin ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq ölkədə hökm sürən xaos və hərc-mərclik şəraitində Azərbaycanın digər yerlərində olduğu kimi, Qəbələdə də arxeoloji tədqiqatlar dayandırıldı. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orada yenidən elmi axtarışlara start verildi. Mübaliğəyə yol vermədən deyə bilərəm ki, Qədim paytaxt şəhərimiz olan Qəbələ bu gün Cənubi Qafqazın ən geniş və ən müasir arxeoloji tədqiqatlar laboratoriyasına çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə 22 sentyabr 2014-cü il tarixində açılışı olan Qəbələ Arxeoloji Mərkəzi bu gün uğurla fəaliyyət göstərməkdədir. Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Qədim İpək Yolu üzərində yerləşən bu tarixi məkanın hər bir guşəsində ən müasir xidmət infrastrukturlarının mövcudluğu, yeni salınmış yollar, körpülər və istirahət ocaqları təbiəti etibarı ilə Cənubi Qafqazın mirvarisi olan qədim Qəbələni daha da cazibədar edibdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları, göstərişləri, qayğı və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində son illər qədim Qəbələ ilə müasir Qəbələnin qeyri-adi, özü də son dərəcə uğurlu harmoniyası timsalında Cənubi Qafqazda həm də insanları getdikcə daha çox özünə cəlb edən ecazkar arxeoloji-turizm mərkəzi formalaşıb.
Səkkiz yüz ildən artıq bir müddət ərzində Albaniyanın - qədim Azərbaycan dövlətinin baş şəhəri - paytaxtı olmuş qədim Qəbələ ən azı 2500 ildir ki, xalqımızın zəngin və şərəfli tarixini özündə yaşadır. Hesab edirik ki, bu şərəfli tarixi əbədiləşdirmək, onu daha dərindən və hərtərəfli araşdırmaq naminə Qəbələnin 2500 illiyini dövlət səviyyəsində qeyd etmək ümumi işimizin xeyrinə olar. Bu, Qəbələnin timsalında Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və bugünkü dinamik inkişafını növbəti dəfə bütün dünyaya nümayiş etdirmək yolunda uğurlu bir addım olar.
Qafar Cəbiyev,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutu Qəbələ
arxeoloji ekspedisiyasının rəisi,
tarix elmləri doktoru,
Əməkdar jurnalist

 
  • Oxunub:  5730  |  
  • Tarix:  20-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4