/ / Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16.07.2019 [09:32]
Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır
Azərbaycanın milli maraqlar əsas götürülməklə müəyyənləşdirdiyi xarici siyasəti, eyni zamanda, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Məlumdur ki, hazırda dünyanın ayrı-ayrı bölgələrində arzuolunmaz proseslər gedir. Geosiyasi və geoiqtisadi zəmində alovlanan müharibələr, milli-dini dözümsüzlüyün təzahürü olaraq baş qaldıran münaqişələr qlobal miqyasda təhlükəsizliyə, sabitliyə, bütövlükdə bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır. Belə bir vəziyyətdə bütün parametrlər baxımından bölgənin lider aktoru sayılan Azərbaycan öz imkanlarını təqdim edərək regionda və daha geniş coğrafiyada ölkələr və xalqlar arasında barış, xoş niyyət mühitinin bərqərar olmasına, siyasi-iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verməyə çalışır.
NATO ilə Rusiya arasında danışıqların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda rolunun artmasının növbəti təzahürüdür
Eyni zamanda, Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Qısa müstəqillik tarixində müstəqil Azərbaycanın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü xarici siyasətin məntiqi nəticəsidir ki, respublikamızla sıx əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi nitqində Azərbaycanın dünyada yüksək nüfuza malik ölkəyə çevrilməsindən məmnunluğunu ifadə edərək deyib: “Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir”.
Müstəqil Azərbaycanın beynəlxalq miqyasda gedən proseslərə təsir imkanlarının artmasını təsdiqləyən daha bir fakt isə ondan ibarətdir ki, bu günlərdə NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də məhz Azərbaycan seçilib. Xəbər verildiyi kimi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters Bakıda danışıqlar aparıblar. Danışıqlar baş tutmazdan əvvəl Prezident İlham Əliyev Rusiyanın və NATO-nun rəsmilərini qəbul edib.
Məlumat üçün bildirək ki, bəhs olunan görüş Rusiya Silahlı Qüvvələrinin və NATO-nun rəsmiləri arasında Bakıda keçirilən ilk görüş deyil. Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin isə səbəbləri var. Dünyadakı reallıqlar və qlobal miqyasda müşahidə edilən proseslər fonunda Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Belə bir məsuliyyətli qərarın verilməsi, əlbəttə ki, təsadüfi deyil. Burada Azərbaycanın güclənməsi, apardığı xoş mərama əsaslanan siyasət sayəsində beynəlxalq birliyin böyük etimadını qazanması amilini xüsusi vurğulamaq lazımdır. Bu gün regionda reallaşdırılan əksər irimiqyaslı layihələrin moderatoru rolunda çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq miqyasda gedən proseslərə də öz müsbət təsirini göstərir. Son illərdə Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq forumlarına ev sahibliyi etməsi bir ənənə halını alıb. Bu forumlarda Azərbaycan öz xoş niyyətini ortaya qoyur, əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilir, həmçinin yeni çağırışlar irəli sürülür. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin regional və qlobal miqyasda önəmini daha da artırıb. Respublikamız indiyədək güclü siyasi iradə nümayiş etdirərək regional və qlobal əhəmiyyət daşıyan şaxələndirilmiş enerji marşrutları yaradılmasına nail olub. Artıq neçə illərdir ki, Xəzərin Azərbaycan sektorundan hasil edilən enerji resursları beynəlxalq əməkdaşlıq çərçivəsində araya-ərsəyə gələn Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum xətləri ilə Avropa ölkələrinə çatdırılır. Azərbaycanın moderatorluğu ilə yaradılan nəql marşrutlarından bu gün həmçinin digər qonşu ölkələr də faydalanırlar. Əlverişli coğrafi mövqeyə malik olan respublikamız özünün tranzit imkanlarından maksimum dərəcədə bəhrələnməyə çalışır. Bu baxımdan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki marşrutun funksionallığının artırılmasına böyük səy göstərir. Belə ki, ölkə ərazisində həm müasir yol-nəqliyyat infrastrukturu qurulur, həm də müvafiq hüquqi baza möhkəmləndirilir.
Bu məqamda onu da qeyd edək ki, belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri məhz Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. ABŞ regionda Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bütün enerji və nəqliyyat layihələrinə dəstək verir. Respublikamız NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Bu yaxınlarda isə Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. Qeyd edək ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Eyni zamanda, Azərbaycanla qonşu Rusiya arasında qarşılıqlı etimad mühiti getdikcə möhkəmlənir. Azərbaycanla Rusiya arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu, regional əməkdaşlıq, humanitar əlaqələr getdikcə genişlənir. Ölkələrimiz regional və qlobal platformalarda uğurla əməkdaşlıq edirlər. O cümlədən Azərbaycanla Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə yaxşı əlaqələr qurulub və bu əlaqələrin perspektivi də kifayət qədər genişdir.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici funksiya yerinə yetirir. Respublikamız Şərqlə Qərb arasında körpü rolunu oynayır. Buna görə də həm NATO, həm də Rusiya Azərbaycana etibar edir və danışıqların aparılması üçün də məkan olaraq həmişə Azərbaycanı seçirlər. Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi ölkəmizin beynəlxalq miqyasda rolunun və nüfuzunun daha da artmasının növbəti təzahürüdür. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Özəlliklə NATO-Rusiya hərbi rəhbərlərinin danışıqlar aparmaq üçün görüş yeri kimi ənənəvi olaraq Azərbaycanı seçmələrini dəyərləndirən dövlət başçısı bildirib: “NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir. Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir”.
İƏT-in və Avropa təsisatlarının üzvü olan Azərbaycan dialoq üçün imkanların yaradılmasında müsbət rol oynayır
Ümumiyyətlə, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Əlamətdar haldır ki, ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycana olan böyük inamlarının ifadəsi olaraq özlərinin mötəbər tədbirlərinin keçirilməsi üçün məkan kimi məhz Azərbaycanı seçirlər. Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən və bu tədbirlərdə özünün yüksək standartlarını müəyyənləşdirən bir məkana çevrilib. Bu tədbirlərdə bir qayda olaraq ölkəmizin müsbət reallıqları təqdim olunur və beynəlxalq birliyə əməkdaşlıqla, təhlükəsizliklə bağlı çox mühüm mesajlar ünvanlanır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, təkcə 2019-cu ilin əvvəlindən bəri respublikamızda bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Onların arasında VII Bakı Qlobal Forumunu qeyd edə bilərik. Bu, hazırda dünya miqyasında ən mötəbər forumlardan biridir. Bakıda keçirilən forumda 50 ölkəni təmsil edən 500-dən çox qonaq iştirak edib. Cari ildə Bakıda Azərbaycanın təşəbbüsü ilə OPEC+ görüşü keçirilib. Respublikamız həmçinin ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının tədbirinə ev sahibliyi edib. Bakıda keçirilən “Formula-1” yarışları, Avropa Liqasının final oyunu ilə bağlı həyəcanlı anlar hələ yaddaşlardan silinməyib. Mayın əvvəlində şəhərimizdə “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da kifayət qədər mötəbər tədbirdir. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Cari ilin iyun ayında Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu baş tutub. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar. 2019-cu il 30 iyun-10 iyul tarixində isə paytaxtımız UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri sayəsində ölkəmizlə UNESKO arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Tam qətiyyətlə deyə bilərik ki, bu gün UNESKO ölkəmizlə bağlı həqiqətlərin, həmçinin zəngin mədəniyyətimizin beynəlxalq miqyasda təbliğində əlverişli platforma qismində çıxış edir ki, burada da Mehriban xanım Əliyevanın fəaliyyəti misilsizdir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39